Monofelitlərə qarşı  mübarizə

Kalkedon Kilsə Məclisindən sonra monofizitlərlə, İsada ikili təbiətin olmasını qəbul edən Bizans kilsəsinin nümayəndələri arasında bir neçə onilliklər ərzində gərgin mübarizə getmişdi. VII əsrin əvvəlində Bizansla (Şərqi Roma ilə) İranın müharibəsi başlanmışdı. Bu müharibədə qələbəyə nail olmaq üçün, imperator Heraklios (Herakleios) Ermənistanda iranlılara qarşı ikinci cəbhə açmaq niyyətində idi. Lakin ermənilər, monofizit kilsəsinə mənsub olduqlarına görə, Bizans imperiyasından çəkinirdilər və İrana üstünlük verirdilər. Bizansda isə monofizitlər təqiblərə məruz qalmışdılar.

Ermənilərlə münasibətlərin yaxşılaşdırılması və orada iranlılara qarşı cəbhənin açılması, Herakliosun əsas siyasi məqsədlərindən biri olmuşdu. Bu işdə, ona əsli suriyalı olan patriarx Sergius kömək etmişdi. O, monofizitlərlə rəsmi Bizans kilsəsinin arasında ixtilafa səbəb olan, İsanın təbiəti haqqında problemin həll edilməsi üçün, barışdırıcı fikir ortalığa çıxarmışdı. Sergius deyirdi ki, İsanın iki təbiəti olmuşdur, lakin iradəsi (enerjisi) bir idi. Bununla razılaşan ermənilər Herakliosus müttəfiqləri oldular və bundan sonra o, İrana sarsıdıcı hərbi zərbələr endirməyə müvəffəq oldu.

“İki təbiət, bir iradə” prinsipini Roma papazı Honorius da dəstəkləmişdir, lakin sonra kilsə xadimləri onu bu addım atdığına görə pisləmişdilər. İyerusalim (Qüds) patriarxı Sofroniy isə, bu prinsipi qətiyyətlə rədd etmişdir. O İsada iki iradənin olduğunu iddia edirdi (İlahi və insani). Onunla birlikdə bu fikri məşhur ilahiyyatçı Tövbə edən Maksimus da dəstəkləmişdi. Onların fikrincə hər bir iradə öz mahiyyətinə görə hərəkət edir və bu hərəkətə görə də təbiətlərin müxtəlifliyinin dərk olunması imkanı əldə edilir. Əgər iradə birdirsə, onda təbiətlərin arasında fərq olmur.

637-ci ildə Qüds müsəlmanlar tərəfindən fəth edilir və şəhərin patriarxı Sofronius (Sophronius) bir müddət onlarla əməkdaşlıq etdiyinə görə, əvəzinədə xəlifə Ömər şəhərin bütün xristian müqəddəs yerlərini ona tabe etdirmişdi. Sofroniusun ölümündən sonra, imperator Heraklios 638-ci ildə xristian imanının necə olması haqqında əmrini açıqlayır. Bu əmrə görə, İsanın yalnız bir iradəsi olmalı idi. Bu cür inanca monofelit inancı deyilir. Həmin ildə patriarx Sergius da ölmüşdür və ondan sonra Konstantinopolis patriarxı Pirr olmuşdur. O monofelit idi və imperatorun əmrini 638-ci ildə Kilsə Məclislərinin birində təsdiqlətdirmişdi.

Heraklios 641-ci ildə vəfat edəndən sonra onu II Konstant əvəz etmişdi. O ümumiyyətlə İsada neçə iradə olduğu haqqında hər bir söhbəti qadağan etmişdi. Romada isə papaz Honoriusun ölümündən sonra Herakliosun monofelit əqidəsini dəstəkləyən əmri rədd etdilər. Papaz I Martinus, Lateranda[1] Kilsə Məclisi yığaraq monofelit əqidəsini pisləmişdi. Lakin imperator əmrini icra etməməsinə görə Martinusu məhkəməyə çəkmişdilər və sürgünə yollamışdılar.

Şərqdə isə monofelitlərə qarşı ən fəal çıxış edən Tövbə edən Maksimus (Maximus) (580-662) olmuşdu. O da təqiblərə məruz qalmışdı. Onun fikrincə İsada insan iradəsi var idi. O hərəkət edərək seçim qarşısında qalanda isə o, İlahi iradəyə tabe olurdu.

Nəhayət bu mübahisələrə son qoymaq üçün imperator Konstantinus (Constantinus) Konstantinopolisdə VI Ümumdünya Kilsə Məclisi yığmışdı və bu məclisdə monofelit əqidəsi heres elan edilmişdi.



[1] Roma papazlarının Romadakı sarayıdır.

GERİYƏ