Patristika dövrü

Patristika (latınca “pater” ata deməkdir) – II-VIII əsrlər xristian mütəfəkkirlərinin (xristian atalarının) teoloji, fəlsəfi və siyasi-ictimai təlimlərinin (doktrinalarının) cəmini ifadə edən termindir.

Patristika antik dövrdə quldarlıq quruluşunun böhranı zamanı qnostisizmlə, müxtəlif hereslərlə, bütpərəst dünyagörüşü ilə mübarizədə, və eyni zamanda antik dünyasının müxtəlif fəlsəfi-dini təlimləri ilə mürəkkəb münasibətlərə girərək yaranmışdır.

Patristika dövrü öz növbəsində bir neçə dövrə bölünür:

1. Apologetlərin fəaliyyəti dövrü (II - III əsrlər). Apologetlər [1]  Xristianlığın təməl prinsiplərini bütpərəstlərin və yəhudilərin tənqidlərindən müdafiə edən xristian mütəfəkkirləridirlər. Onların fəaliyyət göstərdiyi sahə isə apologetika adlanır. Apologetika - dini təlimin əqlə əsaslanan dəlillərlə müdafiə edilməsidir.

Apologetləri iki hissəyə bölürlər:

- Yunan dilində yazan şərq apologetləri;
- Latın dilində yazan qərb apologetləri.

IV-cü əsrdə Romada Xristianlıq dövlət dini elan edildikdən sonra apologetikaya artıq ehtiyac qalmamışdır. Bundan sonra xristian teoloqları hereslərə qarşı rəddiyyələr yazırdılar.

2. Rəsmi xristian (kilsə) təliminin sistemləşdirilməsi dövrü (IV - V  əsrlər). O dövrdə müxtəlif xristian mütəfəkkirlərinin pərakəndə olan fəlsəfi fikirlərinin əvəzinə vahid dini konsepsiya meydana gəlmişdir. Bu işdə ən böyük nailiyyətləri Kappodokiyalı atalar əldə etmişdir.

3. Xristian ehkamlarının möhkəmlənməsi və sabitləşməsi dövrü (VI əsr) (Leontius şərqdə, Boetsius qərbdə).
Patristika dövrü VII əsrdə Yohannes Damaskenosun fəaliy-yətindən sonra başa çatmışdır. O, həm də sxolastikanın əsaslarını ifadə etmişdir. Bundan sonra xristian fəlsəfəsində sxolastika dövrü başlanmışdır.

Antik dövrünün fəlsəfəsindən fərqli olaraq, patristika dövrünün fəlsəfəsi teosentrik olub. Teosentrizmə görə hər bir mövcud olan şeyi təyin edən reallıq təbiət deyil, Tanrıdır.

Xristian fəlsəfi ontologiyasının əsasını yaradılış [2], idrak nəzəriyyəsinin əsasını isə vəhy amili təşkil edir. Bütün bu prinsiplər, ümumiyyətlə, təkcə Xristianlığa deyil, həm də Yəhudilik və İslama da aiddir.

 


[1] Yunanca “apologetikos” - müdafiə olunan bir şey mənasını daşıyır.

[2] Xristian ehkamlarına görə Tanrı hər bir şeyi heç nədən, öz iradəsi və qüdrəti ilə yaradıb. Dünyanı yaradandan sonra isə O, onun varlığını təmin edir. Bu cür dünyagörüşü kreasionizm adlanır (latınca “creatio” - xəlq etmə, yaratma deməkdir).

GERİYƏ