Kitab oxumaq barədə

13 sentyabr 2014

İndi kitab oxuyun deyirlər. İddialara görə millətimiz kitab oxumur bu da mənəvi geriliyə gətirir. Gənclərin çoxu da deyir ki oxumaq yox, pul qazanmaq lazımdır.

Bu barədə mən bunları deyə bilərəm.

1. Kitabı kitab naminə oxumağın mənası doğrudan da yoxdur. Kitabı kitab naminə oxumaqdansa doğrudan da pul qazanmaq daha yaxşıdır.

Çünki hər bir şey tətbiqi xarakter daşımalıdır. "Bu kitabı mən nə üçün oxuyuram?" sualı verilməlidir. Bu kitab mənə konkret olaraq nə verəcək? Bax onda pul qazanmaq istəyən Nizami poeziyasını deyil, pul qazanmaq haqqında kitab oxumalıdır ki, çox qazansın. Belə olanda bu kitabın ona faydası olar. Yoxsa Nizami gözəl qoşma deyib 12 yüzillikdə. Nə olsun? Ondan mənə nə?

Ancaq Nizaminin qoşmasını da ədəbiyyat sahəsində çalışan ya da o sahə ilə maraqlanan adam oxumalıdır. Bax onda hər şey olar düz.

Yoxsa deyirlər kitab oxu! Ay kişilər, nə oxuyum? Dünyada milliardla kitablar var. Bunları oxumağa yaşamım çatmaz. Onları oxusam belə, nə fayda? Hər şey başımda qarışar, olaram dəli.

2. Bundan başqa, çox kitab oxumaq hələ ağılın göstəricisi deyil. O oxuduğundan hansı nəticələrə gəldin? Onları həyatda düzgün tətbiq etdimmi? O müdrikliyi qavradınmı? suallara cavab verilməlidir. Yoxsa mən çox oxuyan adamların bəzilərini tanıyıram, o kitablardan fayda almadıqlarını görürəm. Hətta müqəddəs kitablarda bu adamları "kitabla yüklənmiş eşşək" adlandırırlar.

3. Daha sonra, kitabların alınmaması ilə "millət kitabları oxumur" demək də olmaz. Bu gün elektron və audio kitablar, internet kitabxanaları var. Çox adam orada kitab oxuyur.

4. Zamanımiz informatika dövrüdür. Bu zamanda hər an informasiyalar alınmalıdır. Kitablara sərf olunan vaxt bir çox adamlar üçün məqsədə uyğun deyil. Onlar hər şey haqqında qısa və konkret bilgi əldə edirlər. Bu da ensiklopedik bilgilərdir. Bu nədir? sualına cavab verilir orada. Bu da onlar üçün kifayətdir. Hər şey barədə qısa bilgi alan, doğru nəticələrə gələn, analitik düşüncəyə malik olan kəs kamil insan ola bilər, Tolstoyu, Hüqonu oxumasa belə.

5. Bundan başqa internetdə Twitter, Bloglar, Facebook kimi resurslar var. Orada hər bir insan öz statuslarını yazıb müzakirə edə bilər. Məgər bu insanların inkişafına, dünyagörüşünün artmasına gətirmir? Əlbəttə gətirir. Ona görə də kimsə kitab yox, statusları oxuyub müzakirə etməklə inkişaf edir.

Nəticə.

Hər halda "Kitab oxuyun" iddiası haqqında düşünülməlidir. Məncə bu gün Sovet düşüncəsindən çıxış edib bu sloqanı atırlar. O zamanlar kitab xatirinə kitab oxumaq olmuşdur. Çünki şəxsi təşəbbüs olmamışdır, işgüzarlığın qarşısı alınmışdır. İndi isə başqa zamandır. Kitabı (ya da Bloq, Facebook statuslarını ) "mənə lazım olan və tətbiq etdiyim qədər" oxumaq sloqanı olmalıdır.