Çağdaş Azərbaycanda İslam dini və din-dövlət münasibətləriBilindiyi kimi, Azərbaycan əhalisinin çoxu müsəlmandır. Rəsmi rəqəmlərə görə, müsəlmanlar ölkə əhalisinin 96% təşkil edirlər (1) . İslam dini təkcə ibadət ediləcək inanclar sistemi deyil, həmdə Azərbaycan xalqının mədəniyyətinin tərkib hissəsidir. İslama bağlılıq həmdə azərbaycanlıların çoxusunun milli düşüncəsində yer almışdır. Ölkəmizdə əhalinin İslamın hansı qollarına aid olması barədə son zamanlarda heç bir dəqiq statistika aparılmamışdır. Buna görə, Azərbaycan müsəlmanlarının 60-70%-nin şiə, 30-40 %-nin sünnü olduğu güman edilir. Bununla belə, ölkəmizdə sekulyar (dünyavi) baxışlar üstünlük təşkil edir. Buna görə, yurddaşlarımızın böyük çoxluğu öz gündəlik yaşamlarında İslam ehkamılarını tətbiq etmir və müsəlman təriqətlərinin arasındakı ayrılıqlara varmır. Beləliklə, Azərbaycanda şiə-sünnü bölgüsü çox vaxt formal xarakter daşıyır. İslam ehkamlarının gündəlik həyatda tətbiq edilməsi məsələsi üzrə azərbaycanlıların çoxusunun münasibəti heç də birmənalı deyildir. Yurddaşlarımızın çoxusunun bu ehkamlarla tam yaşamaması faktı göz önündədir. Örnək üçün, küçələrdə hicablı qadınlara çox az rast gəlmək olar; insanlar arasındakı münasibətlər, ticarət, sövdələşmələr və s. İslam dininin ehkamlarına tam uyğun deyildir. Bu da əhalinin çox hissəsinin dinə olan yanaşmasının göstəricisidir. Bu yanaşmalarda bəlli problemlər və ziddiyətli baxışlar vardır. Bir yandan azərbaycanlıların çoxu özlərini müsəlman sayaraq bu dini öz mədəniyyətlərinin bir parçası sayırlar. Ancaq başqa yandan, onlar İslam ehkamlarının topmumda artmasını da istəmirlər. Çoxluq bu ehkamları yalnız fərdi dini praktikada görür. Beləliklə, müstəqillik illəri boyu dini ehkamları öz həyatlarında tətbiq edən adamların saylarının artmasına baxmayaraq, dünyavi dünyagörüşü Azərbaycan cəmiyyətində üstünlük təşkil etməkdədir. Cənubi Qafqaz müsəlmanlarının arasında yayılan dünyavi düşüncənin yeni dönəmimizdə artıq 150 illik tarixi vardır. Bilindiyi kimi, onlar rus-türk və rus-iran savaşlarının sonunda Rus imperiyasının tarkibinə qatılmağa zorlanmışdırlar. Qafqazda yaşayan müsəılmanların çoxu türk soylular idi, onlar da çağdaş azərbaycanlıların çoxusunun əjdadları idilər. Onların soyu Səlcuqlara, Səfəvilərə, Əfşarlara, Qacarlara gedib çıxırdı. Türk soylular isə ruslardan öncə bu yerlərdə öndə olan hakim imperiya xalqı idi. Elə bu yerlərdə olan xanlıqları da türk soylular yaradıb idarə edirdilər. Buna görə də Gənubi Qafqaz Rusiya imperiyasına qatılandan sonra türk soylu aydınlar arasında keçmişdə böyük imperiya xalqı olan türklərin enməsi və ruslara yenilib, müstəmləkəyə çevrilərək alçalmalarının səbəblərinin nə olması soruları yaranmışdır. Onlardan bir çoxları bunu millətin həddən artıq dini ehkamlara və adətlərə bağlı olmasında görmüşdürlər. Onların fikrincə, dini ehkamlarla çərçivələnmiş türklər irəlləyiş edə bilməmişdirlər. Onların qarşıduranları isə bütün ehkamlardan özgür olaraq, sərbəst olmuş, türklərin üzərində üstünlük əldə edə bilmişdirlər. Beləliklə, 19-cu yüzilliyin ikinci yarısında Çənubi Qafqazda türk aydınlarının fəaliyyəti başlanmışdır. Bu fəaliyyətin ən başlıca məqsədi irəliləyən Avropa mədəniyyətinə yiyələnmək idi. Ancaq bu yolda əsas maneə milli və dini adətlər olmuşdurlar. Buna görə də elə bu dəyərlər aydınların kəskin tənqidlərinə uğramışdırlar. Demək olar, o çağların bütün tanınmış şairləri, yazarları, düşünürləri dünyavi ideyaları ortalığa atmış, bir çox ənənələri və ehkamları tənqid etmişdirlər. Bununla belə, onlar dini tam inkar da etməmiş, sadəcə onun cəmiyyətdəki rolunun və nüfuzunun azaldılmasını istəyirdilər. Bununla paralel olaraq, Avropa dəyərlərinə yiyələnmə istəyi ilə yanaşı, milli özünü tanıma prosesi də güclənmişdir. Bütün bu proseslər, eləcə də Rusiya imperiyasının dağılması 1918-ci ildə müstəqil Azərbaycan Demokratik Respublikasının (ADR) yaranması ilə sonlanmışdır. Yeni yaranmış ölkənin üstünlük verdiyi başlıca prinsiplər dünyavi milliyətçilik və avropalaşma olmuşdur. Bununla belə, İslam dəyərləri də millətin mədəni dəyəri kimi qiymətləndirilmişdir. ADR-ə bolşeviklərin başqını son qoymuş, ancaq onun yerinsə sovet Azərbaycanı yaranmışdır. Bu dönəmdə dünyaviləşmə prosesləri sürdürülmüşdür. Bununla belə, bu dönəmdə aşırılıqlara da yol verilmişdir. Bunun da səbəbi, dini dəyərləri tanımayan o zamankı bolşevizm ideologiyasında olmuşdur. Azərbaycanın 70 ilə yaxın Sovetlər Birliyində olmasının sonunda yurddaşlarımızın dinə bağlılıqları ən aşağı həddə gəlib çatmışdır. İslam dininin ehkamlarına və rituallarına çox az adam riayət edirdi. Məscidlərin sayı minimuma endirilmişdir, dini məktəblər heç olmamışdır. Azsaylı din xadimlərini Orta Asiyanın mədrəsələrində yetişdirirdilər. Bütün bunlarla yanaşı, o dönəmdə xalq ayrı-ayrı dini bayramları keçirdi, ölüləri İslam qaydaları ilə toppağa tapşırırdı, işlərinin düzəlməsi üçün sədəqələr verib qurbanlar kəsirdi, dini qaydalarla kəbin kəsirdi. Ancaq din o zaman mövhumat formasını almışdır. Hər yerdə ölü müqəddəslərin məzarlarına və başqa sakral obyektlərə ziyarətlər edilirdi. Onların araçılığı ilə insanlar xəstəliklərdən saqalma və öz işlərinin düzəlməsini diləyirdilər. İslam dininə bağlı olan müqəddəs əşyalara inanc və Quran səhifələrində fala baxmalar da yayılmışdır. O çağlarda bəlli qədər dini sinkretizm də olmuşdur. Özlərini müsəlman sayan bir çox kəslər öz problemlərinin çözülməsini diləmək üçün xristian kilsələrinə gəlirdilər. Ənənəvi xristian olan sakinlər isə müsəlmanların ziyarət etdikləri müqəddəs yerlərə üz verirdilər. Bakıda fəaliyyət göstərən iki mərkəzi məscidlərin girəcəklərində kilsələrdəki kimi şamlar yandırılırdı. Azərbaycan yenidən müstəqillik qazanandan sonra ölkədə İslam haqqında bilgilər çoxalmış, yeni məscidlər tikilmiş, mədrəsələr və universitetlər qurulmuş, gənclər xarici ölkələrdə ilahiyyat elmləri üzrə təhsil almağa getmişdirlər. Buna baxmayaraq, yuxarıda göstərilən mövhumatlar sadə xalq arasında günümüzdə də qalmaqdadır. Hətta bütün bunlar daha da inkişaf etmişdir. Ölmüş müqədəslərin məzarları və başqa sakral obyektlər daha da abadlaşdırılmış, onların üstündə dini mahiyyətli binalar ucaldılmışdır. Orada nəzirlərin yığımı davam etdirilmişdir. Çoxlu insanlar o yerlərə inanclarını bağlayıb ziyarətə çıxırlar. Bunun nəticəsində problemlərinin çözülməsinə inanırlar. Xalq arasında kiminsə o yerlərə ziyarət etdiyindən sonra sağalması, kiminsə işlərinin çözülməsi kimi deyimlər yayılır. Müqəddəs ölülərin məzarlarından başqa, Azərbaycanın ayrı-ayrı bölgələrində totemizmə yaxınlaşan ibtidai inanclar da vardır. Örnək üçün Bakının yaxınlığında dəvə və ilan ocaqları vardır. Oraya gələn uşaqları olmayan qadınlar dəvənin altından keçərək hamilə olacaqlarını sanırlar, ilanlardan isə sağalma diləyirlər. Animistik (ölülərin ruhların gəlişinə inanc) inanclar da vardır. Bu inancların çox əski köklərinin olduğqarına baxmayaraq, xalq içində onların hamısını İslamla bağlayırlar. Deməli bu kimi sadə xalq inancları müsəlman dəyərləri ilə qarışmış və "islamlaşdırılmışdır". Xalq inancları bütün dönəmlər boyu xalqlar arasında yayılaraq, mistik və ibtidai xarakter daşımışdır. Sadə insanlar üçün çətin və dərin ilahiyyat maraqsız olur. Onlar daha da çox duyulan obrazlarda sakrallığı və gizliliyi axtarıb tapırlar. Bunu görmək, eşitmək, duymaq istəyində olurlar. Sakrallığa ulaşanda sağlamlığın tapılması, problemlərin çözülməsi çəkişməli məsələdir. Bütün bunların olub-olmamasının qaynağının nə olması elmi dəlillərlə doğrulanıb ya da inkar edilə bilməz. Bəlkə də burada ayrı-ayrı insanların psixoloji durumu insanları o hisslərə gətiribçəxardır. Hər halda bu kimi deyimlər xalq arasında yayılır, daha sonra əfsanələrə çevrilir və insanlar onlarla inanclarını bağlayırlar. Bu prosesi ortalıqdan götürmək mümkün deyil. Bu olub, var və olacaq. Bu reallıqdır. Reallıqdırsa, onda bunu öz maraqları üçün yönəldən və bundan gəlir götürən ağıllı adamlar da hər zaman olacaq. Çünki hər bir inanc, son olaraq, bəlli adamlara hər zaman böyük maddi gəlirlər gətirir. Bunun əsasında onlar böyük kapital əldə etmiş olurlar. Bütün bu proseslər dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da vardır və bu da təbiidir. Bununla belə, "islamlaşmış" el inanclarının dinin təməlləri ilə birbaşa bağlılığı yoxdur. Birbaşa İslam dininə bağlı olan strukturlara, qurumlara, təhsil və ibadət ocaqlarına gəldikdə isə, Azərbaycanın müstəqilliyi boyu onların sayı görünəcək qədər artmışdır. 2011 ildə ölkədə məscidlərin sayı 1802-ə yüksəlmişdir (2) . Onlardan çoxusu hələ Sovetlər dönəmindən öncə tikilmiş köhnə binalardır. Yeni tikilən məscidlərin sayı isə 595 olmuşdur (3) . Həmən ilə qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çoxusu müsəlmanların olan 534 dini icmalar qydiyyatdan keçmişdir (4) . Din-dövlət ilişkilərini düzənləmək, dini qurumları qeydiyyata almaq, onların Azərbaycan qanunvericiliyinə uyğunlaşdırmaq üçün 2001-ci ildə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi (DQİDK) yaradılmışdır. Bu Komitədə qeydiyyanından keçməyən dini icmaların fəaliyyəti qanuna uyğun sayılmır. Həmdə bu Komitədə ölkəmizə xaricdən gələn dini ədəbiyyata nəzarət edilir, onun dinşunaslıq ekspertizasından keçməyən kitabların satışa buraxılmasının qabağı alınır. Dini ədəbiyyat isə yalnız özəl, icazəsi olan yerlərdə satıla bilər. Dinşünaslıq ekspertizasının gördüyü çox gərəkliu işlərə baxmayaraq, ölkədə yayılması üçün məsləhət görülməyən ədəbiyyat İntertet və başqa çağdaş informasiya kanalları ilə yenə də özünə yol tapır. Buna görə də gələcəkdə bu işin səmərə verəcəyi şübhə altında qalmaqdadır. İnternetdə saytların və başqa resursların yaradılması ilə çeşidli dini icmalar bu ekspertizanın rəyinə baxmayaraq istifadəçilərə öz istənilən ədəbiyyatlarını və informasiyanı çatdıra bilirlər. Artıq İnternetdə saytların və forumların yaradılması, eləcə də sosial şəbəkələrdə səhifələrlə bloqların açılması hər bir dini qurumun fəaliyyətinin tərkib hissəsidir. Son zamanlar onların Azərbaycana yayımlanan şəbəkəsi çox genişlənmişdir. Günümüzdə çox iri tutumlu dini-siyasi və ehkamçı portallar, eləcə də elektron kitabxanalar və başqa bu kimi resurslar yaradılmışdır. Bundan başqa, Azərbaycanda vaxtaşırı dəyişikliklərə uğrayan "Vicdan azadlığı haqqında" qanun qəbul edilmişdir. Bu qanunda din-dövlət ilişkilərinin qanuni əsasları yer almışdır. Bu qanuna görə, bütün müsəlman topluluqları Qafqaz Müsəlmanları Dini İdarəsinə tabedirlər. Bundan başqa, bu qanuna görə, xarici vətəndaşların ölkə ərazisində dini çağırış aparılması yasaq olunmuşdur. Günümüzdə Azərbaycan toplumunda və Milli Məclisdə ölkənin rəsmi yollayışı olmadan başqa ölkələrin dini məktəb və universitetlərini bitirərək geri dönmüş ölkə vətəndaşlarının dini vəzifələr tutması və dini təbliğatın aparılmasının yasaq edilməsi haqqında müzakirələr getməkdədir. Beləliklə, ölkə üçün istənilməz görsənən problemlərin qarşısını bu yollarla almaq cəhdləri vardır. Həmdə Azərbaycanda hələ Rusiya imperiyası və Sovetlər dönəmlərindən bəri Qafqaf (öncə Zaqafkaziya) Müsəmanlarının Ruhani İdarəsi (QMRİ) fəaliyyət göstərir. Bu idarəyə müsəlmanların bütün ibadət yerləri və dini topluluqları tabe olunmuşdur. Bu qurumda şiə və sünnü dini icmaları birləşdirilmişdir. Sovetlər dönəmindən qoyulan qaydaya görə, QMRİ sədri şiə, onun birinci müavini sünnü olmalıdır. Müsəlmanların dini təhsil ocaqlarına gəldikdə isə, onların fəaliyyətinə yalnız Təhsil nazirliyinin verdiyi lisenziya əsasında yol verilir. Bundan öncə isə onlar bu nazirliyə DQİDK-dan onların qanuna uyğunluğunu doğrulayan sənədi çatdırmalıdırlar (5) . Azərbaycanın dini təhsil ocaqlarının məzunlarına dini təbliğatın aparılması və dini vəzifələrin tutmasında üstünlük verilir. Ölkəmizdə Bakı Dövlət Universitetinin nəzdində ali təhsilli ilahiyyatçı kadrları yetişdirən İlahiyyat fakultəsi də fəaliyyət göstərir. Bu fakultə 1992/93-cü illərdə Azərbaycanın Təhsil nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyənin Dəyanət Vakfı arasında bağlanmış anlaşmanın əsasında açılmışdır. Orada oxuma müddəti beş ildir, məzunlar isə ilahiyyatçı və ərəb dili müəllimi ixtisasını alırlar (6) . Müstəqillik illərində Azərbaycanda Bakı İslam Universiteti kimi daha bir böyük tədris ocağı açılmışdır. O QMRİ-nin nəzdində fəaliyyət göstərir. Bu unuversitetdə 2 fakultə İslamşünaslıq və Şəriət fakultələri vardır. Onun həmdə ölkənin başqa şəhərlərində filialları vardır. Bilindiyi kimi, müstəqillik əldə etmiş Azərbaycanda get-gedə dinin sayqısı artmağa başlamış, buraya xarici təbliğatçılar axışmış, ənənəvi olmayat təlimlər yayılmağa başlamışdır. Ən böyük fəallığı da elə çeşidli İslam təbliğatçıları göstərirdilər. Bu da təbii idi, çünki ölkənin əhalisi daha çox müsəlman idi və onların çağırışlarını başqa dinlərin dəvətçilərinin çağırışlarından daha yaxşı anlayırdılar. Ancaq çağdaş İslamın həddən artıq siyasiləşmiş olduğuna görə, bəzi istisnaları çıxmaqla, bütün müsəlman qurumlarının arxasında Qafqaz regionunda hansısa maraqları güdən siyasi güclər dururlar. Azərbaycandakı bir çox müsəlman təşkilatları iran, türk ərəb yönümlüdürlər. İranlıların Azərbaycanda öz dini-siyasi və humanitar qurumları vardır. Onlar əsasən şiə müsəlmanları üçündür. Türklərin də Azırbaycanda öz təşkilatları vardır və onlar əsasən sünnü əhalisi arasında fəaliyyət göstərirlər. Çeşidli ərəb təşkilatlarına gəldikdə isə, onların çoxu yaxın keçmişdə gənclərin bir qismi arasında popuyar olan sələfi yolundadırlar. Ancaq son zamanlar onların ölkədəki nüfuzu duyulacaq qədər enmişdir. Bunun səbəbi birinci növbədə onların öz aralarında baş vermiş parçalanmalar olmuşdur. "Əbu Bəkr" məscidindəki faciəli olaydan sonra isə ölkə rəsmiləri bu kimi topluluqlara qarşı nəzarəti sərtləşdirmiş, bunun sonunda da onlar bir qədər zəyifləmişdirılər. Sələfi topluluqlarından başqa Azərbaycanda "İslamda ortaytol (vəsətiyyə)" adlanan bir layihə də fəaliyyət göstərir. Bu daha da çox müsəlmanların arasında radikalizmə qarşı yönəlmiş maarifləndirici bir layihədir. Onun nümayəndələri xalq kütlələri arasında genişmiqyaslı dini təbliğat aparmır, humanitar işlərlə, ədəbiyyatın buraxılması ilə, dəyirmi masaların keçirilməsi ilə məşğul olurlar. Öz maraqlarını güdən çeşidli Qərb qurumları da vaxtaşırı hansısa müsəlman topluluqları ilə öz siyasətlərini gerçəkləşdirmək üçün işbirliyi qururlar. Bütün bunlarla birlikdə yerli yönümlü dini qruplar da vardır. Onlar QMRİ ilə birlikdədirlər və ölkənin rəsmiləri tərəfindən dəstəklənirlər. Yuxarıda anılar çeşidli müsəlman qruplaşmaları əhatə dairələrinin genişlənməsi uğrunda rəqabət aparırlar. Bu gün siyasətlə açıq məşğul olan müsəlman təşkilatları o qədər də çox deyildir. Sünnülərin siyasi aktivliyi açıq olaraq görsənməməkdədir. Siyasətə qatılanlar daha çox şiə topluluqlarıdır. Onlardan da ən tanınanı ölkənin rəsmi qeydiyyatından keçməyən Azərbaycan İslam Partiyasıdır (AİP). Müstəqilliyimizin ilk çağlarında bu kimi dini-siyasi qurumlar daha çox olmuşdur, ancaq sonra onların sayı duyulacaq qədər azalmışdır.AİP Azərbaycanda İslam ölkəsinin qurulması üçün çarpışan İran üçün işləyən partiya sayılır. Onun üzvlərini dövlətçiliyə qarşı çalışmalarda, İranın xeyrinə cəsusluqda və başqa bu kimi şeylərdə suçlayırlar, fəallarını vaxtaşırı tuturlar. Ancaq bu qeydiyyatdan keçməyən partiyanın üzvləri onlara qarşı irəli sürülən ittihamlarla razılaşmır, hakimiyyəti onları güdülmələrə uğratmaqda və yalanlamaqda suçlayırlar (7) . AİP-in Azərbaycanda sosial dayaqları güclü deyildir. Onlara yalnız ölkədə ümumi sayları onsuz da az olan aktiv dindarların yalnız bir hissəsi rəğbət duyğuları bəsləyir. Bu partiyadan başqa yenə də dini-siyasi güclər vardır. Onlar rəsmi olaraq özlərinin siyasətə qatıldıqlarını səsləndirməyərək, daha çox insan hüquqlarının, ənənəvi dəyərlərin qoruyucuları kimi fəaliyyət göstərirlər. Onların da çoxu şiədirlər. Bu kimi qruplar və ayrı-ayrı kəslər yerli və xarici müsəlman qurumları ilə bağlı olduqları kimi, ölkəiçi müxalifətçi demokratik güclərlə də əməkdaşlıq edirlər. Müxalifətçi demokratik güclər isə onlarla bağlantı yaratmaqla ölkədə öz məqsədlərinə çatmaq istəyindədirlər. Beləliklə, bu kimi islamçılar Azərbaycandakı Qərb ölkələrinin səfirlikləri və humanitar təşkilatları ilə bağlantıda olub, ara-sıra onların yollayışları ilə Amerika və Avropaya gedirlər. Bununla bərabər, onlar təməlçi İslam strukturları ilə də bağlantıdadırlar. Beləliklə belə islamçıların fəaliyyətləri ziddiyətli görsənərək çoxlu suallar doğurur, onların konkret olaraq hansı ideyaya və prinsiplərə qulluq etmələri bilinməməkdədir. Belə islamçı kəslər və qurumlar zaman-zaman Azərbaycan toplumunun bir kəsimi arasında kəskin çəkişmələrə gətirən ictimai-siyasi xarakterli problemləri qaldırırlar. Bütün bunlar müxalifətçi demokratları da bu prosesə qatır. Onlar islamçıların qaldırdıqları problemləri Azərbaycan rəsmilərinə qarşı döndərmək istəyirlər. Beləliklə, əslində Qərb yönümlü demokratların islamçılarla hansısa ümumi məqsədlərə çatmaq üçün müvəqqəti birliyi və simpatiyaları yaranır. Buna baxmayaraq, özüllərinin bir birinə zidd olduğuna görə, onların arasında kəskin qarşıdurmalar vardır və gələcəkdə daha da dərinləşəcək. Bununla belə, bu kimi dini-ictimai qurumların üzvlərinin Azərbaycanda gedən siyasi proseslərə birbaşa qatıldıqları olayları da olmuşdur. Örnək üçün, prezident seçkiləri zamanı onların bəzi öndə gedənləri müxalifətçilərə dəstək vermişdirlər. O zaman ixtişaşlar baş verəndə isə, iqtidar onları qarışıqlıq salmaqda suçlamış, onlardan bəziləri tutulmuşdurlar. Ümumiyyətlə isə bu kimi dini-ictimai qurumların fəaliyyəti Milli Təhlükəsizlik bə Daxili İşlər nazirliklərin nəzarəti altındadır. Siyasiləşmiş dini-ictimai qurumlar arada din adamlarının hüquqlarının qorunması ilə bağlı çeşidli problemləri qaldırırlar. Bunlardan ən kəskikini qadın örtüyü olan hicab problemidir. Öncə kimliyi (şəxsiyyət vəsiqəsini) almaq üçün başı açıq fotoşəkil çəkdirmək istəməyən qadınların məsələsi qaldırılmışdır. Bunun çevrəsində gedən çəkişmələrə baxmayaraq, onlar heç bir uğur əldə edə bilməmişdirlər. Bundan sonra, 2011-ci ildə Təhsil nazirliyi Respuçlikada bütün məktəblilər üçün bir olan məktəbli formasının geyilməsi haqqında göstəriş vermişdir. Bu formada hicaba yer verilmədiyi üçün, buna qarşı bəzi müsəlman qurumları və ayrı-ayrı dindar ailələri etiraz etmişdirlər. Bu barədə çəkişmələr bu günə kimi sürməkdədir. Bu məsələdə onları Qərb yönümlü demokratik qurumlar da dəstəkləmişdirlər. Onlar birlikdə dindar ailələrdən olan qızların məktəblərdə də hicabla gəzmək hüquqlarının olması haqqında polemikalar açmış, dəyirmi masalar keçirtmişdirlər (8) . Orada məktəb formasının tətbiq olunmasından sonra, yüzlərlə dindar qızların məktəblərə hicabsız getməkdən imtina etməsi haqqında xəbərlər yayılmışdır. Ancaq bu kimi böyük rəqəmlərin nə qədər həqiqətə uyğun olması bilinməməkdədir. Bundan sonra dindarların məktəblərin qarşısında piket qurması haqqında xəbərlər yayılırdı. Bəzi durumlarda onların məktəb işçiləri ilə zorakılıqla sonlanan qarşıdurmaları da olmuşdur. Məktəblərdə hamı üçün bir olan formanın geyilməsi göstərişinə qarşı ən böyük etiraz Təhsil nazirliyinin önündə baş vermiş, ancaq orada mitinqə yığışanları polis dağıtmışdır (9) . Bununla belə, dünyavi olan Azərbaycan əhalisinin çoxluğu bütün bu proseslərəqatılmamışdır. Yuxarıda deyildiyi kimi, onlar öz yaşamlarında İslam ehkamlarını tam tutumda yerinə yetirmirlər. Din onların yalnız mədəniyyətlərinin və dünyagörüşlərinin bir parçasıdır. Buna görə də aktiv dindarların çıxışlarına ölkə əhalisinin çoxluğundan dəstək gəlmədi və onlar uğursuz bitti. Hicab ətrafında gedən çəkişmələrdən belə vətəndaşların bir çoxunun ən azı Təhsil nazirliyinin göstərişinə qarşı olmadıqları bilindi. Bəziləri idə bu göstərişi açıq olaraq dəstəklərilər. Onların dediklərinə görə, kiçik yaşlı uşağların seçimi yoxdur. Onlar tərbiyə aldıqları ailələrdə ata-ananın təsiri altında hicabı, ya da başqa dini atributları geyinirlər. Buna görə də orta məktəblərdə hicab geyilməməlidir. Yalnız yetkinlik yaşına çatandan sonra, basqı altında olmayan o uşaqların özləri, azad seçim edib hicabı geyməlidirlər. Dindarlar da bu arqumentlərə qarşı öz dəlilləri ilə çıxış edib, dinin qanunlarına, insan hüquqlarına, dini etiqadda azadlıqlara dayanırlar. Beləliklə, hicab məsələsində dindarların bir qisminin aktivliyi yüksək olsa da, onlar heç bir irəlləyişi əldə edə bilməmişdirlər. Hicab problemindən başqa, ölkənin rəsmi qurumlarının məhkəmələrin verdiyi qərarlara dayanaraq bəzi qanunsuz tikilmiş məscidlərin sökməsi də çəkişmələrə gətirib çıxartmışdır. Bunun sonu olaraq, respublikada bir neçə ibadət yerləri sökülmüşdür. Ancaq bu dəfə də, bəzi dinidarların və ictimai-dini təşkilatların etirazlarına və hətta açıq çıxışlarına baxmayaraq, durumu nəzarət altında saxlamaq mümkün olmuşdur. Buna səbəb yenə də ölkə əhalisinin çoxluğunun , dünyavi olduqlarına görə, bu proseslərə qatılmadıqları, onlara biğanə olması idi. Ancaq, məhkəmələrin qərarı ilə qanunsuz tikilmiş məscidlərin sökülməsi bəzi xarici güclərin bəlli qədər reaksiyasına gətirib çıxartmışdır. Örnək üçün, İranın bəzi çevrələri bu olayları Azərbaycan rəsmilərinin antiislam siyasəti kimi dəyərləndirlər (10) . Rusiya müsəlmanlarının bəzi yayımlarda isə bu olayları başqa biçimdə yozumlamışdırlar. Orada güya Azərbaycanda sünnülərin şiə hakimiyyəti tərəfindən güdülməsi baş vermiş, onların təşkilatları bağlanmış, dağıdılan məscidlərin də elə sünnülərinki olması haqqında cəfəng xəbərlər yayılmışdır. Doğruluqda isə bu xəbərlər həqiqətə uyğun olmamışdır. Birincisi, Azərbaycan hakimiyyəti tamamilə dünyavidir, bu da ölkə Konstitusiyanın 18-ci maddəsində dayanır. Buna görə onlar Azərbaycanda olan heç bir dinə ya da hansısa təriqətə üstünlük vermirlər. Ikincisi isə şiələrin bağlanmış, ya da qanunsuz tikildiklərinə görə sökülmüş ibadət yerlərinin sayı sünnülərinkindən az olmamışdır. Hətta onların özləri də dolayısı ilə tikinti zamanı o məscidlərin sənədlərində bəlli problemlər olduğunu etiraf etmişdirlər (11) . Doruluqda isə, Bakı sələfilərin yığışdığı "Əbu Bəkr" məscidinin bağlanmasının səbəbi orada baş vermiş cinayət olmuşdur. Bunun sonu olaraq ölən və yaralananlar olmuşdur. Ənənəvi hənəfilərlə şafiilərin yığışdığı "Şəhidlər" adlanan başqa məscidi isə, rəsmi xəbərlərə görə, təmir işlərinin aparılması üçün bağlanmışdır (12) . Müxalifətçi yayımlarda türklərin tikdiyi bu məscidin bağlanmasının səbəbinin Azərbaycanın Türkiyə ilə münasibətlərinin pisləşməsi olduğu xəbəri yayılmışdır. Ancaq bu kimi fikirlərin həqiqətə uyğun olması sorular doğurur. Çünki ölkələrimizin arasında soyuq münasibətlərin olması güman edilən zaman çoxdan keçmişdir. Ancaq bu məscid bağlı olaraq qalmaqdadır. Bunu turk rəsmisi də təsdiq etmişdir (13) . Buna görə də "Şəhidlər" məscidinin Milli Məclisə və başqa rəsmi binalara yaxın olması səbəbi ilə bağlanması ehtimalı daha doğru görsənir. Bəlkə də o məscid orada çoxlu adamların yığışması və bunun nə vaxtsa hansısa ixtişaşlara gətirib çıxara biləcəyi ehtimalının olduğu idi. Bu kimi olaylar Yaxın Şərqin bir çox ölkələrində olur. Orada cümə namazlarından sonra siyasi aksiyalar keçirilir. Azərbaycan rəsmiləri ölkədəki dini durumu nəzarətdə saxlamaq və onu idarə etmək yolunu tuturlar. Bu sabitliyin qorunması üçün çox önəmlidir. Çünki Azərbaycan çox gərgin coğrafi yerdə yerləşməkdədir. Burada ölkəmizdəki iç durumu qarışdırmaqda maraqlı olan çeşidli dünya gücləri vardır. Dini sahədə yetərsiz davranma onların çeşidli topluluqları aktivləşdirməsinə, bununla da ölkədəki sabitliyin pozulmasına, o güçlərin isə maraqlarının gerçəkləşdirilməsinə gətirib çıxara bilər. Azərbaycanda müsəlman şiələr və sünnülər yaşayır. Bilindiyi kimi, bu qollar arasındakı münasibətlər dünyada çox zaman ixtilaflı olur. Yalnız Azərbaycanda dindarlığın az olması və ölkə rəsmilərinin bacarıqlı siyasəti sonu ölkəmizdə bu sahədə böyük problemlər yaranmır. Dini qurumların qanuna uyğun fəaliyyət göstərməsi sahəsindəki ölkənin uğurlu siyasətində hər hansı səhvə yol verilsə, bu iki müsəlman qolları arasında İraq, ya da Pakistanda olduğu kimi qarşıdurmalar yarana bilər. Günümüzdə Azərbaycanda yaşayan şiələrlə sünnülər arasında heç bir böyük qarşıdurma baş verməmişdir. Ancaq bir neçə kiçik anlaşılmazlıqlar qeydə alınmışdır. Örnək üçün, onlardan biri Göyçayın məscidlərinin birində olmuşdur. Bundan başqa, onların çox gərgin ideoloji qarşıdurmaları və söz çəkişmələri İnternetin forumlarında, sosial şəbəkələrdə, bloqlarda getməkdədir. Orada hər məzhəbin ardıcılı özünün doğru olduğunu açıqlayır, rəqiblərini isə inkar edir. Ölkənin bu sahədə uğurlu siyasəti olmasaydı bu virtual qarşıdurmalar real həyatımıza girə bilər. Eyni zamanda ayrı-ayrı güclər şiə-sünnü qarşıdurmalarını etnik gərginliyi qızışdırmaq üçün istifadə etmək istəyindədirlər. Onlar bəzi etnik qrupların sünnü olmasını az qala onların milli dini kimi qələmə verərək, onların güya şiə çoxluğu tərəfindən əzildikləri fikrini yetitmək istəyirlər. Halbuki əslində ölkədə heç bir məzhəblər ayrıseçkiliyi yoxdur. Beləliklə, Azərbaycanda məzhəblərarası münasibətlərin tənzimlənməsi ölkədə sabitliyin qorunması üçün çox gərəklidir. Günümüzdə ölkə rəsmilərinin bu sahədəki sərt nəzarət üsullarının tətbiq etməsi də bununla izah edilir. Bəlkə də bu siyasətin gerçəkləşməsi prosesində bəlli qədər səhflərə də yol verilmiş ya da bürokratik əngəllər olmuşdur. Bu da qaçılmazdır, çunki hər bir işdə səhvlər ola bilər, hər şey praktikada sınaqdan keçirilməlidir. Ancaq, bütün tənqidlərə və başqa fikirlərə baxmayaraq, Azərbaycan rəsmilərinin bu sahədəki işləri bu günə kimi uğurlu olmuşdur. Ən əsas məqsəd ölkədə sabitliyin qorunması, ixtişaşlara yol verilməməsi, ölkə vətəndaşlarını qanunla qorunmasıdır. Buna da nail olunmuşdur. ____________________________1. Hidayət Orucov: "Üç il ərzində Azərbaycanda 512 dini icma qeydiyyatdan keçib" / Səs informasiya agentliyi. http://www.sia.az/index.php?action=static_detail&static_id=152770 2. Hidayət Orucov: "Üç il ərzində Azərbaycanda 512 dini icma qeydiyyatdan keçib" / Səs informasiya agentliyi. http://www.sia.az/index.php?action=static_detail&static_id=152770 3. Hidayət Orucov: "Üç il ərzində Azərbaycanda 512 dini icma qeydiyyatdan keçib" / Səs informasiya agentliyi. http://www.sia.az/index.php?action=static_detail&static_id=152770 4. Hidayət Orucov: "Üç il ərzində Azərbaycanda 512 dini icma qeydiyyatdan keçib" / Səs informasiya agentliyi. http://www.sia.az/index.php?action=static_detail&static_id=152770 5. Mail Ağaxanov . Azərbaycanda mədrəsələr və dini təhsil. http://zeka.az/871-azjrbaycanda-mjdrjsjljr-vj-dini-tjhsil.html 6. Bakı Dözlət Universitetinin İlahiyyat fakultəsinin rəsmi saytı / Fakültənin tarixi theology.bsu.edu.az/az/content/_147 7. İslam Partiyası Azərbaycan hakimiyyətini repressiyada ittiham edir. http://www.contact.az/docs/2011/Social/101010376az.htm 8. Hacı İlqar İbrahimoğlu "Amnesty International"ın rəsmilərilə hicab problemini və həbsdə olan ilahiyyatçıların məsələsini müzakirə etdi, 2011. http://deyerler.org/82486-ilqar-ibrahimoglu.html 9. Azadlıq radiosu, 06.05.2011 / Dindarlara cinayət işi açılıb http://www.azadliq.org/content/article/24093013.html 10. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ayətullah Nasir Məkarim Şirazinin fikirlərinə münasibət bildirib. http://www.apa.az/az/news.php?id=239327 11. Dəyərlər, 5 dekabr 2008 / İcra hakimiyyəti: Murtuza Muxtarov küçəsindəki məscid qanunsuz tikilib, sökülməlidir http://deyerler.org/18627-bcra-hakimbyytb-murtuza-muxtarov-ki199sbndkb.html 12. Azadlıq qəzeti, 29 Aprel 2011 / Şəhidlər məscidinin "təmir" bəhanəsi. http://www.azadliq.az/index.php?option=com_content&view=article&id=4934:hidlr-mscidinin-tmir-bhansi&catid=338:reportaj1&Itemid=542 13. Azadlıq qəzeti, 29 Aprel 2011 / Şəhidlər məscidinin "təmir" bəhanəsi. http://www.azadliq.az/index.php?option= Dövlət və din. 1 (27) 2011. |