Mənim ana babam

Abutalıb Mir Ağa oğlu Abdullayev (1912-1980)

 

Azərbaycan SSR dövlət və təsərrüfat xadimi, qaz təsərrüfatının bacarıqlı təşkilatçısı və tanınan mütəxəssisi.

Həyatı və xidməti fəaliyyəti

1912-ci il iyun ayında Bakı şəhərində olub. İçəri şəhərin "Ağşalvarlılar" məhəlləsindən idi. Atası Mir Ağa mühasib idi, Abutalıbın erkən yaşlarında rəhmətə getmişdir. Onu anası Bilqeys böyütmüşdür.

1920-ci ildə məktəbə daxil olaraq, 1926-cı ildə 9 saylı Bakı beşillik məktəbi bitirib. O ildə də Sənaye texnikumuna qəbul edilib. Texnikumu bitirəndən sonra 1931-ci ildə “Leninneft” neft-qaz trestinin (indiki Sabunçu NQÇİ) qaz kontorunda texnik vəzifəsinə təyinat alır. 1931-ci ildə istehsalatdan ayrılmadan Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) təhsilini davam etdirir.

1933-cü ildə Bakı Şəhər Sovetinin qazlaşdırma şöbəsində texnik, sonra mühəndis vəzifələrində işləyir.

1936-cı ildə institutu bitirərək neft-mədən işi üzrə dağ mühəndisi ixtisasına yiyələnir.

1937-1942-cı illərdə Bakı Şəhər Qaz Trestinin ("Bakqaz"ın) istismar şöbəsinin müdiri, baş mühəndisi, 1942 – 1952- ci illərdə isə trestə rəhbərlik edir.

1952-çi ildə Bakı Şəhər Sovetinin sədr müavini seçilir. 1953-çü ildə Azərbaycan SSR Nazirlər Sovetinin kommunal təsərrüfatı və mülki-tikinti şöbəsinin rəisi, 1954-cü ildə isə Azərbaycan SSR Kommunal Təsərrüfatı naziri təyin edilir.

1963-cü ildə yeni təşkil edilən Azərbaycan SSR Nazirlər Soveti yanında Qaz təsərrüfatı baş idarəsinin rəisi vəzifəsinə təyin olunur. 1972-ci ildə Magistral Qaz Boruları İdarəsinin, 1974-cü ildə isə Azərbaycan Qaz Nəqli İstehsalat Birliyinin (Aztransqaz) rəisi vəzifələrində işləyir.



Onun rəhbərliyi ilə Azərbaycanda qaz boru xətləri çəkilmiş, çoxlu sayda kommunal-məişət və sənaye obyektlərinin qazlaşdırılması işləri aparılmış, yeraltı qaz anbarları yaradılmışdır. Kənd yerlərinin qazlaşdırılması işlərinə də başçılıq etmişdir. Ümumiyyətlə Azərbaycanın qazlaşdırılmasında və qaz infrastrukturunun yaradılmasında böyük rol oynamışdır.

1977-1980-ci illərdə təqaüdə şıxandan sonra "Bakqaz" trestində mühəndis kimi çalışmışdır.

Həyatının son illərində ürək xəstəliyindən əziyyət çəkirdi. 1980-ci il aprelin 2-də Bakıda infarktdan vəfat edib. Nərdaran qəbristanlığında dəfn edilmişdir.

İctimai-siyasi fəaliyyəti

1939-cu ildə Kommunist partiyasına daxil olub. Respublikanın ictimai-siyasi həyatında fəal iştirak edib. Dəfələrlə Bakı Şəhər Sovetinin deputatı olub. Bundan başqa Azərbaycan SSR Kommunist partiyasının Mərkəzi Komitəsinin üzvlüyünə namizəd və Bakı şəhər partiya komitəsinin rəyasət heyyətinin üzvü seçilmişdir.

Dövlət tətbirləri

1967-ci ildə Almaniyada keçirilən Ümumdünya qaz konqresində Sovet ittifaqı nümayəndə heyətinin üzvü kimi iştirak edib.
1975-ci ildə SSRİ nümayəndə heyyətinin tərkibində İrana ezam olunmuş, orada qazın Sovet ittifaqına nəql edilməsi haqqında dövlətlərarası müqavilənin imzalanmasında iştirak etmişdir.

Orden və medalları, fəxri adları

İki dəfə Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı” ordenlərinə, medallara, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb.
1977-ci ildə “SSRİ Qaz sənayesinin fəxri qaz işçisi” adını qazanmışdır.
Sovet Ittifaqı fəxri təqaüdçüsü idi.

Elmi və müəllimlik fəaliyyəti

Texnika elmləri namizədi idi. 1950-1955-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Neft Akademiyası) mühazirələr oxuyub.
Respublikada uzun illər boyu istifadə olunan qaz ötürücü şkafların, qazın istifadəsinin təhlükəsizliyini təmin edən təzyiq tənzimləyici cihazların və yaşayış sahələrini fərdi qızdırılmasını təmin edən qaz-su isidicisinin, çoxlu sayda səmərələşdirici təkliflərin müəllifi olub.

1977-1980-ci illərdə təqaüdə çıxandan sonra "Bakqaz" trestində qaz təsərrüfatı işçilərinin təkmilləşdirilməsi üçün kurslar təşkil etmiş, orada onlara dərs demişdir.

Kitab və məqalələri

“Qazın hasilatı, nəqli və istifadəsi” (rus dilində) monoqrafiyası, Bakı, 1964.
Bundan başqa bir sıra elmi məqalələrin müəllifi olmuşdur.



Nekroloq

 

Abutalıb müəllimin qolu ilə imzalanmış kimliyinin sonluğu