I. ELÇİLİKÖNCƏSİ DÖNƏM

İslamöncəsi Ərəbistan

İslam ənənəsində Ərəbistanın islamöncəsi çağlarını cahiliyyə adlandırırlar. Bir çox üstünlüklərin olmasına baxmayaraq, əski ərəblər çox sərt xassiyətli insanlar olmuş, tez-tez tayfalararası savaşlar aparmış, soyğunçuluqla günlərini keçirtmişdirlər. Onların toplumunda ədalətsizlik hökm sürmüş, yoxsulların, kölələrin, qadınların hüquqları taptalanmışdır. Ərəbistan əhalisinin bəzi adətləri isə insanlıqdan uzaq olmuşdur. Buna örnək kimi, onların yeni doğulmuş qız uşaqlarının diri-diri yerə basdırılmasını göstərmək olar. Ərəblər bütlərə tapınırdılar. Onların inandıqları tanrıların sayı çox olmuşdur. Onlar bütün Ərəbistanda tanınanlar, eləcə də ailə və tayfa tanrıları idilər. Deyimlərə görə, çox əski dönəmlərdə ərəblər yalnız bir Tanrını tanımış, ona ibadət etmişdirlər, ibrahimi ənənənin ardıcılları olmuşdurlar. Çoxtanrılıq onlarda sonra yaranmışdır. Elə bu birtanrılı ənənəni Məhəmməd peyğəmbər yenidən qurmuşdur.

Əski çağlardan başlayaraq, Məkkə Ərəbistan yarımadasının ən önəmli şəhəri idi. Onun siyasi və iqtisadi əhəmiyyəti çox böyük olmuşdur. Bundan başqa, bu şəhər ərəb tayfalarının dini mərkəzlərinə çevrilmişdir. Çünki burada Kəbə məbədi olmuşdur. Onu ziyarət etmək üçün Ərəbistatın hər yerindən Məkkəyə çoxlu zəvvarlar gəlirdilər. Deyimlərə görə, bu məbədi ilk insan olan Adəm tikmişdir. Bundan sonra İbrahim peyğəmbərin o yerlərə gəlişinə qədər oranın tarixi bilinməməkdədir. O, öz həyat yoldaşı Həcəri və oğlu İbrahimi burada qoyub geriyə dönmüşdür. Onlar da bu yerləri öz yurdları etmişdirlər. Daha sonra bu yerlərə Yəməndən Curhum tayfası gəlmişdir. İsmayıl bu tayfanın başçısının qızı ilə evlənmişdir. Bu evlilikdən onun oniki oğlu olmuşdur. Onların hamısı ərəb tayfalarının ulu babaları oldular. Bu tayfalar bütün Ərəbistana və ona yaxın olan yerlərə yayıldılar. Elə o əski çağlarda da onlar İbrahimin inancından yayınmağa başlamışdırlar.

207-ci ildə (hicrətdən öncə 415 ildə) Məkkəyə hüzaa tayfası gəlmişdir. Onlar yerli əhalini məğlub edərək, 300 ilə yaxın şəhərin hakimiyyətini öz əllərində saxlamışdırlar. O çağlarda Məkkədə çeşidli tanrılara inanclar daha da çox yayılmış, ərəblər İbrahimin inancından çox uzaqlaşmışdırlar. Məkkəlilərin baş tanrısı Hübəl olmuşdur. Ondan başqa orada Lat, Mənat, Üzza kimi tanrılara inanclar yayılmışdır. Yalnız bəzi insanlar bütlərə inanclardan aralanmış, İbrahimin ənənəsinə bağlı qalmışdırlar. Onları “həniflər” adlandırırdılar.

440-cı ildə (hicrətdən 182 il öncə), Qureyş tayfasının öndəri Qusay hüzaalılarla vuruşub, onları məğlubiyyətə uğratmışdı. Bu üstünlüyü qazanandan sonra, qureyşlilər şəhər üzərində öz hakimiyyətlərini qurmuş, öndər tayfa olmuşdurlar. Onların hakimiyyəti zamanı ərəblər çeşidli tanrılara tapınmanı sürdürmüş, Kəbədə onların bütlərini qurmuş, onlara qurbanlar kəsmişdirlər. O dönəmlərdə artıq Kəbənin açarını gəzdirən, Zəm-Zəm quyusuna baxan, zəvvarları qarşılayıb yerləşdirən kimi məbəd vəzifələri də olmuşdur.

İslam tarixinin başlanmasına yaxın dönəmlərdə də Məkkə çox önəmli ticarət və dini mərkəz kimi tanınmışdır. Buradan Ərəbistanın cənubunu Suriya ilə birləşdirən karvan yolları keçirdi.

Miladi VI-cı yüzilliyin ortalarında Efiopiyanın xristian çarı Əbrəhə Yəmənin Sənə şəhərində çox görkəmli “Qülleyz” kilsəsini tikdirmişdir. O bunu ərəblərin Kəbə məbədindən çəkinməsi və yeni ibadət yerinə gəlməsi, ona sayqı göstərməsi üçün etmişdir. Ancaq ərəblər bu kilsəyə ziyarətə kəlməkdən boyun qaçırıb, yenə də Kəbənin çevrəsində yığışırdılar. Onda Əbrəhə, qəzəblənərək onu uçurtmaq istəyi ilə hərbi yürüşünə çıxmış, Məkkəyə doğru irəliləmişdir. Məkkəliləri qorxutmaq üçün o orduda fil də olmuşdur. Bu səbəbdən o olayları “Fil olayları” , o ili isə “Fil ili” adlandırmışdırlar.

Məkkəlilər Əbrəhə ordusuna heç bir müqavimət göstərə bilməmişdirlər. Məkkənin civarlarına doğru irəliləmiş yabancı döyüşçülər şəhər öndərlərindən biri olan (Məhəmməd peyğəmbərin babası) Əbdül-Mütəllibin heyvan sürüsünü ələ keçirtmişdirlər. Sonra onlar, bu orduya müqavimət göstərməmək tələbi ilə şəhərə elçilərini yollamışdırlar. Onlar, müqavimət olarsa, efiopiyalıların Məkkəni tam olaraq dağıdacaqlarını bildirmişdirlər. Əbdül-Mütəllib də onlarla görüşmüş, ancaq bu görüş heç bir yaxşı nəticəyə gətirib çıxartmamışdır. İşləri belə görən və müqavimət üçün heç bir gücü olmayan Əbdül-Mütəllib, hər şeyi Allahın istəyinə buraxaraq, şəhərlilərlə birlikdə Məkkədən çıxmışdır. Onlar Məkkə yaxınlığındakı bir dağın üstündə yerləşmişdirlər.

Səhərisi gün Əbrəhə döyüşçülərinə şəhərə girərək Kəbəni dağıtmaq əmrini vermişdir. Ancaq elə bu zaman göydə çoxlu sayda quşlar görsəndi. Onların dimdiklərində daşlar olmuşdur. Onlar bu daşları Əbrəhənin qoşununun üzərinə atmağa başlamışdırlar. Deyimlərə görə, daş zərbəsi alan hər bir döyüşçünün dərisində dərin yaralar əmələ gəlirdi. Bu yaralardan da onlar ölürdülər. Beləliklə, ordunun bir hissəsi Məkkə yaxınlığında qırılmışdır. Qalanlar isə qaçaraq, aldıqları yaralar üzündən Yəmənə qayıdarkən ölmüşdürlər. Ölənlərin arasında Əbrəhə də olmuşdur. Beləliklə, bir möcvüzə üzündən Məkkə xilas ola bilmişdir. Az sonra orada Məhəmməd doğulmuşdur.

Məhəmməd peyğəmbərin ailəsi və soyu

Məhəmməd Məkkənin Qureyş tayfasının çox nüfuzlu Həşim qəbiləsindən idi. Onun soyu İbrahim peyğəmbərlə onun oğlu İsmailə gedib çıxırdı. Bunlardan sonra Məhəmmədin soyu bu kəslərdir: Ədnan (İsmailin oğlu), sonra Məad, Nizar, Müdar, İlyas, Müdrikə, Hüzeymə, Kinanə, Nədr, Malik, Fihr, Qalib, Lüvay, Kəb, Mürrə, Kilab, Qusay, Abd Mənaf, Həşim, Əbdül-Mütəllib (babası), Abdulla (atası).

Qureyş tayfası çox nüfuzlu ərəb tayfası oilmuşdur. 440-cı ildən sonra, Kilab oğlu Qusayın öndərliyi ilə, onlar Məkkənin ictimai və siyasi həyatında çox önəmli rol oynamışdırlar. Qureyşlilərin başqa ərəb tayfalarının arasında böyük sayqıları olmuşdur. Elə Məhəmməd peyğəmbər də bu tayfadan olmuşdur. Ondan sonra qureyşlilər Xilafətə başçılıq etmişdirlər. Raşidi xəlifələrin, Əməvilərin və Abbasilərin soyları bu tayfadan olmuşdur.

Qureyş tayfasından olan Həşimilər ən nüfuzli və sayqılı Məkkə qəbilələrindən biri olmişdur. İslamdan öncə elə onlar Kəbəyə baxan və həcci təşkil edənlər olmuşdurlar. Bu qəbilənin kökü varlı və sayqılı bir kəs olan Həşim Abd Mənaf oğlundan gəlməkdə idi. Onun əsl adı Əmir olmuşdur. Deyimlərə görə, Ərəbistanda aclıq düşəndə o, Fələstinə getmiş, orada çoxlu un alaraq, onu Məkkəyə gətirmişdir. Onun gördüyü bu işə görə şəhərlilər aclıqdan xilas ola bilmişdirlər. Həşimin 4 oğlu və 5 qızı olmuşdur. Ancaq kişi xətti ilə onun soyunu yalnız Şeybə (Əbdül-Mütəllib) davam etmişdir. Şeybə Həşimin oğlu olmuşdur.Onun anası Səlma idi və o, miladi 497-ci ildə Yəsribdə (Mədinədə) doğulmuşdur.

Həşimin ölümündən sonra həccin təşkili işi onun qardaşı Mütəllib Əbdül-Mənaf oğluna keçmişdir. Bir necə il keçəndən sonra o, Mədinəyə Şeybənin yanına getmiş, onu özü ilə Məkkəyə gətirmişdir. Burada Şeybəni Əbdül-Mütəllib (Mütəllibin köləsi) adlandırmağa başlamışdırlar. Bu adla da o, gələcəkdə tanınmışdır. Mütəllib öləndən sonra Şeybə, həccin təşkilatçısı vəzifəsini öz üzərinə götürmüş və xalq arasında böyük sayqı qazanmışdır. Əbdül-Mütəllibin 10 oğlu var idi: Haris, Zübeyr, Əbu Talib, Abdulla, Həmzə, Əbu Ləhəb, Gidək, Məqvam, Səfər və Abbas. Onun həmdə 6 qızı olmuşdur.

Deyimlərə görə, Əbdül-Mütəllib 10 oğlu olsa birini qurban kəsəcəyinə and içmişdir. Çox illər keçəndən sonra onun elə 10 oğlu olmuşdur. Buna görə də o, öz andını yadına salıb, oğulları arasında püşk atmış, o da Abdullaya düşmüşdur. Beləliklə Abdulla qurban verilməli idi. Ancaq sonra, qureyşlilərin məsləhəti ilə Əbdül-Mütəllib bu niyyətindən dönmüş, oğlunun yerinə 100 dəvə qurban kəsmişdir.

Sonra Əbdül-Mütəllib Abdullanı Əminə Vəbb qızı adlı nəcib bir qızla evləndirmişdir. Onun dəqiq doğum ili bilinməməkdədir. O, təxminən miladi 577-ci ildə ğlmüşdür. Bu evlilikdən də Məhəmməd doğulmuşdur. Ancaq atası onu görə bilməmişdir. Tarixçilərin bildirdiklərinə görə o, alış-veriş işləri üçün Suriyaya getmiş, geriyə qayıdanda yolda xəstələnib, 25 yaşında ölmüşdür.

Məhəmmədin anadan olması və uşaqlıq illəri

Efiopiyalıların irəliləməsi təxminən 571-ci ildə olmuşdur. Bundan bir qədər sonra Allahın elçisi olmuş Məhəmməd doğulmuşdur. Müsəlman ənənəsinə görə o, Rəbiüləvvəl ayının12-ci günü dünyaya gəlmişdir. Babası Əbdülmütəllib ona öncə heç kimin daşımadığı Məhəmməd adını verimişdir.

Eləcə də müsəlman ənənəsində Məhəmmədin doğumu ilə bağlı baş verən möcüzələr haqqında deyimlər vardır. Bu deyimlərə görə, İran şahlarının sarayının bir tərəfi uçmuş və yüzilliklər boyu oda tapınan iranlıların odları sönmüşdür. Bundan başqa Sava gölünün çevrəsində olan kilsələr, onun qurumasından sonra uçmuşdurlar.
Nəcib məkkəlilər arasında yeni doğulmuş uşaqları süd analara verilməsi adəti olmuşdur. Çünki Məkkənin iqlimi çox isti idi və uşaqlar bunu geçirmək çox ağır keçirdirdilər. Buna görə də Məkkənin çevrəsində yaşayan çeşidli tayfalardan olan kəslər şəhərə gəlib, uşaqları süd analığına göturərək, müvəqqəti olaraq sərin yerlərə aparardılar.

Bu adətə uyğun olaraq, Məhəmmədi Səd tayfasından olan, Həlimə adlı bir süd anaya vermişdirlər. Öncə onun atasız bir uşaq olduğunu biləndən sonra o, onu götürmək istəməmişdir. Çünki özü və ailəsi üçün bu işdən heç bir xeyir görmürdü. Ancaq sonra, onun fikri dəyişniş və o, Məhəmmədi süd analığına götürmüşdür. Bununla da Həlimə çoxlu üstünlüklər qazanmış oldu. Məhəmmədin onun evinə gəlişindən sonra, onun ailəsinin durumu və sağlamlığı xeyli yaxşılaşmışdır. Həlimə onu öz uşaqlarından çox sevmişdir. Məhəmməd onun evində beş ilə yaxın qalmışdır.

Gələcəkdə də Məhəmməd öz süd anasına qarşı çox sayqılı olmuş, onun ailəsinə bacardığı gədər yardım etmişdir. Bir müddət sonra Məkkə civarlarına quraqlıq düşmüş, buna görə də yeyəcəklər çətinliklə tapılırdı. Çətinlik çəkən Həlimə, artıq Xədicə ilə evlənmiş Məhəmmədin yanına gəlib, ondan yardım istəmişdir. O zaman Məhəmməd onu çox yaxşı qarşılamış, ona bir dəvə ilə qırx qoyun verərək geriyə yollamışdır.

Beləliklə, beş il keçəndən sonra, Həlimə Məhəmmədi anası Əminəyə qaytarmışdır. Bundan sonra bu uşağa, anasından başqa, onun Ümm Ayman adlı qulluqçusu da baxırdı. Az sonra Əminə, öz qohumlarına Məhəmmədi göstərmək üçün, onunla birlikdə Yəsribə doğru yola çıxmışdır. Yolda həmdə ərinin məzarını da ziyarət etmək istəmişdir. O zaman Məhəmmədin altı yaşı olmuşdur.

Beləliklə onlar yola çıxaraq Yəsribə çatdılar. Orada qohumları gildə qonaq qalandan sonra Məkkəyə doğru qeri döndülər. Yolda olarkən, yolçular Yəsribdən cənubda yerləşən Əbva adlı bir yerə gəldilər. Burada Əminə çox ağır xəstələnərək, ölmüşdür. Onun ölümündən sonra, qulluqçusu Ümm Ayman Məhəmmədlə birlikdə Məkkəyə qayıtdılar.

Bundan sonra yetim qalmış Məhəmmədi babası Əbdül-Mütəllib öz yanına götürmüşdür. O da onun evində iki ilə yaxın yaşamışdır. Məhəmmədin 8 yaşı olanda Əbdül-Mütəllibin sağlamlığı pisləşmiş və o, ölümcül hala düşmüşdür. Bu halda o, oğullarını yanına çağıraraq, xahiş etmişdir ki, onlardan biri kiçik yaşlı Məhəmmədi öz evində yerləşdirsin. Deyimlərə görə, Əbdül-Mütəllib Məhəmmədi çox varlı oğlu Əbdül-Üzzaya (Əbu Ləhəbə), onun həddən artıq sərt olduğuna görə, verməmişdir. Sonra isə onun başqa oğlu Abbasa da verməkdən imtina etmişdir. Sonda Məhəmməd, Əbdül-Mütəllibin nəcibliyi və xeyirxahlığı ilə seçilən oğlu Əbu Talibə verilmişdir.

Gənclik və yetkinlik illəri

Əbu Talib yetim qalmış qardaşı oğluna çox yaxşı münasibət bəsləyərək, onu öz üşağı kimi sevmişdir. Artıq oniki yaşına çatmış Məhəmməd əmininə təsərüfat işlərində yardımçı olaraq, onun qoyunlarını otarmışdır. Əmisinə xeyir verə bilməsinə görə o çox sevinmişdir. Ənənəvi deyimlərə görə, ən gənc yaşlarından başlayaraq, onda xassiyətinin ən nəçib özəllikləri inkişaf etməyə başlamışdır. Məhəmməd heç vaxt işləməkdən boyun qaçırmamış, düzgün bir gənc olmuşdur. O, təvazökar həyat sürmüş, heç vaxt məkkəlilərin səs-küylü bayramlarına və məclislərinə, eləcə də bütlərə tapınanların dini mərasimlərinə və rituallarına qatılmamışdır.

Əbu Talib ticarətlə də məşğul olmuşdur. Məhəmməd bu işində də ona yardımçı olmuşdur. Bir kərə Əbu Talib karvanla Suriyaya doğru yola çıxmış, qardaşı oğlunu da özü ilə aparmışdır. Bir qədər sonra, yolçular Busra adlanan yerdə dayanacaq salmışdırlar. Burada onların yanına Bəhirə adlı bir xristian rahibi yaxınlaşmışdır. O Məhəmmədə doğru yönələrək, ona bir neçə sual vermişdir. Özəlliklə də onu Məhəmmədin ərəb tanrılarına münasibəti maraqlandırmışdır. Cavabında Məhəmməd onlara qarşı pis münasibətdə olduğunu bildirdi. Bu söhbətdən sonra, Bəhirə Əbu Talibin yanına yaxınlaşmış, bu gəncin gələcəkdə Allahın sonuncu elçisi olacağı xəbərini vermişdir. Sonra o, Əbu Talibdən xahiş etdi ki, onu Dəməşqə aparmasın. Çünki orada başqa dinlərin ardıcılları Məhəmmədi tanıyaraq, ona zərər verə bilərdilər. Əbu Talib də Bəhirə ilə razılaşaraq, Dəməşqə getməkdən çəkindi. Bundan sonra karvan geri dönərək, sağ-salamat Məkkəyə çatdı.

Bəzi tənqidçilər gələcək Allahın elçisinin elə Bəhirədən təktanrılı dinin özəlliklərini öyrənə bilməsi iddiaları ilə çıxış edirlər. Ancaq bu iddialaın heç bir sağlam əsası yoxdur. Çünki qısa bir söhbət zamanı 12 yaşlı yetkinlik yaşına çatmayan bir gənc din haqqında dolğun biliklər ala bilməzdi.

Ərəblərin əski çağlardan bəri öc alma (qisas) adəti olmuşdur. Buna görə də onların arasında tez-tez savaşlar olurdu. Ən kiçik səbəb üzündən onlar uzun müddət savaşa bilərdilər.

Belə savaşlardan biri də Kinanə və Qeys Əylan tayfaları arasında baş vermişdir. Dörd il boyu sürən qarşıdurmada kinanəlilərin müttəfiqləri qureyşlilər olmuşdurlar. Öncə üstünlüyü qeyslilər qazanmışdırlar. Sonra isə üstünlük qarşı tərəfə keçdi. Bu savaşa gənc Məhəmməd də qatılmışdır. O, yaşının az olduğuna görə, birbaşa döyüşməsə də Qureyş döyüşçülərinə bacardığı qədər yardım edirdi.

Bu savaşa “Müqəddəsliyə qarşı sayqısızlıq” adını vermişdirlər. Çünki onun gedişi boyu qarşıduranlar yüzilliklər boyu riayət edilən ənənəvi ərəb qanunlarını və qaydalarını pozurdular. Örnək üçün ərəblər əski dönəmlərdən bəri Zülqədə, Zülhiccə, Məhərrəm və Rəcəb aylarında adam öldürməyi, savaş aparmağı, Kəbə civarlarında ovlamağı yasaq bilərdilər. Bunun səbəbi də Kəbəyə gələn zəvvarların təhlükəsizliyini təmin etmək idi. Bu zaman şəhərə çoxlu sayda adam gəlirdi. Bunun nəticəsində də ticarət canlanırdı, alverçilər böyük gəlirlər əldə edirdilər. Ancaq bu savaşda qarşıduranlar “yasaq” aylar zamanı dı savaşırdılar. Bu olay da ənənəvi ərəb həyat tərzinin böhran keçirdiyinin və gələcəkdə dağılacağının göstəricisi idi.

“Müqəddəsliyə qarşı sayqısızlıq” savaşı sonda kinanəlilərlə qureyşlilərin zəfəri ilə başa çatmışdır. Ancaq bundan sonra Məkkənin özündə durum pisliyə doğru dəyişmişdir. Şəhərdə zorakılıq, soyğunçuluq halları getdikcə artırdı, varlılar az təminatlıları incidirdilər. Durumu düzəltmək üçün, şəhərin beş ən nüfuzlu qəbilələrinin nümayəndələri, insanları qorumaq haqqında öz aralarında bir anlaşmaya gəlmişdirlər. Bu anlaşmaya görə, Məkkədə durum düzəlməli, həm məkkəlilər, həm də başqa yerlərdən gəlmişlər qorunmalı idi.

Bu anlaşma da ərəblərin yüzilliklər boyu oluşan ənənələrindən yavaş-yavaş aralanmasının gösrəticisi olmuşdur. Çünki bundan öncə onlar hamının xeyri üçün deyil, yalnız öz tayfaları üçün çalışırdılar. Beləliklə Məkkədə “Doğruluq istəyənlər” (Hilfül-Füdul) kimi tanınan bir qurum fəaliyyətə başlamışdır. Şəhərin bütün sağlam düşüncəli, ədalətli, uzaqgörən adamları, özəlliklə də gənclər, bu qurumda birləşmişdirlər.

Anlaşmanın bağlanmasında Məhəmməd də iştirak etmişdir. Bundan sonra o, yaşamı boyu bu anlaşmanı çox yüksək dəyərləndirmiş, hər zaman bu kimi birliklərə qatılmaq istəyində olduğunu bildirmişdir.

Xədicə Hüvəylid qızı Məkkədə varlı və nüfuzlu bir qadın kimi tanınmışdır. O, öz ticarət işlərinin görülməsi üçün başqa adamları cəlb edirdi, onlar da əldə edilən gəlirdən öz paylarını alırdılar. Əbu Talib ona gənc Məhəmmədi bu işlərə qatmağı məsləhət görmüşdür. Xədicə də onunla razılaşmış, Məhəmmədə Suriyaya ticarət məqsədi ilə gedən böyük karvana başçılıq etməyi tapşırmışdır. Onunla birlikdə Xədicənin qulluqçusu Meysərə də yola çıxmışdır.

Məhəmməd çox üğürla bütün ticarət işlərini aparmış, üç aydan sonra böyük gəlir əldə edərək Məkkəyə dönmüşdür. Xədicə də ondan çox razı qalmışdır. Çünki öncə heç kim ona bu qədər çox gəlir gətirməmişdi. Onun qulluqçusu Meysərə isə Məhəmmədin üstün cəhətlərindən, onun gözəl əxlaqından söyləmişdir. Bundan sonra Xədicə, öz gələcək yaşamını Məhəmmədlə bağlamaq qərarına gəlmişdir. O, öz rəfiqəsinin araçılığı ilə Məhəmmədə ona ərə getmək istəyini bildirmiş, o da bunu qəbul edərək, onun yanına elçilərini göndərmişdir.

Bu olaylardan az sonra, 25 yaşlı Məhəmməd 40 yaşlı Xədicə ilə evlənmişdir. Bu evlilikdən onların altı uşağı doğulmuşdur. Bunlardan ikisi (Qasım və Abdulla) oğlan, dördü isə qızlar (Zeynəb, Ruqiyyə, Ümm Külsüm və Fatimə) olmuşdurlar. Onların oğulları erkən yaşlarında ölmüşdürlər. Məhəmmədin soyunu isə, yalnız onun kiçik qızı Fatimə davam etmişdir.

Məkkədə Məhəmməd, haqlı olaraq özünə ən doğru və düz adam adını qazana bilmişdir. Bütün işlərində hamı ona etibar etmiş, onun doğruluğuna və düzlüyünə şübhə etməmişdirlər. Buna görə də ona “Doğru olan” (Əmin) adını vermişdirlər.

Məhəmmədin 35 yaşı olanda məkəlilər Kəbədə təmiş işləri aparmaq fikrinə düşdülər. Çünki o dönəmdə bina yararız duruma düşmüşdür. Məbədin vəziyyəti o zaman selin gəlməsi nəticəsində daha da pisləşmişdir. Bina az qala uçmuşdur. Buna görə də məkkəlilər Kəbəni yenidən qurmaqdan başqa çıxış yolunu görməmişdirlər. İşlərin gedişi zamanı köhnə divarlar uçurulmiş, onların yerinə yeniləri tikilmişdir. Bütün tanınmış Məkkə qəbilələri tikinti işlərinə, bunu böyük şərəf bilərək, qatılmışdırlar. Onların hərəsi binanın bir hissəsini tikmişdirlər.

Tikinti başa çatandan sonra, Qara daşı kimin Kəbənin divarına qoyulması sualı çəkişmələrə gətirib çıxartmışdır. Bu daşın tarixi ən əski dönəmlərə gedib çıxmağdadır. O zamanlar sami tayfaları məbədlər tikməmiş, Allaha ibadət etmək üçün bir daş qoyub onun çevrəsinə dolanmışdırlar. Bu daşlardan biri də elə İbrahim peyğəmbərin Kəbəyə gətirdiyi Qara daş olmuşdur. Bəzi deyimlərə görə, bu daşı Məkkəyə mələklər cənnətdən gətirmişdirlər.

Qara daşın Kəbənin divarına qoyulması məsələsi, Məkkə qəbilələri arasında qızğın cəkişmələrə gətirib çıxartmışdır. Onların hərəsi onu aparıb oraya yerləşdirmək istəyirdirlər, bu şərəfi başqalarına vermək istəmirdilər. Çəkişmələr heç bir sonluğa gətirib çıxartmamışdır. Buna görə də qəbilə nümayəndələri Kəbəyə ilk girən adamın bu məsələni çözməsi qərarına gəlmiş, bununla da razılaşmışdırlar. Bu adam isə Məhəmməd olmuşdur. O məbədə birinci girən adam olmuşdur, buna görə də hamı onun problemi çözmək təklifini qəbul etmişdirlər. Həmdə onu ədalətli və düzgün adam kimi hamı tanıyırdı.

Onları eşitmiş Məhəmməd, məsələni belə çözmüşdür: Qara daş bir parçanın üzərinə qoyulmalı, Məkkə qəbilələrindən olanlar o parçanın künclərindən yapışıb onu birlikdə Kəbənin divarının önünə gətirməli Məhəmməd isə onu öz əlləri ilə yerinə qoymalı idi. Belə də etdilər.

O zamanlar ərəblər İbrahim peyğəmbərlə oğlu İsmailin qurduğu ənənədən çoxdan aralanmışdırlar. Onlar bütlərə tapınırdılar. Kəbəyə də bütləri doldurmuşdurlar. Burada bütpərəstlər yığışmış, tez-tez eyş-işrətə qurşanıb, sərxoşluq edirdilər. Eyni zamanda, Kəbədə şairlər yığışırdılar. Onlar orada şeyirlər deyib, çeşidli əfsanələr söyləyirdilər.

Ərəblər sərt xassiyətli, amansız və çox zaman əxlaqsız olmuşdurlar. Onların arasında öc alma, soyğunçuluq, qadınlara qarşı amansız davranış halları baş alıb gedirdi. Ancaq “yasaq” aylar boyu onlar qan tökməmiş, eyş-işrətlə günlərini keçirtmişdirlər. Həcc mövsümü də elə o zaman olurdu. Onu hələ İbrahim peyğəmbər qurmuşdur. Ancaq zaman keçdikcə onun mahiyyəti dəyişmiş, bütpərəst ənənəyə çevrilmişdir.

VII-ci yüzillikdə ərəblərin ənənəvi həyat tərzi dərin böhranlar keçirtmişdir. Getdikcə daha çox insanlar, artıq bu ənənələrlə yaşamaq istəməmiş, onlara qarşı çıxırdılar. O zaman oxumuş adamların sayı çoxalırdı. Onlar bu ənənələrin boş və mənasız olduğunu anlayıb, onlara etiraz edirdilər. Onlardan bəziləri ərəb tanrılarını tanımaqdan imtina etmiş, İbrahim peyğəmbərin ənənəsində olduqlarını bildirmişdirlər. Bu adamlara “həniflər” deyirdilər. O zaman tayfaçılıqdan imtina etmək, insanların soylarından asılı olmayaraq bərabərliyi ideyaları da səsləndirilmişdir.

Məkkə artıq Ərəbistanın böyük ticarət mərkəzinə, inkişaf etmiş şəhərinə çevrilmişdir. Məhəmmədin elçiliyinin başlanması öncəsi bu şəhərdə artıq yeni düşüncəni qavraya biləcək, onların daşıyıcıları olacaq insanlar yetişmişdirlər. Elə bu kimi adamlar Məhəmmədin elçiliyini qəbul etmiş, İslam hərəkatının əsaslarını qoya bilmişdirlər.

Bütün bu obyektiv amillərə baxmayaraq, bu proseslər bir təkanverici güc olmadan, ərəb toplumunda heç bir dəyişikliklərə gətirib çıxara bilməzdilər. Yeni düşüncə daşıyıcılarının durumu dəyişmək üçün gücləri və imkanları olmamışdır. Onların sayı da yetərli deyil idi. Yalnız Məhəmmədin güclü şəxsiyyəti, onun Allah tərəfindən ilhamlandırılmış sözləri və gördükləri işləri ərəb toplumunu yüzilliklər boyu bürümüş durğunluqdan çıxara bilmişdir. Bundan da sonra, İslam ideyaları Ərəbistandan çıxıb dünyanın bir çox yerlərində yayılmış, bununla da müsəlman sivilizasiyasının əsasları qoyulmuşdur.

Сайт управляется системой uCoz