Hind fəlsəfəsi (mühazirə)

Təxminən 2500 il öncə dünyanın bir neçə yerində insanlığın inkişafı ilk sistemlii fəlsəfi düşüncəsinin yaranmasına gətirib çıxartmışdır. Bundan sonra mifoloji baxışlardan obyektiv biliklərə keçidi prosesi başlamışdır. Belə yerlərdən biri əski Hindistan olmuşdur. Burada bir neçə ölkələr yaranmışdır. Onları krallar olan racalar və kahinlər idarə edirdilər.

O zaman hind toplumu varnalar adlanan qruplara bölünürdü. Onları sonra kastalar sistemi adlandırmışdırlar. Bu kastalar 4 idi:

  1. Kahinlər (brahmanlar);
  2. Ordu aristokratları (kşatriyalar);
  3. Günlərini alış-verişlə keçirənlər, sənətkarlar (vayşyalar);
  4. Aşağılanan, heç bir hüquqları olmayanlar (şudralar).

Elə bu bölgü əski hind inanclarında da özünü göstərmiş, onların dinində böyük rol oynamışdır. Eyni zamanda, bu bölgü fəlsəfədə də özünü göstərmişdir. Düşünən insanlar, aristokratlar yuxarı kastalardan, özəlliklə də brahmanlardan ola bilərdi. Şudralar bundan məhrumdurlar.

Hind fəlsəfəsini üc dönəmə bölmək olar:

  1. Vedalar dönəmi (e.ö. birinci minilliyin birinci yarısı);
  2. Dastanlar (epik) dönəmi (e.ö. birinci minilliyin ikinci yarısı);
  3. Klassik dönəm (bizim eramızın başlanqıcından XVIII- ci yüzilliyə qədər).

Vedaların strukturu və quruluşu

Vedaların tarixi çox əski çağlara gedib çıxsa da, onların günümüzə çatan yazılarının təxminən 2000 il yaşı vardır. Deyimlərə görə, orada olan yazılar (şrutilər) hind bilginlərinə (rişilərə) tanrılardan endirmə (vəhy) ya da açıqlama yolu ilə verilmişdir.

Vedalar bir neçə kitablardır:

Riqveda ilə Samaveda'da hind tanrılarına oxunan himnlər və yalvarışlar toplanmışdır;
Yacurveda ilə Axtarvaveda'da qurbalıq heyvanların kəsilməsində deyilən yalvarışlar, eləcə də cadu üçün dualar toplanmışdır.           

Vedalara aid olan bir necə əsərlər vardır:

  1. Samhitalar. Burada Vedaların mifoloji baxımdan açılmaları verilmişdir. Onlar brahmanlar adlanırlar.
  2. Aranyakalar. Dünyadan aralanmış abidlərin öyüdləridir;
  3. Upanişadalar. Gizli (ezoterik) biliklərin toplusudur;
  4. Vedantalar. Fəlsəfi məzmunlu düşüncə yazılarıdır. Burada çeşidli bilimlərə (fonetika, astronomiya) aid biliklər də vardır. Vedantalarda yığılan yazılar göylərdən endirilmiş (şruti) kimi sayılmır. Onlar insan düşüncəsindən (smriti) irəli gəlmişdir, fəlsəfi fikirlərin çoxu da burada verilmişdir.

Vedaların fəlsəfəsi

Vedalarda din və inanclar çoxtanrılıdır (politeistikdir). Ttəbiət və həyatda hər bir olay bir tanrıya bağlanırdı. Örnək üçün şimşək - İndra, od - Aqni kimi tanrı və tanrıcaların təzahürü sayılırdı. Bu fəlsəfi deyil, mijoloji dünyagörüşüdür. Bununla belə, bu kimi əsatirlərdə bir çox gündəmdə olan sorulara cavablar axtarılırdı. Örnək üçün dünyada baş verən proseslərin nə olması, onların nədən yaranması, nəyə doğru getməsi sualları qoyulurdu.

Bu suallara cavab vermək istəyən düşünürlər ortalığa rita adlanan metafizik bir varlığı ortaya gətirmişdirlər. Bu hər şeyi bürüyən kosmik düzəndir (nizamdır). Ona bütün insanlar, tanrılar və olaylar tabedir. Başqa sözlə, bu tale ya da alın yazısıdır. Ritanın qoruyucusu isə Varuna adlanan tanrı olmuşdur.

Veda dininin nahiyyəti tanrılara edilən qurbanlarla bağlıdır. Əski arilərin (Hindistanı ələ keçirən yarımifik xalq) inanclarına görə, düzgün kəsilən qurbanları tanrılar mütləq qəbul edir. Heyvanları onlar üçün kəsərək, o əski xalqlar tanrılara öz istəklərini bildirirdilər. Tanrılar da bu istəkləri yerinə yetirməli idilər. Bunu etməsəydilər, onda gücsüz sayılıb başqaları ilə dəyişdirilirdilər. Beləliklə arilərin tanrılarla bağlanması "Mənə verəsən deyə, sənə verirəm" prinsipi üzərində qurulmuşdur.

Vedalarda kosmoqonik (dünyanın yaranması haqqında) baxışlar vardır. Orada ilk varlıq Puruşa adlanan simalaşdırılmış bir ilk materiya (substansiya) anlayışı vardır. Sonra tanrılar onu qurban etdilər. Bunun sonu olaraq, onun bədənindən yer, göy, günəş, ay, ulduzlar, insanlar, heyvanlar yarandı.

Bundan başqa varlığın yaranması haqqında başqa deyimlərdə də olmuşdur. Örnək üçün, Nasadiyanın himnində tək bir yaradıcı anlayışı vardır. O hər bir varlıqdan öncə olmuş, ancaq onun sifətlərinin nə olması bilinməməkdədir.

Varlıq problemi daha dolğun Upanişadalar'da verilmişdir. Bu deyimlərdən də hind fəlsəfəfi başlanır. Upanişadalara görə, varlıq Brahma adlı universal prinsipdən başlanır. O hər bir canlının mənəvi mahiyyətində (atman'ına) varır. Brahmaya, abstrakt anlayış olduğuna görə, tapınmırlar. O yalnız bir ideya, dünyanı anlamaq üçün bir prinsipdir.

Upanişadaların fəlsəfəsinin özəklərindən biri insanın, eləcə də hərbir canlının kosmik varlıqla birliyi ideyasıdır. Orada varlıq birdir, çoxluq isə onun formalarıdır. Elə bu birlik ideyasından hind fəlsəfəsinin karmasansara prinsipləri irəli gəlir. Bu prinsiplərə görə bütün diri olan varlıqlar dünyaya bir neçə dəfə gəlirlər, yaşamın burulğanından (sansaradan) keçirlər. Bu burulğandan keçərkən onların ruhları etdiyi işlərlə ağırlaşır, dünyaya düşgün olur. Bu da karmadır. Oda gönahların ağırlığı kimi bir şeydir. Karmanın ağırlığı fərdi ruhu dünya ruhu ilə birləşməyə qoymur, onu ölümdən sonra başqa bədəndə yerə qaytarır. İnsan həyatı boyu mənəviyyatına önəm veribsə, gələcək yaşamda daha yüksək varnalarda (vayşyaların, kşatriyaların, brahmanların) doğulacaq. Yox, əgər dünyaya bağlı olacaqsa, onda ya aşağı varna olan şudra kimi yenidən dünyaya gələcək, ya da ruhu heyvanlara köçəcək.

Ən yüksək yaşam keçirənlər, mənəviyyatları dolğun olanlar, brahmanın atmanla birliyini anlayanlar isə dünyaya yenidən gəlməyəcək. Onların ruhu yüksələcək, dünya ruhu ilə birləşəcək.

Bu təməl prinsiplər üzərində qurulan hind fəlsəfəsi gələcəkdə çox gəlişmişdir. Onun içində bir neçə yüzilliklər boyu çoxlu fəlsəfi məktəblər yaranmışdır. Hind fəlsəfəsi dünya fəlsəfi tarixində öz önəmli yerini tutmuş. Günümüzdə də hind düşüncəsi gəlişir. Onun prinsipləri Hindistanın sərdədlərini aşmış, bütün dünyaya açılmışdır. Bu gün hind fəlsəfi məktəblərinin təliminə maraq çox artmış, onların ardıcılları bütün dünyada vardır.

Fəlsəfi məktəblər

Hind fəlsəfəsinin məktəbləri iki böyük qrupa bölünür. Birinciləri Vedaların müqəddəsliyini tanıyanlardır. Bunlar ortodoksal (təməlçi) məktəblərdir. İkinciləri isə qeyri-ortodoksalllardır. Bunlar Vedaların müqəddəsliyi və danılmaz avtoriteti prinsipindən çıxış etmir.

Ortodoksal məktəblər Vayşeşika, , Vedanta, Yoqa, Sankhya, Mimansa, Nyayadır.

Vayşeşikada substansiya, atomlar, ruhlar anlayışlarına böyük önəm verilir. Substansiyalar beşdir: su, torpaq, işıq, hava, efir. Bütün maddi şeylər atomlardan ibarətdir. Onlar əbədidir, yaradılmayıb və bölünməzdir. Atomların hərəkəti mütləq olan Tanrı ilə bağlıdır. İnsan həyatının məqsədi iztirablardan qurtarmaqdır. İztirab isə maddi həyatın özüdür. Ondan qurtarmaq üçün isə həqiqətə çatmaq, ulaşmaq lazımdır. Bu da mənəvi praktikalarla əldə oluna bilər.

Vedanta birbaşa Vedalara istinad edən və onu şərh edən məktəbdir. Dünya hər bir insan üçün həyat məktəb, yaşam isə tələbəlikdir. O bu aləmdən ibrət almalı, özünü təkmilləşdirməlidir. Bunun üçün quru adlanan şeyxlərə bağlanmalıdır, onların nəsihətlərini eşitməlidir. Qurular mənəvi yolun ən yüksək məqamında olanlardır. Vedantanın ən tanınmış filosofu Şankara idi. Onun "Atmabadhi" kitabında kainat Brahman - Dünya Ruhudur. O genel bir substansiyadır və bütün varlıqdır. Brahmanı anlamaq, ona qovuşmaq insanı azdıran mənasız və yalançı xəyallarda (mayadan) aralanmağın tək bir yoludur.

Yoqada din nəzəri döşüncənin və praktiki həyatın önəmli elementi kimi çıxış edir. Yoqanın məqsədi mənəvi və praktiki təkmilləşmə yolu ilə Tanrıya qovuşmaqdır, kainatda əriməkdir. Bu da xilas yoludur. Yoqanın məqsədi insanın ehtirasları, hissləri və düşüncələri üzərində kontrol əldə etməkdir.

Sankhya yoqanın nəzəri əsasıdır. Onun əsasında meditasiyaya (dünyadan aralanma praktikasına) söykənən mənəvi durumlar durur. Meditasiyalar Tanrı obrazına yönəlməlidir.Bu yolda uğur qazananlar samadha adlanan daha da yüksək məqama gələ bilərlər. Bu da real varlıqdan aralanmadır ki buna yalnız fiziki və psixoloji məşqlər nəticəsində ulaşmaq olar.Bu da yoqadır. Sankhyada yeməyə fikir verilir. Ətin yeyilməsi təhlükəli sayılır. Çünki o insana aqressiya, iztirab, nadanlıq hisslərini aşılayır. Mənəvi təkmilləşməyə doğru gedən insan bitki yeməkləri ilə qidalanmalıdır. Sankhya məktəbinin ardıcılları başqa inancda olanlara dözümlü yanaşırlar. Onlar hesab edirlər ki, hər bir insan ya da icma Tanrını ceşidli görür, ona müxtəlif adlar verir. Onların fikrincə Tanrının siması, adı, forması var, ancaq eyni zamanda yoxdur. Bu fikirləri Ramakrişna, Ramaçarana kimi filosoflar irəli sürmüşdürlər.

Mimansanın əsas mıqsədi Veda mətninin tənqidlərdən müdafiəsidir. Bunun üçün orada vurğu dini təlimin məntiqi izahına, müqayisə metoduna verilmişdir. Orada duyğulara, vəhyə biliyin özəl mənbəyi kimi baxılır. Əsas məsələ müqəddəslik halı mokşaya çatmaq yolunda mənəvi borc olan dharmaya necə əməl etməkdir.

Nyayada Tanrı hər şeyin əvvəlində durur. O dünyanı mövcud olan əbədi atomlardan, məkandan, zamandan, efirdın, ağıldan və ruhlardan yaradır. Tanrının var olması da dunda düzəni (nizamıdır). Karma və sansaranı da Tanrı idarə edir. Məqsəd ruhu bədəndən asılı olmaqdan azad etməkdir. Atman adlanan insanın "Mən"i ayrıca bir substansiya (başlanqıcdır). O ağıl və bədəndən ayrıdır. O hansısa obyektlə duyğular vasitəsi ilə əlaqə yaradaraq özünü göstərməyə başlayır. O şüurdan da ayrıdır. Bunu dərk edən insan azad olur, öz əsil "Mən" ini açır. Azadlıq hər bir iztirablardan qurtarmaqdır. Buna çatmaq üçün isə hər şeyi olduğu kimi dərk etmək lazımdır.

Qeyri-ortodoksalllar məktəblər Caynizm, BuddizmÇarvaka-Lokayatadır.

Caynizm

Caynizmdə məqsəd əzablardan qurtaran "müqəddəslik" məqaməna çatmaqdır. Müdrikliyin mənbəyi Tanrılar deyil, o müqəddəslərdir. Onlar xoşbəxtliyi və iradələrini kamil biliklər və bundan irəli gələn davranış vasitəsi ilə əldə ediblər. Burada varlıq probleminə geniş yer verilir. Dünyada əbədi və müvəqqəti varlıqlar var ki, onlar diri və cansız olur. Cansızlar pudqala adlanır, onlar atomlardan ibarətdir. Dirilərdə isə ruh var. Onun da əsas əlaməti düşüncə, təfəkkürdür ki, onun səviyyələri çeşidli olur. Ruh kamildir, onun imkanları sonsuzdur, bilik həddi hüdudsuzdur. Lakin çox zaman ruh özünü bədənlə eyniləşdirir. bunun səbəbi də həqiqətin dərk edilməməsidir. Ona görə də keçmiş həyatlarını xatırlayır. Bundan qurtarmaq üçün həqiqi bilgilər əldə edilməlidir. Onlar ruhu bədəndən, maddədən ayıra bilir. Həqiqi biliyi qazanmaq üçün şeyxlər olan qurulara tabe olmaq və gözəl əxlaq əldə etmək lazımdır. İnsan ruhunu bədənlə əlaqələndirməmə səviyyəsinə çatıbsa, onda azad olmuş olur. Bu isə zahid olmaqla əldə edilir.

Çaynizmə qütblü (dualist) dünyagörüş xasdır. İnsanın mahiyyəti ikilidir: ava (maddi) və civa (ruhi). Onları bir-birinə bağlayan karmadır. Bu bağlantı sonu fərd yaranır. Karmalar şər və xeyir olur. Şərlər ruha mənfi təsir edir, xeyirlər isə onu təkmilləşdirir. Bu iki cür karmaların təsiri altından çıxan kəs azad olur, sansaradan (yenidən dünyada doğulmaqdan) qurtarır.

Caynizmdə Yaradıcı anlayışı yoxdur. Dünya yaradılmayıb, həmişə var olub.Tanrılar yerdə yaşayan və kamilliyə çatan insanlardır.

Buddizm

E. ə . VI-V yüzilliklərdə yaranıb, əski hind dininə (brahmanizmə) qarşı olub, onu inkar edib. İnkişaf etmiş cəmiyyətin bir qismi bu təlimi brahmanizmin nüfuzunu endirmək üçün qəbul etmişdi Çünki buddizm kahinliyə qarşı çıxış edirdi. Başqa tərəfdən buddizm tabeçilik duyğularını aşılayırdı və bu səbəbdən hakimiyyət üçün təhlükə törətmirdi.

Buddizmin yaradıcısı Sidhartha Qautama adlı bir şahzadə sayılır. O abid olaraq həqiqəti dərk edən və ən yüksək mənəvi məqama çatan Budda (ayılmış) olmuşdur. Buddizm təliminin əsasında onun rəvayətləri durur. Təlimin əsas kitabı üç bölümdən ibarət olan "Tripitaka" (Üç zəmbil)dir.

Buddizmin dindən daha da çox bir fəlsəfi sistemdir. Onun dörd əsas müddəası vardır:

1. Həyat əzablarla doludur. Doğum, ölüm, xəstəlik, qocalıq və s. bunlar hamısı əzablardır;
2. Əzabların (dukha) yaranma səbəbi vardır. Bu da nəfs (trşna)dır. O da sansaranın aparıcı güvvəsidir;
3. Əzablara son qoymaq olar;
4. Əzablara son qoymanın yolu vardır. Bu yol da səkkiz hissəlidir: doğru baxış bucağı, doğru çözmə, doğru söz, doğru davranış, doğru həyat tərzi, doğru çaba, doğru yaddaş və doğru diqqəti cəlb etmə.

Buddizmdə düzgün həyat 5 ehkamın (pançaşila) həyata keçirilməsi ilə yaşana bilir: canlılara ziyan verməmək, başqasının malını mənimsəməmək, cinsi əxlarsızlıq etməmək, aldatmamaq, spirtli içki içməmək.

Sansaradan qurtarmaq üçün isə rahib olmaq gərəkdir. Rahiblər səkkizli yolu keçməklə azad olub müqəddəsliyə (arhat) ulaşırlar. Bundan sonra nirvana halı gəlir. Bunu sönmə, bitmə kimi izah edirlər. Nirvana mənəvi yolun ən son məqamıdır, sansaradan azad olmadır.

Buddizmdə iki əsas cərəyan var. Hesab olunur ki, Buddanın ən ardıcıl sələfləri Hinayana (kiçik araba) adlanan məzhəbə aiddirlər. Bu əsasən etik sistemdir. Orada tanrıçılıq yoxdur. İkinci qol Mahayana (böyük araba) adlanır. Orada Bothisatvalar kultu vardır ki, bu da tanrıçılığa gətirir. Bothisatvalar nirvana məqamına çatmış, ancaq o həddi son olaraq keçib əbədiyyata ulaşmayan kəslərdir. Onlar başqa adamların yetkinliyə çatmasına yardım edir deyə nirnanaya tam girmirlər. Mahayanaçılar Buddanı və Bothisatvaları tanrılaşdırırlar, onlara ibadət edirlər.

Çarvaka-Lokayata

Materialist məktəbləridir. Dini, axirət dnyasını inkar edirlər. Din sübut olunmur. O yalnız rəiyyətə gərəkdir. Dünya yalnız maddidir və onu canlılar duyğu orqanlarının vasitəsi ilə dərk edirlər. Hər şey hava, od, su və yer ünsürlərtindən ibarətdir. Ölümdən sonra bədənlər o ilkin ünsür halına qayıdırlar. Ruh isə bədəndə həll olunub, ondan ayrı deyil. Həyat əzablardan ibarətdir və onları yox etmək olmur. Ancaq azaltmaq olar. İnsana həyatdan həzz almalı və bu hissi artırmaq olar. Görükən bir şeyi görükməyən naminə əldən vermək ağılsızlıqdır.