Aydın Əlizadə Yeni dövrdə millətin əxlaq problemi ilə bağlı bəzi mülahizələr1. Əxlaqın nisbi anlayış olması Əxlaq (latınca moralis " xassiyətə aid olan) " insan hərəkətlərinin normativ tənzimlənməsinin əsas üsullarından biridir. Bir anlayış kimi əxlaq, xassiyətə aid olan baxışlar və hisslərdə, həyatın yönümü və prinsiplərində, hərəkətlərin və insan münasibətlərinin niyyət və məqsədlərində xeyir və şər, vicdan və vicdansızlıq, qeyrət və qeyrətsizlik, ədalət və ədalətsizlik, nizam və nizamsızlıq, mərhəmət və sərtlik kimi kateqoriyaları fərqləndirərək əhatə edir. Lakin bu tərifdə hallandırılan kateqoriyaları kim, yaxud hansı meyyar təyin edir? Məsələ burasındadır ki, xeyir və şər, vicdan və vicdansızlıq və s. kimi anlayışlar nisbidir. Nəyə nisbətən bu kimi xassiyətə aid olan baxışlar və hisslər təyin edilə bilər? Axı, müsahidə etdiyimiz kimi, müxtəlif insan və cəmiyyətlər üçün hər bir şey eyni zamanda həm ədalətli, həm də ədalətsiz ola bilər. Məsələn, hansısa məmur üçün səviyyəsiz, lakin "öz" adamını vəzifəyə çəkmək normal və adalətli hərəkətdir. Lakin bunun nəticəsində işsiz qalan yüksək səviyyəli peşəkar bunu özbaşınalıq və ədalətsizlik kimi qiymətləndirir. Kimsə fahişəliyi əxlaqsızlıq, kimsə pul qazanmaq üçün normal bir vasitə sayır. Belədirsə, onda əxlaqın obyektiv ölçüsü nədir? Nəyə nisbətən bir şeyi əxlaqlı, başqasını isə əxlaqsız saymaq olar? İctimai məqsədəuyğunluq amilinin əxlaqın meyarı olması fərziyyəsini irəli sürürlər. Bu o deməkdir ki, əqər insanlara hansısa davranış qaydaları və adətlər fayda verirsə, onda məhz bu meyar əxlaqın obyektiv ölçüsüdür. Lakin müxtəlif cəmiyyətlərdə bu amil nisbi ola bilər. Çinli üçün hansısa bir şey faydalı, türk üçün isə faydasız ola bilər. Bundan başqa müxtəlif cəmiyyətlərdə ictimai davranış və əxlaq fərqlidir. Məsələr, Aralıq dənizi hövzəsi ətrafında yaşayan xalqları istibdad altında saxlamaq və onlara zülm etmək Roma imperiyasında normal hal kimi qəbul edilmişdir. Orada saysız insanların məhv edilməsi (xüsusən kölələrin) əxlaqa uyğun idi. Özünü yüksək mədəniyyət sahibi sayan Roma vətəndaşı başqa xalqları barbar adlandırıb qladiator döyüşlırindən; "çörək və tamaşalar" tələb edən Roma xalqı isə çarmıxa şəkilmiş insanların iztirablarından həzz alırdılar. Təkcə bir Spartakın başçılıq etdiyi qiyamın yatırılmasından sonra, çarmıxlar Romaya gedən yollar boyu quraşdırılmış və onların üzərində minlərlə üsyançı edam edilmişdir. Daha sonra isə, romalılar amfiteatrlarda və küçələrdə şirlərin insanları parçalamasından həzz alırdılar. Qədim zamanlarda iranlılar öz anaları və bacıları ilə kəbin kəsdirib, onlarla cinsi əlaqəyə girirdilər. Misir fironları Aralıq dənizinə su kanalının qazılması zamanı yüz min köləni məhv etmişdirlər. Kartacada (Karfagendə) Bəl, yaxud Yukatan yarımadasında Ketsalkoatl tanrılarının ardıcılları insanları bu tanrılara qurban verilməsini möminliyin ən yüksək məqamı sayırdılar. Assurlular başqa xalqları kütləvi surətdə məhv etmək, köləliyə satmaq normal hal kimi qiymətləndirirdilər. Onların özlərinə məxsus, Neynəva və Ərbildə İştar tanrıcasının məbədlərində xalqın kütləvi surətdə bir biri ilə cinsi əlaqələrə girməsinə icazə verən əxlaq anlayışları olmuşdur Bizim günlərimizdə də insanlar həyatarını eyş-işrət, sərxoşluq içində keçirməyə meyllidirlər. Onlar rüşvətxor olmaq, qanunsuzluqlar törətmək və başqalarının hüsabına "gözəl" həyat sürmək istəyirlər. Başqaları isə onları qınayıb, bu cür həyat tərzini pisləyirlər. Onlar "başqalarına ziyan yetirməmə" prinsipini irəli sürürlər. Lakin hansı meyarın əsasında onlar özlərini haqlı, "eyş-işrət əhlini" haqsız hesab edirlər? Bəlkə elə onlar əsl əxlaq sahibləridirlər? Onu da əlavə etmək lazımdır ki, "eyş-işrət əhlini" qınayanlar onlarda olan imkanlardan, pullardan məhrumdurlar. O imkanları əldə edəndən sonra isə, özləri də o cür həyat tərzini aparmağa üstünlük verirlər. Çünki insan imkanlı, güclü, pullu olanda istədiyini edə bilər. Bu səbəbdən keçmişdə yaşayan çarlar özlərini hətta tanrı elan edirdilər. Yalnız güclünün yaşamağa haqqı olması haqqında fəlsəfi nəzəriyyələr də vardır. Məsələn, Nitsşeyə görə əxlaq yanlız zəyif və yaramaz insanlara lazımdır. Onlar güclü və iradəli adamları bu anlayışı qəbul etməyə zorlayırlar. Buna görə də güclülərin iradəsi zəyiflərə qalib gəlib, onları məhv etməlidir. Məhz belə olan təqdirdə güclülər möhkəmlənib, bəşəriyyəti tərəqqiyə doğru apara bilərlər. 2. Monoteizmdə əxlaq Beləliklə, hansısa bir obyektiv dəyərlər sistemi olmasa, əxlaq nisbi anlayış olur. Bu sistem çərçivəsində əxlaq və xassiyət anlayışları mücərrəddən konkret və obyektiv anlayışa çevrilməlidir. Belə dəyərlər sistemi yalnız din ola bilər. Dində, bir necə ən sadə əxlaq müddəaları mövcuddur ki, onların vasitəsi ilə əxlaqın konkret tərifi verilir və onun məqsədləri göstərilir. Bu səbəbdən monoteizmdən kənarda əxlaqın obyektiv anlayış olmaması iddiası irəli sürülüb sübuta yetirilə bilər. Din olmayanda, əxlaqın obyektiv meyyarı da ortalıqdan qaldırılır və o mücərrəd anlayışa çevrilir. Dini əxlaq dini dünyagörüşünün təsiri altında formalaşan əxlaqi anlayışların və prinsiplərin toplusudur. Bütün bunlar fövqəltəbiidir, mənbələri isə Tanrıdadın. Məhz məsələnin belə qoyuluşu əxlaqı konkretləşdirərək obyektivləşdirir. Dini əxlaqın və xassiyyətin əsas fərqləndirici xüsusiyyətləri bu anlayışların məqsədlərinin açıqlamasındadır. Yalnız monoteizm sistemində insan "nə üçün bu hərəkəti məhz belə edirəm", "nə üçün buna zidd olan tərzdə davranmaqdan imtina edirəm" suallarına cavab verə bilər. Doğrudan da, insan düşüncəsi əxlaqsız həyat tərzinin keçirilməsinin, dövlət əmlakının mənimsənilməsinin, təkəbbürün, yalançı şahidliyin və s. nə üçün qüsurlu olmalarını sərbəst izah edə bilməz. Hər hansı hərəkətin əxlaqa uyğun və ya əxlaqsız olduğunun obyektiv ölçüsü olmasa, hər bir adam istənilən hərəkətin edilməsində haqqlıdır. Bu halda, israfçılıq edən, rüşvətxolluğa qurşanan, əxlaqsız həyat tərzi keçirən, başqalarını qarət edərək firavan yaşayan hər bir adam öz hərəkətlərini nörmal, hətta böyük qəhramanlıq kimi qiymətləndirə bilər. Bu kimi adamları təqdir edənlər isə onları alqışlayıb "yaşamağı bacarırlar!" deyəcəklər. Onlar hesab edəcəklər ki, bunu etməyənlər bacarıqsız və qeridə qalmışdır insanlardır; onlar alçaldılmalıdırlar və buna layiqdirlər. Belə "bacarıqlı" adamların baxışlarına görə, vətən uğrunda canından keçən; ölkəsinə və millətinə xidmət edənlər; elmlərlə dərindən maraqlananlar, çoxlu kitab oxuyanlar, alicənab düşüncələrə malik olanlar, ağıllı nitqlərlə, məqalələrlə, kitablarla çıxış edənlər qəribə insanlardırlar; hətta onlar təhlükə mənbəyi olub, təəssübkeş və fanatiklərdirlər; cəmiyyəti pozmamaq üçün təqib edilməli təcrid olunmalıdırlar. Doğrudan da, əgər insan varlığının məqsədi yalnız bu dünyadakı həyatıdırsa, onda eyş-işrətə, dəbdəbəyə və təkəbbürə xidmət edən nə varsa yüksək əxlaq və qabiliyyət elan olunacaq. Məsələ buradsındadır ki, yalnız bu dünya üçün yaşayan və bundan başqa heç bir ciddi əqidə sahibi olmayan adam üçün onun maddi varlığına xidmət edən hər bir şeyi əxlaqa uyğun hesab edəcək. Tanrıya və ölümdən sonrakı həyatın olmasına inansa belə o, bunları özü üçün qəlbindəki bütlərə çevirəcək. Bu bütlər onun hər bir dünyavi istəyinin əldə edilməsinə mane olmamalıdırlar. Mane olarlarsa, onların özləri üçün pis olacak, onlar rədd edilib başqaları ilə əvəz ediləcəklər. Ölümdən sonra həyata isə onlar yalnız ölüm qarşısında aciz və yığdığları maddiyatın sonlu və nəticə etibarı ilə mənasız olmasına görə inanırlar. Yalnız ölümdən qorxu və hər şeyin mənasız olması bu adamları formal olaraq axirət inancını təstiqləməyə vadar edə bilər. Axı onlar nə üçün bu qədər maddiyat üçün çarpışırlar? Lakin bu inancın olması onları əyri yollarla maddi sərvətlər əldə etməkdən cəkindirmir və bu adamlar öz əməllərinə həmişə bəraət qazandırmağa hazırdırlar. Beləliklə, yalnız dində əxlaqın mənası açıq şəkildə açıqlanır: Əxlaq və xassiyət Tanrının razılığına nail olmaq üçün lazımdır. Əxlaqlı (din baxımından) olmalarına görə Tanrı, hər bir insanı bu dünyada və axirətdə mükafatlandırır. Dini əxlaq konkret müddəalar əsasında qurulmuş, onların pozulması insanın Tanrı ilə bağlılığını, daha doğrusu onların arasında olan andlaşmanı pozur. Andlaşmaya görə, insan Tanrını tanıyıb, onun açıqladığı əxlaqa riayət etməlidir; bunun müqabilində Tanrı insanı cənnətə daxil edəcək. Tanrı ilə bağlılığın pozulmasının ən ağır dərəcəsi dinsizlikdik, nisbətən yüngülü isə günahdır. Hər iki durum insanın axirət vəziyyətinə bilavasitə təsir edir. Hər bir adam günahlarına görə həm bu dünyada, həm də axirıtdə Tanrı qarşısında sorumludur. Burada axirət dunyasındakı durum daha böyük əhəmiyyət daşıyır, çünki bu dunyadan fərqli olaraq əbədidir və Tanrının verdiyi əmrlərdən yayınan adam orada əbədi olaraq əziyyətlər çəkəcək. Eyni zamanda, Tanrı üçün "hörmətli" adamlar, krallar, prezidentlər, varlılar heç bir imtiyazlara malik deyillər və hamı ilə birlikdə mühakimə olunacaqlar. Deməli, axirət anlayışı olmasa, əxlaq və xassiyət anlayışları da mənalarını itirmiş olur. Burada qeyd edilməlidir ki, hətta keçmiş Sovetlər Birliyində hökm sürən kommunizm ideologiyasında marksizm-leninizmin banilərinin simasında, kommunist partiyasının yönəldici rol oynamasında və kommunizmin gələcəkdə bütün dünyada qələbə çalması iddialarında irrasional, esxatoloji və məsihiliyə yaxın olan məqamlara rast gəlmək olardı. Lakin, Sovetlər Birliyində esxatoloji məqamlar materializm düşüncəsi çərçivəsində idi və iddia edilirdi ki, yaxın zamanlarda (ən çoxu bir-iki nəsil insanların həyatı zamanı) kommunist cəmiyyəti qurulacaqdır. Məsələ burasındadır ki, dini, axirəti inkar edən kommunistlər vətəndaşlara firavan dünyanı ən yaxın gələcəkdə vəd etməyə məhkum idilər, çünki axirətə inanmayan kütlə öz həyatlarında cənnətə bənzəyən dünyanı görmək istəyində olmuşdurlar. Lakin kommunizmi görməyən 3-4 nəsil Sovet adamları artıq bu ideyayaya ciddi əhəmiyyət verməmişdir. Ölkə dağılandan sonra isə hər şey, o cümlədən Sovet adamlarının əxlaqi əsəsları iflasa uğramışdır. Kommunist əxlaqından fərqli olaraq, dini əxlaq insanları bu dünyada deyil, axirətdə olan əbədi həyata inanmağa çağıraraq, əbədiyyata yönəldir. Onun əsasında fövqəltəbii, İlahi kateqoriyalar durur. Buna görə bu əxlaq əbədidir, heç bir siyasi ideologiya yaxud dünyavi sistemə bağlı deyildir, sərbəstdir. Bu səbəbdən dini ehkamlar əsasında qurulan əxlaq, heç şübhəsiz, davamlı və etibarlı olur. Hal hazırda inkişaf etmiş Avropa və Amerikanı hər şeyə misal gətirmək dəbdədir. Lakin bu məsələdə onlardan heç bir ciddi şey almaq mümkün deyil, çünki onların əxlaqı istehlakçılıq üzərində qurularaq, əslində materialist və mənəviyyatsızdır. Buna görə də qərb əxlaqı, Sovet sistemində olduğu kimi, yalnız onların siyasi və iqtisadi durumuna bağlıdır. Bu durum isə müvəqqətidir. Qərb sistemi çökən kimi (bu dünyada əbədi bir şey yoxdur), onun əxlaqı və qanunçuluğu da iflasa uğrayacaqdır. Bəzən deyirlər ki, dindarlar öz əxlaqlarını başqalarına zorla yeritmək niyyətindədirlər. Lakin bu doğru iddia deyildir, çünki burada problem səbəblərdədir. Məsələ burasındadır ki, əxlaqın başlanqıcı, səbəbi olmalıdır. O mücərrəd şəkildə əsassız mövcud ola bilməz. Bu halda bu səbəb, başlanğıc və mənbə nədir, haradadır sualları meydana çıxır. Dindən başqa isə bu sualların cavabları yoxdur. Əks təqdirdə əxlaq ayri-ayrı insanların həyat haqqında baxışlarına çevrilir və obyektiv anlayış kimi mövcudluğunu itirərək subyektiv kateqoriyaya çevrilir. Buna görə də "hər bir insanın əxlaq haqqında öz baxışları vardır" iddiası əsassızdır, çunki hər bir adamda fərqli olan bir şey obyektiv olaraq mövcud olmur. 3. Əxlaq və hüquq Şübhəsiz, hər bir cəmiyyətdə qanunçuluq olmalıdır. Dövlət özbaşınalıqla mübarizə aparmalı və öz vətəndaşlarını qorumalıdır. Vətəndaşlar isə qanuna hörmət edib, ona riayət etməlidirlər. Lakin burada belə bir sual meydana gəlir: ictimai və fərdi münasibətlər təkcə Qanunla tənzimlənməlidir? Məsələ burasındadır ki, bizim dövrümüzdə mənəvi-əxlaqi aspektləri inkar edərək, Qanunu mütlət kəmiyyətə çevirən iddialara tez-tez rast gəlinir. Hər yerdə qanunun həlledici rol oynaması; onun harada çox, harada az olması haqqında qızğın mübahisələr gedir. Lakin vicdan, vicdansızlıq, əxlaq, əxlaqsızlıq və s. bu kimi anlayışlar unudulur. Ümumiyyətlə bunlara müasir dünyada əhəmiyyətli yer verilmir, ciddi baxılmır. Buna görə belə bir hal yaranır ki, insanın təbii olan daxili özünü idarə etmə sisteminə ehtiyacı olmur və o, bir mexanizm kimi, yalnız Qanun adlanan xarici amillə idarə olunur. Lakin burada yalnız onunla hər şey tənzim edilə bilərmi sualı yaranır. Axı xeyir-şər, əxlaq-əxlaqsızlıq, mənəviyyat-mənəviyyatsızlıq və s. anlayışlarını fərqləndirmədən tam mənada insan adını daşımaq mümkün deyil, çünki insan hər şeydən öncə mənəvi varlıqdır və bu keyfiyyət onu heyvanlar aləmindən fərqləndirir. Müasir dünyada hökm sürən dəyərlər sistemində bütün bunlara məhəl qoymayaraq, insanın təbiətinə zidd olaraq, yalnız ruhsuz qanun topluları ilə kifayətlənməyə üstünlük verilir. Çox vaxt qanun da heç bir rol oynamır; müdiriyyətin istəyi; daha güclü, pullu və "hörmətli" adamların anlayışları ilə əvəz olunur. Qanuna və ya müdirin göstərişinə əməl edərək, başqa adamlara ziyan vermək də olar. Həm də qanunları pozmamayıb, onların üstündən ötmək olar. Daha bir sual verilə bilər: məgər qanunlara riayət edən toplularda qanun pozumur? Axı öz yüksək səviyyəli qanunçuluqları ilə öyünən ölkələrdə cinayətkarlıq çox yüksək səviyyədədir. Bundan başqa, cinayətinin üstünün açılmamasına əmin olan adamlar da var. Onlar öz çirkin əməllərini bu və ya digər şəkildə həyata keçirirlər. Bəs bu hallar necə olsun? Daha sonra, insan qanunu pozduğunu bilmirsə, onda necə olsun? Cəmiyyətdə hökm sürən qanunlar milli ənənəyə zidd olarsa, nə etməli? Nəhayət, qanunlar insanı və cəmiyyəti düşkünlüyə aparan əməlləri (fahişəlik kimi) qadağan etmirsə, onda və etməli? İnsan mənəvi varlıq olduğundan, onda təbii özünü idarəetmə mexanizmləri vardır və bunlar, müasir cəmiyyətlərdə olduğu kimi, boğulmamalı, əksinə, aktivləşdirilməlidir. Hər bir insanda qanuna və mənəviyyata zidd olan hərəkətlərin qarşısını təbii yolla alan yüksək mənəvi keyfiyyətlərin aşkarlanması üçün şərait yaradılmalıdır. Məsələ bu cür qoyularsa hüquqmühafizə orqanları tərəfindən təqib olunma təhlükəsi deyil, vicdan və günah hissləri adamları cinayəti törətməkdən çəkindirər. Bu halda insan cinayəti birinci növbədə qanuna deyil, öz əqidəsinə zidd olduğuna görə törətməz; hüquqmühafizə orqanları tərəfindən təqiblərdən deyil, öz vicdanından çəkinəcək. Müasir adamlar üçün ən böyük itki günah anlayışının unudulmasıdır. Bu anlayışın olmaması isə, yuxarıda deyilən insanların təbii özünü idarəetmə qabiliyyətini sıfıra endirir. Mənəvi varlıq olan insan günah (cinayətkar) əməllərdən çəkinmək üçün yüksək, fövqəlinsani və esxatoloji (axirət) anlayışlara yiyələnməli, onları qəlbən qəbul etməlidir. Nəciblik, mərhəmət, alicənablıq, təmənnasızlıq, vicdan və s. bu kimi mənəvi anlayışları heç bir qanun əhatə edə bilməz, məcəllə şəkilinə salmaz. Lakin bu keyfiyyətlər olmasa insanı tam mənada insan da adlandırmaq olmaz. Qanunu pozmayaraq üstündən keçmək olar, lakin bu halda özündə mənəvi keyfiyyətləri tərbiyə edən adam yuxarıda sözü keçən keyfiyyətləri tətbiq edəcək və ətrafdakılar onun hərəkətlərindən ziyan çəkməyəcəklər. Bu keyfiyyətlər haqqında xəbəri olmayanlar isə, hətta qanuna tam riayət etsələr belə, başqalarına ziyan verəcəklər. Bu məntiqə baxmayaraq, bütün bu deyilənlər müasir dünya quruluşu tərəfindən inkar edilir və onlara məhəl qoyulmur. Bundan başqa, mənəviyyatsız qanunçuluq yalnız onu yaradan və içində fəaliyyət göstərən sistemə bağlıdır. Bu sistem dağılan kimi, onun qanunçuluğu da heç kəsə lazım olmur. Hamı Avropa və Amerikaya baxır və onlardan ibrət götürmək istəyir, amma bu dünyada hər şey müvəqqətidir. Biz artıq bir nəhəng sistemin dağılmasının şahidləri olmuşuqsa, Qərb sisteminin dağılması da bizi təcübləndirə bilməz. O halda hələ bilinmir, ibrət götürdüyümüz "irəliləmiş" və "mədəni" qərblilər nəyə çevriləcəklər. Axı onların varlıqı maddi sərvətlərin yığılması vı istehlakçılıqdan ibarətdir. O cəmiyyətlər ruhsuz bədəndir. Böyük ehtimalla demək olar ki, o Qərb sistemi dağılan kimi orada hərc-mərclik və vəhşilik hökm sürəcək. Bunu biz Sovetlər birliyinin dağılması zamanı görmüşdük. 4. Dini əxlaq, millətin maariflənməsi və təhsil sistemi Yuxarıda açıqlanan səbəblərə görə, cəmiyyətin dini əxlaq ruhunda tərbiyə olunması vacib məsələ hesab olunmalıdır. Bu halda hər bir insanın özünü idarəetmə mexanizmləri aktivləşmiş olub, cəmiyyətdə nizam və stabillik bərqərar olur. Daha doğrusu insan öz yaradılışının mənası və məqsəqlərinə nail olur; yalnız maddi deyil, ilk növbədə mənəvi varlıqa çevrilir; onda mənəviyyat maddiyatı üstələyir. Belə olanda onun həyatının məqsədi, ilk növbədə, Tanrı və insanlar qarşısında məsuliyyət, axirətdə xilas olmaq hissləri olur. Bu halda o, başqa insanları istismar etməz, fitnələr törətməz, başqalarına və təbiətə ziyan yetirməz. Bununla da bir çox sosial problemlər həll edilmiş olar. Vicdan, namus, günah, mənəviyyat haqqında obyektiv anlayışlara malik olan adam korrupsiyaya, əxlaqsızlığa, sonsuz eyş-işrətlərə uğramayıb, öz həyatı və fəaliyyətini quruluş və tərəqqiyə həsr edəcək. Xarici şəraitdən, dövlətin güclü, yaxud zəyif olmasından asılı olmayaraq, belə adamlar əbədi olaraq öz yüksək keyfiyyətlərini saxlayacaqlar. Nə qədər sərt olsa belə, təkcə qanunla bütün problemləri həll etmək olmaz, çünki qanun ruhsuzdur. O insanları yalnız cəzalandırır, islah etmir. Şərait dəyişən kimi, təkcə qanunla tənzimlənən sivil insanlar hətta öz qarşısında nə varsa darmadağın edən barbarlara cevrilə bilərlər. Məsələ burasındadır ki, qanunda nəzərdə tutulmuş müddəalar onların əqidəsini təşkil etmir, mexaniki icra edilir. Əlbəttə bütün cəmiyyət heç vaxt təkcə yüksək mənəviyyat sahibi olan insanlardan ibarət olmayacaq. Hərcmərclik, fəsad, əxlaqsızlıq, rüşvətxorluq yayan adamlar həmişə olub və gələcəkdə də olacaq. Lakin əxlaqlı adamların çoxalması və tərbiyə edilməsi dövlətin strateji məqsədi olmalıdır. Bu amil millətin varlığının şərtidir. Tarixdə əxlaqsız millətlərin məhv olmasına dair çoxlu örnəklər vardır. Bu yolda din və dövlətin bir-birindən ayrı olması ideyasına yenidən baxılmalıdır, çünki o bu anlayışları kəskin surətdə bir-birinə qarşı qoyur. Əslində isə bu dövlət və din tamlığın iki hissəsidir. Şübhəsiz, məsələnin bu kimi qoyuluşu keçmiş sovet ideologiyasının qalıqlarıdır. Təcrübəmiz dinlə dövləti kəskin və ifrat surətdə bir birinə qarşı qoyanların obyektiv əxlaq sahibləri olmasının mümkünsüzlüyünü göstərir. Bu anlayış haqqında onların heç bir obyektiv anlayışları yoxdur və bu kimi adamların əməllərinə görə cəmiyyət pozulur. Pozulma isə, onu nə qədər gözəl təqdim etsələr belə, millətin və dövlərin əsaslarını sarsıdır. Bəlli zaman keçəndən sonra ölkədə yeni qlobal sarsıntılar mütləq başlayacaq. Eyni zamanda, din və dövlət anlayışlarının bir-birindən ayrılmaması iddiası heç də teokratik dövlətin qurulması demək deyil. Ümumiyyətlə dünyavilik və teokratiya ifrat anlarışlardər, qütblərdir. Bu qütblərin arasında çoxlu mərhələlər vardır. Əsas məsələ yetərli varlığının təmin edilməsi üçün millətə nəyin lazım və vacib olmasından asılıdır. Hansısa formal ideologiyalara sadiq olmaq yox, nə məqsədəuyğundursa ondan istifadə etmək lazımdır. Hansısa dairələrin xoşuna gəlmək üçün teokratiya yaxud dünyavilik şüarlarına deyil, bu gün millətin ehtiyacı nədən ibarətdirsə, onu təmin etmək lazımdır. Bu ifrat anlayışların arasında orta yol tutub, həm dini dəyərlərdən, həmdə dünyavilikdən bəhrələrmək lazımdır. Buna görə dini və dünyavi anlayışlar bir-birinə qarşı qoyulmamalı, onlar bir-birini tamamlamalıdırlar. Məsələn televiziya və radio verilişlərində dünyavi məzmunla birlikdə dini məzmun da olmalıdır. Bu hal təhsil sistemində də olmalıdır. Dünyavilik çağdaş dünyanın düzgün dərk edilməsi, dini ifratçılığın qarşısının alınması üçün əlverişlidirsə, dini dünyagörüşü insan və cəmiyyətin mədəniyyətlərinin formalaşmasında, əxlaqında önəmlidir. Bəzilər deyirlər ki, din yalnız ona yönələn adamlara məxsus olub, cəmiyyətdə təbliğ olunmamalıdır. Yeni zamanın tələbləri isə bizi başqa məntiqə gətirir: din ən azı mədəniyyət və əxlaq sahələrində hamıya məxsus olmalıdır. Maarif sistemi, kütləvi informasiya vasitələrində din millətin ayrılmaz mədəni tərkib hissəsi kimi təsvir olunmalıdır. Doğrudan da, millətin yazı nümunələri, tarixi, mədəniyyəti, özünəməxsusluğu dindən qidalanır və onun əsasında əsrlər boyu formalaşmışdır. Örnək üçün millətin tarixi haqqında verilişlərdə dinin rolu açıqlanmalı; memarlıq haqqında gedən verilişlərdə abidələrin üzərində olan dini yazılara diqqət yetirilməli; təsviri incəsətəndən danışılanda xəttadlıq nümunələri göstərilməli; musiqi haqqında verilişlər səmavi mahnılarla müşaiyət olunmalıdır və s. Bununla da, millətə daim mənəviyyatın nədən ibarət olması, dünya və axirətdə yaşamağın yüksək idealları xatırlanacaq. Təhsil sisteminə gəldikdə, artıq uşaq baxçaları və ibtidai məktəblərdən başlayaraq dini əxlaqı əhatə edən fənlər tətbiq edilməlidir. Ən kiçik yaşlarından başlayaraq, uşaqlar bu barədə bilikləri əldə etməlidirlər ki, gələcəkdə mənəvi cəhətdən təmiz və yüksək əxlaqlı insanların sayı çoxalsın. Bundan həm fərdlər, həm cəmiyyət, həm də dövlət qazanacaqdırlar. Bunu tətbiq edərkən çeşidli variantlardan istifadə etmək olar. Məsələn, birbaşa fənni "dini" adlandırmayaraq, "Əxlaqın əsasları", "Mənəvi-əxlaqi tərbiyə" adlandırmaq olar. Lakin bütün hallarda əxlaq və xassiyət mücərrət anlayışlar kimi deyil, dinlə əsaslandırılmış obyektiv kateqoriya kimi təqdim edilməlidir, çünki yuxarıda deyildiyi kimi, obyektivlik yalnız dində ola bilər və əxlaqın mücərrəd kateqoriya kimi keçilməsinin heç bir mənası olmayacaqdır. Yaxud tərkibində əxlaq haqqında olan fəsillər olan "Dinin tarixi və fəlsəfəsi" kimi fənni də tətbiq etmək olar. Bəziləri dinin mətəb və başqa müəssisələrdə tədris olunmasına qarşı çıxaraq, onun ailələrdə tərbiə olunması və ona tərəf qəlbən yönəlməsi haqqında mülahizələr yeridirlər. Lakin bu halda ailədə din haqqında məlumatın haradan olması haqqında sual yaranır. Məktəblərdə, televiziyada, radioda, mətbuatda dinin mahiyyəti və onun əxlaqi mahiyyətindən söhbət açılmırsa, onda uşaqların ana və ataları özləri bu barədə xəbərsizdirər. Onların zənn etdiyi tanrı, əslində obyektiv var olan Tanrı deyil, yalnız onların düşüncəsindən irəli gəlmiş bir ideyadır. Deməli onlar həqiqi dindən, Tanrıdan deyil, öz düşüncələrində və anlayışlarında olan subyektiv kateqoriyaları uşaqlara izah edə bilərlər. Lakin bunlar onların subyektiv dünyagörüşündən başqa bir şey deyil. Bundan başqa tarix, riyaziyyat, musiqi, təsviri incəsənət və s. kimi fənlər tədris proqramına salınır və onların tətbiq edilməsi yaxud edilməməsi barəsində heç bir mübahisələrə yol vermirlər. Amma dini-əxlaqi fənlər haqqında tərəddüdlər, qarşı fikirlər ortalığa qoyulur. Əslində dini əxlaq fənni başqaları kimi elmdir və onun tədris müəssisələrində aparılması üşaqlar üçün riyaziyyat fənni kimi zərurətdir, çünki əxlaq haqqında obyektiv bilgilərdən onların gələcəyi asılıdır. Dinin tarıxı, fəlsəfəsi və əxlaqına həsr olunmuş fənlər hər bir vətəndaşın və dövlətin maraqlarına uyğun şəkildə dəqiq proqramlar əsasında tərtib edilməlidir. Peşəkar mütəxəssislər keyfiyyətli və düşünülmüş dərslikləri proqrama uyğun şəkildə qurmalıdırlar. Bununla da konfessional fərqlər ortalıqdan qaldırıla bilər, çünki əxlaqı müddəalar bütün təriqətlərdə və dinlərdə təxminən eynidir. Rüşvət almanın, səhnələrə yarıçılpaq çıxmanın, fitnə törətmənin, təkəbbürlü olmanın, insanlara ziyan vermənin və s. bu kimi əməllərin yasaq və Tanrı qarşısında böyük günah olmasını hamı uşaqlıq vaxtlarından bilməlidir və bu barədə bilgini onlara ata-ananın subyektiv anlayışları deyil, dövlətin obyektiv proqramları verməlidir. Gələcəkdə əxlaqın əsaslarına əməl edilib-edilməməsi isə hər bir adamın şəxsi işi olmalıdır. Hər halda günahın nə olması haqqında məlumatın verilməsi cəmiyyətdə əxlaqın artması üçün əlverişli şərait yarada bilər. Belə olan təqdirdə gənclik milli ənənəyə va adətlərə sədaqət göstərərək böyüklərə, öz valideynlərinə, başqa adamlara hörmət edib, onların qayğısına qalacaqlar; əxlaqsızlıqdan, rüşvətxorluqdan, dövlət əmlakını mənimsəməkdən, yalan danışmaqdan və s. bu kimi günahlardan çəkinəcəklər; gənclərin müəyyən hissəsi AİDS, psixiki və venerik xəstəliklərə tutulmayacaq. Bu isə həm onların özləri, həm də cəmiyyət və dövlət üçün xeyirlidir. Beləliklə, fərdlərin, cəmiyyətin, millətin və dövlətin xeyirli gələcəyi naminə mövcud dəyərlərə yenidən baxılmalı və sovet dönəmindən qalmış ağır irsdən qurtulub daim dəyişən müasir dünyada yeni dövrün tələbləri ilə yaşayışa qədəm qoyulmalıdır. Artıq düşüncə və tərbiyə yeni prinsiplər üzərində qurulmalıdır. Keçmiş əbədi olaraq gedib, lakin millətin əxlaqı sahəsində onu əvəzləyən heç bir yeni şey ortalığa çıxmayıb. Millət əxlaqi cəhətdən tərbiyə olunmasa onun gələcəyi də olmayacaq. |