Ata-babalarınızı söydürməyin

1 oktyabr 2014

Bu əsilli-nəsilli adamlara fikir verirəm. Aralarında çox yaxşı və ləyqqətli insanlar var. Ancaq heç də hamısı belə deyil. Bir də görürsən "-xanlı", "-bəyli" ilə sonlanan soyadların daşıyıcıları heç də o adlara layiq olmurlar.

Örnək üçün birini tanıyıram. O çox tanınmış nəsilin familiyasını daşıyır. Hər zaman da öyünür ki, mən əsilli adamam. Mənim şəcərəm filankəslərdəndir, babam böyük adam idi, atam da ondan böyük.

Ancaq o adamın özü nədir? Yalançı, fırıldaqçı, fitnəkar və s. Deməli onun özü bu adlara o ata-babalarına uyğun gəlmir.

Ya da başqasına baxırsan, o da "Mir-"-lə başlayan soyadını daşıyır. Deyir seyyid-peyğəmbər nəsilindənəm. Ancaq əməllərinə baxıb görürsən ki, o da yalançı, fırıldaqçı, fitnəkardır.

Deməli öz nəsilinin böyüklüyü və müqəddəslikləri ilə öyünən bu adamlar özlərinin murdar əməllərini əcdadlarının şərəfi ilə örtmək istəyirlər. Özlərini düzəltməkdən, özləri haqqında düşünməkdənsə, nəsilləri ilə öyünürlər.

Ancaq nəticədə hər şey olur əksinə. Belə adamlar özləri haqqında mənfi rəy yaradandan sonra nəsilləri ilə öyünəndə öz əcdadlarını da kirləndirirlər. Onların əcdadlarına rəhmət demirlər. Onları söyürlər.

Ona görə ilk olaraq hər bir insan özünü düzəltməli, özünə fikir verməlidir. İnsanın öncə özünə qiymət verirlər. O özünü cəmiyyətdə müsbət göstərə bilibsə, onda o öz nəsli ilə öyünməz. İnsanlar özləri biləcəklər ki, o adam hansı nəsildəndir. Deyəcəklər ki, gözəl insandır, nəslinə layiqdir.

Deməli hər bir insanın nəsli haqqında ictimai rəy onların özlərinin davranışlarının əsasında qurulur. Rəy müsbətdirsə, nəsil də müsbət yad edilir. Rəy mənfidirsə, onda nəsil də mənfi yad edilir.

Bələliklə, ləyaqətsiz "əsilli-nəsilli" insanların soyları söyülür, biyabır olur. Bunu heç kəs yaddan çıxartmasın, ata-babalarını söydürməsin.