ƏLAVƏLƏR

 PİFAQORÇULAR VƏ YENİ PİFAQORÇULUQ

 Pifaqor və pifaqorçular

Qədim yunan mütəfəkkiri Pifaqoras (Pythagoras) (e.ə. 580-500) Samos adasında anadan olmuşdur. Sonra o, Cənubi İtaliyaya köçüb, orada Kroton şəhərində dini ittifaq (təriqət) yaratmışdı. Pifaqorasın özündən heç bir əsər qalmamışdır. Buna görə də Pifaqoras və onun ardıcıllarının dünyagörüşü yalnız nisbi təsvir edilə bilər. Onlar tərəfindən hansı fikirlərin irəli sürülməsi haqqında dəqiq məlumat yoxdur. Məlumdur ki, e.ə. V-IV əsrlərdə pifaqorçuluq ideyaları təkmilləşdirilib, yeni keyfiyyət və məzmun almışdı, oraya çoxlu yeni ideyalar daxil olunmuşdu. Yalnız onu demək olar ki, Pifaqorasın yaşadığı dövrdə, onun təliminin ümumi nəzəriyyəsi, ondan sonra isə, pifaqorçuluğun fəlsəfəsi yaranmışdı. Daha sonra isə pifaqorçuluq yeni platonçuların fəlsəfəsi ilə birləşib, onun daxilində ərimişdi.

Rəvayətlərə görə, Krotona gələndən sonra, Pifaqoras dini-fəlsəfi «Pifaqorçular ittifaqı» yaratmışdı. Bu ittifaqın yaradılmasında məqsəd - ən istedadlı və ağıllı adamları birləşdirərək, onları cəmiyyəti idarə etmə iqtidarında olan qüvvəyə çevirməkdən ibarət olmuşdu. Bu adamlar həm elmi, həm də əxlaqi cəhətdən başqalarından seçilərək, cəmiyyətin aristokrat təbəqəsini təşkil etməli idilər. Məhz bu cür fəaliyyətlərinin nəticəsində, pifaqorçular Krotonda tanınmışdılar.
«Pifaqorçular ittifaqı» gizli dini-fəlsəfi təşkilat idi, onun daxili həyatı haqqında heç kəsə məlumat verilmirdi. İttifaqa yeni üzvlər, yalnız sınaqlardan keçəndən sonra qəbul edilirdilər. Bunun üçün xüsusi dini mərasim də keçirilirdi.

Məlumdur ki, Pifaqoras bir sıra əxlaqi və mənəvi prinsiplər irəli sürmüşdür. O deyirdi ki, insan nadanlıqdan, ailə ixtilaflarından, fitnədən, biclikdən aralanıb, üç ideala can atmalıdır: gözəllik və şərəfə; həyatda faydalı olan şeyə; ləzzətli və həzz verici şeylərə. Bu ifadələrdə əxlaqsızlıq deyil, möminlik nəzərdə tutulur.

Pifaqorçular çox sərt həyat tərzi çərçivəsində yaşayırdılar. Səhər tezdən yuxudan ayılırdılar, idmanla məşğul olurdular. Gün ərzində hansı işlərin görülməsini planlaşdırırdılar və daim əmək fəaliyyətində idilər. Axşamlar isə, bir yerdə yığılıb, keçdiyi günə yekun vururdular və tanrılarına ibadət edirdilər. Heyvan ətini yemirdilər, cadulara qarşı ayinlər tərtib etmişdilər. Eyni zamanda pifaqorçular zehni əməyə də böyük əhəmiyyət verirdilər. Onlar təbabət, psixoterapiya, riyaziyyat və başqa elmləri inkişaf etdirirdilər. Pifaqorusun özunə bir neçə elmi ixtira aid edirlər. Onun ən böyük ixtiralarından biri həndəsədə düzbucaqlı üçbucağın hipotenuza ilə katetlərin münasibətləri haqqında teoremdir.

Pifaqorçularda biliyin iki növü vardır: “akusmata” (eşidilən) – müəllimlərdən şagirdlərə verilən şifahi və dəlilsiz biliklər; “matemata” (elm, bilik) – biliyin özü.
İctimai həyatda pifaqorçular hakimiyyət problemlərinə diqqət yetirirdilər və cəmiyyətin hakimiyyətsiz qalmasını yol verilməz hesab edirdilər. Ən ali hakimiyyət tanrılara məxsusdur. Onları tanımaq və onlara ibadət etmək hamının borcudur. Tanrılardan sonra, hökmdarlara, böyüklərə, ata-anaya və sonda qanunlara tabe olmaq lazımdır.

Pifaqoras həm də “kosmos” anlayışını müasir mənada, yəni bütün dünyanı əhatə edən fəza kimi başa düşürdü, onun qanunauyğunluğu və ahəngdə olması haqqında danışırdı. Dünyanın və kosmosun gözəlliyi, yalnız düzgün, intizamlı həyat tərzi sürən insanlar üçün açılır. Kosmosun ahəngini insan həyatına keçirmək pifaqorçuların ideallarından biri idi.

Pifaqorçuların kosmoqoniyasına görə, dünya bir kürədir, sonsuz və əbədi boşluqlardan yaranıb və o boşluqlarla nəfəs alır. Bu nəfəs alma nəticəsində dünya genişlənir və bölünür, göy cisimləri, hərəkət və zaman yaranır. Dünyanın mərkəzində od, Zevsin evi, təbiətin qanunu Prinsipi yerləşir. Sonra isə, oddan yaranmış yer, planetlər və ulduzlar gəlir. Onlar odun ətrafında yerləşir. Göründüyü kimi, pifaqorçular yeri kainatın mərkəzi hesab etmirdilər və onu kürə şəklində təsəvvür edirdilər.

Pifaqoras ruhların bir bədəndən başqa bədənlərə köçməsinə inanırdı. O hesab edirdi ki, hər şey müəyyən müddətdən sonra yenidən dünyaya gəlir. Ruh günahlara görə bədəndə qalmağa məhkumdur. Həyatın ən başlıca məqsədi, onu bədən əsarətindən qurtarmaqdan və başqa bədənlərə köçməyə imkan verməməkdən ibarətdir. Buna nail olmaq üçün, pifaqorçuların həyat tərzini yaşamaq lazımdır.

Pifaqoras təliminin tərkib hissəsi olan rəqəmlərin mistikası xüsusi maraq doğurur. Onların inanclarına görə, rəqəmlər əşyalarda əks olunur, hətta şeylər rəqəmlərin obrazlarıdır, onlar hər şeyin əsası və səbəbidir. Bu təkcə cismi olan şeylərə deyil, həm də mücərrəd anlayışlara aiddir. Hər şey, o cümlədən dini, etik, sosial və s. problemlər riyazi mahiyyət daşıyır.

Rəqəmlər həndəsi mənada başa düşülürdü. Belə ki, nöqtə – vahiddir; iki nöqtədən düz xətt alınır; üç nöqtə – artıq müstəvidir. Burada müxtəlif həndəsi fiqurlar haqqında anlayışlar yaranır. Beş guşəli ulduz pifaqorçuların rəmzi idi.

Yeni pifaqorçuluq

Bizim eramızdan əvvəl IV əsrdə Pifaqoras məktəbinin fəaliyyəti sona çatmışdı. Buna baxmayaraq, bu məktəbin ideyaları antik dünyagörüşündə müxtəlif formada təzahür edirdi. Xüsusi ilə də Plato və onun bəzi ardıcılları pifaqorçuluq təliminin bəzi fikirlərini öz fəlsəfi görüşlərinə daxil etmişdilər. Bu rəqəmlər, tale haqqında təlimə, kosmoloqiyaya, kosmoqoniyaya aid idi.

Platodan sonra bu cür ideyaların ardıcılları Spevsippos (Speusippos) və Ksenokratos olmuşdur. Lakin sonra, yunan fəlsəfəsində materialist təmayüllər, mistik və idealist təlimlərin təsirini zəiflətdirmişdilər.

Bununla yanaşı, müxtəlif gizli pifaqorçu dərgilərində bu təlim bir din kimi təbliğ edilirdi. Bu cür dini təmayüllər sonrakı dövrlərdə antik dünyada geniş şəkildə yayılmağa başlamışdı. Bu proses böhran içində olan Romada daha da sürətlənmişdir. Orada bizim eramızın I əsrində pifaqorçuluq platoçuluqla qarışıq şəkildə yenidən meydana gəlir və dini-mistik bir təlimə çevrilir. Daha doğrusu, bu proses platoçuluğun əsasında təşəkkül tapmış pifaqorçuluq təliminin bərpası kimi qiymətləndirilə bilər. Bu yeni yaranan təlimi yeni pifaqorçuluq (neopifaqorçuluq) adlandırırlar.

Yeni pifaqorçular, platoçuluqla stoya və peripatetik[1] məktəbin ideyalarını eklektik şəkildə birləşdirməyə çalışırdılar. Bu təlimin ardıcılları abidliyi, ölümdən sonra həyatın davam etməsini, ruhun mövcud olmasını təbliğ edirdilər.

Yuxarıda qeyd edildiyi kimi, yeni pifaqorçuluq bir dini təlim kimi tanınmışdır. Onun ən məşhur nümayəndələrindən biri Tianlı Apollonios idi. O bir “peyğəmbər” kimi tanınmışdı, camaata müxtəlif möcüzələr göstərərək, onları pifaqorçuluq əqidəsinə dəvət edirdi. Apollonios haqqında rəvayətləri kiçik Filostratos (Philostratos) «Apollonios Tyanensis epistolae» (Tianlı Apolloniosun həyatı) kitabında (III əsr) qələmə almışdı[2]. Bu kitabda onun Hindistana, Romaya, Yunanıstana, Misirə, İspaniyaya səyahətlərindən və möcüzələrindən bəhs olunur. Bu səyahətlərdə Apollonios çoxlu möcüzələr göstərir. Məsələn, Efesdə olarkən o əhalini orada yayılmış taun xəstəliyindən qurtarır. Sonra onu həbs edib mühakimə edəndə, o məhkəmə zalından möcüzəvi şəkildə qeyb olub, İtaliyada və Yunanıstanda öz fəaliyyətini davam etdirmişdi. Apollonios özünü Pifaqorasın təcəssümü hesab edirdi.

Yeni platoçuların başqa görkəmli nümayəndəsi Qadesli Moderatus (I əsr) olmuşdu. O hesab edirdi ki, rəqəmlər cisimsiz obrazların və substansiyaların ifadəsidir. Onun təlimində hər şeyin əvvəlində bütün

varlıqlardan uca olan Vahid (Hen) dayanır. Vahid elə bir varlıq ki, onun haqqında heç bir şey demək olmaz. Hətta onun mövcud olması haqqında da bir şey demək mümkun deyil. Çünki onun mövcudluğu haqqında ifadə edilən hər bir fikir, artıq onun təyin edilməsi deməkdir. Hər bir təyin etmə isə məhdudiyyət deməkdir. Vahiddən sonra ideyalar aləmikosmik ruh gəlir. Bunlar ikinci dərəcəli Vahiddir. Onların hər ikisinin mənşəyi ilk Vahidə aiddir, lakin ondan fərqli olaraq onlar daha da aşağı dərəcəli varlıqdırlar. Bu səbəbdən onlar haqqında düşünmək olar. Burada Vahid haqqında anlayış qədim pifaqorçuların anlayışıdır. İdeya və kosmik ruh platoçuluğun anlayışlarıdır. Gələcəkdə Vahid, ideyalar aləmi və kosmik ruh üçlüyü Plotinusun fəlsəfəsində təkrar olunub, daha da inkişaf etdirilmişdir.

II əsrin ikinci yarısında yaşayan Apameyalı Numenius da özünü pifaqorçu hesab edirdi. O, 1, 2 və 3 rəqəmlərini ilahiləşdirmişdir. Birinci tanrı bütün digər rəqəmlərin mənbəyidir. O özünəməxsus bir aləmdir və sükunətdədir. İkinci tanrı özünə görə ziddiyyətli və ikilidir. Bir tərəfdən o bir əql olaraq birinci tanrını görüb, ondan ilhamlanır, digər tərəfdən isə o özünə qarşı yönəlib, materiyaya meyillidir. O artıq duyulan substansiyadır və materiyanı hərəkətə gətirir. Beləliklə ikinci tanrı yaradıcıdır. İlk növbədə o, Numenius tərəfindən ilahiləşdirilən üçüncü fövqəl varlığı – ruhu yaradır. Bu ruh kosmosun əvvəli, ortası və axırıdır. 4 rəqəmini isə Numenius təbiətə aid edir, lakin o artıq tanrı deyil.

İnsan da Numeniusa görə ikili təbiətə malikdir. Onun ruhu, eyni zamanda, həm alçaq və həm də ucadır. Ruhunun alçaq hissəsi ilə insan ruhu təbiətin çirkabındadır, ali hissəsi ilə isə birinci tanrı (nus)  ilə təmasdadır. Bu təmas insanı ruhi sakitliyə, əzabsızlıq və mənəvi həzzə gətirir.

Antik dünyanın ən tanınmış mütəfəkkirlərindən biri olan Heroneyalı Plutarxus (Plutarchus) (46-127) da əqidəsi pifaqorçuluq və platoçuluğa yaxınlaşırdı. Plutarxus bir sıra tarixi, əxlaqi və fəlsəfi əsərlərin müəllifi idi. Onun tanrılar haqqında fikirləri «De Iside et Osiride» (İsida və Osiris haqqında), əsərlərində əks olunmuşdu. O hesab edirdi ki, əsl varlıq yalnız vahid olan tanrıya məxsusdur. O, zaman və məkan anlayışlarından ucadır. Dünyada olan duyulan şeylər isə sözün əsl mənasında varlıq deyillər. Onlar daim dəyişir, məhv olur. Əsl varlıq olan tanrı isə bütün anlaşılan şeylərdən daha ucadır. O hər şeydən aralı və sonsuz uzaqlardadır. Bu keyfiyyətdə Plutarxus tanrısı Platonun Xeyri ilə eyniləşir. Bu tanrının adı, Plutarxusa görə, Osirisdir. Qədim Misir mifologiyasındakı digər qadın tanrısı İzida (İsis) isə ona can atan, onu arzulayan varlıqdır. Osiris şərin mənbəyi deyil, o yalnız xeyir tanrısıdır. Şərin mənbəyi isə yunan mifologiyasının başqa personajı olan Tifon ilə bağlıdır.

Yeni pifaqorçular üçün fəlsəfə bir məqsəd deyil, yalnız nicat tapmaq üçün bir vasitədir. Onun vasitəsi ilə onlar, ruhun bədəndən ayrılmasını, duyğu aləmi ilə bağlılığının zəyifləməsi yollarını və digər mistik praktikaları əsaslandırmağa çalışırdılar. Aydındır ki, belə olan təqdirdə ön plana dünyadan mistik tərzdə xaric olma, meditasiya, dini ekstazlar, ucada olan Vahidlə ruhən birləşmə cəhdləri, abidlik, zahidlik ideyaları ortalığa çıxmışdır. Əksər hallarda yeni pifaqorçuluq və digər mistik təlimlər Asiya və Misirdə olan dini təlimlərlə qarışmış, onların da mistik ənənələrini davam etdirmişdilər. Beləliklə onlar antik fəlsəfi məktəblərinə – epikurçuluğa, Stoya məktəbinə qarşı çıxış edirdilər. Sonda, Roma imperiyasını siyasi, iqtisadi və mənəvi böhranlar bürüyən zaman, mistika, müxtəlif tanrıların kultu, mövhumatlar çox geniş yayılmışdı və onlar, hətta qədim yunan fəlsəfi məktəblərinin gələcək inkişafına təsir etmişdilər. Bununla da antik fəlsəfə öz süqutuna doğru gedirdi. Gələcəkdə yalnız yeni platoçular qismən də olsa, antik fəlsəfi ənənəni davam etdirmişdilər. Lakin onların da təlimi mistika ilə qarışıq idi. Nəhayət, Romada Xristianlığın dövlət dini elan olunmasından sonra, qədim fəlsəfə tamamilə məhv olub aradan çıxarılmışdı.



[1] Peripatetiklər (yunancə "peripatetikos" - gəzinti zamanı əldə edilən bir şey deməkdir) – Aristotel məktəbinin ardıcıllarıdır.

[2] Bax: Filostrat, V. Ar. // Ranoviç A. B. Pervoistoçniki po istorii ranneqo Xristianstva. Antiçnıe kritiki Xristianstva. M.: Politizdat, 1990, s. 154-157.

 

GERİYƏ