III. ELÇİLİYİN MƏDİNƏ DÖNƏMİ

Məhəmməd peyğəmbərin yaşamının Mədinə dönəminin başlanması

Məhəmməd peyğəmbərin miladi 622-ci ildə Mədinəyə köçməsindən sonra İslam tarixinin yeni mərhələsi başlanmışdır. Bu tarixdən başlayaraq, müsəlmanlar öncə şəhər üzərində nazarəti qazanmış, sonra isə onları incidən və qarşıdurmanı sürdürən məkkəlilərə qarşı mübarizəyə başlamaq üçün özlərində güç tapmışdırlar. Daha sonra Məhəmməd peyğəmbərin başçılığı altında, onlar İslam dininin ideyalarını və yeni düşüncəni bütün Ərəbistan yarımadasına yaya bilmişdirlər. Bu da gələcəkdə İslamın dünya dininə çevrilməsinə yol açmışdır.

Mədinədə Məhəmməd peyğəmbər, Allahdan endirilən açıqlamaların araçılığı ilə, bir çox ictimai, iğtisadi və siyasi qanunları qurmuşdur. Bu qanunlara müsəlmanlar bu günə kimi riayət edirlər. Dinin bu gün də gücdə olan bir çox qaydaları və ayinləri elə burada qurulmuşdur. Məkkədə isə Məhəmmədin bəyan etdikləri daha çox əxlaqi və mənəvi xarakter daşıyırdı.

Bu səbəblə də dünya elmi Məhəmməd peyğəmbərin və ilk müsəlman toplumunun fəaliyyətini Məkə və Mədinə dönəmlərinə bölür. Məkkə dönəmində İslam yaranmış və bərkimiş, Mədinə dönəmində isə uğur qazanmışdır.

Hicri adlanan müsəlman təqvimi də Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsindən başlayır. Bu olay müsəlman tarixinin başlanqıcı sayılır. Bununla belə, Məhəmməd peyğəmbərin özü bu təqvimi qurmamışdır. O, gələcəkdə dünyanın bir çox bölgələrinə yönətimini yayan Xilafətdə qəbul olunmuşdur. Çünki təqvim hər bir ölkədə olmalı idi. Buna görə də bu təqvimə görə müsəlman tarixinin başlanması nöqtəsini şərti saymaq olar. Daha doğrusu bu andan müsəlmanların siyasi və hərbi güclənməsi başlamışdır. Ancaq əslində İslam tarixi hələ Məkkədə başlanmışdır.

Beləliklə, qureyşlilərin izləmələrinə baxmayaraq, Məhəmməd peyğəmbər, Əbu Bəkrlə birlikdə, sağ-salamat Kuba adlanan Mədinə civarındakı məntəqəyə gələ bilmişdir. Sonra onlar şəhər içinə irəliləmişdirlər. Orada ərəblər onları sevinclə və alqışlarla qarşılamışdırlar. Mədinəlilərlə birlikdə onları köçkün Məkkə müsəlmanları da qarşılamışdırlar. Bundan sonra Mədinə müsəlmanları “elçinin yardımçıları” (ənsar), məkkəlilər isə “köçkünlər” (mühacirlər) adlandırılmışdırlar.
Müvəqqəti olaraq şəhərlilərdən birinin evində qalan Məhəmməd peyğəmbər, dərhal gündəlik işlərinə başlamışdır. O, şəhər əhalisinin ondan gözlədiklərini doğrultmalı, onları birliyə, barışa, yaxşı yaşayışa gətirməli idi. Bu çox ağır işi Məhəmməd peyğəmbər üğürla çözə bilmişdir. Elə bu andan başlayaraq o, artıq siyasi öndərə də çevrilmişdir.

İlk olaraq Məhəmməd peyğəmbər, Mədinədə bir məscidin tikilməsini buyurdu. Bu tikilən məscid ibadət yerindən başqa, həmdə ictimai-siyasi mərkəz kimi fəaliyyət göstərirdi. O əslində müsəlman toplumunun mərkəzi və rəmzi olmuşdur. Orada şəhərin və şəhərlilərin bütün problemləri çözülürdü. Məhəmməd peyğəmbər özü də burada yaşamış, buranı öz rəsmi qərargahına çevirmişdir.

Az sonra o, müsəlmanların namaza çağırılması qaydasını təsdiq etmişdir. Bu qayda günümüzdə də qarmaqdadır. Bundan başqa, ibadətə çağırışı həmdə müsəlmanların hansısa yeniliyi bildirmək məqsədi ilə təcili bir yerə toplanması üçün də tətbiq edirdilər. Belə olanda, burada problemlərin çözülməsi üçün addımlar atılırdı.

Yuxarıda qeyd edildiyi kimi, mədinəlilər Məhəmməd peyğəmbəri şəhər üzərində başçılığı öz əlinə alması, ərəb tayfalarını barışdırması üçün çağırmışdırlar. Ancaq olayların gedişi boyu durum dəyişmişdir. Təqiblərdən qurtulan Məkkə müsəlmanları da Mədinəyə göçəsi oldular. Buna görə də o problemlərdən başqa yerlilərlə göçkünlərin birğə yaşamasının yollarını tapmaq problemi də yaranmışdır. Məhəmməd peyğəmbərin dərindən düşünülmüş müdrik siyasəti nəticəsində bu kimi çeşidli toplumların həmrəyliyini əldə etmək, onları böyük işlərin görülməsi üçün yönəltmək mümkün olmuşdur. Bu da yalnız hamının ona sözsüz tabe olması və onun Allahın elçisi kimi tanıması nəticəsində gerçəkləşmişdir. Bununla belə, Məhəmmədin həmdə çox nadir bacarığı, öndərlik qabiliyyəti olmuşdur. Bunlar olmasaydı, yalnız hamının ona tabe olması ilə böyük işləri görmək olmazdı. Ərəbləri birləşdirmək hər zaman çox çətin bir iş olmuşdur. Ancaq o, bunu bacarmışdır.

Bu birliyə, Mədinə tayfalarının barışdıralması, yalnız onların Məkkə köçkünləri ilə qardaşlaşması ilə çatmaq olardı. Mədinəlilər köçkünləri öz şəhərlərində yerləşdirmiş, onlarla bacardıqları qədər öz varları ilə bölüşmüşdürlər. Faktiki olaraq, elə köçkünlər də Mədinə tayfalarının barışdırılmasında çözücü rollardan birini oynamışdırlar. Şəhərdə müsəlman ərəblərin birliyi və qardaşlığı şəraiti qurulmuşdur. Ahəngli birgə yaşama, qardaşlaşma, işgüzarlıq ilk müsəlman toplumunun özəllikləri idi.

Gələcəkdə də böyük siyasi bacarıq yiyəsi olan Məhəmməd peyğəmbər, ərəb tayfalarını birləşdirmək üçün çeşidli gedişlərə əl atırdı. Bunu o, təkcə siyasi və iqtisadi metodlarla deyil, evliliyin bağlanması ilə də edirdi. Çünki qohumluq bağları o dönəmdəki ərəb ənənələrində çox böyük önəm daşıyırdı. Elə bu səbəblə də peyğəmbərin Mədinə dönəmi boyu, çox həyat yoldaşları olmuşdur. Bunlar Aişə Əbu Bəkr qızı, Cüveyriyə Haris qızı, Zeynəb Cəhş qızı, Zeynəb Hüzeymə qızı, Məymunə Haris qızı, Səudə Zəma qızı, Safiyə Hüyey qızı, Ümm Sələmə Əbu Üməyyə qızı, Ümm Həbibə Əbu Süfyan qızı, Həfsə Ömər qızı idilər. Bunlardan başqa onun iki kənizi də olmuşdur. Bunlar Rəyhanə və Məryam idilər. Bu qadınlardan onun yalnız Məryəmdən körpə ikən ölmüş bir oğlu olmuşdur.
Mədinədə yaşayan Kaynuka və Nadir adlı çox güclü və nüfuzlu yəhudu tayfaları isə müsəlmanların güclənib bərkiməsini istəmirdilər. Çünki onlar, belə olardısa, öz mövqelərinin itirilməsindən qorxurdular.

Ancaq Məhəmməd peyğəmbər onlara belə olmayacağını bildirmişdir. O, onların Mədinədəki hüquqlarını və nüfuzlarını tanınması, eləcə də onlara din azadlığının verilməsi üçün konkret addımlar atmışdır. Bunun üçün o, yəhudilərə bir anlaşmaya qol çəkmək təklifini irəli sürmüşdür. Bu anlaşmada müsəlman və yəhudi toplumlarının birgə yaşaması prinsipləri ədalətlə çözülmüşdür. Yəhudilər də bu anlaşma ilə razı olub, ona qol çəkmişdirlər. Bundan sonra onlar müsəlmanlarla bərabər hüquqlu olmuşdurlar.

Qureyşlilərlə savaşın başlanması

Müsəlmanların Məkkədən Mədinəyə köçməsi, onların qureyşlilərlə olan problemlərini çözməmişdir. Onlar müsəlmanları şəhərlərindən qovmuş, indi isə onların güclənməsindən qorxurdular. Çünki qureyşlilər müsəlmanlar güclənərdilərsə, etdiklərinə görə onlardan öc ala biləcəklərini anlayırdılar. Bundan başqa, Mədinə qureyşlilərin karvanlarının keçdiyi yolların yaxınlığında yerləşirdi. Müsəlmanlar güclənərdilərsə, o yolları kəsərək onlara qarşı iqtisadi basqı edə bilərdilər. Olayların bu yönümdə getməsinin qarşısını almaq üçün qureyşlilər müsəlmanların arasına fitnə salaraq, onları parçalamaq istəyirdilər.

Elə bu çağda da Mədinədə “ikiüzlülər” (münafiqlər) adlandırılan bir qruplaşma ortalığa çıxmışdır. Onlar ərəb tayfalarından idilər, ancaq Məhəmməd peyğəmbərin Mədinədə olmasını istəmirdilər. Müsəlmanların güclənməkdə olmasına görə, onlar bunu açıq bildirə bilmirdilər. Ona görə də müsəlmanların arasında bir müxalifətçi topluma çevrilmişdirlər. “İkiüzlülərin” lideri, şəhər yönətimini öz əlinə almaq istəyən çox nüfuzlu Abdulla Übey oğlu olmuşdur. Qureyşlilər də elə onlarla Məhəmməd peyğəmbərlə Mədinə müsəmanlarına qarşı təxribatların törədilməsi üçün gizli danışıqlara girmişdirlər. Ancaq bu planlar, “ikiüzlülərin” güclərinin yetərincə olmamasına görə, boşa çıxmışdır.

Başqa yandan, Mədinəyə köçən müsəlmanlar, yerlilərlə qardaşlaşmalarına baxmayaraq, öz acınacaqlı və yoxsul durumlarına görə ağır duyğular keçirirdilər. Onların çoxusu bütün varlarını itirmişdirlər. Buna görə də köçkünlər, onlara zülm edib qovanlara nifrət duyqularını bəsləyib, onlardan öc almağa hazır idilər.
Bir müddət Məhəmməd peyğəmbər onları qureyşlilərə qarşı çıxmaqdan çəkindirə bilmişdir. Ancaq sonra ona məkkəlilərin müsəlmanlara qarşı təxribatlar etmək istəyində olmaları bildirişi gəlmişdir. Buna görə də o, müsəlmanlara qureyşlilərə qarşı çıxmağı buyurmuşdur. Savaşa başlamaq üçün ona Allahdan bu ayə də endirilmişdir: “ülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!” (Quran, 22: 39).

Ancaq müsəlmanların savaşda ilk addımları yalnız qarşı tərəfi qorxutmaq, onları təxribatlardan çəkindirməkdən ibarət idi, daha çox simvolik xarakter daşıyırdı. Bu məqsədlə də Məhəmməd peyğəmbər məkkəkilərin ticarət karvanlarının gedişini çətinləşdirmək üçün yollara bir neçə döyüşçü qrup yollamışdı. Bəzən o özü də yürüşlərə çıxırdı.

Elə bu zaman da Məhəmməd peyğəmbərin komandanlıq bacarığı görsənmişdir. Qureyşilərlə savaşa girərkən o, bu bölgədəki başqa ərəb tayfaları ilə, onların məkkəlilərə yardım etməmələri üçün danışıqlar aparmışdır.

Bununla belə, bu durum çox sürə bilməzdi və tərəflar arasında qanlı toqquşmalar qaçılmaz idi. Bu da hicrətin 2-ci ilində baş vermişdir. O zaman Abdulla Cəhş oğlunun başçılıq etdiyi müsəlman döyüşçüləri Suriyadan geri qayıdan Məkkə karvanını ələ keçirə bilmişdirlər. Döyüş zamanı məkkəlilər itkilər vermişdirlər.

Yenə hicrətin 2-ci ilində (miladi 624-cü ildə) qureyşlilər daha bir karvanlarını itirə biləcəkləri xəbərini almışdırlar. Buna görə də onlar tezliklə 1000-ə qədər döyüşçü dəstəsini yıqaraq müsəlmanlara qarşı yürüşə çıxdılar. Onlara qarşı müsəlmanlar yalnız 300 döyüşçü ilə çıxa bilmişdirlər. Tərəflər Mədinədən bir qədər aralı yerləşən Bədr quyularının yaxınlığında üz-üzə gəlmişdirlər. Müsəlman tarixində ilk nisbətən böyük düyüşdə müsəlmanlar üstünlük qazanaraq qarşıduranları yenilgiyə uğrada bilmişdirlər. Burada qureyşlilər 70, mücəlmanlar isə 14 döyüşçünü itirmişdirlər.

Bu yenilgiyə baxmayaraq, qureyşlilərin karvanı Məkkəyə çata bilmişdir. Beləliklə, məkkəlilər bu gedişlə şəhərlərinin ticarət yollarının bağlanması və onun iflic dürüma düşməsi təhlükəsini duymuşdurlar. Bu da müsəlmanların onları yenəcək qədər güclü olmasından irəli gəlirdi. Müsəlmanların isə baş ucalığı, onların tutulmuş qureyşlilərlə yaxşı danranmaları, öldürülən rəqiblərinin cəsədlərinə sayqısızlıq etməmələri olmuşdir. Bu kimi humanistliyi o çağların ərəbləri görməmişdirlər. Bu isə müsəlmanların Ərəbistanda sayğısını artırmış olurdu.

Müsəlmanlara gəldikdə isə, onlar bu qələbə ilə öz durumlarını daha da bərkitmiş oldular. Artıq hamı Ərəbistanda yeni və çox ciddi hərbi-siyasi gücün yaranmasını bilmişdir. Ancaq başqalarından seçilən bu güc heç bir şəxsin, tayfanın ya da qəbilənin maraqlarını əks etdirmirdi. Onun təməlində Mədinədə, sonra Məkkədə və bütün Ərəbistanda, daha sonra isə dünyanın bir çox bölgələrində dəyişikliklərə gətirən dini ideya durmuşdur. Bununla belə, müsəlmanlar bu qələbəyə görə müxalifətçi “ikiüzlülər” qruplaşmanın aktivləşməsinin qarşısını aldılar və öz aralarında birliyi qorudular.

Bilindiyi kimi, elçi Məhəmməd Mədinə yəhudiləri ilə bərabər hüquqlu bir anlaşma bağlamışdır. Ancaq bütün bu olaylar boyu onlar müsəlmanlardan çəkinmiş, onların daha da güclənməsindən qorxurdular. Müsəlman tarixçilərinə görə, yəhudi başçıları ərəblərin arasında keçmiş qarşıdurmaları yeniləmək istəmiş, bunun üçün çeşidli təxribatlara əl atırdılar. Bunu etsəydilər müsəlmanların birliyini poza bilərdilər. Ancaq bu istəklər boşa çıxmışdır.

Artıq Bədr döyüşündən sonra, Mədinədə müsəlmanlarla yəhudilər arasında ilişkilər pozulmağa başlamışdır. Onların arasında tez-tez qarşıdurmalar olurdu. Yenə tarixçilərə və qaynaqlara görə, bir Kaynuka tayfasından olan bir yəhudinin günahından baş vermiş bir ixtilafda hər iki tərəfdən qan tökülmüşdür. Bundan sonra qarşıdurma genişlənmiş, hər iki toplum arasında savaşa kətirib çıxartmışdır. Sonda isə yəhudilər təpkilərinin onlar üçün pis sonluğa gətirəcəyini anlayaraq, təslim olmuşdurlar.

Müsəlmanlar isə təslim olmuş yəhudilərlə yumşaq davranmışdırlar, onlardan heç kimi öldürməmişdirlər. Bu olayın sonu Kaynuka tayfası şəhərdən çıxıb ketmək zorunda qaldı. Beləliklə Məhəmməd peyğəmbər daha bir təhlükəli savaşın qarşısını ala bilmişdir.

Bu zaman qureyşlilər də öz yenilmələri ilə barışmaq istəməmiş, müsəlmanlara qarşı təpkilərini sürdürmüşdürlər. Onların başçısı Əbu Süfyan, 200 döyüşçünü içəriləyən bir dəstə ilə Mədinəyə doğru irəliləmişdir. Orada o, “ikiüzlülər” ya da yəhudilərin onlarla birləşəcəyini və onlarla birlikdə böyük güclə müsəlmanlara basqı edəcəklərini düşünmüşdür. Ancaq orada onu heç kim dəstəkləmədi. Buna görə də bu dəstə, Mədinə civarlarında soyğunçuluq etməklə günlərini keçirirdi. Sonra onlar, müsəlman güclərinin onlara qarşı çıxması xəbərini alandan sonra geri çəkilmişdirlər.

Qureyşlilərin revanşı

Yuxarıda deyildiyi kimi, qureyşlilər Bədrdə yenilgiləri ilə barışmayaraq revanş alma istəyinə düşmüşdürlər. Elə bu zaman məkkəlilərdən olan, durumu onların xeyrinə dəyişə bilən bir lider də ortalığa çıxmışdır. Bu da Əbu Süfyan olmuşdur. Miladi 625-ci ildə o, 3000-lik bir ordu yığıb müsəlmanlara qarşı yürüş etmişdir. Bu orduya çox bacarıqlı komandanlar olan Xalid Valid oğlu ilə İkrimə Əbu Cəhl oğlu başçılıq edirdilər.

Məkkəlilərin böyük güclərinin Mədinəyə doğru irəliləməsi xəbərini alan Məhəmməd peyğəmbər cavab tədbirləri görməyə başlamışdır. Onun bəzi arxadaşları şəhərdən çıxmayaraq, Mədinə civarlarında müdafiyə olunmağı təklif etmişdirlər. Ancaq o, şəhərdən çıxmaq, açıq döyüşdə vuruşmaq qərarına gəlmişdir.

Müsəlmanlar məkkəlilərə qarşı 1000 döyüşçüyə qədər bir ordu yığa bilmişdirlər. Ancaq sonra “ikiüzlülər” xəyanət edərək, öz tərəfdarlarını oradan geri çağırdılar. Buna görə də Məhəmməd peyğəmbər yalnız 700-ə qədər döyüşçü ilə qalmalı oldu. Onlar Mədinədən bir qədər aralı yerləşən Uhud dağına doğru irəliləmişdirlər. Orada onlar qarşı tərəfin güçlərinin artıq gəlməsini gördülər. Buna baxmayaraq, müsəlmanlar bir təpənin çevrəsində strateji baxımdan əlverişli yeri tuta bilmişdirlər.

Başlanan döyüşdə hər iki tərəf təpki göstərə bilmişdir. Müsəlmanlar məkkəlilərin irəliləyişinin qarşısını alaraq, özləri onalara qarşı başqıya keçə bilmişdirlər. Bunun qarşısını ala bilməyən qureyşlilər az qala yenə yeniləcəkdirlər. Ancaq bu dəfə müsəlmanları qələbənin yaxınlığı duyğusu ehtiyatsız davranmalarına gətibib çıxartmışdır. Onlar qarşıduranların artıq yenildiyini sanaraq, tutduğu mövqelərini buraxıb, savaş alqısını ələ keçirtmək üçün dağıldılar. Ancaq Xalid hələ savaşdan öncə atlıların bir dəstəsini dağın arxasında ehtiyatda saxlamışdır. Müsəlmanlar döyüş mövqelərini buraxdığını görən kimi o, bu yeni gücləri onlara qarşı atmışdır. Bunu gözləməyəm müsəlmanlar ağır itkilərlə üzləşərək döyüş yerindən qaçmalı oldular. Beləliklə də onlar yenildilər. Arxadaşları tərəfindən qorunan Məhəmməd peyğəmbər, böyük çətinliklə mühasirədən çıxıb, təhlükəsiz yerə çəkilə bilmişdir. Bu döyüşdə müsəlmanlar çox böyük itkilər vermişdirlər. Özəlliklə də orada Məhəmməd peyğəmbərin çox nüfuzlu arxadaşı olan, əmisi Həmzə öldürülmüşdür. Bununla belə, məkkəlilər qaçan müsılmanları izləmədilər. Onlar öz üstünlüklərindən heç bir qazanc əldə edə bilməmiş, Mədinəyə doğru irəliləməmişdirlər. Onlan orada müsəlmanların cox bərk təpkiləri ilə üzləşəcəyini, çoxlu sayda itki verəcəklərini, zəfərlərini əldən verəcəklərini anlayırdılar. Buna görə də onların qələbəsi yarımçıq olmuşdur. Çünki müsəlmanlar öz mərkəzlərini və əsəs güclərini qoruya bilmiş, yenə də məkkəlilərə qarşı savaşmaq və karvan yollarını kəsmək imkanlarını saxlaya bilmişdirlər.

Buna görə də Əbu Süfyan gələcək addımları barədə tərəddüd etmişdir. Onların tərəddüd içində olmasını görən Məhəmməd peyğəmbər, onlara qarşı Əlinin başçılıq etdiyi döyüşçüləri yollamışdır. Müsəlmanların savaşı sürdürmək istəyini görən Əbu Süfyan, Mədinəyə doğru irəliləmənin uğursuz sonluğa gətirəcəyini anlamışdır. Buna görə də o, Məkkəyə dönmək qərarına gəlmişdir.

Beləliklə, bü müvəqqəti uğursuzluğa baxmayaraq, müsəlmanlar öz güclərini qoruyub saxlaya bilmişdirlər. Gələcək olaylar isə, məkkəlilərin uğurunun savaşın gedişini dəyişmədiyini göstərmişdir.

Uhud döyüşündən Çuxur (Xəndək) döyüşünə qədər

Müsəlmanların Uhudda yenilməsi xəbəri bütün Ərəbistana yayılmışdır. Onların güclərinin tükəndiyini sanan bəzi ərəb tayfaları bundan istifadə etmək, müsəlmanları daha da ağır duruma gətirmək istəyinə düşdülər. Beləliklə, bu andan başlayaraq, müsəlmanların qureyşlilərlə savaşı başqa tayfalara da yayılmağa başlamışdır. Artıq hicrətin 4-cü ilində nüsəlmanlara qarşı Əsəd tayfası çıxmışdır. Ancaq müsəlmanlar onları geriyə oturda bilmişdirlər.

Elə o il bir necə ərəb tayfaları Məhəmməd peyğəmbərin yanına öz nümayəndələrini yollamış, ondan dini bilicilərin göndərilməsini istəmişdirlər. O da yollamışdır. Ancaq yolda, Raci adlanan yerdə, onlar aldandıqlarını bildilər. Qəsdçilər onlara qarşı hücum çəkərək dördünü öldürmüş, ikisini isə tutmuşdurlar.

Yenə o il daha bir böyük faciə baş vermişdir. Elçi Mədəmməd Nədcdən olan bir nüfuzlu adamın onun tayfasına dinin bilicilərini göndərmək istəyinə inanaraq, oraya sayı qırxa yaxın olan bir qrup yollamışdır. Ancaq onlar da yolda, Birül-Məuna adlanan yerdə hücumlara uğramışdırlar. Bunun sonu onların hamısı öldürülmüş, yalnız bir nəfər qaca bilmişdir.

Daha sonra yəhudulərlə də çətin çağlar yaşanırdı. Onlarla bağlanmış anlaşmaya baxmayaraq, yəhudilər müsəlmanların güclənməsini istəməmişdirlər. Buna görə də yeri gələndə onlara zərbə endirmək niyyətində idilər.

Tərəflərin daha bir qarşıdurması hicrətin 2-ci ilində (miladi 625-ci ildə) baş vermişdir. Müsəlman tarixçilərinə görə, Uhud döyüşündən sonra müsəlmanların güclərinin tükəndiyini sanan yəhudilər, onlara qarşı çeşidli təxribatlar düzənləməyə başlamışdırlar. O zaman Nadir tayfasının adamları ərəblərdən ikisini öldürmüşdürlər. Buna görə Məhəmməd peyğəmbər, anlaşmada şərt qoyulduğu kimi, onların yanına qanbahası əvəzinə öldürülənlərə görə verği almağa gəlmişdir. Müsəlman deyimlərinə görə, o zaman yəhudilərdən bəziləri onu öldürmək fikrinə düşdülər. Ancaq başqaları buna qarşı olmuşdurlar. Buna görə də onların arasında ixtilaf baş vermişdir. Durumun pisləşdiyini duyan Məhəmməd peyğəmbər isə onunla gələn arxadaşları ilə birlikdə o yerdən tez çıxıb geri dönə bilmişdirlər.

Qayıdandan sonra o, yəhidilərə əmlaklarını özləri ilə apararaq 10 günün ərzində Mədinədən çıxıb getmək tələbini irəli sürmüşdür. Öncə onlar bununla razılaşmış, ancaq sonra “ikiüzlülərin” lideri Abdulla Übey oğlu onları müsəlmanlara qarşı təpki göstərməyin gərikliliyində inandırmış, onlara yardım edəcəyini də söz vermişdir. Bunu bilən müsəlmanlar öz güclərini nadirlilərə qarşı göndənmişdirlər. Onlar müsəlmanlara bir neçə gün duruş gətirə bilmiş, ancaq söz verilən yardımı “ikiüzlülərdən” almamışdırlar. Yenilmələrini qaçılmaz olduğunu duyaraq, yəhudilər təslim olmalı oldular. Təpindiklərinə baxmayaraq, Məhəmməd peyğəmbər onları bağışlamış, Mədinədən çıxmaq imkanını vermişdir. Ancaq əmlakları müsəlmanlara qalmışdır.

Nadir tayfası Mədinədən çıxandan sonra, müsəlmanlar şəhərdə öz durumlarını bərkidərək mərkəzi Ərəbistanda yaşayan və onlarla savaşan ərəb tayfalarına qarşı uğurlu yürüşlərə başlamışdırlar. Çünki onlar müsəlmanların müvəqqəti çətinliklərindən istifadə edərək, bütün bu olaylar boyu onlara hücum etmiş, Mədinə yaxınlığında soyğunçuluqlar edirdilər. Son zamanlar isə Mədinəyə basqılar da düzənləmək istəyində idilər. Onların cızdıqlarını pozmaq üçün, Məhəmməd peyğəmbər bu tayfalara qarşı yürüşlər düzənləmək buyuruğunu vermişdir. Bu da edilmiş, bədəvilər böyük itkilər verməli olmuşdurlar. Ən böyük yürüş Müstəlik tayfasına qarşı edilmişdir. Müsəlmanlar onları darmadağın etmiş, 600-ə yaxın döyüşçülərini tutmuş, savaş alğılarını ələ keçirə bilmişdirlər.

Müttəfiqlərin Mədinəyə yürüşü

Nadirlilərin Mədinədən çıxması və ərəb tayfalarına qarşı düzənlənən uğurlu yürüşlərdən sonra, müsəlmanlar bölgədə Uhud yenilgisindən sonra bir qədər itirilmiş üstünlüyü yenə də ələ ala bilmişdirlər. Bu olaylardan sonra onlar dincəlmək və güclərini toplamaq imkanını qazanmışdırlar. Ancaq bütün bunlar düşmənlərini birləşərək müsəlmanlara qarşı yürüş etmək qərarına gətirmişdir. Onlar ayrı-ayrı tayfaların müsəlmanlara yenildiyini görərək, birləşib onlara acır zərbə endirməyin gərəkliliyini anlamışdırlar.

Bu tayfaların birlik anlaşmalarının bağlanmasında öz əmlaklarını itirmiş və yerlərindən qovulmuş nadirlilər böyük rol oynamışdırlar. Onlar o zaman Xeybər adlanan yerə köçmüşdürlər. Bu məqsədlə onların nümayəndələri qureyşlilərin və başqa ərəb tayfalarının yanına gəlmiş, müsəlmanlara qarşı onların birliyini yarada bilmişdirlər.
Bütün bu olayların sonunda o tayfalar güclərini birləşdirərək, böyük ordu ilə Mədinəyə doğru yürüşə çıxmışdırlar. Müsəlman qaynaqlarına görə, bu orduda 10000-ə qədər döyüşçü olmuşdur. Bu kimi böyük ordu bütün Ərəbistan tarixində ilk dəfə yığılmışdır. Bu boyda böyük güclə burada heç kim öncə savaşlar aparmamışdır. Ancaq gələcəkdə baş vermiş olaylar onların təşkilatında və intizamında problemlərin olmasını göstərmişdir. Tayfalar arasındakı ixtilaflar və yəhudilərlə ərəblərin fərqli maraqları bu ordunun döyüşmək bacarığını aşağı endirmişdir. Onlar müsəlmanların müdafiyəsini qıra bilməmiş, şəhərə qarşı yetərli hücuma keçə bilməmişdirlər. Müsəlmanlar isə Mədinənin müdafiyəsini uğurlu qurmuş, yeni taktiki gedişlərə əl atmış, kəşfiyyat işlərini bacarıqla qura bilmişdirlər. Bundan başqa, Məhəmməd peyğəmbərin qurduğu diplomatik gedişlərin sonu ərəb tayfaları arasında ixtilaflar qızışmış və onlar yenilmişdirlər.

Müsəlmanların öncədən bu boyda böyük gücləri olmamışdır. Buna görə də onlar, qarşı tərəfin irəliləməsi xəbərini alanda çox ağır durumda qalmışdırlar. Elçi Mədəmməd tezliklə öz arxadaşlarını toplantıya yığmışdır. Orada onlar bu hücuma qarşı görəcəkləri tədbirləri müzakirə etmişdirlər. Onlara qarşı açıq döyüşə çıxmaq çox təhlükəli addım olardı, çünki müsəlmanların o döyüşdə yenilməsi ehtimalı çox böyük idi. Bu isə onların varlığına son qoya bilərdi. Buna görə açıq döyüşə çıxmamaq, yalnız Mədinənin civarlarında müdafiyə xətti qurmağa üstünlük verilmişdir. Bununla belə, bu müdafiyəni qurmaq üçün də yetərincə güç olmamışdır. Məsələ burasındadır ki, ərəb tarixində belə böyük ordularla heç kim savaşlara çıxmamışdır. Buna görə də Ərəbistan şəhərlərində qalalar tikilməmişdir. Mədinənin çevrəsində də qala divarları olmamışdır. Buna görə müsəlmanlar, ən qısa zaman içində yetərli müdafiə istehkamları qurmalı idilər. Bu problemin çözülməsində Məhəmməd peyğəmbərin tanınmış arxadaşı Salman Farisinin təklifi qəbul olunmuşdur. Onun soyu İrandan idi. O ölkədə isə qala olmayan məntəqələrdə müdafiə məqsədi ilə şəhərlərin qırağları boyu düşmənin irəliləməsini çətinləşdirən dərin çüxurlar qazılıqdı. Salmanın təklifinə görə, əgər müsəlmanlar bunu etsəydilər, onda kiçik güclərlə doğru mövqelər tutaraq, Mədinəni düşmənin çoxsaylı ordusundan qorumaq mümkün olardı.

Elə bu təklif də qəbul edilmişdir. Bundan dərhal sonra bütün müsəlmanlar təcili olaraq gecə-gündüz Mədinənin qırağları boyu dərin çuxurun qazılması işinə başladılar. Onlar bu işi tezliklə yerinə yetirə bilmişdirlər. Çuxur qazılandan sonra, şəhərin müdafiyəçiləri onun arxasında strateji cəhətdən əlverişli mövqeləri tutmuşdurlar. Ümumuiyyətlə müsəmanlar, Mədinənin müdafiyəsinə 3000-ə yaxın döyüşçü çıxara bilmişdirlər.

Hicrətin 5 ilində (miladi 627-ci ildə) müttəfiqlər Mədinəyə yaxınlaşıb şəhəri mühasirəyə almışdırlar. Ancaq müsılmanların işlətdiyi yeni hərbi taktika ilə üzləşərək, onu aşıb şəhərə girə bilməmişdilər. Bundan sonra uzun müddətli mövqe döyüşləri baş vermişdir. Müttəfiqlərin çuxuru aşıb Mədinəyə girmək cəhdləri boşa çıxmışdır. Müsəlmanlar şəhərin müdafiyəsini bacarıqla quraraq, üğurla vuruşmuşdurlar.

Şəhər müdafiyəçilərinin müqavimətini qırmaq üçün edilən bir neçə uğursuz cəhdlərdən sonra, müttəfiqlər müsəlmanların mövqeləri yaxınlığında yerləşmişdirlər. Onlar ara-sıra şəhərə girmək üçün döyüşlərə girirdilər. Ancaq vaxt getdikcə onların dözümü də tükənirdi. Çünki ərəblər uzun sürən savaşlara öyrənməmişdirlər. Bundan başqa, onların döyüş ruhu da zəif idi, çünki yalnız qənimət ələ keçirməyi düşünürdülər, buna isə çata bilmirdilər. Onların arasında tayfa ayrıseçkiliyi olmuş, hərbi intizam olmamışdır.
Bütün bunlara baxmayaraq, müsəlmanların durumu da çox ağır idi. Çünki nadirlilərdən olan yəhudilər öz tərəfinə Mədinədə qalan daha bir yəhudi tayfasını çəkmək istəyirdilər. Bu da Qureyza tayfası ıdı. Bu iş alınsaydı, müsılmanlara arxadan zərbə vurula bilərdi. Bu isə şəhərin alınmasına gətirib çıxara bilərdi. Qureyzalılardan bəziləri artıq müttəfiqlərlə müsılmanlara qarşı vuruşurdular. Bu kritik məqamda Məhəmməd peyğəmbər hərbi hilə işlətmişdir. O, öz gizli kəşfiyyatçılarını həm qureyzalıların, həm də qureyşlilərin yanına göndərmişdir. Onlar planlarını pozmaq, onları küsdürmək üçün hər ikisinə bir-birləri basəsində yalançı bilgilər vermişdirlər. Bu taktiki gediş uğurla sonlanmışdır. Hər iki tərəf bir-birlərinə etibar etməyərək, birləşə bilməmişdirlər. Beləliklə qureyzalılar müsəlmanlara arxadan zərbə endirə bilməmişdirlər.

Bu zaman artıq bir aya yaxın Mədinə civarında durmuş ərəb tayfalarının döyüşçülərinin dözümü tükənmiş və onların arasında ixtilaflar olmuşdur. Elə bu zaman o yerlərdə baş vermiş fırtına da onlara çox böyük ziyan vurmuşdur. Bütün bunların sonu, onlar Mədinədən geri çəkilmək zorunda qaldılar. Beləliklə Çüxur döyüşü onlar üçün nəticəsiz başa çatmışdır. Müsəlmanlar isə qələbə şənliklərinə başlamışdırlar.

Çuxur döyüşü Ərəbistan tarixində ən böyük döyüş olmuşdur. Bundan öncə ərəblər az saylı dəstələrlə öz aralarında soyğunçuluq məqsədi ilə yalnız tayfa savaşları aparmışdırlar. Bu döyüşə isə, ilk dəfə, hər iki tərəfdən çox böyük ordular qatılmiş, hərbi istehkamlar qurulmuşdur. Elə bu olaylar gələcəkdə ərəb-müsəlman ordularının imperiyalar üzərində böyük qələbələrinə yol açmışdır.

Müttəfiqlərin üğürsuzluğundan dərhal sonra Məhəmməd peyğəmbər müsəlman döyüşçülərini, xəyanət etdiklərinə görə, qureyzalılara qarşı yollamışdır. Çünki onlar da öncə bağlanmış anlaşmanı pozaraq, müsəlmanlara qarşı düşmənlə birləşmişdirlər. Müsəlmanlar onların yaşadıqları yerləri mühasirəyə alaraq 25 gün ərzində onlarda döyüşlər aparmışdırlar. Qureyzalılar da iğidcəsinə onlarla vuruşmuşdurlar. Sonda Məhəmməd peyğəmbər müsəlmanlar üzərində baş komandanlığı Əliyə tapşırmış, o da qureyzalıların dirənişini qıra bilmişdir.

Yenilmiş yəhudilər Məhəmməd peyğəmbərin onların işlərinə baxmasını istəmədilər. Onda o, onların özlərinə müsılmanların arasında işlərinə baxacaq bir hakim seçməsini təklif etdi. Yəhudilər də Evs tayfasından onların keçmişdə müttəfiqi olan, çox nüfuzlu Səd Müaz oğlunu özlərinə hakim seçdilər. Məhəmməd də bununla razılaşıb, Sədin çıxardığı istənilən qərarı yerinə yetirəcəyinə söz verdi. Səd isə o zaman yəhudilərlə döyüşdə ağır yaralanmışdır. Onu məhkəməyə xərəkdə gətirməli oldular. Ancaq o, yəhudilərin gözləmədiyi çözümü çıxartdı. Bu çözümə görə, müsəlmanlara qarşı bütün əli silahlı vuruşan qureyzəlilər öldürülməli, onların arvadları ilə uşaqları isə müsəlmanların kölələri olmalı idilər. Yədudilərin əmlakı da müsəlmanlara keçməli idi. Elə bu çözüm də icra olundu.Beləliklə, Mədinədə qalan sonuncu yəhudi tayfasının dirənişini qırandan sonra, bütün şəhər yönətimi müsəlmanlan əlinə keçdi. Bundan sonra orada onları arxadan vura bilən bir güc qalmamışdır.

Ərəb tayfalarının Çuxur döyüşündəki uğursuzluğu və yəhudilərin dağıdılmasından sonra “ikiüzlülər” topluluğunun durumu da ağırlaşmışdır. Onların ardınca gedənlərin sayı azalmışdır. Ancaq buna baxmayaraq, “ikiüzlülər” bundan sonra da bir müddət fəaliyyətlərini sürdürmüşdürlər. Onlar Mədinə yaxınlığında olan Kubədə öz mərkəzlərini də yarada bilmişdirlər. Bu mərkəz orada tikdikləri məsciddə yerləşirdi. Müsəlmanlar bu məscidi “Ayrılıq” (Dirar) məscidi adlandırmışdırlar. Müsəlmanların daha sonra bütpərəstlərə qarşı düzənlədiyi Təbuq yürüşündən sonra, Məhəmməd peyğəmbər bu məscidi dağıtmaq buyuruğunu vermişdir. Beləliklə bu mərkəzin varlığına son qoyulmuşdur.

Hüdeybiyyə barış anlaşması

Müsəlmanların rəqibləri üzərində əldə etdikləri uğurlardan sonra, onların nüfuzu və siyasi çəkisi artmışdır. Bununla da bölgədə savaş aktivlyi enmişdir. Buna baxmayaraq, onların hələ də tam qələbə çalması üçün gücləri yetərli qədər olmamışdır. Çox gözəl strateq olmuş Məhəmməd peyğəmbər, uğurlarını bərkitmək üçün müsəlmanlar üçün bir müddət dincəlmələrinin vacibliyini anlayırdı. Eyni zamanda, qureyşlilər də savaşda heç nəyi əldə edə bilmədiklərini görürdülər. Onlar üçün önəmli olan karvan yolları yenə də müsəlmanların nəzarəti altında olan bölgələrdən keçirdi. Buna görə də onlar da müvəqqəti olaraq barışın bağlanmasında maraqlı idilər.

O zaman müsəlmanlar bəzi ərəb tayfaları ilə ara-sıra qarşıdurmalara girirdilərsə, artıq qureyşlilərlə aktiv hərbi əməliyyatlar aparmamışdırlar. Bundan da elçi Mədəmməd yararlanmaq qərarına gəldi. Hicrətin 6 ilininin həcc mövsümü zamanı o, müsəlmanların Kəbəni ziyarət etməyin önəmini bəyan etmişdir. Bu çox təhlükəli bir addım olardı. Ancaq, başqa tərəfdən, bununla müsəlmanlar qureyşlilərə öz hünərlərini, tükənməyən güçlü inanclarını göstərmiş olardılar, onları mənəvi cəhətdən qorxuda bilərdilər. Bununla belə, məkəlilərin müsəlmanlara hücum etməsinin ehtimalı da az idi. Çünki həcc, savaşların aparılması üçün “yasaqlanmış” aylarda icra edilirdi. Beləliklə, miladi 628-ci ilin həcc mövsümündə, Məhəmməd peyğəmbərin başçılığı ilə 1400 müsəlman Məkkəyə doğru yola çıxaraq, Hüdeybiyyə adlanan bir yerə gəlmişdirlər.

Müsəlmanların irəliləməsi xəbəri Məkkəyə çatan kimi, onların başçıları təcili olaraq öz güçlərini yığıb onların qarşısına çıxmışdırlar. Hüdeybiyyəyə catanda onlar müsəlmanların savaşa çıxmadıqlarının, sadəcə ziyarətə getmək istədiyinin şahidi oldular. Buna baxmayaraq, onları Məkkəyə girməyə qoymadılar. Bundan sonra tərəflər arasında danışıqlar aparılmış, ara qızışmağa başlamışdır. Qan tökülməsinin qarşısını alan Məhəmməd, qureyşlilərə güzəştə gedərək, onlara barış anlaşmasını imzalamaq təklifi etdi. Bunu da onlar bəyəndilər. Beləliklə, tarixə “Hüdeybiyyə barış anlaşması” kimi girən bir müqavilə bağlanmışdır. Onun şərtlərinə görə, müsəlmanlar həcc ibadətini bu il deyil, gələn il etməməli idilər. Daha sonra müsəlmanlarla qureyşlilər arasında 10 illik barışın bağlanması haqqında da müqavilə imzalanmışdı. Anlaşmanın şərtlərinə görə, müqaviləni baqlayan tərəflər bir-birlərinin müttəfiqlərinə qarşı da savaş aparmamalı idilər. Bundan başqa, müsəlmanlar onların yanına qaçıb sığınacaq istəyənləri geri qaytarmalı, ancaq əvəzində qureyşlilər bunu etməməli idilər.

İlk baxımdan Məhəmməd, müsəlmanların xeyrinə olmayan bir anlaşmanın imzalanmasına getmişdir. Bu da müsəlmanların savaşlarda uğur qazandıqlarından sonra təcüblü görsənirdi. Buna görə də onun bəzi arxadaşları bundan narazı qalmışdırlar. Onları müsəlmanların yanına qaçmışları geri qaytarmaq şərti çox narahat edirdi.
Ancaq gələcəkdə baş verən olaylar, ilk baxımdan müsəlmanlar üçün əlverişsiz görsənən anlaşmanın sonda onları bu savaşda tam qələbəyə gətirməsini göstərmişdir. Bu da bir daha Məhəmmədin çox bacarıqlı və uzaqgörən diplomat və strateq olduğunu göstərmişdir. O, məkkəlilərə kiçik bir şeyi güzəştə getməklə, sonda bütün savaşı qazanmışdı. Bu anlaşmanın bağlanması müsəlmanlarla qureyşlilərin qarşıdurmasında bir tənəffüs verdi. Bu müddət boyu isə müsəlmanlar daha da güçləndilər. Bundan başqa, bu anlaşmanın bağlanmasından sonra Ərəbistanda İslamın yayılması da asanlaşmışdır. Ərəblər artıq bu dində təkcə inancı deyil, həmdə real siyasi güçü görürdülər.

Bu andan başlayaraq, müsəlman təbliğatçıları bir çox ərəb tayfalarına göndərilmişdirlər. Bundan başqa, Məhəmməd peyğəmbər, İslamı başqa ölkələrdə də yaymaq üçün də addımlar atmışdır. O öz elçilərini Efiopiya, Misir, Bizans, İran kimi ölkələrin başçılarının yanına İslamı qəbul etmək təklifi ilə yollamışdır. Bu andan da İslamın zəfəri başlamışdır.

Mədinəyə Yəmənin Nəcran bölgəsindən xristianların danışıqlar aparmaq üçün gəlməsi, müsəlmanların siyasi uğurunun göstəricisi idi. Məhəmməd peyğəmbər onlarla qarşılıqlı hörmət və birgə yaşama prinsipləri haqqında anlaşmışdır.

Bundan başqa, Hüdeybiyyə barışının bağlanmasından sonra müsəlmanlar başqa düşmənlərinə qarşı öz güclərini səfərbər edə bilmiş, onları darmadağın etmişdirlər.

Heybərdən Mutaya qədər

Xeybər vahəsi Mədinədən təxminən 150 km aralı, Suriyaya gedən yolun yaxınlığında yerləşirdi. Karvan yollarının oradan keçməsinə görə, onun böyük syrateji əhəmiyyəti olmuşdur. Burada yəhudilər yaşamışdırlar. Mədinədən qovulmuş yəhudi tayfalarının da bir hissəsi buraya gəlmişdir. Onlar müsəlmanlara qarşı düşmənçilik hissləri bəsləyirdilər. Bu hisslər tədricən Xeybər yəhudilərinə də keçmişdir. Onlar müsəlmanların artan nüfufunu endirmək istəklərindən əl çəkməmişdirlər. Müsəlmanlar üçün isə, Xeybər kimi strateji məntəqəni ələ keçirmək çox önəmli idi. Çünki yəhudulərlə barışın əldə olunması mümkün olmurdu. Onların Xeybər kimi yerdə qalması isə gələcəkdə müsəlmanlar üçün büyük problemlər yarada bilərdi.

Bu zaman qureyşlilərlə barışa gəlmiş müsəlmanlar, bütün güclərini başqa rəqiblərinə qarşı ata bilmişdirlər. Bunlar da yəhudilərlə bədəvilər idilər. Onların Xeybərə yürüşü isə yəhudilərin müsəlmanlara qarşı oradan hücuma keçməsi planların hazırlanması və bədəvilərlə bu barədə anlaşması xəbərinin alınması üzündən baş vermişdir. Oranın yəhudiləri ilə “ikiüzlülərin” başçısı Abdulla Übey oğlu da gizli danışıqlar aparırdı. Məhəmməd peyğəmbər onların Mədinəyə qarşı irəliləməsinin qarşısını almaq üçün 1500-ə qədər döyüşçü yığaraq onlara qarşı gözlənilməz yürüşə çıxdı.

Müsəlmanlar yəhudilərin qalalarını mühasirəyə alaraq, onlara təslim olmaq təklifini etdilər. Ancaq onlar bunu qəbul etmədilər. Bundan sonra tərəflər arasında qızğın döyüşlər başlamışdır. Yəhudilər, öncə yetərli duruş gətirmələrinə baxmayaraq, sonda müsəlmanların irəliləyişlərinin qarşısını ala bilməyərək, onları barışa çağırdılar. Müsəlmanların bu döyüşlərdə uğur qazanmasında Əlinin çox böyük rolu olmuşdur.

Məhəmməd də yəhudilərlə barışa getməyə razı olmuşdur. Aralarında olan danışıqların sonunda yəhudilər müsəlmanlara illik vergi ödəməyə hazır olduqlarını bildirmişdirlər. Bunun qarşısında da müsəlmanlar da onlara bu yerlərdə qalmağa icazə vermişdirlər, onları oradan qovmamışdırlar.

Ancaq elə bu olaylar zamanı bir yəhudi qadını Məhəmməd peyğəmbərə qəsd edərək, onu zəhərləmək istəmişdir. Ancaq son anda yemək zamanı o, bunu duyaraq, zəhərlənmiş yeməyi qaytara bilmişdir.

Hicrətin 7-ci ilində (miladi 629-cu ildə), Hüdeybiyyə anlaşmasın imzalanmasından bir il keçəndən sonra, Məhəmməd peyğəmbər 2000 müsəlman zavvarları ilə birlikdə Məkkəyə həcc ziyarətinə yollanmışdır. Anlaşmaya riayət edən qureyşilər onlara qarşı çıxmamışdırlar. Onlar şəhərin civarlarında yerləşən təpəliklərə çəkilmiş, oradan müsəlmanların etdiklərinə baxırdılar. Müsəlmanlar da həccin bütün ayinlərini yerinə yetirərək, məkkəlilərə özlərini davranışlarında və mədəniyyətlətində çox yaxşı göstərmişdirlər.

Onların yaxşı təşkilatlanması, inamları və insansevərliyini bəzi qureyşli başçıları da yüksək dəyərləndirmişdirlər. Bu andan başlayaraq, onlar müsəlmanlarla qarşıdurmanın, sonda onların xeyrinə bitməyəcəyini anladılar. Elə bundan sonra da Qureyş başçılarının müsəlmanların tərəfinə keçməsi prosesi başlanmışdır. Faktiki olaraq Məkkə başçıları arasında parçalanma baş vermişdir.

Müsəlmanların o ilki həccindən sonra, Mədinəyə iki çox nüfuzlu qureyşli gəlmişdir. Bunlar keçmişdə müsəlmanlara qarşı olan Xalid Valid oğlu ilə Əmr As oğlu idilər. Xalidin taktiki gedişləri sonu müsəlmanlar Uhud döyüşündə yenilmiş, Əmr isə müsəlman göçkünlərini Efiopiyadan geriyə döndərmək üçün o ölkənin çarının yanına gəlmişdir. Buna baxmayaraq, Məhəmməd peyğəmbər onları çox yaxşı qarşılayaraq, İslama gəlmələrini təklif etmişdir. Onlar da bunu etdilər. Gələcəkdə isə onların ikisi də çox bacarıqlı komanlan olmuşdurlar və müsəlman ordularına Bizansla İran üzərində qələbələr qazandırmışdırlar.

Artıq Məhəmməd peyğəmbərin sağlığında Xalid bizanslılara qarşı Muta döyüşündə azsaylı müsəlman ordusunu yenilməkdən qurtarmış, onu geriyə çəkə bilmişdir. Buna görə də Məhəmməd peyğəmbər onu “İslamın qılıncı” adını vermişdir.

Yuxarıda deyildiyi kimi, Məhəmməd öz elçilərini başqa ölkələrin başçılarının yanına İslamı qəbul etmək təklifi ilə yollamışdır. Onlardan biri Ərəbistandan şimalında yerləşən Həsənilər ölkəsinin başçısının əmri ilə öldürülmüşdür. Buna Məhəmməd çox acımışdır. O, dərhal onlardan öc almaq üçün o ölkəyə qarşı qoşun yollamışdır. Bu ordunun başçısı kimi, onun keçmiş köləsi və etibarlı arxadaşı Zeyd təyin edilmişdir.

Miladi 629-cu ildə 3000-lik müsəlman ordusu Mədinədən çıxıb Suriyaya doğru irəliləyərək, Muta adlanan məntəqəyə çatmışdırlar. Onların yaxınlaşdığını bilən Həsənilər ölkəsinin başçısı Şurahbil öz müttəfiqi olan Bizansdan yardım istədi. Bu yardımı alaraq o, müsəlmanlara qarşı çox böyük və yaxşı təşkil olunmuş bir ordu çıxara bilmişdir. Müsəlman qaynaqlarına görə bu ordunun sayı 100000 nəfərə gədər idi.

Bizanslılar üçün ərəblər heç vaxt ciddi rəqib olmamışdırlar. Çünki ərəblər yüzilliklər boyu başqa ölkələrə qarşı yetərli savaşlar apara bilməmişdirlər. Bizanslılarla iranlılar onları qızmar çöllərdə yaşayan və heç nəyi bacarmayan geridə qalmış adamlar kimi dəyərləndirirdilər. Böyük ordunu ərəblərə qarşı yığan bizanslılar, bununla gələcəkdə onları müttəfiqlərinə qarşı irəliləməkdən çəkindirmək üçün öz böyük güclərini bir daha göstərmişdirlər.

Beləliklə, müsəlmanların durumu çox ağırlaşmışdır. Bu qədər böyük imperiya ordusu ilə döyüşdə onların yenilməsi qaçılmaz idi. Ancaq geriyə çəkilmək də artıq gec idi. Buna görə də müsəlmanlar döyüşə girdilər və çox böyük itkilər verdilər. Ordu komandanı Zeyd, eləcə də bir çox Məhəmmədin arxadaşları o döyüşdə öldürülmüşdürlər. Bu kritik anda komandanlığı Xalid öz üzərinə götürmüşdür. Orada o, öz bacarığını göstərərək taktiki gedişlər etmiş, bununla da müsəlmanların yenilməsinin qarşısını almış, onların geri çəkilməsini təmin edə bilmişdir.

Müsəlmanların geri çəkilmələrinə baxmayaraq, Müta döyüşü onlar üçün çox güclü olan Bizans imperiyası ilə ilk böyük savaş sınağı olmuşdur. İslam tarixində bu döyüşün çox böyük önəmi vardır. Kritik duruma düşən müsəlmanlar, böyük itkilər verdiklərinə baxmayaraq, bu sınaqdan başı uca çıxa bilmiş, yenilgidən qurtara bilmişdirlər. Bunun sonu olaraq, böyük imperiyadan qorxu duyğysu yox olmuş, onlar öz güclərinə inanmışdırlar. Bir neçə il keçəndən sonra, müsəlmanlar Bizansla uzun sürən savaşa girmiş və onu darmadağın edə bilmişdirlər. Bu uğurların da ilk çarçısı elə Muta döyüşü olmuşdur.

Qureyşlilər üzərində qələbə

Muta döyüşündən sonra Mədinənin siyasi nüfuzu və çəkisi daha da artmışdır. Bu isə İslamın surətlə yayılmasına yol açmışdır. Faktiki olaraq o dönəmdə yüzilliklər boyu ayrılıqda yaşayan ərəb tayfalarının Mədinənin başçılığı altında birləşməsi prosesi gedirdi. Bu da Məkkənin önəmini get-gedə kiçildirdi. Hüdeybiyyə barışının imzalanması müsəlmanları gücləndirmiş, qureyşliləri isə gücdən salmışdır.

Bu səbəbdən də durumun müsəlmanların xeyrinə dəyişməsi qaçılmaz idi. Ancaq, bu illər boyu üstünlüklər qazanmış müsəlmanlar, bağlanmış anlaşmanın şərtlərini pozmamışdırlar. Ola bilsin, olayların təbii gedişinin sonunda məkkəlilər könüllü olaraq İslamı qəbul edəcəkdirlər.

Ancaq bir müddət sonra müsəlmanlarla qureyşlilər arasında yeni qarşıdurma baş vermişdir. O zaman müsəlmanların müttəfiqləri olan Hüzaa tayfası ilə qureyşlilərə bağlı olan Bəkr tayfası arasında bir qarşıdurma olmuşdur. Qureyşlilər isə, Hüdeybiyyə anlaşmasının şərtlərini pozaraq, bəkrlilərə yardım etmişdirlər. Buna cavab olaraq, Məhəmməd peyğəmbər onların arasında olan anlaşmanın bitməsini bəyan etmişdir. Bu isə yeni savaşın başlanması demək idi. Ancaq bu dəfə qureyşlilər yeni savaşa hazır deyil idilər və müsəlmanların üstünlüyü hamı üçün aydın idi. Məkkəlilərin başçısı Əbu Süfyan, bunu anlayaraq təcili olaraq Mədinəyə yeni danışıqların aparılması üçün gəlmişdir. Ancaq o, bu yönümdə heç bir irəlləyişi əldə edə bilməmişdir.

Az sonra, hicrətin 8-ci ilində (miladi 630-cu ildə) müsəlmanların 10000-lik ordusu Məkkəyə doğru yürüşə başladı. Bununla belə, Məhəmməd peyğəmbər qan tökülməsini istəmirdi və şəhərin döyüşsüz alınması üçün əlindən gələni etmişdir. O zaman onun əmisi Abbas, Əbu Süfyanı müqavimət göstərməyərək Mədinəyə gəlib, Məhəmmədlə görüşməyə çağırmışdır. O da bunu etmiş, görüş zamanı İslamı qəbul etmişdir. Bu da qan tökülməsinin qarşısını almışdır. Bundan sonra müsəlman ordusu Məkkəyə girmişdir.

Məkkənin alınması təkcə ərəblər üçün deyil, bütün dünya tarixi üçün çox əhəmiyyətli bir olay olmuşdur. Bununla müsəlmanlar təkcə öz başlıca rəqibini yenməmiş, həmdə yeni dünyagörüşün, yeni ideyanın üstünlüyünü sübut etmişdirlər. Bu olaydan sonra onlara qarşı başqa tayfaların dirənişi bir qədər sürsə də, İslam ideyasının artıq heç vaxt ortalıqdan çıxmayacağı hamı üçün aydın olmuşdur. Bir neçə il keçəndən sonra, İslan dünyagörüşünə təkcə ərəblər deyil, başqa millətlər də yiyələnmişdirlər.

Məkkə üzərində yönətimi qurandan sonra, Məhəmməd peyğəmbər Kəbəyə girərək, orada bütün bütləri dağıtmışdır. Bundan sonra o, öz milləti qarşısında çıxış etmişdir, İslamın başlıca prinsiplərini və əxlaqi təməllərini açıqlamışdır. O, ərəblər arasında yayılmış qan düşmənçiliyi adətini pisləmiş, insanların millətlərindən və irqlərindən asılı olmayaraq Allah qarşısında birliyini bəyan etmişdir.

Bundan başqa, Məhəmməd peyğəmbər öz insansevərliyini göstərmişdir. Məkkəlilər uzun müddət onu incitmiş və müsəlmanlarla qarşıdurmalar aparmışdır. Onlar onun bir çox yaxın adamlarını və arxadaşlarını öldürmüşdürlər. Ancaq bütün bünlara baxmayaraq o, bir necə istisnalarla məkkəlilərin hamısını bağışlamışdır. Məkkənin alınmasından sonra müsəlmanların düşmənlərindən öc alınmamış, onların hamısı bağışlanmışdır. Bu isə o çağlar üçün görünməmiş insansevərliyin örnəyi olmuşdur. Yalnız çox çinayətlər törətmiş bir neçə nəfər bağışlanmamışdır. Hətta onlardan da bəzilərini son anda Məhəmməd peyğəmbər bağışlamışdır.

Məkkənin alımmasından sonrakı olaylar

Məkkənin alımması və qureyşlilərlə sanaşın başa çatması, müsəlmanların təkcə hərbi deyil, mənəvi qələbəsi də olmuşdur. Bütlərə tapınma adəti və ərəblərin ənənəvi yaşamları ilə dünyagörüşləri yavaş-yavaş keçmişə qovuşurdu.

Məkkənin alınmasından sonra Məhəmməd peyğəmbər bir müdət burada qalaraq, burada və yaxın bölgələrdə bütpərəstliyə son qoyulması üçün ən yetərli addımlar atmışdır. O, Xalid Valid oğlunu, Əmr As oğlunu, Səd Zeyd oğlunu bir necə ərəblərin tapındıqları bütlərin dağıdılması üçün yollamışdır. Bunlardan bəziləri qureyşlilərin tapındıqları tanrı Üzzanın, hüzeyl tayfasının tapındığı tanrı Suvun, evslilərlə həzrəclilərin tapındıqları tanrı Mənatın bütləri idi. Onların hamısı dağıdılmışdır.
Bu olayların böyük psixoloji təsiri olmuşdur. Yüzilliklərlə o tanrılara tapınan ərəblər onların müsəlmanların qarşısında gücsüz, aciz və yerərsiz olduqlarını gördülər. Onların özlərinə: “O bütlər özlərinə yardımçı ola bilməyiblərsə, onlardan nəsə istəmək olar ya yox?” sorusu verməli olmuşdurlar.

Bununla belə, bütpərəstliyin zor gücü ilə ortalıqdan qaldırılması təcrübəsi yalnız Ərəbistanda həyata keçirilirdi. Məhəmməd peyğəmbər bunu, bu bölgəni birtanrılığın dayağana çevrilməsi üçün etmişdir. Başqa ölkələrdə isə ilk müsəlmanlar bunu etməmişdirlər, çeşidli millətlərin inanclarına anlaşıqlı yanaşırdırlar, onları dağıtmırdılar. Buna görə də bir çox müsəlman bilginlərinə görə, bütlər yalnız Ərəbistanda dağıdılmalıdır. Başqa bölgələrdə bunu etmək gərəkliliyi yoxdur.

Məkkənin alınması və bütlərin dağıdılmasından sonra ərəb tayfalarının çoxu müsəlmanlarla savaşa girməyin mənasız olmasını duydular. Ancaq onlardan bəziləri müsəlmanları geri oturtmaq, İslamın uğurlu yayılmasının qarşısını almaq istədilər. Faktiki olaraq, bu olaylar bütpərəstliyin sonunçu təpkisi idi, ancaq sonda bu də uğursuz oldu.

Miladi 330-cu ildə Həvazin və Səqif tayfaları birləşərək müsəlmanlara qarşı yürüşə başladılar. Onlarla bəzi başqa tayfalar da birləşmişdirlər. Beləliklə müttəfiqlər müsəlmanlara qarşı 20000-ə yaxın döyüşçü çıxara bilmişdirlər.

Bu tayfaların birləşmiş güclərinin yaxınlaşması xəbərini alan Məhəmməd peyğəmbər, 12000-lik orduya başçılıq edərək Məkkədən onlarla doğru irəliləmişdir. Bu orduya yeni İslama gəlmiş qureyşilər və müsəlmanların müttəfiqləri olan bütpərəstlər də qatılmışdırlar.

Tərəflər arasında qızğın döyüş Hüneyn adlanan bir yerdə baş vermişdir. Öncə müsəlmanların durumu çox ağır olmuşdur. Onlar az qala yenilmək üzrə idilər. Ancaq sonra döyüşdə durum dəyişmişdir. Müsəlmanlar öz sıralarını bərkidə bilmiş, sonra isə özləri qarşı tərəfin üstünə yeriyərək, onları darmadağın etmişdirlər. Qələbə çalmış müsəlmanlar bu döyüşdə çoxlu savaş alqıları qazana bilmişdirlər.

Müttəfiqlər Hüneyndə yeniləndən sonra, onların başçısı Malik, döyüşçülərinin bəziləri ilə qaçıb Ərəbistan bütpərəstliyinin sonuncu qalasına çevrilmiş Taifdə sığınmışdır. Onları izləyən müsəlmanlar oraya yaxınlaşaraq məntəqəni mühasirəyə almışdırlar. Ancaq bir aya yaxın sürən mühasirə nəticə verməmişdir. Taiflilər müsəlmanların bütün hücumlarının qarşısını ala bilmişdirlər. Bu da müsəlmanların arasında byük itkilərə gətirib cıxartmışdır. Buna görə də Məhəmməd peyğəmbər Taifi mühasirədə saxlanmasına son qoyaraq qoşununu geriyə çəkmişdir.

Bundan sonra onun yanına Həvazin tayfasının nümayəndələri gəlmiş, döyüşdə öz tutulmuş doğmalarının buraxılmasını istəmişdirlər. Məhəmməd də, hər zaman olduğu kimi, humanistliyini göstərərək onları qarşılıqlı ödəməsiz buraxmışdır. Onun bu kimi addımları ona qarşı sayqını artırırdı. Taiflilər isə bir qədər sonra, aparılan danışıqlar sonu İslamı qəbul etmiş, şəhəri təslim etmişdirlər.

Təbuq döyüşündən Məhəmməd peyğəmbərin ölümünə qədər olan olaylar

Bundan sonra Məhəmməd peyğəmbər Mədinəyə dönərək, Ərəbistanın şimalında durumun gərginləşməsi xəbərini almışdır. Orada Bizansın müttəfiqləri olan xristian ərəblər müsəlmanlara qarşı fəallaşmışdırlar. Məkkənin alınması və Hüneyndə ərəb tayfalarının uğursuzluğundan sonra hamı Ərəbistanda yeni və çox güçlü bir ölkənin yaranmasının şahidi olmuşdurlar. Bu ölkə ilə artıq hesablaşmamaq olmazdı. Buna görə də bizanslılar, narahatlıq keçirərək, müsəlmanların qarşısının alınması üçün addımlar atırdı. Muta döyüşündə müsəlmanların onlara göstərdikləri müqaviməti görərək, öz cənub sərhədlərində güclü bir ölkənin yaranmasını istəmirdilər.

Məhəmməd peyğəmbər düşmən güclərinin şimalda toplanması xəbərini alaraq, bunun qarşısı almaq üçün o bölgələrə yürüş etməyi qərara aldı. O, tezliklə bizanslılarla onların müttəfiqlərinə qarşı yeni ordu yığmağa başlamışdır. Bu orduya Ərəbistanın çeşidli bölgələrindən könüllü döyüşçülər gəldilər. Varlı müsəlmanlar isə bu qoşunun xərclərini öz üzərinə götürmüşdürlər.

Beləliklə, miladi 630-cu ildə müsəlmanların 30000 minlik ordusu yürüşə çıxa bilmişdir. Bu ərəb tarixində ən böyük ordu olmuşdur. Bir müddət sonra döyüşçülər Təbuq adlanan bir yerə gəldilər. Ancaq bu zaman Bizansın içində siyasi durum ağırlaşmışdır. Buna görə də onlar öz güclərinin çoxusunu Ərəbistandan geri çəkməli oldular. Burada qalan döyüşçüləri isə müsəlmanlarla açıq döyüşə girmədən qalalarına çəkildilər.

Durumu belə görən Məhəmməd peyğəmbər o qalalara hücum etməyi məqsədəuyğun görməmişdir. Çünki mühasirə uzun müddətli olub müsəlmanların arasında böyük itkilərə gətirib çıxarda bilərdi. Buna görə də o, geri çəkilmək əmrini verdi.

Öncə deyildiyi kimi, müsəlmanlara qarşı olan “ikiüzlülər” qrupunun nümayəndələri Məhəmməd peyğəmbərin təşəbbüslərini kiçiltmək çəhdlərindən əl çəkmirdilər. Onlar müsəlmanların arxasında fitnələr törədib, demək olar bütün onlara qarşı olanlarla sövdələşmələrə girirdilər. Ancaq, onların bu cədləri hər zaman uğursuzluqla sonlanırdı. Onların mərkəzi Mədinə civarlarındakı Kuba məntəqəsində tikdikləri məsciddə yerləşirdi. Bu məscidi, Təbuq yürüşündən qayıdan müsəlmanlar Məhəmməd peyğəmbərin əmri ilə uçurtmuşdurlar. Bundan sonra bu qruplaşmanın varlığına son qoyulmuşdur.

Miladi 630-631illərdə İslam daha da surətlə ərəb tayfalarının arasında yayılmağa başlamışdır. Onların başçıları Məhəmməd peyğəmbərin yanına gələrək ona itaətlərini bildirirdilər. Bununla da güclü müsəlman ölkəsinin qurulması və ərəb tayfalarının birləşməsi prosesi başa çatmışdır.
Elə o zaman, Məkənin alınmasından sonra, ilk həcc mövsümü başlamışdır. Bu həccə Əbu Bəkr başçılıq edirdi. Bu tarixdən başlayaraq, bütpərəstlər artıq orada öz ayinlərini keçirə bilməmişdirlər.

Miladi 632-ci ildə Məhəmməd peyğəmbər Məkkəyə həcc ziyarətini icra etmək üçün Məkkəyə yollanmışdır. Bu həcc onun ölümündən az öncə icra edildiyinə görə, müsəlman ənənəsində “Vida həcci” adlandırılmışdır. Bu zaman Məhəmməd peyğəmbər artıq öz elçilik missiyasını yerinə yetirmişdir. Onun qarşıya qoyduğu bütün problemlər uğurla çözülmüşdür. Ərəbistanda bütpərəstliyin kökü kəsilmiş, dövlətçilik yaradılmış, toplum və hər bir insan üçün Allahdan endirilən əxlaqi, hüquqi, iqtisadi, siyasi prinsiplər bəyan edilmişdir. Gənc müsəlman ölkəsi öz yaşama hüququnu və gücünü tarix qarşısında sübut etmişdir. Gələcəkdə İslam dünyagörüşünün daşıyıcılarının daha da büyük uğur qazanmaları üçün artıq zəmin yaradılmışdır. Bunu da Məhəmməddən sonra müsəlmanlar qısa zaman içində edə bilmişdirlər.

Məkkəyə həccə gəlmiş Məhəmməd peyğəmbər, onun bütün ayinlərini icra etmiş, sonra isə minlərlə zəvvarın qarşısında çıxış etmişdir. Çıxışında o, bütpərəstliyin üzərində tam qələbənin qazanılması haqqında danışmış, ümümbəşəri prinsipləri bəyan etmişdir, müsəlmanları bir olan Allaha inanclarını saxlamağa çağırmışdır.
Vida həccindən sonra, miladi 632-ci ildə Məhəmməd peyğəmbər öz yerdəki missiyasını yerinə yetirərək, bu dünyanı tərk etmişdir. Onun Allah tərəfindən ilhamlandırılan həyatı və fəaliyyəti dünya tarixində yeni səhifələr açmışdır. Onun fəaliyyətinin nəticəsində az sonra böyük İslam sivilizasiyası və mədəniyyəti yaranmışdır və bu günə kimi qalmaqdadır.

Сайт управляется системой uCoz