Qadına hörmət haqqında

17 sentyabr 2014

Deyirlər bizim xalqımız qadınlara çox hörmət edir. Ancaq baxıram bizim dilimizə və qadınla əşyanın fərqini görmürəm. Örnək üçün evlilik məsələlərində bu özünü daha qabarıq göstərir. Oğul evliliyə girəndə ata deyir "ONU EVLƏNDİRDİM". Qız evliliyə girəndə isə ata deyir "ONU VERDİM". Ər isə deyir "ONU ALDIM". Bu qızın əşya kimi alınıb verilməsini hər an dilə gətirən xalq necə qadına hörmət edə bilər? Axı dil psixolojinin göstəricisidir və onu əks etdirir.

Dilin özü onu deyir ki, qadın insan deyil, əşyadır, maldır - araba, şkaf, pendir kimi. Onu alıb-verirlər.

Nə var ki bizimkilər avtobuslarda qadına yer verirlər, ya da qapını açanda ona birinci yol verirlər deyə, deyirlər biz qadına hörmət edirik. Halbuki bunlar qadını əslində aşağılamaqdır. Yəni "sən məndən zəyifsən, məndən asılısan" mənasına gəlir. Əslində qadına hörmət edənlər gərək kişi ilə qadın fərqi qoymasınlar ki, qadın aşağılanmasın. Fərq olmamalıdır - kişi ya qadındır qabağında. Mədəniyyət hamı üçün bir olmalıdır, davranış da həmçinin. Ona görə kim qadına yer verir avtobuslarda, o əslində qadını aşağılayır.

Qadına yol verən gəlir evinə və qızını oxutmur, onu işə düzəltmir, toplumda yer tutmasına yol vermir. Kişi evlənir qızla, deyir səni mən dolandıracağam, işləmə, oxuma. Nədir ki, bunun qeyrətinə heç kəs toxunmasın. Qadın əslində bizim adamların çoxu üçün adam deyil, kişi qeyrətidir və üşaq doğumu aparatı. Öncə ata-qardaşın, sonra ərin, sonra uşaqların qeyrətidir qadın, adam deyil. Qadını ancaq VERMƏK və ALMAQ psixologiyası ilə yaşayan adamlar qadına hörmətdən danışırlar.

Hər şey bizdə tərsinədir. Hətta hörmətsizliyi də hörmət kimi təqdim edirlər.