Sovet hökümətinin aşiqləri haqqında

17 sentyabr 2014

Bu Sovet hökümətinin, köhnə Bakının sevgililəri hamıya deyirlər ki, o köhnə zamanlar yaxşı idi, indi hər şey korlanıb.

Ay kişilər, əslində indiki dünya yox, siz korlanmısınız. Nə var idi sizin iylənmiş Sovet hökümətində? Millətimiz imperiyada yaşayırdI, müstəqil deyil idi. Dükanlar boş, adi və sadə malları ala bilmirdik. Ərzağı talonlarla alırdıq. Əyləncələr yox dərəcəsində idi. Televizordan ancaq 3-4 kanala baxırdır. Orda da kommunizm, leninizm təbliğ olunurdu. Sərhədlər bağlı idi, dünyadan xəbərimiz yox idi. Deyirsiniz qanun var idi? Yalandır. Bəs o boyda Kubinkada qeyri-qanuni al-ver gedirdi bu məgər qanunçuluq idi? Bəs məgər rüşvətxorluq, yerlipərəstlik, fırıldaqçılır o zamanlardan bizə miras qalmayıb?

İndi də gənclərin beynini xarab edirsiniz ki, keçmiş zamanlar yaxşı idi. Ancaq əslində siz o zamanları yox, öz gəncliyinizin nostalji hisslərinizi keçirirsiniz. Sadəcə o zaman siz gənc idiniz, ən yaxşı günlərinizi o zaman yaşamışdınız. Bundan başqa o zaman nəyisə əldə etmişdiniz, nəyəsə nail olmuşdunuz.

Ancaq illər keçdi siz yaşlaşdınız. Ona görə də görürsünüz ki, bu daim irəliləyən dünyaya uyuşa bilmirsiniz. Çünki dünya irəli gedir, siz isə qalmısınız bir yerdə, irəliləmirsiniz.

Siz, ay köhnə kişilər, gərək bir gün də inkişafdan qalmayaydınız, daim öz üzərinizdə işləməli, yeni sənətlər, işlər, bacarıqlar əldə edəydiniz. Hər zaman insan öz üzərində işləməli, yeni zirvələri fəth etməlidir, oxumalıdır. Belə olmasa dünya gedəcək irəli, sən isə qalacaqsan geridə. Geridə də qalanda insana nə qalır? Ancaq köhnə hisslərini, köhnə duyğuları yada salmaq. Başqa heç nə.

Ancaq əslində bunlar xəyallardır, yoxluqdur. Çünki biz öz zamanımızda yaşayırıq. Keçmiş keçib, kələcək isə hələ gəlməyib. Deməli keçmiş və gələcək əslində yoxdur. Bunlar yoxluqdur. Ona görə də keçmişlə yaşayan, ya da gələcəyin xəyallarına qapananlar əslində ölüdürlər. Yalnız bu anda yaşayanlar diri ola bilərlər. Çünki gerçək varlıq budur.

Daim inkişaf edən və öz üzərində işləyən və dünya ilə ayaqlaşan insan isə elə öz yaşadığı zamanda həyatdan həzz alır, ondan razı qalır. Çünki güclüdür, zamanına uyğundur, öz üzərində işləyir, çalışır.

Beləliklə keçmişi tərifləməkdənsə, ay kişilər, gərək bu gününüz haqqında düşünəsiniz, özünüzü dəyişəsiniz. Bunu etsəz görərsiniz ki, bu dünya nə gözəldir. Ancaq bu illər boyu bunu etməmisinizsə, ölənə qədər bunu etməyəcəksiniz. Ona görə də sizə nə qalır? Ancaq keçmişi yada salmaq. Ona görə yox ki, o zaman doğrudan da yaxşı idi. Yalnız ona görə ki, siz özünüz köhnəlmisiniz.