Osiris haqqında əsatir və çağdaş inanclar2 Avqust 2011Osiris (əski Misir dilində Usir) dirçəliş və yeraltı dünyanın tanrısı olmuşdur. Əski Misir yazıları, eləcə də yunan yazarlarına görə, o, yer tanrısı Geb və göy tanrısı Nutun oğlu, eləcə də İsis tanrıcasının qardaşı və əri, Neftis və Setin qardaşı, Horusun atası olmuşdur. Misir gələnəyinə (ənənəsinə) görə, Osiris yer üzərində ilkin tanrılardan sayca dördüncüsü olmuş, çarlığı atası Atum-Ra'dan, babası Şu'dan, atası Geb'dən almışdır. Misir üzərində çarlığ edərkən o, insanları adam yemək və vəhşi yaşamdan çəkindirmişdir. Osiris insanları arpa və buğda əkməyə, üzümçülüyə, çörək bişirməyə, çaxır düzəltməyə, qızıl və mis filizləri emal etməyə, şəhərlər salmağa, təbabətə öyrəşdirmişdir. Osirisin qardaşı Set qızmar çöllüklərin tanrısı idi və onunla düşmənçilik edirdi. O qardaşının yerinə keçib, çarlıq etmək istəmiş, onu öldürmək planını çızmışdır. Asiyaya yürüşdən qayıdan Osiris böyük bir qonaqlıq vermişdir. Oraya Set öz yandaşları (tərəfdarları) ilə birlikdə gəlmiş, məclisin ortalığına bəzədilmiş ölü qutusunu gətirməyi buyurmuşdur. Onun dediyinə görə, kim bu qutuya girsə, yer və göylərin çarı olacaqdır. Osiris oraya girən kimi, Setin yandaşları onu qapatmış, Nil çayına atmışdırlar. Axar onu bir çayin bir kənarına gətirmişdir. Orada Osirisi, arvadı İsis tapmış, ondan möcüzəvi olaraq yaşam gücünü alaraq boylu olmuşdur. Sonra ərinin ölüsünü yerə tapşıraraq, Nil çayı yaxınlığında olan bataqlıqlara getmiş, orada Horus adlı bir uşağı (cocuğu) doğmuş, onu boya-başa çatdırmışdır. Horus yetkin kişi olandan sonra Setlə savaşa başlamışdır. Tanrı Anubis ona "Ucat" adlanan aydınlığı görmə gözünü vermişdir. Öncə Horus savaşı əldən vermişdir, döyüşdə "sehrli gözü itirmişdir". Ancaq sonrakı döyüşü qazanmışdır. O Seti yenərək, gözü geri almış, onu atasının məzarına aparıb orada qoymuşdur. Bunu edəndən sonra Osiris dirilmiş, ancaq bu dünyada yaşamaq istəməmişdir. O çarlığı oğlu Horusa verərək, "Duat" adlanan başqa dünyaya, ölüləri yarğılamaq üçün (məhkəmə etmək) üçün yollanmışdır. Başqa deyimdə isə, Set Osirisin bədənini 14 parçaya bölmüş, onları yer üzərinə səpələmişdir. İsis isə bu parçaları yığmıb, Abidos şəhərində yerə tapşırmışdır. Osiris əski dönəmlərin öncə ölən, sonra isə dirilən tanrısı idi. Ona bütün Misir inanırdı, onun şərəfinə baharın birinci ayında dini törənlər (mərasimlər) keçirilirdi. O törənlərdə, teatrdakı kimi, Osirisin ölümü və dirilməsini göstərən səhnələr oynanılırdı. Kahinlər onun öldüyü üçün ortalığa ağlaşma salırdılar. Sonra Horusla Setin döyüşündən səhnələr oynanılırdı. Sonda tanrının dirçəlməsinin və doğanın (təbiətin) oyanmasının simvolu olan sütun ucaldılırdı. Çünki Osirisin ölümü ilə dirilməsi həmdə doğanın baharda dirçəlməsinin, becərmə işlərinin başlanılmasının simvolu idi. Bunu edərkən, törənə qatılanlar iki dəstəyə bölünüb savaş səhnələrini göstərirdilər. Bir topluluq qış, başqası isə yay yandaşları kimi çıxış edirdilər. Sonda yay qışa üstün gəlirdi. Beləliklə, Osiris ölüm üzərində üstünlük qazanmış və ölməzlik verən tanrı idi. Osiris doğanı dirçəldən tanrı olduğu üçün, tapınaqlarda (məbədlərdə) onun görüntülərinin üzərinə səməniləri də düzürdülər. Belə görüntülər Fila şəhərinin tapınaqlarında tapılmışdır. Günümüzdə Osirisin çoxlu sayda görüntüləri əldə edilmişdir. O, şahin görkəmində arvadı İsis, eləcə də oğlu Horusla təsvir olunurdu. Hər bir ölmüş Misir fironunun Osiris olacağı inancı da olmuşdur. Keçirilən dini törənlərdə fironların başlarına tac qoyulması gələnəyi (adəti) də olurdu. Osirisin və başqa Yaxın Doğu tanrılarının deyimləri, o millətlərin dini gələnəkləri, doğanın (təbiətin) dirçəlməsi bayramları, tanrıların ölüb sonra isə dirilməsi inancları gələcəkdə başqa mədəniyyətlərdə də özünü göstərmişdir. Ola bilsin, bütün bunlar elə Misir və Mesopotamiya mədəniyyətlərindən alınmışdırlar. Örnək üçün Novruz adlanan doğanın baharda dirçəlişi bayramını bu günə qədər bir çox Orta və Yaxın Doğu millətləri keçirirlər. Bu bayram öncə çeşidli tanrılar üçün keçirilirdi, günümüzdə isə daha çox doğa ilə bağlıdır. Novruz bayramının tarixin haradan başlaması bilinməməkdədir. İran mifologiyasına görə o gün Siyavuş adlı iranlı igid turanlı Əfrasiyabı öldürmüşdür. Bu əsatir Avestada vardır, daha ətraflı isə Firdovsinin "Şahnaməsində" verilmiş. Bu bayram zamanı "fravaşi" adlanan ölülərin ruhlarına tapınırdılar. Sonra isə bu inanclar İranın rəsmi dini olan Zərdüşdiliyə keçmişdir. Zərdüşdilərin yeddi başlıca bayramlarından biri olan Novruz o çağlardan bəri gecə ilə gündüzün müddətinin bərabərləşməsi günündə keçirilirdi. Bundan başqa, bu bayram zamanı bir başa oda tapınırdılar. Ona zərdüşdilər yaşama güc verən varlıq kimi baxırdılar. Novruz günü tanrı Hörmüzdün olan yay çağı başlanırdı. O zaman Şər güclər yenilirdi. Yayın gəlişini bayram edən İran şahlarına armağanlar (hədiyyələr) verirdilər.Hər yerdə odlar yandırılırdı: küçələrdə tonqallar, evlərdə isə şamlar. Hamı tonqalların üstündən tullanmış, bunu edənlər il boyu pisliklərdən qorunmalarına və günahlarının odda yandırılmasına inanırlar. Bu gələnəklər günümüzə qədər sürməkdədir. Misirdə Osirisin bayramlarındakı kimi, Novruzun də özəlliyi hər yerdə səmənilərin qoyulmasıdır. Bu gələnək də ən əski çağlardan olmuşdur. Zərdüşdilərin bayram masalarında yumurtalarla çeşidli şirnilər olmuşdur. Günümüzdə də bu gələnək qalmaqdadır. Əski dönəmlərdən bu yana doğanın oyanışı yeni yaşamla bağlanır, onu isə (inanclara görə) tanrılar verirdi. Misirlilərlə babillilər doğanın dirçəlməsində tanrıların onlara bir yaşamın verdiyinə inanırdılar. Bu bayramlar da tanrılara tapınmaqdan irəli gəlirdi. Buna naturalistik, doğayla bağlı olan inanclar deyirlər. Ancaq doğa azdı, onun arxasında bir tapınma obyekti olmalı idi. Elə-belə doğaya tapınmaq olmurdu. Elə bu düşüncə ilə də çeşidli millətlər baharın gəlişini, doğanın oyanışını bayram etməyə başlamışdırlar. Novruz bayramı da, Osirislə bağlı bayramlar kimi, baharın ilk ayında keçirilir. Bu özəllik başqa mədəniyyətlərdə də vardır. Örnək üçün yəhudilərlə xristianlar da elə o ilk bahar ayında öz başlıca bayramlarını keçirirlər. Onların hər ikisi dirçəliş və yeni yaşamla bağlıdır. O zaman yəhudilər Misirdən köçməklə yeni yaşama başlamasına, xristianlarsa İsanın dirilməsi olayı ilə dünyanın dəyişməsinə inanırlar. Təbiət bayramlarının keçirilməsi o qədər çox yayılmışdır ki, İslamın gəlişi də bu ənənəni ortalıqdan çıxara bilməmişdir. Yüzilliklər boyu millətlər bu bayramı keçirməyi sürdürmüşdürlər. Sonda müsəlman bilginləri onu İslam inanclar sistemi ilə uyğunlaşdırmağın zorunda qalmalı olmuşdurlar. Ölən və dirilən tanrılara tapınma da əski millətlərdə olmuşdur. Bu da ölən, sonra isə dirilən doğa (təbiətlə) bağlı idi. Yüzilliklər keçəndən sonra da bu inanclar qalmış, ancaq başqa cür özünü göstərirdi. Artıq Xristianlıq kimi monoteistik gələnək bu olay İsa ilə bağlanırdı. Onun ölümü və dirilməsi bütün dünyanı dəyişmişdir. "İsa dirilmişdir" kimi deyimini əski misirlilər də "Osiris dirilmişdir" kimi deyirdilər. Dini olayların teatrlaşmış səhnələrin tapınaqlarda (məbədlərdə) və küçələrdə oynanılması da əski Yaxın Dogu inanclarından gəlir. Osiris üçün edilən tamaşalar kimi Filippində də İsanın çarmıxa çəkiməsi ya da Orta və Yaxın Doğuda "Şəbih" adlanan imam Hüseynin öldürülməsi səhnələri oynanılır. Bu törənlərdə də, əski misirlilərdəki kimi, ortalığa ağlaşma düşür. Sonra isə ölümdən sonra yaxşılığın pisliyə güc gəldiyi iddia edilir. Beləliklə, bir çox çağdaş gələnəklərlə bayramların kökü ən əski çağlardan başlanmış, günümüzə qədər sürməkdədir. Bütün bunların özəyi, eləcə də psixoloji özəllikləri birdir. Sadəcə zaman keçdircə başqa biçimlərə keçərək, çeşidli dini sistemlərə uyğunlaşıb ortalığa çıxır. |