Aydın Əlizadə
Həzrət İsanın çarmıxa çəkilib çəkilməməsi probleminin
tarixi-fəlsəfi təhlili
və İslam doktrinası
«“Biz öldürdük Məryəm oğlu İsanı – Allahın elçisini” demişdilər. Əslində nə öldürmüşdülər, nə çarmıxa çəkmişdilər onu, yalnız onlara elə görünmüşdü İsadır öldürdükləri. Şübhə içindədir onun haqqında ayrı-ayrı fikirlərdə olanlar. Yoxdur bu barədə onların bilgisi. Fərziyyələr qurmaqla məşğuldurlar sadəcə. Doğrudan dogruya onu öldürməyiblər. Öz dərgahına ucaltmış onu Allah»[1].
İslam təlimi və fəlsəfəsi ilə az tanış olan adamlar belə güman edirlər ki, bu ayələr Həzrət İsanın həyatının sonunda baş verən çarmıxa çəkilmə və ya asılma hadisəsini inkar edir. Lakin burada edam hadisəsi yox, yalnız onun özünün çarmıxa çəkilməməsi haqqında deyilir. Yəni edam olunan şəxs İsa yox, başqa adam olub. Müsəlman alimləri bu ayəni şərh edən Məhəmməd peyğəmbərin hədisinə istinad edərək yazırdılar ki, «...yalnız onlara elə görünmüşdü İsadır öldürdükləri... » sözləri çarmıxa başqa adamin çəkilməsi deməkdir. O adam zahirən İsaya oxşayırdı. İsanın özünü isə Allah bu hadisədən qabaq diri olaraq Öz dərdahına çəkmişdi. Məsələn, bu barədə İbn Kəsir[2] və Əl-Məvdudi[3] yazmişdılar.
Beləliklə bu məsələ haqqında İslamın mövqeyi aşagıdaki müddəalardan ibarətdir:
1. İsaya oxşayan bir adamın edamı olub;
2. Bu edamın üsulu məlum deyil. Yəni bilinmir, o adam çarmıxa çəkilmişdi ya bir başqa yolla edam edilmişdi.
3. İsanın özü bu hadisələrdən qabaq Allah dərdahına yüksəlmişdi və edam edilməmişdi.
4. İsanın çarmıxa çəkilməsi haqqında danışanlar bu barədə heç bir doğru dəlilə arxalanmayıb, öz fərziyələrini söyləyirlər.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən İslam doktrinasınin bəzi müddəaları tarixi faktlarla üst-üstə düşür. Belə ki, artıq hamıya məlumdur ki, ilk, yəni birinci əsrlərdə xristianların arasında İsanin çarmıxa çəkilib-çəkilməməsi haqqında fikir ayrılıqlari olub. «Onlardan bəziləri hesab edirdilər ki İsanin edamı yalnız görünən, zahiri olub. Başqalari hesab edirdilər ki, o edamnan qabaq yoxa çıxmışdı, yəhudilər isə onun yerinə səhvən edam yerinə xaçı aparan Simon adında bir adamı edam etmişdilər»[4]. Bu fikir ayrılığina baxmayaraq, bir neçə əsr sonra xristian kilisəsi o zamanlar yayılmiş olanlardan yalnız bir fikri – İsanin çarmıxda edam edilməsi ideyasını, qəbul etmişdi.
Buna baxmayaraq hətta xristianlarin müqəddəs kitablarında edam haqqında müxtəlif versiyalara rast gəlinir. Məsələn, Markın İncilində (15: 25) İsani gündüz saat yçdə, Yoxannanın İncilində isə axşam saat altıda edam ediblər. Yəni burada ziddiyətli məlumatlar var. Bu ziddiyət onunla izah oluna bilər ki, o İncilləri yazmış adamlar edam hadisəsinin şahidi olmayib, onun haqqinda başqa adamlardan eşidiblər[5].
Xristian apokriflərində[6] də edamın müxtəlif versiyalarına rast gəlmək olar. Belə ki, «Pyotrun İncilində» İsa çarmıxda olarkən heç bir söz deməmişdi. Yalniz ölümündən dərhal qabaq o qışqırdı: «Ey mənim taqətim, nə üçün məni tərk etdin!» Bu sözləri deyən kimi o dünyasını dəyişdi. Burada artiq Əhdi Cədid ilə təkcə faktiki yox, həm də prinsipiar fərq müşahidə edilir. Kanonik[7] İncillərdə İsa çarmıxda əzab çəkib qışqırırdı. Bir dəfə o bərkdən: «İlahi, İlahi, nə üçün sən məni tərk etdin!», ikinci dəfə isə sadəcə «qışqırdı»[8].
Misirin Nəq-Həmmadi bölgəsində tapılmış II əsrə aid olan «Böyük Sifin ikinci risaləsi» adlı qnostik xristianların apokrifində deyilir ki, İsa öldürülməmişdi. Onun yerinə isə başqa adam edam olunmuşdu[9].
Edamın üsulu da dəqiqliklə məlum deyil. Hətta kanonik İncillərin iki yerində deyilir ki, İsanı ağacdan asıblar[10]. Eyni zamanda həmən kanonik İncillərdə deyilir ki, o çarmıxa çəkilib[11]. Bu barədə rus Pravoslav kilisəsinin rəsmi Bibliyasında deyilir. Həmən fikirlər ingilisdilli Bibliyalarda da var. Orada da İsanin ağacdan asılması haqqında deyilir[12]. Ağacdan asılma versiyasinin tərəfdarları bəzi xristian təriqətlərin əqidəsində müşahidə edilir. Məsələn «İyegova Şahidləri» təriqətinin rəsmi ədəbiyyatında İsa çarmıxa çəkilmiş yox, asılmış vəziyyətdə təsvir olunur[13].
Müstəqil mənbələrin məlumatları edam məsələsinə aydınlıq gətirmir. Məsələn məşhur Roma tarixçisi K. Tasitin «Salnamə» (XV. 44) əsərlərində edamın təfərruatları haqqında heç nə deyilmir. Orada yalnız bu cümləyə rast gəlmək olar: «…Xristos imperator Tiberiyin zamanında prokurator Ponti Pilatın tərəfindən edam edilmişdi... ». Amma hətta bu, cəmi bir cülənin doğruluğu alimlər və təhqiqatçılar tərəfindən şübhələr ilə qarşılaşıb. Məsələ bundadır ki, «Salnamənin» bu cüzi məlumatı daha gec zamanlarda yaşamış xristian köçürücüləri tərəfindən saxtalaşdırılması haqqında fikirlər irəli sürülüb. «Tasit «Salnaməsinin» bu cümləsi əksəriyyət tarixçi, dilçi, və hətta ilahiyatçılar tərəfindən xristian köçürücülərinin saxtakarlığı kimi tanınır. Ona qarşı arqumentlər hamıya məlumdur və onları Drevsin əsərlərində tapmaq mümkündür»[14].
Eyni problem qədim yəhudi tarixçisi İosif Flaviyin «Qədim yəhudi tarixində» də mövcuddur. Orada belə bir cümlə var: «…Pilat onu (yəni İsanı) bizim böyüklərimizin təşəbbüsü ilə çarmıxa çəkmişdi…» (XVIII, 3). Lakin alimlərin əksəriyyəti belə qənaətə gəliblər ki, əsərin bu yeri saxtalaşdırılıb. Məsələ bundadır ki, orada keçən: «O Məsih idi» sözü yəhudi olan İosif Flaviyin tərəfindən deyilə bilməzdi, çünki yəhudilər İsanı məsih kimi qəbul etmirlər. «İsanin adının hallanmadığını görən xristian köçürücüsü o gədər heyran olmuşdu ki, bu yeri rəsmi Xristian dininə və təliminə uyğun olan saxtakarlıqlara əl atmışdı. Bu o qədər aydin görunür ki, hətta xristian ilahiyatçılarının əksəriyyəti (həm katolik, həm də xristian) bu yeri şübhə altına alırlar. Biz bu saxtakarlığın nə vaxt görulməsinin devrini də təyin edə bilərik, çünki Origenin III əsrin birinci yarısında o cümlə haqqında məlumatı yox idi[15]. IV əsrin əvvəlində, imperator Konstantinin devrində yaşamış saray tarixçisi Kesareyali Evseviy isə o sözlər haqqında məlumat verir».[16]
Bundan başqa onu da demək lazımdır ki, həm İosif Flaviy (37 – 100-cü ildən sonra), həm də Korneliy Tasit (58-117 illər) İsadan sonra yaşayıblar, hadisələrin şahidi olmayıblar (o hadisələr istər doğru olsun istərsə də yox), və yazdıgları əsərlərində onun haqqında bütün məlumatlari başqa adamlardan alıblar.
Digər Roma tarixçi və mütəfəkkirlərinin (Samosatalı Lukianın, Selsin, Mark Korneliy Frontonun, Porfiriyin) İsanın edamı haqqında məlumatları isə daha gec devrlərə ayiddir və şahid dəlili kimi hesab oluna bilməz. Onların əsərləri İsadan 100-200 il sonra yazılmışdı. Onlarin yazdıqları mətnlər yəhudi mənbələrinin məlumatlarını təkrarlayır. Məsələ ondadır ki, bu müəlliflər xristianlığın əleyhinə çıxış edirdilər və onların tənqidçisi idilər. Bu mövgedən çıxış etmək üçün onlar yəhudi mənbələrinə müraciət edirdilər. O mənbələrdən onlar öz fikirlərini formal olaraq subuta yetirirdilər.
Buna görə qeyd etmək lazımdır ki, alimlərin çoxusu yəhudi mənbələrində İsaya qarşı qərəzliliyin həddən artıq çox olduğuna görə, onlara şübhə ilə yanaşır[17].
Beləliklə, belə nəticəyə gəlinir ki, İsanin çarmixa çəkilməsinin həqiqi tarixi fakt olması haqqında bir mənalı heç bir fikir irəli sürmək mümkün deyil. Bu məsələ elmi faktlardan daha çox xristianların dini imanına arxalanır. Elmi-tarixi nöqteyi-nəzərdən bu məsələ yalnız bir fərziyyə adlandırıla bilər. Məhz bu reallıq Quran ayəsində öz əksini tapmışdı.
[2] Ас-Саади А. Н., Ибн Хасан А. Разъяснения к книге единобожия., Баку, “Гейтурк”, 1997, с. 34.
[3] Mevdudi E. Tevhim-ül Kur’an. İstanbul, “Hilal yayıncılık”. C. 1. 1995, s. 589-590.
[4] Свенцицкая И. Раннее Христианство: страницы истории. М., Политиздат, 1988, c. 270.
[5] Bu İncillərin göstərilmiş müəlliflər tərəfindən yasılmasi şübhəlidir.
[6] Yəni rəsmi kilisə tərəfindən müqəddəs sayılmayan və Əhdi Cədidə daxil edilməyən müxtəlif qədim xristian icmalarına məxsus olan İncillər.
[7] Yəni rəsmi kilisə tərəfindən müqəddəs sayılan və Əhdi Cədidə daxil olan İncillər.
[8] Свенцицкая И. Раннее Христианство: страницы истории. М., Политиздат, 1988, c. 237.
[9] Concordance des textes de Nag-Hammadi. Le Codex VII, R. Charron, 1992./BCNH,SC,1/; La Deuxieme Traite du Grand Seth (NH VII, 2), L. Painchaud, 1982./BCNH,ST,6/.
[10] Həvarilərin əməlləri, 5: 30 və Qalatalılara, 3: 13.
[11] Məsələn, Yohannanın İncili,, 19.
[12] The Holy Bible (New international version). Harper Paperbacks, New York, 1983, p. 972.
[13] “Что от нас требует Бог?” Watchtower Bible and Tract Society of New York, Inc. 1996, c. 7.
[14] Ранович А. Первоисточники по истории раннего христианства. Античные критики христианства. М., Политиздат, 1990, c. 172.
[15] “Celsin əleyhinə” kitabında (1, 47) Oriqen hətta yazirdı ki, İosif Flaviy İsanın Məsih olmasına inanmırdı.
[16] Донини А. У истоков Христианства. М., Политиздат, 1989, c. 51.
[17] Ранович А. Первоисточники по истории раннего христианства. Античные критики христианства. М., Политиздат, 1990, c. 172, c. 209.
|