Aydın Əlizadə

Dünya dinlərində çoban-qoyun obrazları

 Dünya dinlərində çoban-qoyun-sürü alleqorik simvollarına tez-tez rast gəlmək olar: bir tərəfdən yönəldici olan tanrılar və peyğəmbərlər, digər tərəfdən isə sürü kimi başa düşülər insan kütləsi. Qoyunların arasında düz yolda  olan (yəni çobana tabe olan) insanlar və yollarını azmışlar vardır. Yollarını azmışlar Tanrının (və ya tanrıların) yolu ilə getməyən insanlardır və onlar zülmətdə olan adamlar kimi təsəvvür edilir. Bu cür təsəvvürlər ən qədim zamanlarda yaranmışdır və müasir dinlərdə də mövcuddur.

     Terracotta head of a ewe

Arxeoloji qazıntılar zamanı qədim Mesopotamiyada tanrıların tapınaqlarının (məbədlərinin) xarabalıqlarında qoyun heykəlləri tapılmışdır. Onlar dini mərasimlərdə istifadə edilirdi. Məsələn, Nyu-Yorkun Metropolitan (solda) və Londonun Britaniya (sağda) muzeylərinin eksponatları olan bu qoyun başları Sümerin Uruk şəhərinin tapınaqlarının xarabalıqlarında tapılmışdır (e.ə. 3300-

3100-cü illər). Bəlkə də bu qoyunlar tanrılaralara kəsilmiş qurbanlıq heyvanları simvolizə edirdi.

The Uruk Trough

Həmən yerdən tapılmış və həmən dövrə aid olan vannanın üzərində də qoyunların şəkilləri vardır (Britaniya muzeyinin eksponatıdır). Ola bilsin ki, bu vanna İnanna (İştar) ilahəsinə ibadət zamanı işlənilirdi. Şəkildə qamış evinin yanına yaxınlaşan qoyunlar çəkilmişdir. Orada daha iki quzu vardır. Bu şəkili yalnız vannanı uca yerdə qoyanda yaxşı görmək olur. Buna görə də ola bilsin ki, o tapınaqlarda ibadət zamanı işlənilib. Şəkildə qamışlardan qurulmuş ev - Urukda İnanna ilahəsinin

rəmzi olmuşdur. Ola bilsin ki, bu qoyunlar İnanna ilahəsinə tabe olan, və onun göstərdiyi yolla gedən insanları təcəssüm edir. Deməli bu cür inanclar hələ e.ə. 4-cü minillikdə olmuşdur və sümerlərdən başqa xalqlara keçmişdir.

Maraqlıdır ki, buna bənzər qoyun heykəllərinə qədim türklərin mədəni irsində də rast gəlmək olar. Onlar da qurbanlıq qoyunlarının şəkillərini çəkir, heykəlləriniyapırdılar. Bu adət hətta türklərin İslamı qəbul etdiyindən sonra da davam etmişdir. Azərbaycan ərazisində yaranan orta əsr türk dövlətləri Qara-Qoyunlu və Aq-Qoyunlu adlanırdırlar. Qoyun şəkili bu dövlətlərin rəsmi simvolu olmuşdur. Bəlkə bu adət də qədim türklərin sümerlərin nəsli olduğunun daha bir

dəlilidir.Azərbaycanda da bunlara bənzər qədim qoyun heykəlləri vardır. Buna misal olaraq, Bakının İçəri şəhərinə gətirilmiş qədim qoyun heykəllərini göstərmək olar (şəkilə bax).

Eyni zamanda, qeyd olunmalıdır ki, təbiəti təcəssüm edən çoban tanrısı obrazı müxtəlif mədəniyyətlərdə yer almışdır. Qədim sümerlər, yunanlar, romalılar qoyunların ətrafında olan çoban tanrılarının obrazlarını yaratmışdılar. Maraqlıdır ki, monoteist (tək tanrılı) dini ənənələrdə də bəzi müqəddəs adamlar və peyğəmbərlər də müəyyən zaman çoban işi ilə məşğul olmuşdurlar. Onlar bukeyfiyyətdə qəbul edilib, təsvir olunurdular. Məsələn Xristianlıqda İsa bəzi hallarda qoyunları otaran çoban kimi təsəvvür olunur. Əhdi Cədiddə İsa deyir: “Mən yaxşı çobanam; yaxşı çoban qoyunlar uğrunda canını verər” (Yəhya incili 10: 11). Rəvayətlərə görə, İsa heyvanlar üçün yemlik kimi nəzərdə tutulan yerdə doğulmuşdur[1] və onu ilk ziyarət elənlər çobanlar olmuşdurlar (Lukas incili 2:15,16).

Xristian keşişləri də özlərini “Pastor” (çoban) adlandırırlar. Yəni burada insanlar yollarını azmış qoyunlara bənzədilir. Pastorlar isə,


Qoyunları otaran İsa

bu sürünü yönəldib, onu nicat yoluna çəkir. Sürüdən geriyə qalmış və azmış qoyun qorxu və dəhşət içində olur, hara getdiyini, nə etdiyini anlamır. Tanrı yolundan azmış insanlar da onlara bənzərdirlər. Bu cür insanlar zülmətə qərq olurlar və öz çobanını tapmamış xilas ola bilmirlər. Beləliklə, azmış qoyun obrazı dindən çıxmış və ya günahkar insanı nəzərdə tutur. Öz çobanını və sürüsünü tapmamış insan, bu vəziyyətdə zülmət içində qalmağa məhkumdur. Çoban isə gecə-gündüz sürüsünün içindədir, ona baxır və qoruyur.

Əhdi Ətiqdə Adəmin oğlu Habil (Yaradılış 4: 2) və peyğəmbər Amos çoban olmuşdurlar[2]. Amos Beytlehemin civarında doğulmuş İsraildə peyğəmbərlik etmiş, yəhudiləri tək olan Tanrıya ibadət etməyə çağırirdı. Peyğəmbərlər Musa (Çıxış 3: 1) və Yaqub (Yaradılış, 29) da bir müddət öz qayınataları İoforun və Lavanın qoyunlarını otarmışdırlar;  Peyğəmbər Yusif də öz qardaşları ilə birlikdə qoyun otarmışdır (Yaradılış 37:2). Buna görə yəhudi ənənəsində millətin çobanı (yönəldəni) anlayışı vardır. Rəvayətlərin birində Tanrı Musaya deyir: “Ey Musa, mənim xalqımın (İsrail xalqının) çobanı ol”[3].

Quranda da bəzi ayələrdə peyğəmbərlərlə insanların münasibətləri çoban-sürü münasibətlərinə bənzədilir, məsələn: “Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, haqqı anlamazlar” (Quran, 2:171)[4]. Burada imansız insanlar heyvan sürüsunə bənzədilir. Heyvanları otaran çoban onları düz yola yönəltmək istəyinə baxmayaraq, heç bir nəticə əldə edə bilmir. Azmış insanlar pis əməllərinə davam edirlər. Bundan başqa Məhəmməd peyğəmbər də həyatının müəyyən dövründə qoyun otarmışdı[5].

Beləliklə, qoyun, sürü və onları yönəldən çoban ideyası ən qədim zamanlardan müxtəlif dini inanclarda  yer almışdır. Hələ sümer-akkad ənənəsində qoyunların tanrıların rəmzləri ilə təsvirlərinə rast gəlmək olar.

Çox güman ki, o dövrlərdə onlar tanrılar tərəfindən yönəldilən insanları simvolizə etmişdir. Eyni motivlərə hind ənənəsində də rast gəlmək olar. Orada da çoban tanrıları obrazları vardır.  Onlardan ən tatnınmışı Krişnadır. Onu çox vaxt fleytada çalan çoban oğlan kimi təsvir edirlər. O həmdə çobanlarla dostluq edir[6].

Bütün bu hallar təbii qiymətləndirilmələidir, çünki heyvandarlıq qədim insanların məişətinin və əməyinin əsasını təşkil etmişdir. Onlar təbiət proseslərinin önündə öz acizliyini və asılılığını hiss edib, onları ilahələşdirirdilər. Buna görə də bu mövzu ətrafında müxtəlif alleqorik fikirlər və bənzətmələr yarana bilərdi. Çoban çox vaxt tanrı obrazında çıxış edirdi,  insanlar isə qoyunlara, tanrılar tərəfindən idarə olunan sürüyə bənzədilirdilər. Çobana (tanrıya) tabe olanlar məcazi mənada düz yolun yolçuları, sürüdən azmış qoyunlar isə zülmətdə olan dinsiz adamlar kimi başa düşülürdü.

Gələcəkdə bu məcaz (alleqoriya) müxtəlif xalqların mühitində yayılmışdır və hətta tək tanrılı (monoteist) dinlərin ardıcılları təərəfindən də istifadə edilmişdir.

Məsələn, Xristianlıqda İsa, qədim dinlərdə olduğu kimi, çoban kimi təsəvvür edilən tanrıdır. Görünür ku, qədim dinlərin bu cür baxışın formalaşmasına birbaşa təsiri olmuşdur, çünki Xristianlığın formalaşdığı Romada çoban tanrısı obrazları çox yayılmışdır.

Yəhudilik və İslamda isə çoban-sürü obrazlarına başqa cür baxılır. Burada çobanlar kimi tanrılar deyil, peyqəmbərlər alleqorik təsvir olunur. Əhdi Ətiq, Əhdi Cədid və Quranda insanlarla peyğəmbərlərin münasibətləri çoban-qoyun-sürü


Qoyunları otaran və əlində xaç tutan antik tanrı Orfeus

 

 

 




müstəvisində alleqorik nəzərdən keçirilmişdir. Bundan başqa bəzi peyğəmbərlər çoban olmuş, bəziləri isə ömrünün müəyyən dövrünü qoyun otarmışdı.


[1] “Və sizə bir işarə: qundağa sarılmış ve yemlikdə (yəhudicə אבוּס; yunanca φάτνη) yatan bir körpə tapacaqsınız” (Lukas incili 2: 12).

[2] Amos peyğəmbərin kitabı.

[3] Musa – etibarlı çobandır (yəhudi xalq nağılı) http://jewukr.org/center/pesakh/tale1.html

[4] Ə. Musayevin tərcüməsində.

[5] Аль-Мубаракфури С. Жизнь пророка. Баку: Абилов, Зейналов и сыновья, 2003, c. 89.

[6] Krişna // Vikipediya

Bakı: Dövlət və din. N 3 (7), 2008


Сайт управляется системой uCoz
Сайт управляется системой uCoz