II. ELÇİLİYİN MƏKKƏ DÖNƏMİ

Peyğəmbərliyin başlanması

Qırxa yaxın olan yaşa çatmış Məhəmməd öz mənəvi durumunun inkişafına daha da çox önəm verməyə başlamışdır, elə o çağlarda da yuxularında ilham alırdı. Deyimlərə görə o, bu kimi mənəviyyat dolu yuxuları elçiliyin ona verilməsindən az öncə görməyə başlamışdır. Bundan başqa Məhəmməd, dünya işlərindən aralanmağa meyl göstərirdi. Bu məqsədlə də Məkkədən bir qədər aralı olar Hira dağında təkliyə çəkilməyə başlamışdır.Özəlliklə də, burada Ramazan aylarını keçirirdi. Bu ay başlananda o, özü ilə yeyəcəklərini götürüb, oraya təklikdə qalmaq üçün yollanırdı. Beləliklə Allah onu elçilik üçün hazırlayırdı.

Yuxarıda deyildiyi kimi, Məhəmmədi Məkkədə doğru bir kəs kimi hamı tanıyırdı. Onun yüksək mənəvi özəllikləri onu insanlıq, təbiət, kainat haqqında düşüncələrə gətirmişdir. O, dünya varlığının səbəbi, onda gedən proseslər haqqında bilgiləri əldə etmək istəmişdir. Bundan başqa, yaşadığı toplumda bu qədər ədalətsizliyin baş alıb getməsi də onu üzürdü. Millətinin nədən bu qədər düşkün olduğu sorusu dəfələrlə onun göz önünə gəlirdi. Bu kimi sorulara cavablar axtaran Məhəmməd, doğruluğun nə olması, onun necə qurulması haqqında düşünürdü. Bundan başqa, insan varlığının mənasının nə olması da onu çox düşündürürdü. Buna görə də o, mənəviyyatının təkmilləşdirilməsi, onu düşündürən sorulara cavabların tapılması yolu ilə gedirdi. Təkliyə çəkiləndə, onun bütün düşüncələri ilə duyğuları ibadət etdiyi Allaha doğru yönəlmiş olurdu.

Miladi 610-cu ilin Ramadan ayı başlayanda, 40 yaşına çatmış Məhəmməd yenə də Hira dağındakı bir mağarada təkliyə çəkilmiş, orada ibadət edərək düşüncələrə qapanmışdır. Bu dəfə Allah onun yanına Cəbrayıl mələyi endirmişdir. O da ona dedi: “Oxu!”. Məhəmməd ona: “Mən oxuya bilmirəm”, sözləri ilə qayıtdı. Onda mələk onu sıxmış, sonra buraxaraq yenə demişdir: “Oxu!”. Ancaq o yenə də oxumağı bacarmadığını dilə gətirmişdir. Bunu eşidən mələk onu üçüncü dəfə sıxaraq demişdir: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!” (Quran, 96: 1-3). Bu Allahın Məhəmmədə endirdiyi ilk açıqlaması olmuşdur. O da bu sözləri yadında saxlamışdır. Sonra həyəcan içində evinə dönərək, yoldaşı Xədicəyə bu olayları danışmış, o da onu sakitləşdirərək, ona dəstək vermişdir. Beləliklə Xədicə onun Allahın elçisi olmasına inanan ilk adam olmuşdur.

Bundan sonra, onlar birlikdə Xədicənin qohumu olan Növfəl oğlu Vərəqənin yanına getmişdirlər. O artıq bütpərəstlikdən çıxaraq xristian olmuşdur. Vərəqə də Məhəmmədin olaylarını eşidib, onun yanına gələn mələyin elə Musanın yanına gələn mələk olduğunu dilə gətirmişdir. Bundan sonra Məhəmməd, Vərəqə ilə daha bir bir kərə görüşmüşdür. Deyimlərə görə, Vərəqə onun böyük peyğəmbər olacağı, qureyşlilərin onunla qarşıdurmada olacağı, Məkkədən qovulacağı xəbərini öncədən vermişdir. Sonra da bütün elçilərin öz millətləri tərəfindən təqib edildildiklərini də əlavə edərək, ona təsəlli vermişdir.

Bu olaylardan sonra bir müddət Məhəmməd, Allahdan yeni açıqlamalar almamışdır. Müsəlman tarixində bu müddətin bir neçə aydan üç ilə qədər olması göstərilir. Bu müddət boyu Məhəmmədin mənəvi sıxıntılar keçirdiyi, rahatsız olduğu haqqında da bilgilər vardır. Bununla belə, deyimlərə görə, bu sıxıntılar dözülməz duruma çatanda, o Allah tərəfindən ilhamlandırılırdı.

Bu müddət başa çatandan sonra, Məhəmmədə Allahın yeni açıqlamaları enmiş və bundan sonra onun yaşamının sonuna qədər onların endirilməsi kəsilməmişdir. Bu dəfə onun yanına Cəbrayıl mələk gəlmiş və bu açıqlamanı ona demişdir: “Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!) Etdiyin yaxşılığı) çox bilib başa qalxma! (Heç kəsə minnət qoyma!) Rəbbinin yolunda (Rəbbinin rizasını qazanmaq üçün bu yolda sənə üz verəcək bütün çətinliklərə) səbr et!”. (Quran, 74: 1-7).

Məkkədə ilk müsəlman toplumunun yaranması

Bu olaylardan sonra Məhəmməd insanlıq qarşısında öz sorumluluğudu duymağa başlamış, Allahın ona böyük elçilik görəvi verdiyinə inanmışdır. Buna görə də o, Məkkəlilərə bu barədə xəbər vermək istəmişdir. Bununla belə, bu işi açıq olaraq etməyi ilk çağlarda məqsədəuyğun bilməmişdir. Çünki ərəblərin çoxusunun arasında ənənəvi yaşam tərzi və tayfa düşüncəsi kök saldığına görə, onlardan bu məsələdə anlaşmanı gözləmək olmazdı. Buna görə də o, elçiliyini yavaş-yavaş, aramla və dözümlülüklə insanlara bildirmək yolunu tutmuşdur. İlk olaraq Məhəmməd, İslamla öz ailə üzvlərini, yaxın tanışlarını və arxadaşlarını tanış etmişdir. Onun yoldaşı Xədicə, və keçmiş köləsi Zeyd ilk müsəlmanlardan olmuşdurlar. Eləcə də İslama Məhəmmədin əmisi oğlu Əli də gəlmişdir. Bu gənc onun evində yaşamış və elçinin öz yoldaşı ilə yalvarışlar etdiyini görmüşdüş. Bunun nə olduğunu soruşanda, Məhəmməd peyğəmbər onu inancın özülləri ilə tanış etmiş, o da müsəlman olmuşdur.

Az sonra Məhəmməd peyğəmbər İslama dəvətini genişləndirmişdir, təkcə ailə üzvlərini deyil, başqa adamları da dinə çağırmağa başlamışdır. Bunun sonu olaraq, İslama gəlmişlərdən biri də onun arxadaşı Əbu Bəkr olmuşdur. Onun müsəlman olmasının çox böyük önəmi olmuşdur. Çünki o varlı və çox tanınmış bir kəs idi. Bu da Məhəmməd peyğəmbərin gələcək dəvəti üçün çox böyük dəstək olmuşdur. Bunu görən başqa düşüncəli kəslər də İslama gəldilər. Onların arasında Əffan oğlu Osman, Əfv oğlu Əbdurəhman, Əbu Vəqqas oğlu Səd, Əvvam oğlu Zübeyr, Übeydulla oğlu Təlhə kimi adamlar olmuşdurlar.

İslamın elə ilk çağlarından başlayaraq ,bu din bütün insanlara, irqlərə, millətlərə və sosial təbəqələrə yönəlmişdir. Bunun örnəyi də Bilal olmuşdur. O qara dərili bir həbəş köləsi idi. Bu da İslamın əsasında tayfaçılığın deyil, humanist və etik prinsiplərin durduğunun gösərici idi. Milli, ya da tayfa ayrılığından asılı olmayaraq, bütün insanların Allah qarşısında bərabərliyi ideyası ərəb ənənələrinin dağılması prosesində çox böyük önəm daşımışdır. Elə bu ideya da yeni irəliləyici düşüncə tərzinin yaranmasına gətirib çıxartmışdı.

O çağların ilk müsəlmanların sayı bilinməməkdədir. Tarixçilər bu barədə çeşidli saylar gətirmişdirlər. Ancaq ərəb toplumunun dəyişməsi prosesində önəmli rolu ardıcılların sayı deyil, İslamın özülündə duran ideyalar oynamışdır. Çünki artıq bu dönəmdə insanların düşüncələri dəyişməyə başlamışdır. İslama gəlməsələr belə, onlar qismən bu dinin bəzi məqamları ilə razılaşmışdırlar. Bunun sonu olaraq, onların dünyagörüşündə dəyişikliklər baş vermişdir. Elə bu proses də sonda İslamın zəfərinə gətirib çıxartmışdır. Bu kimi ideya amili olmasaydı, ilk müsəlmanlar çox sayda olsaydılar belə, heç bir uğur qazana bilməzdirlər.
İslama gizli çağırış üç il boyu sürmüşdür. Bundan sonra yürddaşlara açıq çağırışın gərəkliliyi duyulmuşdur. Bu səbəblə Quran ayəsi endirilmişdir: «Və ən yaxın qohumlarını qorxut! Sənə tabe olan möminləri qanadın altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!). Əgər (yaxın qohumların, əşirətin) sənə qarşı çıxsalar, onlara belə de: “Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!”» (Quran, 26: 214-216).

Bundan başqa, müsəlmanların artıq özlərini ayrıca bir toplum kimi duymaq, başqalarından ayrılmaq buyuruğu da endirilmişdir: “(Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!” (Quran , 15: 94). Bundan sonra ilk müsəlmanların təşkilatlanması və Ərəbistanda çox yetərli içtimai-siyasi gücə çevrilməsi prosesləri başlamışdır. Bu güclə artıq hesablaşmamaq olmurdu. Beləliklə, yeni irəliləyici düşüncə yavaş-yavaş geridə qalan əski ərəb adətlərini və yaşam tərzini sıxışdırıb ortalıqdan çıxartmağa başlamışdır. Gələcəkdə bu yönümdə olayların axarı dinc anlatma, gərəklilik olardısa savaş yolları ilə oluşdurulurdu.
Allahdan endirilmiş açıqlamalarını alan Məhəmməd peyğəmbər varlı və sayğılı məkkəlilərin yeni dinlə tanışlığı və İslama gəlmələri məqsədi ilə bəlli addımlar atmağa başlamışdır. Onun düşündüyünə görə, onların sayı nə qədər çox olsaydı, o qədər yaxşı olardı. Bu doğru yol idi, çünki hər bir dönəmdə, özəlliklə də əski çağlarda, varlı və sayğılı kəslər başqaları üçün bir örnək olmuşdurlar. Onların seçimi problemin çözümünə yetərli qədər yardım edərdi. Bu məqsədlə, Məhəmməd peyğəmbər öz evinə Məkkədə çox sayğılı kəslər olan qohumlarını yığa bilmişdir. Çağırılıb gələnlərin arasında Əbu Talib, Abbas, Həmzə, Əbdülüzza (Əbu Ləhəb) kimi kəslər olmuşdurlar. Yemək boyunca o, onlara yeni inancın özlüyünü, onun elçiliyinin məqsədlərini anlatmaq istəmişdir. Ancaq onun cəhdləri heç bir müsbət nəticə verməmişdir. Özəlliklə də ona qarşı əmisi Əbdülüzza (Əbu Ləhəb) çıxış etmişdir.

Bundan sonra Məhəmməd peyğəmbər Səfa təpəsinə çıxaraq, oradan məkkəlilərə çağırış eymişdir. Ancaq bu addım da ona heç bir uğur gətirməmişdir. Burada da əmisi Əbu Ləhəb onun çağırışına qarşı təpki göstərmişdir.

Əlbəttə, xalqa yönəlmiş bu ilk çağırışlar birbaşa üğurlu sonluğa gətirib çıxara bilməzdi. Ancaq onlar müsəlmanlığın gələcək uğuruna yol açmışdırlar. Məkkəlilər Məhəmməd peyğəmbərlə razılaşmasalar belə, əskidən gələn köhnəlmiş tayfa düşüncəsinin dağılması üçün bir zəminin yaranmasını anlamışdırlar. Ən başlıcası da, bu prosesə başçılıq edən bir kəs artıq ortalığa çıxmışdır. Bu barədə az sonra bütün Ərəbistan bilmişdir.

Bütün bu kimi olayların gedişində Məkkə başçıları, mühafizəkarlar və adətə bağlı olanlar toplumdakı durumun dəyişməyə doğru getməsini, yeni baxışların, ideyaların ortalığa çıxmasını duymuşdurlar. O zaman müsəlmanlara qarşı olanların içində Əbu Ləhəb, Əbu Çəhl, Müğirə oğlu Valid, Əbu Süfyan kimi tanınmış kəslər olmuşdurlar. Onlar müsəlman düşüncəsində öz maraqları üçün bir təhlükə duymağa başlamışdırlar. Bundan başqa, Məhəmməd peyğəmbərin gördükləri işlərlə dediyi sözlər onların dünyagörüşünə sığmırdı.

Beləliklə, Qureyş başçıları İslam çağırışına qarşı təpkilərə keçmişdirlər. İlk olaraq onlar, müsəlman toplumunu zor gücü ilə basmaq istəmiş, ancaq buna doğru edilən addımlar heç bir uğurlu sonluğa gətirməmişdir, onların öncədən uğursuz olması bilinmişdir. Çünki Məkkə başçıları onların böyük bir fundamental ideya ilə üzləşməsi faktını anlamamışdırlar. Bu ideyanın ardıcılları, güczüz olmalarına baxmayaraq, bütün zorluqlarla indidilmələrə sinə gəlməyə, ölümlə üzləşməyə belə hazır idilər. Heç bir qorxutma və zorluqlar onları İslam yolundan döndərə bilməzdi. Bu dini onlar sosial ədalətsizliyə və ərəb ənənələrinə qarşı bir vasitə kimi görürdülər. Bundan başqa, İslam onlara sonyaşamda (axirətdə) qurtuluşu vəd edirdi.

Məkkə başçılarının birinci çox yetərsiz addımları bir çox ilk müsəlmanların incidilməsi və güdülməsi olmuşdur. Onlar daha çox yoxsul kəslər olmuş, ancaq aralarında bir qədər yüksək təbəqələrin adamları da olmuşdurlar.

Məhəmməd peyğəmbərin özünə də pis sözlər deyilmiş, onu aşağılamaq cəhdləri da olmuşdur. Ancaq məkkəlilər, arxasında çox nüfuzlu Həşim qəbiləsi durduğuna görə, ona qarşı güc işlədə bilmirdilər. Bu kimi sosial güvənlik başqa müsəlmanların çoxunda olmamışdır. Onların çoxlarının soyu heç məkkəli də olmamışdır, buna görə də onlar ikinci dərəcəli insanlar sayılırdılar. Örnək üçün, həbəş köləsi Bilalı, keçmişdə kölə olmuş Əmmarı, Həbbabı, Əfləhi və başqa müsəlmanları inanclarına görə insanlıqdan uzaq olan güdülmələrlə incitmələrə uğratmışdırlar.

Ancaq Məhəmmədlə onun Əbu Bəkr kimi tanınmış arxadaşları, toplumda güvəncləri olmayan inanc qardaşlarını tək yoymamış, bacardıqları qədər onların köməyinə gəlirdilər, onları qoruyurdular. Örnək üçün Bilalı Əbu Bəkr köləlikdən pul verərək qurtarmışdır.

Elə İslamın o ilk çağlarında inanc uğrunda canlarından keçən ilk kəslər olmuşdurlar. Öldürülənlərdən birincisi Əmmarın anası Sümeyyə olmuşdur. Ondan sonra çoxlu müsəlmanlar inancları uğrunda öz yaşamlarından keçmişdirlər. Bu isə müsəlman toplumunu yalnız birləşdirib bərkitmişdir.

Beləliklə, Məhəmməd peyğəmbər və onun arxadaşları bu çox ağır durumlardan uğurla çıxmış, öz təşkilatçılıq bacarıqlarını göstərmiş, dərin inanclarına görə bütün zorluqlara sinə gələ bilmişdirlər. Bu da müsəlmanlara üstünlük gətirən daha bir özəllik olmuşdur. Bu özəllik haqqında xəbərlər bütün Ərəbistana yayılmış, İslam baxışlarının yayılmasında yardımçı olmuşdurlar.

Yuxarıda deyildiyi kimi, peyğəmbərlik dönəminin başlanqıcında Məhəmməd, İslam inancını öz ailə üzvləri, tanışları, arxadaşları arasında söhbətlər etməklə yayırdı. Sonra onlar Allaha yalvarışlar etmək üçün bir yerə yığışırdılar. Bu yerlər də şəhərin qırağlarında oludru. Onlar, məkkəlilərin gözlərinə dəyməmək üçün, birgə ibadətlərini uzaqlarda edirdilər. Ancaq müsəlman toplumu böyüdükcə, müsəlmanların sayı artdıqca, yeni dinin ardıcılları üçün bəlli mərkəzin olması zərurəti yaranmışdır.

Belə mərkəz də Məhəmməd peyğəmbərin Ərkəm adlı arxadaşının evində qurulmuşdur. Burada ilk müsəlmanlar öz yığıncaqlarını keçirirdilər, birlikdə ibadətlər edib Quran oxuyurdular. Bu evə Məhəmməd peyğəmbərin özü də köçmüş, burada bir zaman yaşamışdır.

Amansız güdülmələr çağlarında Ərkəmin evi müsəlmanlar üçün öz problemləri ilə bölüşmək yeri olmuşdur. Orada onlar peyğəmbərlə görüşüb, kizli olaraq ibadətlərini edirdilər. Bu evdə Ömər, Həmzə, Əmmar, Müsab, Süheyb və başqa bir çox tanınmış kəslər İslama gəlmişdirlər. Ömər İslama gələndən sonra isə müsəlmanlar ilk dəfə Ərkəmin evindən çıxmış, açıq olaraq Kəbəbə namaz qılmışdırlar.

Məkkədə İslam toplumunun inkişaf etməsi və bərkiməsi

Məhəmmədin peyğəmbərliyinin beşinci ilində müsənmanların güdülmələri çox amansız olmuşdur. Bu səbəblə də o, bəzi müsəlmanlara Efiopiyaya köçmək buyuruğunu vermişdir. O ölkənin çarı Əshəmə olmuşdur. O çox ədalətli bir kəs idi, onun ölkəsində heç kim inancına görə güdülmələrə uğramırdı.

Müsəlmanlardan ilk köçənlər Efiopiyaya miladi 615-ci ildə gəlmişdirlər. Onların arasında Əffan oğlu Osman da olmuşdur. Onların hamısı bütpərəstlərin gözlərinə görsənməsinlər deyə, gecə ikən Məkkədən çıxmışdırlar. Qırmızı dənizin kənarlarına gəlib, orada Efiopiyaya gedən iki gəmiyə minib, o ölkəyə çatmışdırlar. Orada onlar çox yaxşı qarşılanmış və onlara güvənclilik verilmişdir. Müsəlmanların bir qrupunun şəhərdən çıxmasını bilən qureyşlilər onların arxasınca bir dəstə göndərmişdirlər. Ancaq onlar müsəlmanlara çata bilməmişdirlər. Deyimlərə görə o zaman köçənlərin sayı 15 nəfərə qədər olmuşdur.

Bir il keçəndən sonra, Efiopiyaya müsəlmanların ikinci köçü olmuşdur. Onların sayı müsəlman qaynaqlarında fərqli verilir. Bəlkə də onlar 80 nəfərə qədər idilər. Köçənlərə Məhəmməd peyğəmbərin əmisi Cəfər Əbu Talib oğlu başçılıq edirdi. Onlar da bu ölkəyə sağlıqla çata bilmiş və yaxşı qarşılanmışdırlar. Öz dinlərinə bağlılıqda orada müsəlmanların heç bir problemləri olmamışdır.

Müsəlmanların Efiopiyaya ikinci köçü baş tutandan sonra, Qureyş başçıları çox üzülmüşdürlər. Buna görə onlar çar Əshəmənin yanına Abdulla Pəbiə oğlu ilə Əmr As oğlunu yollamışdırlar. Onlar onu müsəlman köçkünlərini qeri qaytarmağın gərəkliliyini anlatmalı idilər. Onlara Qureyşlilər bu tapşırığı vermişdirlər. Onların gəlişindən sonra, Əshəmə müsəlmanları öz yanına söhbətə çağırmışdır. Qureyşi elçilərinin də qatıldığı bu söhbət zamanı Cəfər əbu Talib oğlu çarı maraqlandıran bütün suallara cavab verə bilmiş və müsəlmanların qureyşlilərə qaytarılmasının gərəksizliyini ona inandırmışdır. Beləliklə, qureyşlilərin elçiləri heç nə əldə edə bilməyərək geriyə qayıtmışdırlar.

Efioriyaya köçən müsəlman küçkünləri bu ölkədə bir neçə il güvənc içində yaşamışdırlar. Müsəlman qaynaqlarına görə, bəzi yerli insanlar onlarla tanış olub İslama gəlmişdirlər. Bəzi deyimlərə görə, çar Əshəmənin özü də müsəlman olmuşdur.

Daha sonra köçkünlərdən bəziləri hələ Mədinəyə hücrətdən öncə Məkkəyə köçmüşdürlər. Ayrı-ayrı müsəlman tarixçilərinə görə, bunun səbəbi müsəlmanların məkkəlilərlə barışa gəlib İslamı qəbul etmələri haqqında yayılan yalançı söyləntilərdə olmuşdur. Bunu biləndən sonra, köçkünlərin bəziləri geri qayıtmış, sonra isə 628-ci ildə baş vermiş Heybər döyüşündən öncə, müsəlman çoxluğuna birləşərək, Mədinəyə köç (hicrət) etmişdirlər.

Daha sonra Qureyş başçıları təqiblərin heç bir müsbət sonluq verməməsini, bunun sonu olaraq müsəlman toplumunun daha da bərkiməsini anlamışdırlar. Buna görə də onlar başqa üsullara əl atmışdırlar. Onlar Əbu Talibin yanına gələrək, ondan qardaşı oğluna etdiklərinə son qoymaq üçün basqı etməyi ya da onu qorumaqdan imtina etməsini istəmişdirlər. Çünki elə bu qəbilə güvəncliliyin olmasına görə, onlar Məhəmmədə qarşı güc işlədə bilmirdilər. O çağlarda qəbilə və tayfa güvəncliliyi adəti ərəblər arasında çox güclü olmuşdur. Hər bir tayfa öz adamını başqalarından qorumalı idi. Zor işlətsəydilər, ərəblərin arasında olan adətə görə, bütün Həşim qəbiləsi ilə savaşa girməli idilər. Bu isə şəhərdə qarışıqlığın yaranmasına gətirib çıxarardı. Bunu isə onlar istəmirdilər. Ancaq bu istəklə onlar Həşimilərə, gərəklilik olarsa, savaşa belə başlamaqdan çəkinməyəcəklərini bildirmişdirlər.

Durumun pisləşdiyini duyan Əbu Talib, öz qardaşı oğlunu yanına çağırıb, onunla bu barədə danışmış, onu etdiklərindən çəkinməyə çağırmışdır. Ancaq Məhəmməd bunu etməkdən imtina etmişdir. O bir daha özünün Allahın elçisi olduğunu, yalnız onun göstərişi ilə davrandığını əmisinə bildirmişdir. Onun dediklərindən sonra, Əbu Talib ona qarşı getməmiş, onu yaşamının sonuna qədər qoruyacağını bildirmişdir. Ola bilsin o, Məkkə qəbilələrinin arasında birliyinin olmamasına görə onların Həşimilərə qarşı anlaşmaya gələ bilməyəcəklərini öncədən bilirdi. Ancaq ölümündən sonra Məhəmmədin durumunun pisləşəcəyini də demişdir.

Məhəmmədin peyğəmbərliyinin altıncı ilində, məkkəlilərin təqiblərinə sinə gələ bilən müsəlman toplumu daha da güclənmişdir. Bu dönəmdə İslama artıq Həmzə Əbu Talib oğlu, Ömər Xəttab oğlu kimi varlı və tanınmış adamlar gəlməyə başlamışdırlar. Həmzə Məhəmmədi Əbu Ləhəbdən qoruyaraq, Ömər isə onu öldürmək fikriinə düşüb sonra bu fikirdən yayınaraq inanca gəlmişdirlər. Öncə müsəlmanların çoxu kölə və yoxsullar olmuşdurlarsa, bundan sonra durum dəyişməyə başlamışdır. Bu olay da müsəlmanların Məkkədə sayqılarını artırmışdır. Bundan sonra bərkimiş müsəlmanlar ilk kərə, Kəbədə açıq olaraq namaz qılmışdırlar.

Ağır sınaqlar dönəmi

Qureyşilərin təpkilərinə baxmayaraq İslamın yeni irəliləyici ideyaları məkkəlilərin dünyagörüşünə yol açmış və hətta Ərəbistanın başqa yerlərinə də yayılmağa başlamışdır. Buna görə də onlar yenə də yeni metodlara əl atmaq zorunda qalmışdırlar.

Bu dəfə onların başlıca məqsədi Məhəmmədi Həşimilərin güvəncindən ayırmaq olmuşdur. Belə olsaydı ona və onun arxadaşlarına qarşı zor işlədib, onları ortalıqdan çıxarmaq olardı.

Bu məqsədə çatmaq üçün, peyğəmbərliyin 7-ci ilində Qureyş başçıları Həşim qəbiləsinə qarşı boykota başlamışdırlar. Bunun bir rəsmi yazılı mətni də yazılıb Kəbənin divarına vurulmuşdur. Bu yazıya görə, Məkkənin əhalisi həşimilərlə hər hansı qohumluq, işgüzar bə şəxsi əlaqələrindən imtina etmişdirlər.

Bundan sonra həşimilər faktiki olaraq öz məhəllələrində qapanmış durumda yaşamağa zorlandılar. Bu səbəblə də onların yaşamlarında çox böyük problemlər yaranmışdır. Bəzən gündəlik tələbat şeylərində və yeyəcəklərdə ehtiyac duyulmaqda idi. Ancaq sonra, Həşimilər yeni qerçəkliklərlə ayaqlaşmağa öyrənmiş və çeşidli yollarla çətinliklərə duruş göstərə bilmişdirlər. Onlara başqa qəbilələrdən olan arxadaşları və müsəlmanlar da yardım edirdilər.

Buna görə də sonda boykot kompaniyasə uğursuzluqla başa çatdı, heç bir müsbət sonluğa gətirib çıxartmadı. Çünki, Məhəmməd peyğəmbərin həmqəbilələri, İslama gəlməsələr belə, öz qəbilə maraqlarını ayaq altına ata bilmirdilər. Qəbilə həmrəyliyi həmdə onlar üçün vicdan və namus məsələsi idi. Basqı altında olsa belə, öz adamını başqalarının mühakiməsinə vermək, onlar üçün şərəfsizlik və rüsvayçılıq sayılardı. Buna görə də həşimilər bütün zorluqlara və itkilərə baxmayaraq bunlara dözməyi, başqa qəbilələrin basqısı qarşısında qeri çəkilməməyə üstünlük vermişdirlər. Məhəmmədi basqı altında yadların mühakiməsinə versəydilər, onda onlardan daha da çox itiriləsi şeyləri ola bilərdi.

Beləliklə, üç ildən sonra boykot kompaniyası məkkəlilərin arasında öz önəmini və marağını itirmişdir. Buna görə də onlar onu geri vermək istəyinə düşdülər, bunu da etdilər. Kəbə divarına vurulmuş boykot yaqqında yazını isə elə o zaman qurdlar yemişdirlər.

Həşimilərə qarşı boykotun uğursuzluğundan sonra müsəlmanlar bir qədər rahatlıq tapa bilmişdirlər. Ancaq bir neçə ay keçəndən sonra onları yeni sınaqlar gözləyirdi. Öncə müsəlmanların güvəncliliyinin təminatçısı olan Əbu Talib, sonra Məhəmməd peyğəmbərin çox sevdiyi həyat yoldaşı, ona hər zaman dəstək verən Xədicə ölmüşdürlər.

Bu yeni olylardan yararlanan qureyşlilər, Məhəmmədlə onun arxadaşlarına qarşı təpkilərini daha da amansızlıqla sürdürmüşdürlər. Çünki Həşimilərin arasında artıq onlara dəstək olan bir nüfuzlu kəs qalmamışdır. Beləliklə Məhəmməd peyğəmbər, onun arxadaşları və yaxınları yeni təhqirlərlə və basqılarla üzləşmişdirlər.

Bu çox ağır dönəmdə Məhəmməd peyğəmbər ilk kərə olaraq, Məkkədən kənarda İslamı yaymaq cəhdini etmişdir. Bu məqsədlə də o, peyğəmbərliyinin 10-cu ilində öz keçmiş köləsi Zeydlə Taif adlanan bir yaşayış yerinə getmişdir. Orada çox nüfuzlu ərəb qəbilələri yaşamışdırlar. Məhəmməd bu çətin dönəmlərdə fəaliyyətini sürdürmək üçün onlardan güvənc almaq istəmişdir. Bu iş baş tutsaydı, müsəlmanların durumu çox yüngülləşərdi.

Ancaq taiflilər təkcə İslama gəlməkdən boyun qaçırmamış, onlar həmdə peyğəmbərlə onun arxadaşına qarşı çıxmış, onları daşlamışdırlar. Onlar da aldığı ağır yaralara baxmayaraq, bağların birində sığınacaq tapmışdırlar. Bu bağ bir nüfuzlu kəslərin yeri olmuş, onlar da yolçuların durumuna açıyaraq, onlara yardım etmişdirlər.

Buna baxmayaraq, Taifə yola çıxmaq planı doğru addım olmuşdur. Gələcək olaylar Məhəmmədin Ərəbistanda yaşayan başqa ərəb tayfalarından dəstək alması fikri özünü doğrultmuşdur. Bundan sonra da o, bu işi sürdürmüş və çox böyük uğur qazanmışdır.

Məkkəyə qayıdandan sonra, Məhəmməd peyğəmbər çox nüfuzlu bir kəs olan Mutim Adiyyə oğlunun güvəncliliyini qazana bilmişdir. Buna görə də o, müvəqqəti olaraq özünü nisbətən qorunmuş duya bilmişdir. Bu zaman boyu da ərəb tayfaları arasında özünə dəstək aramaq cəhdlərini etmişdir. Bunun üçün Məhəmməd, zəvvarlar və ticarət işləri üçün Məkkəyə gəlmiş başqa ərəb tayfalarının numayəndələri ilə görüşürdü. Ancaq öncə bu cəhdlər heç bir nəticə verməmişdir. Buna baxmayaraq, şəhərə gəlmiş ərəblər İslamla tanış olmuş, bəziləri isə bu dini qəbul etmişdirlər.

Bu arada Məhəmməd peyğəmbərin bir möcüzəsi də olmuşdur. Gecələrin birində onun yanına Cəbrayıl mələk gəlmişdir. Onlar birlikdə Buraq adlı bir yük heyvanının üstünə minmiş, o da onları Məkkədən Qüdsə aparmışdır. Beləliklə də peyğəmbər, zaman və məkanı aşmışdır.

Əski çağlardan qalan Süleyman məbədinin yıxıntılarına gələn Məhəmməd, bütün əski peyğəmbərlərinin önündə imam durmuş və onlar onun arxasında namaz qılmışdırlar. Sonra o, bu yerdən göylərə ucalmış, orada əski peyğəmbərlərlə görüşmüşdür. Sonra isə Cəbrayıl onu Allahın dərgahına ucaltmışdır. Burada Allah ona İslam dininin bir necə müddəasını vermişdir.

Mirac vaxtı Məhəmməd peyğəmbərə cənnətlə cəhənnəmin də görüntüləri gösərilmişdir. O günahkarların dəhşətli əzablarını və inanclıların yaşayacaqları gözəl bağları görmüşdür. Onun Allahın özünü görüb-görməməsi sorusunda isə müsəlman qaynaqlarında birmənalı bilgilər yoxdur.

Miracın bütün olayları bir gecənin içində baş vermişdir. Sonra Məkkəyə qayıtmış Məhəmməd, bu olaylar haqqında müsəlmanlara danışmışdır. Bu barədə söhbətlər bütün Məkkəyə yayılmış və qureyşlilər Məhəmmədə və onun arxadaşlarına gülməyə başlamışdırlar. Onlar bir gecənin içində Məkkədən Mədinəyə getməyin mümkünsüzlüyünə vurğu etmiş, onlardan bunu doğruldan dəlillər istəmişdirlər. Onda Məhəmməd Qüds haqqında çox ətraflı məlumat vermişdir, halbuki bundan öncə orada heç vaxt olmamışdır. O həmdə orada olan məkkəlilərin haqqında dəqiq bilgi vermişdir. Bunu da oradan qayıdan karvançılar doğrulamışdırlar. Ancaq qureyşlilər ona inanmamış, Əbu Bəkrin yanına kedib onun bu barədə münasibətini bilmək istəmişdirlər. Öz cavabında da Əbu Bəkr, Məhəmmədin hər sözünə inandığını bildirmişdir. Buna görə də onu “Siddiq” adlandırmışdırlar. Mirac olayı müsəlmanların Məkkədən Mədinəyə köçmələrindən az öncə olmuşdur.

Mədinə İslamın dayağına çevrilir

O zamanlar Yəsrib adlanan Mədinənin ərəb əhalisi daha çox Evs və Xəzrəc tayfaları ilə təmsil olunmuşdurlar. Onblar bir-birləri ilə qarşıdurmada olmuş, tez-tez öz aralarında savaşırdılar. Orada çox büyük və nüfuzlu yəhudi toplumu da olmuşdur. Onlar da Qureyzə və Nadir tayfaları ilə təmsil olunmuşdurlar.

Yəhudilər üçün ərəblərin bir-biri ilə savaşması çox əlverişli idi. Buna görə də onlar ərəblərin arasında ziddiyətlərin dərinləşməsində maraqlı idilər. Bu məqsədlə də yəhudilər, bəzən onlardan biri ilə başqasına qarşı ittifaq bağlayırdılar.

Həzrəclilərlə evslilərin qarşıdurmaları hər ikisini çox gücdən salmışdır. Onların arasında baş vermiş qanlı Buas döyüşündən sonra bu tayfaların durumu dözülməz həddə çatmışdır. Bunun sonunda da yəhudilərin şəhərdə iqtisadi və siyasi nüfüzları daha da artmışdır.

Yəhudilər, bir Tanrıya ibadət etdikləri üçün, bütpərəst ərəblərə nifrət edirdilər. Bu amil bəlkə də ərəblərdə bəlli qədər aşağılıq duyğularının yaranmasına gətirib çıxartmışdır. Elə bu aşağılıqdan çıxması və yəhudilərə bərabər bir toplum olması üçün, onlara da təktanrılı din gərək idi. Bu psixoloji amil isə az sonra onların İslama gəlməsinə gətirib çıxartmışdır. Bunu edərkən onlar, hətta yəhudilərdən də üstün bir dinə gəlmələrinə inanmış, onlardan seçildiyini sanmışdırlar.

Ancaq onların İslamı qəbul etməsinin başlıca səbəbi, öz aralarında baş verən qarşıdurmalardan sonra başlanan dərin siyasi, iğtisadi və mənəvi böhran idi. Bu tayfalar onları barışdıra biləcək kənar bir gücün axtarışında idilər. Buna görə də onlar Məkkəyə qureyşlilərlə danışıqlar aparmaq üçün öz nümayəndələrini yollamışdırlar. Elə o zaman da bu nümayəndələr şəhərə zəvvarlıq və ticarət məqsədi ilə gəlmiş, ərəb tayfalarının arasında İslamı tanıdan Məhəmməd peyğəmbərlə görüşmüşdürlər.

Hələ Buas döyüşündən öncə, bəzi yəsriblilər Məkkədə olmuş, İslam dini ilə tanış olmuşdurlar. Evslilərlə həzrəclilər arasında baş vermiş qanlı qarşıdurmalardan sonra Məkkəyə altı yəsriblidən ibarət olan nümayəndə heyyəti gəlmişdir. Onlar burada bu arəb tayfalarını barışdıra biləcək nüfuzlu bir gücün axtarışında idilər. Ancaq, olayların gedişi onların burada belə bir gücün tapmamasını göstərmişdir. Buna görə də gəlişlərinin sonunda onlar Məhəmməd peyğəmbərlə görüşmüş, onu diqqətlə eşitmişdirlər, elə onun bu işi bacaran bir kəs olmasını duymuşdurlar. Məhəmməd də öz çağırışını genişləndirmək üçün o dönəmdə fəaliyyət göstərirdi. Yəsriblilərin onun çağırışına səs verməsi, onun üçün ilk gözlədiyi böyük uğur olmuşdur.

Bu görüşün sonunda, gələn yəsriblilərin hamısı İslamı qəbul etmişdirlər. Yəsribə qayıdandan sonra, onların hamısı şəhərdə İslamı yayan ilk kəslər olmuşdurlar. Göründüyü kimi, bu ərəb tayfalarının başçıları da öz ümidlərini Məhəmmədlə bağlamaq qərarına gəldilər. Gələgək olaylar onların yanılmadığını göstərmişdir. Doğrudan da, elə Məhəmməd peyğəmbər onların bütün problemlərini çözən adam olmuşdur.

Bu olaydan bir il keçəndən sonra, yenə də o altı nəfər yəsribli başqa arxadaşları ilə Məkkəyə həccə gəlmişdirlər. Onların sayı 12 nəfər olmuşdur. Onlar Əqəbə təpəsinin yanında Məhəmməd peyğəmbərlə görüşmüş, ona bağlılıqda olmaq, uşaqlarını oldürməmək, oğurluq və əxlaqsızlıq etməmək üçün and içmişdirlər. Bu olay peyğəmbərliyin 12-ci ilində olmuş və “Əqəbədə birinci bağlılıq andı” adı kimi tatixə düşmüşdür.

Bu görüş zamanı Yəsrib müsəlmanları, Məhəmməd peyğəmbərdən onları İslamın özüllərinə və Qurana öyrədən bir güvəncli kəsin şəhərlərinə yollamasını istədilər. O da bu çox məsuliyyətli işi Müsab Ümeyr oğluna tapşırdı. Beləliklə Müsab, artıq Mədinə adlanan keçmiş Yəsribə köcən ilk müsəlman olmuşdur. O öz payına düşdüyü işi çox böyük uğurla yerinə yetirə bilmişdir.

Daha bir il keçəndən sonra, Məkkəyə həccə içlərində 72 müsəlman olan 500 Mədinə zəvvarı gəlmişdir. Onlar gizli olaraq Məhəmməd peyğəmbərlə görüşmüş, onu və yaxınlarını özlərini kimi qorumağa söz vermişdirlər. Bu olay da “Əqəbədə ikinci bağlılıq andı” adını adlanmışdır.

Bu andın verilməsindən öncə mədinəlilərlə Məkkəyə gəlmiş Müsab, Məhəmməd peyğəmbərə İslamın Mədinədə uğurla yayılması xəbərini vermişdir. Sonra o, yenə də Mədinəyə qayıtmışdır. Beləliklə, bu olaylar sonunda Mədinənin artıq İslamın dayağına çevrilməsi uçun hazır olduğu bilinmişdir.

Məkkə müsəlmanlarının Mədinəyə köçməsi

Miladi 622-ci ildə, Mədinədə İslamın uğurlu təbliğindən sonra, bu şəhərin dinin dayağına çevrilməsi üçün obyektiv şərait yaranmışdır. Ancaq bu yolda hələ çox işlər görülməli idi. Bu işlər olduqca tez görülməli idi, çünki geciksəydilər durum dəyişə bilərdi.

Başqa yandan, Məkkədə müsəlmanların çətin və aşağılanmış durumu Məhəmməd peyğəmbəri müsəlman toplumunun gələcəyi haqqında düşünməyə zorlayırdı. Burada İslamın yayılması və ilkin uğurlara baxmayaraq, müsəlmanların şəhərdəki durumu öz xeyirlərinə dəyişə bilməyəcəkləri artıq aydın bilinirdi.

Belə getsəydi, gələcəkdə qureyşlilərlə müsəlmanların yurdiçi qarşıdurması qaçılmaz olardı. Ancaq bu məqsədəuyğun görsənmirdi. Buna görə də, müsəlmanların Məkkədən İslamın dayağına çevrilməyə hazır olan Mədinəyə köçməsi o dönəmdə ən əlverişli seçim ola bilərdi. Bunu da Məhəmməd peyğəmbər etdi. Həmdə son aylar ərzində müsəlmanların Məkkədə durumları daha da açırlaşmışdı. Bu da köç olaylarını gerçəkləşdirmişdir.

Beləliklə Məhəmməd peyğəmbər bütün müsəlmanlara Məkkədən çıxıb, Mədinəyə köçmək buyuruğunu vermişdir. Bundan sonra müsəlmanlar yavaş-yavaş, təklikdə ya da topluluqlarla şəhərdən çıxmağa başlamışdırıar. Çünki məkkəlilərin buna diqqət vermələrini istəməmişdirlər. Buna görə də bu proses bəlli bir vaxt sürmüşdür. Qureyşlilərin bu köçə qarşı gördükləri işlər onun qarşısını ala bilməmişdir. Bir qədər sonra müsəlmanların çoxu artıq Məkkədən çıxa bilmişdir. Onların da çoxu o çağlarda bütün varlarını itirmiş ya da qureyşlilərin soyğunçuluğu ilə üzləşmişdirlər. Bundan sonra orada az sayda müsəlmanlar qalmışdır. Onlar da hansısa səbəblər üzündən köçə bilməmişdirlər. Məhəmməd peyğəmbərlə onun ən güvəncli arxadaşları olan Əli və Əbu Bəkr ən sonuncu köçənlərdən olmuşdurlar.

Qureyşliləri isə müsəlmanların Məkkədən çıxması çox narahat etmişdir. Onlar bu prosesin onlara qarşı çönə biləcəyini anlayırdılar. Məkkə yaxınlıqlarında böyük müsəlman anklavının yaranması onlar üçün problemlər yarada bilərdi. Çünki Mədinə yaxınlığında Məkkəni Bizansla birləşdirən karvan yolları keçirdi. Onların müsəlmanların əlinə keçməsi məkkəlilərin ticarətinə təsir edə bilərdi.

Ancaq müsəlmanların Məkkədən çıxması artız qaçılmaz olmuşdur. Çünki son zamanlarMəhəmməd peyğəmbərin toplumdakı durumu problemli olmuşdur. Onun güvəndiyi sayğılı adamlar demək olar olmamışdırlar. Bütün Qureyş başçıları ona qarşı idilər. O yalnız qureyşlilərin ona qarşı fiziki güç işlətməkdən çəkinəcəyinə ümid edə bilərdi. Çünki onlar bunu etsəydilər, ərəb qanunlarına görə Həşim qəbiləsi ilə qan qarşıdurmasına girmiş olardılar. O qanuna görə, hər bir qəbilə öz adamlarını qoruyurdu.

Ancaq bu umidə də sonsuzluğa gədər bel bağlamaq olmazdı. Artıq qureyşlilər müsəlmanların daha da çox bərkiməsini istəmirdilər. Buna görə də onlar Məhəmmədi öldürmək üçün bir plan cızmışdırlar. Gələcəkdə həşimilərin qan qarşıdurmasına başlamamaları üçün onlar başlıca Məkkə qəbilələrindən olan qatilləri onun yanına yollamışdırlar. Bu plana görə onlar hamısı birlikdə Məhəmmədi öldürməli idilər. Qureyşlilərin düşündüklərinə görə, belə olsaydı həşimilər bütün Məkkə qəbilələri ilə savaşa çıxa bilməzdirlər və qan qarşıdurması olmazdı.

Ancaq onlar bu planı yerinə yetirə bilmədilər. Məhəmməd peyğəmbər onların gəlişindən az öncə öz evindən çıxmışdır. O Əbu Bərkrlə görüşüb, onunla birlikdə Mədinəyə doğru yola çıxmışdır. Onu öldürmək istəyənlər isə gecə evinə girəndə, yatağında onu deyil, Əlini tapdılar. Ancaq ona dəymədilər. Beləliklə bu plan uğursuzluqla sonlandı.

Bundan sonra qureyşlilər Məhəmməd peyğəmbəri izləyib tutmaq üçün bir dəstə yolladılar. Ancaq onların bu işi də uğursuz olmuşdur. O dəstənin bütün cabalarına baxmayaraq, Məhəmməd peyğəmbər öz yoldaşı ilə Mədinənin civarına doğru irəliləyə bilmişdir.

Сайт управляется системой uCoz