Toylar haqqında

17 sentyabr 2014

İndi toy mərasimlərini məhdudlaşdırmaq istəyirlər dövlət səviyyəsində. Bilmirəm bunu necə edəcəklər və hansı nəticələr əldə ediləcək. Ancaq mən özüm üçün bu məsələni çoxdan uğurla həll etmişəm.

Həll yolu da toylara getməməkdir. Beləliklə 99% hallarda mən toylara getmirəm. Mənə dəvətnamələr verilsə belə.

Qaldı 1%, bu da ən yaxın dostların və qohumların xeyir işləridir. Bunlardan qaçmaq olmur. Onların toylarına gedirəm, pul da salıram. Çünki başqa cür olmur. Ancaq bunlar orta hesabla 5 ildən bir olur deyə, mənə maddi ziyan dəymir.

Beləliklə mən toylarda 5 ildən bir oluram ən yaxınların şənliklərində. Ona görə də əziyyət çəkmirəm.

Yoxsa hər zaman eşidirəm ki, bu ay 3 toy-5 toy var. Ay aman nə edək? Necə yəni nə edək? Getmə də... Bu nə mazoxizmdir, özünü çarmıxa çıkməkdir bizim adamlarda? Özləri soyğunçuluğa yol açırlar və ayaqları ilə ora gedirlər. Sonra isə şikayət edirlər.

Getmə, pulun da qalsın cibində, keyfin də olsun kök.

Bunu da deyəndə deyirlər ki, axı bizim də xeyir işimiz olacaq. Onda bizə də gələcəklər, pul verəcəklər. Bu adamlar illərlə əziyyət çəkirlər, talanırlar ki bir dəfə 10 ildən sonra bunlara pul gələcək. O da bilinmir gələcək ya yox? Sən o zaman sağ olacaqsan, ya yox? İndidən pulunu verirsən ki, 10 ildən sonra nəsə olacaq. Buna deyiblər "ölmə eşşəyim, yaz gələr yonca bitər".

O gənclərin xoşbəxt olması arzusu da boş sözlərdir. Onları ümumiyyətlə yad edən yoxdur. Gələnlər "nə qədər verdimi", toy sahibləri "nə qədər yığdımı" fikirləşirlər. Milli soyğunçuluqdan başqa bir şey deyil bu toylar.

Toyların üstündə də oturub mafiyalar. Bu millət özü öz adətləri ilə mafiyaları yetişdirir, sonra deyir bu mafiyaların yaranmasında kimdir günahkar? Elə siz özünüz!