Müstəqillik dönəmində Azərbaycanda qeyri-müsəlman inanclarının yayılması və bu günü

2012 il

Din və xalqın inancları problemi Azərbaycan toplumunu vaxtaşırı həyəcanlandıran önəmli problemlərdən biri olaraq qalmaqdadır. Bu sahədə sovetlər sonrası dönəmdə nəzərəçarpan dəyişikliklər baş vermişdir.

Ötən illər boyu bu dəyişikliklər heç də birmənalı qarşılanmamış, bir çox durumlarda ziddiyyətli olmuşdur. Bir yandan sovet ideoloji sisteminin dağılması insanların mənəvi yaşamlarında boşluqlar yaratmışdır. Əksəriyyət kommunist ideologiyasının əsassız olduğunu görmüş, mənəvi yaşamlarını dəyişdirərək, çeşidli dinlərə üz tutmuşdur. Məsələ burasındadır ki, Sovet sistemi dinlərə təpki göstərmişdir. Din, çox vaxt xalqın adətləri və milli dəyərləri ilə qarışıq şəkildə təqdim edildiyindən ona qayıdış mədəni və əxlaqi köklərimizə dönüş kimi dəyərləndirilmişdir.

Dinə dönüş proseslərinə Azərbaycandakı dayanıqlı olmayan hərbi-siyasi durum da öz təsirini göstərmişdir. Ermənistanla savaş, çoxlu sayda qurbanların verilməsi və qaçqınların ortalığa çıxması ilə sonuclanmışdır. Elə bu olaylar da dinə meyilliliyə yol açmışdır. Çünki bu kimi ekstremal durumlarda bir çox insanlar faciələrin nədən yaranmasının köklərini arayaraq, bunların səbəblərini özlərinin və toplumun günahkar olmasında görürlər. Belə duyğular isə onları xilasın dində olduğu fikrinə gətirib çıxarırdı.

Sovet sisteminin dağılması və sərhədlərin açılması xarici dini missionerlərin ölkəmizə gəlməsinə gətirib çıxarmışdır. 1980-cı illərin sonundan etibarən azərbaycanlıların ayrı-ayrı dinlərə və təriqətlərə axını başlamışdır.

Missioner aktivliyini ilk olaraq Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin ardıcılları göstərmişlər. Bakı və başqa şəhərlərin mərkəzi küçələrinə çıxaraq öz inanclarını mütəmadi təbliğ edən krişnaçıların yığıncaqlarında həmin dövrdə çoxlu adam iştirak etmişdir. Adi insanlarla söhbətlər etmək, onları yığıncaqlarına çağırmaq, kitabları satmaq onların təbliğat formaları idi.

1980-ci illərdə apardıqları aktiv təbliğata baxmayaraq, krişnaçıların populyarlığı azaldı, xalq kütlələri arasında öz inanclarını yaya bilmədilər. Onların təlimi bir çox məqamlarda mürəkkəb olduğundan, sadə insanlar onu qavramaqda çətinlik çəkirdilər. Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin vitse-prezidentinin sözlərinə görə, günümüzdə Bakıda yerləşən krişnaçıların yığıncaqlarına 350 nəfərdən artıq insan qatılmır. Onlardan isə inanclarında aktiv olanların sayı 150-dən çox deyildir (1).

Qeyri-xristian dinlərdən yalnız Yəhudilik (İslam istisna olmaqla) Azərbaycanda ənənəvi din hesab olunur. Bu dinin ardıcıllarının sayı respublikada on minlərlədir, onların əksəriyyətini tatlar təşkil edir. Quba rayonunun Qırmızıkənd qəsəbəsində kompakt halda yaşayan tatlar Oğuzda və respublikamızın digər şimal rayonlarında da məskunlaşmışlar. Paytaxtımızda isə onlardan başqa Avropa yəhudiləri də yaşayırlar. Bakıda, Qubada, Oğuzda müstəqillik dönəmində bir neçə yeni sinaqoq tikilmiş, bəzilərində isə əsaslı yenidənqurma və bərpa işləri aparılmışdır.

Müstəqillik illərində bəhai icmaları da Azərbaycanda fəaliyyətlərini bərpa etmişdir. Bəhailik XIX yüzilliyin sonu - XX yüzilliyin ilk illərində indiki Azərbaycan Respublikası ərazisində yayılmağa başlamışdır. Bu inancın kökləri o zaman İranı bürümüş Babilər hərəkatından gəlir. Bəhailər XX əsrin 90-cı illərində Gəncə, Bakı, Sumqayıt və Salyanda öz dayaqlarını yaratmışdılar. Hazırda respublikamızda 9 bəhai icması fəaliyyət göstərir (2). Onların fəaliyyəti rəsmi dövlət qurumları ilə razılaşdırılmışdır.

Azərbaycanın ənənəvi xristian kilsələrindən biri Rus Pravoslav Kilsəsidir. Onu təmsil edən ən böyük və nüfuzlu qurum Bakı və Azərbaycan Yeparxiyasıdır. Ölkəmizdəki pravoslavların sayı müsəlmanlardan sonra ikincidir. Son zamanlar respublikada bir çox əski pravoslav kilsəsi təmir olunub ibadət üçün açılmışdır. Rus Pravoslav Kilsəsinin və digər pravoslav kilsələrin yüksək nümayəndələri vaxtaşırı Azərbaycana gəlir, onların ölkə başçıları və müsəlman xadimləri ilə çox yaxşı münasibətləri vardır. Azərbaycanda yaşayan pravoslavların fəaliyyəti ölkə qanunvericiliyinə tam uyğundur.

2003-cü ildə Alban-Udin xristian icması rəsmi olaraq qeydiyyatdan keçmişdir (3). Bu da keçmişdə mövcud olmuş Alban kilsəsinin yenidən qurulması yönündə ilk addım kimi dəyərləndirilir. Alban kilsəsinin varlığına XIX yüzilliyin birinci yarısında son qoyulmuş, onun strukturu və əmlakı Erməni kilsəsinə verilmişdir. Bu səbəbdən də Erməni kilsəsi bütün Azərbaycan ərazisini öz kanonik yeri saymaqla bərabər, erməni təcavüzünü dəstəkləyir və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını haqlı hesab edir.

Buna görə də Azərbaycandakı bəzi dairələr Alban kilsəsinin yenidən qurulmasını erməni siyasətinə qarşı atılan addım kimi dəyərləndirirlər. Ancaq əslində bu kilsənin yenidən qurulmasına digər pravoslav kilsələri dəstək verməli, onu tanımalıdırlar. Bu isə olduqca problemli məsələdir.

Bundan başqa, yenidən qurulması planlaşdırılan Alban kilsəsinin ardıcıllarının sayı o qədər də çox deyildir. Bunlar yalnız Azərbaycanın quzeyində yaşayan, sayı 4 minə yaxın olan udinlərdir.

Siyasi arenada da bu addımın gözlənilən nəticələr verməsi ehtimalı çox şübhəlidir. Həmin addım atılarsa, Rus Pravoslav Kilsəsi ilə problemlər yarana bilər. Məsələ burasındadır ki, Kilsə Azərbaycanı kanonik ərazisi sayır və ölkədəki xristianlar üzərində birinciliyi əldən vermək istəmir. Bu isə siyasi baxımdan Azərbaycan üçün əlverişsizdir. Hər halda söhbətlərin getməsinə baxmayaraq, Alban kilsəsinin yenidən qurulmasına doğru konkret addım atılmamışdır.

Respublikamızda katolik və lüteranlar azlıq təşkil edir. Lüteranlar yığıncaqlarını Rusiya imperiyası dönəmində paytaxtımızda inşa edilən Kirxada keçirirlər. Bundan başqa, vaxtilə böyük alman icmasının yaşadığı Xanlar rayonunda da tarixi lüteran kilsəsi təmir edilmiş, ibadət üçün açılmışdır. Katoliklər üçün isə Bakıda kilsə ucaldılmışdır. Onlar, həmçinin kimsəsizlər üçün ev də saxlayırlar.

Digər xristian təriqətləri və denominasiyaları isə Ermənistanla savaşın qızğın çağlarında Azərbaycanda xüsusi fəallıq göstərməmişlər. Bu da onların təhlükəsizliyi baxımından doğru addım olmuşdur. Çünki həmin dövrdə xristian yönümlü inancların yayılmasına cəhd edilməsi düşmən təbliğatına dəstək vermək kimi dəyərləndirilə bilərdi. Əslində Azərbaycan-Ermənistan savaşı heç zaman dinlərarası qarşıdurma halını almamışdır. Buna baxmayaraq, savaşın aktiv fazası zamanı Xristian təbliğatçıları öz inanclarını açıq şəkildə yaymaqdan çəkinmişlər. Bəzi xristian təriqətləri isə hələ o çağlarda öz işlərini yarıgizli olaraq həyata keçirmişlər.

1994-cü ildə Ermənistanla atəşkəs anlaşması bağlanandan sonra Azərbaycan onu bürümüş dərin böhrandan çıxmağa başladı. Bu yeni durumda xarici ölkələrdən gəlmiş missionerlər Azərbaycan əhalisi arasında genişmiqyaslı açıq təbliğata başlamışdılar. Xüsusilə Qərb ölkələrindən gəlmiş çeşidli protestant kilsələrinin dəvətçiləri Bakı, Gəncə və başqa şəhərlərdə öz yığıncaqlarını keçirmiş, bu məqsədlə geniş konsert zallarını icarəyə götürmüş, orada dualar, moizələr və dini məzmunlu mühazirələr oxumuşdular.

Həmin dövrdə xaricdən ölkəmizə gəlmiş xristian-protestant mühazirəçilər və din xadimlərinin səyləri nəticəsində dini təriqətlərə çoxlu adam cəlb edilmişdi. Bir çox dini dəvətçilər kəndlərdə, eləcə də sadə insanların yaşadıqları yerlərdə evləri icarəyə götürərək xalqla ünsiyyətə girib, orada təbliğat aparmış, gəncləri öz təriqətlərinə cəlb etmişdilər.

Onların missioner çalışmaları nəticəsində, bir çox həmyerlimiz bu təriqətlərin inanclarını mənimsədilər. Bunun bir çox subyektiv və obyektiv səbəbləri var idi. Birinci növbədə sosial səbəblər gəlirdi. Həmin illərdə ölkənin durumu olduqca pisləşmiş, insanların bu günə və gələcəyə inamları yoxa çıxmışdı. İqtisadi problemlər, əhalinin yoxsulluğu da bir çoxların dini təbliğatlara uymağa məcbur edirdi. Çünki tarixin bu kimi çağlarında xalqlar sakrallığa meyilli olur, ideal dünyada xilaskar axtarışında olur, möcüzələrə inanır, məsih-xilaskarı gözləyirlər. Elə təriqət təbliğatçıları da onlara psixoloji təsir göstərərək ardıcıllarını dini trans hallarına salır, vədlər verirdilər. Xarici təriqətlərin dəvətçiləri göylərdən gələn xilas vədləri ilə kifayətlənməmiş, həm də dünyəvi vasitələrdən də istifadə etmişlər.

Əhalinin o zamankı yoxsul durumundan yararlanaraq, azərbaycanlılara maddi yardımlar etmiş, yaşamlarında olan çeşidli problemlərini çözmüşdülər. Bu və ya başqa təriqətin üzvü olmaq bəziləri üçün çox əlverişli olmuşdur. Bundan başqa, onlar dini təriqətlərin vasitəsilə ingilis və başqa Avropa dillərinə yiyələnmə, xarici təhsil ocaqlarında oxuma, yaxşı iş tapma şanslarını əldə edirdilər. Həm də təriqətlərə üzv olmaq insanların xarici ölkələrə köçmək imkanlarını da asanlaşdırmış olurdu. Bu isə o zamankı ağır durumda çox adamın arzusu idi.

Bəzən isə yabançı din təriqətçilərinin təbliğatı siyasi xarakter daşımışdır. Onlardan bəziləri öz dinlərinin ermənilərlə azərbaycanlıların barış əldə etməsinə yardımçı olacağını iddia edirdilər. Onların fikrincə, bu halda azərbaycanlılar da ermənilər kimi, xristian olacaq və xristian qardaşlığı ideyaları ilə bu savaşı çözmək mümkün olacaqdır.

Eyni zamanda azərbaycanlılara, onların yurdlarının əslində ərəb, sonra isə türk "istilaçıları "tərəfindən sıxışdırılıb çıxarılan tarixi xristian ölkəsi olduğu fikri aşılanırdı. Deməli, İslam dini Azərbaycana xas olmayan yad inanc kimi qələmə verilirdi.

Azərbaycanda Xristianlığın "bərpa" edilməsi mövzusunu qaldıran xarici təriqətçi qurumların nümayəndələri millətlərarası problemlərə də toxunurdular. Öncədən onların hamısı azərbaycanlıların İslamın praktiki tələblərini icra etməsələr belə, kütləvi şəkildə Xristianlığa üz tutmalarının mümkünsüz olduğunu bilirdilər. Çünki İslam dini bu xalqın şüuraltı qatında yer almış və azərbaycanlılar öz milli kimliklərini və mədəniyyətini bu dinlə bağlayırlar.

Bu səbəbdən də təriqətçilər ölkədə özəlliklə milli azlıqlara yönəlmiş təbliğat aparmışlar. Təşviqatda prioritet yönüm kimi, onlar respublikanın şimalında yaşayan Qafqaz mənşəli xalqlara önəm vermişlər. Onlar bu xalqları Qafqaz Albaniyasının birbaşa varisləri kimi qələmə verərək, bu fikri onlara yeritmişlər. Azərbaycanın türk və iran mənşəli əhalisini isə gəlmə, qafqazlılara yad olan İslam dinini aşılayan xalqlar kimi təqdim etmişlər.

Beləliklə, xarici missioner təriqətlərinin Azərbaycandakı fəaliyyəti bəzi durumlarda millətlərarası gərginlik yaratmış və əhalinin bir hissəsində separatist əhval-ruhiyyənin yaranmasına təkan vermişdir. Bu kimi problemlər üzrə Azərbaycan mətbuatında vaxtaşırı materiallar yayımlanmışdır (4).

Erməni tərəfi də Xristianlığın Azərbaycanda yaşayan etnik azlıqların arasında yayılmasını dəstəkləmiş, etnik qarşıdurmalar yolu ilə ölkəni parçalamaq istəyində olmuşlar. Həmin mövzular üzrə İrəvanda bu günədək konfranslar keçirilməkdədir (5).

Həm də çeşidli missioner qurumlarının üzvləri və təbliğatçıları İslam əleyhinə təşviqatlar aparmışlar. Onlar İslamı mürtəce və vəhşi din kimi dəyərləndirmiş, müsəlman mədəniyyətinə, inanclı müsəlmanlara qarşı təhqirlər səsləndirmişlər (6).

Ayrı-ayrı təriqətlərin təlimlərini qəbul etmiş azərbaycanlılara onlara uyğun gəlməyən cəmiyyətlə və ailələrlə ixtilafa girmək aşılanırdı. Missionerlərin dilə gətirdikləri amacları bütün Azərbaycanın xristianlaşması olmuşdur. Bu yolda, ilkin olaraq, hər beşinci azərbaycanlını xristian etmək planı açıqlanırdı.

Təriqətçilər gənclər arasında daha fəal olmuş, ordu sıralarında da öz təbliğatlarını aparmağa cəhd göstərmişlər. Missionerlər "humanizm" prinsiplərini gənclərə aşılamış, onları ələ silah almaqdan çəkindirmişlər. Bununla belə, onlar ermənilərin xristian azərbaycanlıların din qardaşları olması duyğularını aşılamışlar (7). Sonra isə həmin təriqətlərin əksəriyyətinin erməni əks-kəşfiyyatı ilə bağlantıda olması faktı ortalığa çıxmışdır.

Lakin təriqətçilərin hamısı neqativ işlərlə məşğul olmamışlar. Onların arasında səmimi inanclılar da olmuşdur. Ancaq bütövlükdə, bu dini qurumların fəaliyyəti yuxarıda göstərilən amillər üzrə Azərbaycan dövlətçiliyinə zidd olmuşdur. Buna görə də möhkəmlənmiş dövlətimiz 1995-ci ildən sonra təhlükəli təriqətlərə qarşı aktiv tədbirlər planı həyata keçirməyə başlamışdır. Destruktiv fəaliyyətlə məşğul olan xarici dini təbliğatçılar ölkədən qovulmuş, çeşidli dini qurumların maliyyə axınları gözaltına alınmışdır (8). Çünki bütün dini qurumlar öz fəaliyyətlərini Azərbaycan qanunvericiliyi ilə uyğunlaşdırmalı idilər.

Bu istiqamətdə tədbirlər həyata keçirildikdən sonra təriqətçi qurumların aktivliyi azalmış və xalq arasında nüfuzlarını itirmişlər. Onların üzvlərinin sayı minimum həddə enmiş və insanlar getdikcə bu təriqətlərdən uzaqlaşmışlar. Günümüzdə Azərbaycan qanunvericiliyinə zidd olmayan təriqətlər ölkədə fəaliyyətlərini sürdürməkdədirlər. Rəsmi dairələrin bildirdiklərinə görə, qeyri-ənənəvi təriqətlərin ardıcıllarının sayı o qədər də çox deyildir və bu dini icmaların heç biri Azərbaycanın milli maraqlarına təhlükə törətmirlər (9).

Bununla belə, bəzi beynəlxalq qurumlar Azərbaycanda aparılan din siyasətini tənqid edib ölkə rəsmilərini dini azadlığın boğulmasında suçlayırlar. Buna örnək kimi ABŞ Dövlət Departamentinin 2010-cu ildə yayımlanan hesabatını göstərmək olar (10). Ancaq Azərbaycan rəsmiləri bu kimi hesabatı tamamlanmamış, dəqiqləşdirilməmiş və düzəlişlərə ehtiyacı olan sənəd kimi dəyərləndirirlər (11). Məsələ burasındadır ki, Azərbaycanda dini qurumların fəaliyyəti üçün qanunvericilik işlənib hazırlanmışdır. Sözügedən təriqətlərin hamısı yalnız ölkə qanunlarına zidd işlərə yol vermədikləri halda fəaliyyət göstərə bilərlər.

Təriqətçi qurumların fəaliyyətinin zəifləməsinin əsas səbəbi təkcə qanunvericilik bazasının yaradılması yox, Azərbaycanın əvvəllər yaşadığı böhranlı vəziyyətdən çıxması olmuşdur. Tədricən insanların bir çox problemləri çözülmüş, onlar yaxşı yaşamağa, bu günə və sabaha inamla baxmağa başlamışlar. Eyni zamanda cəbhə xətti sabitləşmiş, hərbi geriləməyə son qoyulmuş, ordu möhkəmləndirilmişdir. Ölkənin güclənməsi yabançı dini qurumların Azərbaycanı xristianlaşdırmaq planlarını pozmuşdur.

Xristian dini təriqətçiliyinin qarşısında daha önəmli bir amil də olmuşdur: yüzilliklər boyu sürmüş azərbaycanlıların adət-ənənələri. Bu adət-ənənələr çox vaxt İslam dünyagörüşü ilə qarışıq olaraq özünü göstərməkdədir. İslam azərbaycanlılar üçün praktiki cəhətdən icra edilən dindən çox, mədəniyyətlərinin ayrılmaz parçasıdır. Buna görə də Azərbaycan toplumunun böyük hissəsi yabançı təriqətlərin aktiv təbliğatına qarşı olmuşdur. Ölkə vətəndaşlarının çoxu bu təbliğatı anlamaq belə istəməmiş, ona uyanları isə qınamışlar. Ailələrdə və ictimai yerlərdə bu zəmində qarşıdurmalar da olmuşdur. Bəlkə də elə həmin təriqətlərin aktivləşməsi əhalinin bu cür reaksiyasına gətirib çıxarmışdır.

Beləliklə, Azərbaycan Respublikasının müstəqillik illərində qeyri-İslam təriqətləri yönümündə aparılan siyasəti uğurlu saymaq olar. Bu siyasətin sayəsində ölkədə dini dözümlülük hökm sürür, bütün dinlər və təriqətlər qanun çərçivəsində fəaliyyət göstərirlər.

ƏDƏBİYYAT

1. "Exo" qəzeti. 196, 25 oktyabr 2008.
2. www.bahai.az/lib/articles/histofaz/history_az.shtml
3. http://udi.az/
4. www.scwra.gov.az/view.php?lang=az&menu=240&id=215
5. www.armtown.com/news/ru/gol/20070911/13741/
6. www.yenicag.az/modules/news/article.php?storyid=819
7. http://az.trend.az/news/society/1081523.html
8. www.newsru.com/religy/18oct2001/abbasov.html
9. gundelik-baku.com/index.php?newsid=2238
10. www.state.gov/g/drl/rls/irf/2010/148912.htm
11. www.ayna.az/2011-10-08/siyaset