Aydın Əlizadə

Qədim Misir ilahiyyatında dünyanın yaranması

Bilindiyi kimi, əsatirlər hər bir mədəniyyətlə bağlı olan rəvayətlər toplusu kimi tərif edilir. Əsatirlərdə dünyanın yaradılışı, insanın dünyadaki yeyi və rolu haqqında baxışlar əks olunur. Həmçinin, əsatirlərdə ilk insanın yaranması və yer üzündə məskunlaşması mövzusu özəl bir yer tutur. İnsanlardan daha uca olan tanrılar da bu cür rəvayətlərin mərkəzi mövzularındandır. Əsatirlər həmdə mədəniyyətlərin dəyərləri və inancları haqqında bilgi verir. Tədqiq olunmuş hər bir mədəniyyətin öz əsatirlər toplusu vardır.

Qədim Misirdə əsatirlər şox yayılmış və xalqın dünyagörüşünü əks etdirirdi. Onların arasında dünyanın yaradılışı haqqında ilahiyyat mövzulu əsatirlər özəl yer tutmuşdur. Onlar bir birindən fərqli olsalar da, bənzər cəhətləri də vardır. Məsələn, əsatirlərin hamısında ilkim Su (Okean), ilkin Təpə anlayışları vardır. Əsatirlərə əsaslanmış dünyanın yaranması haqqında qədim misirlilərin dünyagörüşü ölkənin dörd siyasi və dini mərkəzlərində: Heliopolis’də, Memfit’də, Hermopolis’də və Tebes’də, formalaşmışdır.

  1. Heliopolis ilahiyyatı

Qədim misirlilər kainatda öz yerləri haqqında düşünmüşdürlər. Buna görə də onların əsatirləri təbiət, yer, göy, ay, gönəş, ulduzlar və Nil çayı ilə bağlı mövzuları əhatə etmişdir. Misirlilər hal-hazırda Qahirənin yaxınlığında xarabalıqları tapılan Heliopolisi (Ἡλιούπολις) günəş şəhəri sayırdılar və onun adı da yunancadan bu mənada tərcümə olunur. Qədim Misir dilində isə bu şəhərin adı İunu (sütunlar şəhəri) olmuşdur. Orada ilahiyyat və mədəni mərkəzlər yerləşmişdir. Həmdə bu şəhər uzun müddət Misirin siyasi mərkəzi olmuşdur. Heliopolisin əsatirlərində kainatın yaranmasına yer verilsə də onlar fraqmentar şəkildə bir çox yazılı mətnlərdə bizə çatmışdır. Bunlardan biri məhşur “Piramidaların mətnləri” kimi tanınan qədim Misirin yazılar toplusudur Bu barədə hansısa bir tam rəvayət yoxdur.

Bu fraqmentlərə görə, hər şeyin başlanqıcında xaos şəklində olan sonsuz su burulğanı olan Nun okeanı durmuşdur. Sonra nədənsə sular geri çəkildi və yer üzə çıxdı. Su burulğanından çıxan ilk tanrı Atum olmuşdur. Beləliklə Atum Nun’dan zamanın başlanqıcında günəş tanrısı kimi çıxmış və dünyanı yaratmışdır. O dünyada tənha olanda özü özü ilə cinsi əlaqəyə girmişdir. Beləliklə o, ikicinsli olmiş; həm kişi, həm də qadın idi. Bunun nəticəsində o, oğlu Şu’nu və qızı Tefnut’u doğmuşdur. Şu hava olaraq həyatın, Tefnut isə yaqmur olaraq nizamın prinsipləri kimi təsəvvür edilirdilər. Bu üçlük Nun’un su burulğanında qalmışdır. Sonra isəAtum uşaqlarından ayrıldı. Onlar yenidən bir araya gəldikdən sonra Atum göz yaşları axıtdı. Bu göz yaşları yerə dəyəndə dünya yarandı. Şu və Tefnut isə, fironların taxtlarının agibətini həll edən, yer tanrısı Geb’i doğdular. Göy tanrıcası olan Nut da Şu və Tefnut’dan doğuldu və göyü yerdən ayırdı. Geb və Nut isə.



Heliopolis enneadasının
sxematik yaradılışı (A)

Osiris, Isis, Set, and Neftis tanrılarını doğdular. Qədim Misir mifologiyasında tanrılar bir-birləri ilə gohumluq bağları ilə bağlı idilər. Atum həmdə misirlilərin sitayiş etdikləri peyin böcəyi olan Kepri, qanadlı günəş diski Ra-Harakte, günorta çağının günəşi Ra, üfüqdə olan günəş diski Aton və ya Horus kimi də tanınırdı. Atumu hansı adla çağırıldığından asılı olmayaraq o, kainatın yaradıcısı sayılmışdır. Atum gün ərzində Nut’la səyahət etmiş və sonra onun tərəfindən udulurdu. Səhər çağlarında isə Nut onu hər dəfə yenidən doğur və göy işıqlanır.

Atum, Şu, Tefnut, Geb, Nut, Neftis, Set, İsida və Osiris tanrıları Heliopolisin böyük tanrılar doqquzluğunu (enneada’sını) təşkil edirlər. Qədim Misir dilində bu doqquzluq “Pesdjet” adlanır. Heliopolis kosmoqoniyasının daha bir fərqli versiyası vardır. Orada dünya tanrı Ra tərəfindən yaradılır.

Bu da qədim misirlilərdə hələ firon Ehnatonun islahatlarından öncə monoteizmin olduğuna dəlalət edir. Bu versiya “Bremper-Ripd” adlanan bir parirusda tapılmışdır.

 

12_0
“Piramidaların mətnlərindən” bir nümunə (B)

“Piramidaların mətnlərində” dünyanın yaradılışı

1587: Salam olsun sənə Atum. Salam olsun sənə özünü yaratmış Kepri. Sən öz adında “Təpə” yüksək zirvəsinə çatmısan. Sən buna öz adın olan Xepri ilə yüksəlmisən. (1)

1248: Atum masturbasiya edərək özü-özünü Heliopolis’də yaratmışdır. O öz kişi cinsi alətini əlinə alaraq şəhvətlənmiş və tumunu ifraz etmişdir. Bundan da Şu və Tefnut yaranmışdırlar.(2)

1652: Ey Atum-Kepri, sən Heliopolis’də əbədi Ben-Ben təpəsindəki Venu məbədində yüksələndə, Şu’nu özündən tüpürmün, Tefnutu qusdun. Sən onları ilahi Ka olan öz əllərinlə bağrına basdın ki, səndə olan Ka onlarda olsun. (3)

Bremer-Rhind papirusunun fraqmentləri

26.21-27.1: Mən (Ra) Kepri kimi var olmuşam. Qalan şeylər məndən sonra var oldular və çoxları mənim ağzımdan çıxdılar. Yer və göy olmamışdır. Torpaq və onun üzərində olan ilanlar da olmamışdırlar. Mən onları yoxluqdan, Nundan yaratmışam. Mən özümə orada yer tapmadım və (yaradılışı) öz ürəyimdə düşündüm. Mən, bir olaraq, bütün obrazları yaratdım. Çünki o zaman mən hələ Şu’nu tüpürməmişdim, Tefnu’tu qusmamışdım. Mənimlə danışan başqa varlıq olmamışdır. Mən öz yumruğumla birləşdim, əlimlə cinsi əlaqəyə girdim, cinsi toxumum mənim ağzıma düşdü. Bunun nəticəsində mən Şu’nu tüpürdüm, Tefnu’tu qusdum. Mənim atam Nun dedi: “Qoy onlar böyüsünlər”. Biz ayrılanda, mənim Gözüm onları qorumuşdur.

27.1-27.4: Mən tək tanrı olanda mənimlə üç tanrı da olmuşdur – Nun, Şu və Tefnut. Mən bu dünyada olanda Şu və Tefnut, olduqları Nunda sevinirdilər. Onlar mənim Gözümü gətirdilər. O zaman mən öz üzvlərimi bir yerə yığdım. Mən onların üstünə öz göz yaşlarımı tökdüm və onlardan insanlar çıxdılar. Gözüm geriyə qayıdıb gördü ki, mən onu daha da möhtəşəm (Gözlə) əvəz etmişəm. Lakin mən onu mənim (mühafizəçim kimi) irəliyə çəkdim, ona yer verdim. Mən köklərdən yarandım, mən bütün ilanları və onlarla olanı yaratdım. (4)

  1. Memfit ilahiyyatı

Memfit yaradılış əsatirləri Ptah adlı tanrı haqqında bəhs edirlər. O yunanların ilk oda çevrilmiş dəmirçiliyin tanrısı olan Hefestosun bənzəridir. Bu əsatirlər Misirin uzun müdət baş şəhəri olmuş Memfitdə yaranmışdırlar. Oradan fironlar ölkəni idarə edirdilər. Şəhərin adı VI-cı sülalınin fironu I Pepinin dəfn olunduğu “Mennefer Pepi” adlı məzarlığından əmələ gəlmişdir.

Ptah Memfitin yaradıcı tanrısı idi. Ona uzun müddət ibadətlər edilirdi. O, həmdə Het-ka-Ptah (Ptah ruhunun evi) adı ilə tanınmışdır. Eyni zamanda ona Ta-tenen (ilk Təpə) də deyirdilər. Memfit yadadılış əsatirlərində Ptah dünyanı, onun sakinlərini, tanrıların Ka’larının (təcəssüm olunmuş ilahi ruh) yaradıcısıdır.

Memfit yaradılış əsatirlıri hal-hazırda Britaniya museyində saxlanan bir daş lövhə üzərində həkk edilmişdirlər. Bu mətn təxminən e.ə. 710 ildə Misirin 25-ci firon sülaləsi dövründə Nubiyalı firon Şabakanın sifarişi ilə yazılmışdır. Orada dünyanın bir Tanrı tərəfindən yaradılması haqqında rəvayət edilmişdir. O, öz düşüncəsi və sözü ilə dünyanı yaratmışdır. Beləliklə, monoteizm elementləri ilə yazılmış ən qədim yaradılış əsatiri məhz budur.

Новый ри_0
Şabakanın daşı (fraqment).
Britaniya muzeyi, London (C)

Lakin təəssüf ki, Şabaka daşının bir hissəsinin yazıları silinmiş və o hissənin oxunması mümkün olmamışdır. Eyni zamanda Bremer-Rhind” papirusunda da günəş tanrısının dünyanı yaratması haqqında iki monoloqu vardır.

Şabakanın mətnində Ptah’ın çeşitli keyfiyyətləri də sadalanmışdır. Onlardan biri Sözlə, Dillə təcəssüm etməsidir. Daha sonra yunan fəlsəfəsində də kainatın taleyi Sözlə (Loqos’la) ifadə edilirdi. Daha sonra isə monoteist dinlərdə Tanrının Sözü yaradılışın mühüm aspektini təşkil etmişdir. Göründüyü kimi, Tanrının Sözlə birğə təsəvvür edilməsi qədim Misirda olmişdur. Həm də Ptah yaradılışdan öncə bu dünyanın necə olacağını dərk etmişdir. Ptah Böyük Enneadı yaratmış, öz ürəyinin İstəyi və Sözü ilə hər bir şeyə keyfiyyət vermişdir. Ptah sözü “Yaradan” kimi anlaşılır. O, əlində həyat (ankh), güc (uas), və müvazinətin rəmzi olan hökmdar əsasını titmuş mumyalanmış kişi şəklində təsvir edilirdi.

Bundan başqa Memfitdə birlikdə təsəvvür olunan tanrı üçlüyü inancı olmuşdur. Ptahla birlikdə olan tanrılar: “Güclü” adlandırılan dişi aslan Sekmet, və “Atumun icra edilməsi” adını daşıyan Nefertum olmuşdurlar. Ptah-Sekhmet-Nefertum üçlüyünə Memfit üçlüyü deyirlər.

Bunun kimi tanrı üçlükləri başqa dinlər də vardır. Örnək üçün, Hindlər də Brahman, Şiva və Vişnu tanrılarının birliyini kainatın yaradıcı və idarə edici bir gücü kimi təsəvvür edirlər. Monoteist dini olan Xristianlıqda da İlahi birlik Üçlükdə (Ata, Oğul, Müqəddəs Ruh) təsəvvür edilir.

Şabakanın mətnində Ptah’ın həmdə taxtının (kürsüsünün) üzərində olduğu haqqında deyilir: “Böyük taxtın üzərində olan Ptah...” (5). Bu məqama da gələcəkdə monoteist dinlərində rast gəlinir. Məsalən Quranda bir neçə dəfə Allahın ərşinin (taxtı, kürsüsü) olduğu haqqında deyilir: “Rəhman ərşi yaradıb hökmü altına almışdır (ərşə hakimdir).” (Quran 20: 5).

Dunyanın yaradandan sonra Ptah öz etdiyindən məmnun qalmışdır. Bu məqam da Əhdi Ətiqdə də vardır: “Tanrı gördü ki, yaratdığı hər şey çox yaxşıdır” (Yaradılış, 1: 31).

Misir əsatirlərində Ptah məhz yaradıcı kimi təsəvvür olunur. O, emanasiya səklində özündən dünyanı axıdan Atumdan fərqli olaraq, kainatı yaradır. Ptah haqqında olan əsatirlərdəki monoteizm elementləri bu müvzuda bizə məlum olan ən qədim xəbərlərdir. Gələcəkdə Misirdə daha bir monoteizm meyli firon Ehnaton dönəmində olmuşdur. Lakin qeyd edilməlidir ki, bizə çatan mətnlərdə monoteizm nisbi olmuş, onunla bırabər bütpərəstlik motivləri də güclü olmuşdur.

Şabakanın daşından yaradılış haqqında bəhs edən fraqmentlər

Atumun obrazında ürəkdə (fikir) yarandı, Atumun obrazında dildə (fikir) yarandı...

Orada ürəyində formasını, orada dilində formasını aldı Atumun. Öz ürəyi və dili vasitəsilə bütün tanrılara və onların Ka’larına verən böyuklərdən biridir Ptah...

Sonra dedi Ptah: “O, hər şeyi və tanrıları yaradandır”. O, tanrıların doğulmasına imkan verən Ta-tenen’dir. Ondan sonra bütün şeylər qida, təminat, tanrılara qurbanlar, başqa yaxşı şeylər irəli gəlmişdir.Beləliklə tanrıların arasında öz böyüklüyünü bilib anladı. Sonra Ptah öz yaratdığı bütün şeylərdən və ilahi Sözlərdən məmnun qalmışdır.

O tanrıları doğmuş, O şəhərlər salmış, O vilayətləri (nomları) qurmuş, tanrıları ibadət yerlərində yerləşdirmiş, onların bədənlərini istədikləri kimi qurmuşdur. Beləliklə tanrılar taxta, daş, gil... (və başqa şeylərə) girdilər və öz obrazlarını aldılar. Onun ətrafında bütün tanrılar və Ka’lar yığışdılar.

  1. Hermopolis ilahiyyatı

Hermopolis (Ἑρμοῦ πόλις) yunan dilində onların tanrısı olan Hermesin şəhəri deməkdir. Məsələ burasındadır ki, onlar bu şəhərin tanrısı olan Jehuti’ni (yunanca Tot’u) Hermeslə eyniləşdirmişlər. Çünki onların hər ikisi müdrikliyin, yazının və şəfanın tanrıları olmuşdurlar. Misir dilində şəhərin adı Kmun (Səkkiz-şəhər) olmuşdur. Şəhərdə XXX-cu firon sülaləsi zamanı inşa edilən Tot tanrısının böyük məbədi olmuşdur. Lakin ola bilsin ki, bu məbədin tarixi daha qədim zamanlara yüksəlir. Orada həm də Gədim Misir tarixinin yeni və orta çarlıqları dönəminə aid olan məbədlər də olmuşdur. Bundan başqa şəhərdə Tot’un əntər (pavian) meymunu formasında böyük heykəli olmuşdur.

Burada yaranan “Oqdoada” (Böyük Səkkizlik) adlanan yaradılış əsatirində ilkin simalaşdırılmış güclərdən söhbət açılır. Onlar oncə olan xaosa qarşı mübarizə aparmışdırlar. Oqdoada dörd tanrı cütlüyündə təsəvvür edilirdi. Dörd rəqəmi tamlıq kimi anlaşılırdı. Bunun mənası dəqiqliklə bilinmir. Ümumiyyətlə Hermopolisin xarabalıqlarında yaradılışı açıqlayan o qədər də çox yazılar tapılmamışdır. Bu barədə ən erkən dövrə aid olan xəbər “Piramidaların mətnlərində” (§ 446) tapılmışdır. Orada deyilir: “Sizə təklif olunmuş çörəyiniz vardır. Ey Niu və Nenet siz tanrıların iki qoruyucularısınız. Siz öz kölgələrinizlə tanrıları qoruyursunuz. Sizə təklif olunmuş çörəyiniz vardır, Ey Amon və Amaunet. Siz tanrıları öz kölgənizlə qoruyursunuz. Sizə təklif olunmuş çörəyiniz vardır. Ey Atum və Ruti,siz özünüz öz tanrılığınızı və şəxsiyyətlərinizi yaratmısınız. Ey tanrıları yapan, gəliştirən və quran Şu və Tefnut…”. (6)

Bir-birini tamamlayan dörd tanrı cütlüyü vardır. Hər tanrının tanrıcası vardır. Bu cütlük misirlilərin düşüncəsində bir tamlıq kimi təsəvvür edilirdi. Tanrı qurbağa, tanrıca isə ilan başlı təsvir olunurdurlar.Bu cütluklər və onların mənaları aşağıdakılardır:

http://www.lionessofthesun.com/main/glossary/H/HermopolitanTheology/nun

Nun

.………İlkin su……….

Naunet

http://www.lionessofthesun.com/main/glossary/H/HermopolitanTheology/naunet

http://www.lionessofthesun.com/main/glossary/H/HermopolitanTheology/huh

Huh

.……..Sonsuzluq…….

Hauhet

http://www.lionessofthesun.com/main/glossary/H/HermopolitanTheology/hauhet

http://www.lionessofthesun.com/main/glossary/H/HermopolitanTheology/kuk

Kuk

………Zülmət………..

Kauket

http://www.lionessofthesun.com/main/glossary/H/HermopolitanTheology/kauket

http://www.lionessofthesun.com/main/glossary/H/HermopolitanTheology/amun

Amon

…..…….Hava…………

Amaunet

http://www.lionessofthesun.com/main/glossary/H/HermopolitanTheology/amaunet

Misirliləin inancına görə bu ilkin substansiyaların ixtilafları olmuş və bunun nəticəsində böyük partlayış baş vermiş, ilkin Təpə yaranmışdır. Sonra bu yerdə Hermopolis şəhəri salınmışdır. Lakin öncə bu yerə “Od adası” demişdirlər, çünki misirlilərin inanclarına görə, günəş tanrısı burada doğulmuş və göyə yüksəlmişdir. Beləliklə, hər şeyin atası və anası olmuşdur. Bu cütlüklər günəşi doğmuş və Atumu yaratmışdırlar.

Birlik kimi təsəvvür edilən Oqdoada ilkin sudan (Nu’dan) qırağda olan yerdə Kosmik Yumurtanı yaratmışdırlar. O zaman hələ günəş olmadığından o, gözə görünməz olmuşdur. Başqa qaynaqlarda isə, yumurta sonra Amon – Amaunet cütlüyünə keçmiş, hava ilə dolu olmuşdur. “Məzarların mətnlərində” hər şeyin ilkin yaradılışı haqqında belə deyilmişdir:

“Ey Atum mənə sənin burnunda olan havanı ver. Çünki mən Böyük səsli-küylü quş olan bu yumurtayam. Mən yeri göydən ayıran böyük dirəyin qoruyucusuyam. Mən yaşayıramsa, o yaşayacaq; mən qocalıramsa, o qocalacaq; mən havanı nəfəsimə alıramsa, bu hava ilə nəfəs alacaq.Mən dəmiri parçalayanam. Mən yumurtanı dolanıram. (Mən) sabahın rəbbiyəm”. (7)

Əsatirin başqa mətnlərində yumurtanı isidən və onun üstündə oturan qazdır. Bu İlk Qazla Atum yaradıcı kimi eyniləşdililmişdir. İnanca görə bu Qaz yaradılışdan öncə yumurtanı özündə gəzdirmişdir. Bu əsatir bizə tam variantda çatmasa da, bir mənalı demək olar ki, orada guş şəklində olan günəş yumurtadan çıxmışdır; İlk Qazın oturduğu və qızdırdığı yumurtadan çıxmışdır. Bu yumurtanı İlk Qaz yaradılışın sularına qoymuşdur. O həmdə yaradan tanrı olan Atum’un forması olmuşdur.

Beləliklə Ogdoada’ya görə:
1. Yaradılış İlk Təpə və ya Kosmik Yumurta vasitəsilə yaradılır;
2. Kosmik Yumurta İlk Gaz tərəfindən yaradılır;
3. Kosmik Yumurta havanı və ya quşu özündə saxlayır;
4.Quş gönəşin formasıdır.

İlkin yaradılışın formaları ilkin suların qaranlığında baş vermişdir. Yaradılış yumurta kimi siklik (dairəvi) şəkildə olmuş, eniş-ölüm-dirilmə-yeniləşmədən ibarətdir. Deməli hər şey var olmaqdan öncə ideya şəklində olmuşdur. Bu varlıqlardan biri Nun, başqaları qurbağalar və ilanlar olmuşdurlar. Qurbağalar münbitliyin, ilanlar isə (dərilərini dəyişdirdiklərinə görə), dirçəlmənin simvolları olmuşdurlar. İlk yaradıcı Nundan başqa yaradılışlarla əlaqədə yaranmışdır. Yaradıcı tanrı qalan kosmosu yaratmışdır.

  1. Tebes ilahiyyatı

Tebes (latıncaThebes) şəhəri qədim qədim Misirin orta və yeni çarlıqları dönəmlərində ölkənin baş şəhəri olmuşdur. Yunanlar onu Thēbai (Θῆβαι), ərəblər ībah (طيبة) adlandırırlar. Qədim Misir dilində isə şəhərin adı Uaset olmuşdur. Paytaxt şəhər olmazdan öncə orada göy tanrısı Min, günəş tanrısı Amon və savaş tanrısı Montu’ya ibadət edirdilər. Sonra isə Montunu münbitlik, yağmur, insanın seksual gücü kimi tanımışdırlar.

XI-ci sülalənin yönətimi çağlarında Misirin şimalı və cənubu birləşmiş Tebes isə dövlətin paytaxtı olmuşdur. Bu zaman Montu da çox tanınmışdır. Sülalənin fironları öz adlarını onunla bağlayırdılar. Buna örnək kimi firon Mentuhotep’i (Montu ondan razıdır) göstərmək olar. O zaman Montu panteonun baş tanrısı olmuş və günəşlə eyniləşdirilmişdir. O Ra (Atum) tanrısının təcəssümü elan edilmişdir.

Orta çarlıq dönəmində Tebesdə Amon tanrısının əhəmiyyəti artmışdır. XII sülalənin fironları öz adlarını onunla bağlayırdılar. Örnək kimi Amenemhet’i (Aton başda olan) göstərmək olar. Bəlkə də Hermopolis ilahiyyatı daha da önəmli olmiş və Thebes kahinləri Montu kultunu Amonla əvəz etmişdirlər. O zaman Amon və Min tanrıları eyniləşdirilmişdirlər. Amon kultu isə Günəş tanrısı Ra ilə bərabərləşmiş və onların hər ikisinə ibadət edilmişdir. Yeni çarlıq dönəmində onlar da eyniləşdirilmişdir. Halbuki Heliopolisdə bu tanrı olmamış, Hermopolisdə isə ikinci dərəcəli olmuşdur.

Hiksoslar Misiri fəth edəndən sonra Tebesin əhəmiyyəti enmişdir. Şəhərin dirçəlməsi və yenidən paytaxt olması XVIII sülalənin dönəmində (e.ə. II minilliyin ortalarında) baş vermişdir. O zaman Amon və Ra tanrıları birləşmiş və Amon-Ra kainatın və insanların yaradıcısı, tanrıların atası, fironların himayəçisi kimi tanınmışdır. Amonun arvadı Mut tanrıcası olmuşdur. Onların oğlu Honsu tanrısı olmuşdur. Amon-Mut-Honsu üçlüyu Thebesdə tanrı birliyi kimi gəbul edilmişdir. Ona “Tebes üçlüyü” deyirlər.

Tebes ilahiyyatında, Memfit ilahiyyatında olduğu kimi, tanrı üçlüyu vardır. Tebes yaradılış əsatirləri bir çox məqamlarda anlaşılmır. Tapılmış mətnlərin fraqmentlərinə görə onun qısa məzmunu belədir:

Zamanın başlanqıcında Kam-at-f (öz zamanına çatmış) adlı ilan olmuşdur. Adından görsəndiyi kimi vaxtı çatanda o ölmüşdür. Onun Ir-ta (yeri yaradan) adlı oğlu olmuşdur. O atasının başladığı yaradılış işini davam etdirmiş və Hermopolis səkkizliyinin tanrılarını (oqdoadanı) yaratmışdır. Orada Amon-Amonet cütlüyü də olmuşdur. Amon özünü ilkin ilan elan etmişdir. Yaranandan sonra Səkkizlik Memfit və Heliopolisə getdilər, orada Ptah və Atumu yaratdılar.

Haşiyələr:

1. “Günəşə erkən himn”. Deyim 587. // The Pyramid Texts.

2. “Əsasən ölmüş kralın hüzuru və göydə həyatı haqqında bəhs edən qarışıq mətn”. Deyim 527. // The Pyramid Texts.

3. “Qarışıq məzmunlu mətnlər”. Deyim 600. // The Pyramid Texts.

4. The Bremner-Rhind Papyrus: IV, by R. O. Faulkner © 1938 Egypt Exploration Society.

5. The Shabaka Stone.

6. Qayıqçı və ölmüş kralların yüksəlişi. Deyim 301 // Pyramid Texts.

7. Məzarların mətnləri, 223 // The Egyptian Coffin Texts, Volume 3: Texts of Spells 164-267. ( Adriaan de Buck). Chicago, 1947.

Şəkillər:

A. http://www.kheper.net/topics/Egypt/ennead.jpg
B. http://www.lib.uchicago.edu/eos/images/PJ1553.A1_1908_cop3/PJ1553.A1_1908_cop3_12.JPG
C. http://www.maat.sofiatopia.org/iline3-7.jpg

Ədəbiyyat:

  1. The Pyramid Texts. (1952) - Translation by Samuel A. B. Mercer. Charleston: Bibleolife, 2008.
  2. The Egyptian Coffin Texts, Volume 3: Texts of Spells 164-267. ( Adriaan de Buck). Chicago, 1947.
  3. Kurt Sethe. Die Altaegyptischen Pyramidentexte Pyramidentexte nach den Papierabdrucken und Photographien des Berliner Museums.Leipzig: J. C. Hinrichs'sche Buchhandlung, 1908.
  4. Faulkner, Raymond. (1935) "The Bremer-Rhind Papyrus," Journal of Egyptian Archaeology, 21.
  5. Kurt Sethe. Die Altaegyptischen Pyramidentexte Pyramidentexte nach den Papierabdrucken und Photographien des Berliner Museums.Leipzig : J. C. Hinrichs'sche Buchhandlung, 1908.
  6. The Memphite Theology// KHEPER. transformation - evolution – metamorphosis.
  7. The Ogdoad of Hermopolis // The Ancient Egipt Religion.
  8. Lucy Lamy. Egyptian Mysteries. Art and Imagination Series, New York Paris: Thames & Hudson, 1981, p.11-12.
  9. Матье М. Э. "Древнеегипетские мифы". М., 1956

"Dövlət və din" jurnalı 1(15)
yanvar-fevral 2010