Elmdə də vətənpərvərlik olar?

  3 dekabr 2011

Elvüsal Məmmədov (E. M.): Bizim ciddi vətənpərvər tarixçilərə ehtiyacımız vardır...  

Aydın Əlizadə (A. Ə.): Elvüsal bəy, hər hansı bir ciddi bilik ideoloji təməllər üzərində qurulmaz. Əgər nədəsə ideoloji, simpatiya, inanc ya da istək varsa, orada doğruluq olmaz. Çünki araşdırmaçı öncə öz subyektiv duyğusunu ortalığa qoyur, sonra isə elmi ona uyğunlaşdırır. Mən anlayıram tarixçi anlayışını, ancaq "vətənpərvər tarixçi" nədir? Bu artıq tarixçi deyil, partiya işçisidir.  

E. M.: Sözlər üzərində fəlsəfə qurmayaq, konkret problematikadan çıxış edək..  

A. Ə.: Hər şey də bunun kimi, bir araşdırmaçı öncə inandığını ortalığa qoyursa, sonra ona uyğun hər bir faktı yozub, sərfetməyənlərə isə göz yumursa, o nəyə gərəkdir?  

E. M.: Vətənpərvərlik ideologiya deyildir, bu, insanın öləsi qarşısındakı məsuliyyət hissidir. Bu məsuliyyəti hiss edənlər, təbii ki, öz ölkəsinə də töhfələrini verəcəklər. Vicdan, namus, xeyirxahlıq, cavabdehlik, peçmançılıq - bütün bunlar fitri anlayışlardır, ideologiya və ya sonradan təlqin edilən məfhumlar deyildir. Hər şeydə ideologiya axtarmaq doğru deyildir.  

A. Ə.: Duyğu ilə obyektiv elm daban dabana zidd olan şeylərdir.  

Ilahə Nağıyeva: Tarixcinin vetenperver olmasi cox onemlidir.Vetenin tarixini tekce seneti oldugu ucun mecburi deyil,sevgiyle ve hevesle oyrener.  

A. Ə.: Xanım, bir şeyə sevgi ilə yanaşanda vətənpərvər olarsan, ancaq tarixçi ya da riyaziyyatçı olmazsan.  

E. M.: Vətənpərvərlik və obyektivlik bir-birinə zidd anlayışlar deyildir. Şovinizmlə vətənpərvərliyi qarışdırmayın, Aydın müəllim.  

A. Ə.: Yaxşı, indi bu "vətənpərvər tarixçi" ya da başqa elm adamı bu "vətənpərvərliyə" qarşı duran elmi faktlarla üz-üzə gələrsə nə etməlidir? Gizlətməlidir?  

E. M.: Sizin dediyiniz emprik elmin də təməlini atanlar məsələyə ideoloji yanaşanlardır...  

A. Ə.: Elvüsal bəy, bu emririk və s. damğaları vurmadan nə xoşunuz gəlir. Normal olan diskussiyadan qaçaraq opponentə damqa vurursunuz, elmi müzakirə əvəzi. Bax bu da "vətənpərvərlik".  

E. M.: Mən də deyim ki. vallah, Aydın bəy, siz də yaman bu duyğu işlərinə emprik-materialist zehniyyətlə yanaşırsınız, sizin də bundan necə xoşunuz gəlir... heç hənanın yeridir.  

A. Ə.: Bilmirəm siz necə, mənə araşdırma zamanı "vətənpərvərliyə" ya da bunun kimi subyektiv duyğulara zidd olan elmi fakt rast gələrsə, onu mütləq açıqlayacağam. Başqa cür olsa bəlkə də "vətənpərvərlik" olar. Ancaq elmdə saxtakarlıq! İdeoloji müstəvidə, düşmənlə savaşda və s. bu olmalı. Ancaq obyektiv elm üçün belə şeylər olmamalıdır.