Türklərin dini İslam ya Tanrıçılıq olmalı?  

29 oktyabr 2011  

Mən bu kimi adamların düşüncələrinə sayğı ilə yanaşıram. Baxmayaraq ki, onlardan fərqli düşünürəm. Birincisi İslama ya da başqa dinə bağlı olub-olmamaq hər adamın öz işidir. İkincisi, bu gün hamı öz dinə bağlılığı haqqında sözdə deyir. Ancaq işlərdə, hərəklətlərdə, mənəviyyatda bu görsənmir. Bu kimi müsəlmanlardansa elə bu kimi adamlar daha yaxşı və səmimidirlər.

Aqşın Sultanov (A. S): Türklər ancaq Tenqri altında birləşə bilər. Ərəb tanrısı Allaha tapınan kölə və beyinsiz türklərin birləşməsi qeyri-mümkündür. Tenqri sol əxlaqlı şüurlu insanların tanrısıdır. Tenqri antropomorf tanrı deyil. Onun öz fəlsəfəsi var.  

Aydın Əlizadə (A. Ə.): Haradan bilirsiniz bunu? İndiyə qədər türklər tanrıçılıqla birləşiblər? Başqa tərəfdən Allah dünyanan yaradıcısıdır ərəb tanrısı deyildir. Tanrı da Allahdır Bu adların fərqi yoxdur. Sadəcə biri ərəbcədir, başqası türkcə. Yaradıcının çoxlu adları var. Hər millət onu öz adı ilə adlandırıb. Ancaq o adlar bir varlığındır. Tanrı, Allah, God, Xuda və s., bunlar bir varlıqdır.
Siz deyən tanrının nə fəlsəfəsi vardır? Sonra, Aqşın, siz obyektiv deyilsiniz. Türklər elə İslama gələndən sonra böyük oldular. İslamda onlar Osmanlı, Səlcuq, Qəznəvi, Moğollar kimi imperiyalar yaratdılar.
İslam türk mədəniyyətinin ayrılmaz parşasıdır. Bu reallıqdır. Başqa məsələdir ki, İslam dünyası bu gün dərin böhran keçirir. Buradan çıxma yolları axtarılmalırıdır. İslamdan çıxıb tanrıçı olmaq isə yol deyil, utopiyadır.  

A. S: Aydın məllim, mən, təbii ki, subyektiv fikrimi söylədim. sizim kimi. siz də mənim gözümdə subyektivsiniz. mən dediklərimi tarixdən bilirəm.
Türklər islama qədər böyük olublar. Türklərin Hun imperiyası olanda, ərəblər hələ dəvəni kəşf etməmişdi, Məhəmmədin də əjdadları anadan olmamışdı.  

A. Ə.: Yox, mən bu anda subyektivlik yoxdur. Tarixdə türklər İslamla böyük oldular. Bu danılmaz faktdır. Bu qədər islam imperiyaları buna örnəkdir. Bu mənim fikrmdeyil.  

A. S: Sizin gətirdiyiniz misallar əsassızdır. Adını çəkdiyiniz dövlətlər islamsız daha güclü olacaqdılar. Mən təbii ki, çox arqument gətirə bilərəm, amma bu çox vaxt aparar.
İslam tarixin ekstensiv vaxtında güclü kimi görsənib, sizin övdüyünüz ölkələr hamısı çöküb. Osmanlı da çökdü, Atatürk islamı siyasi-ictimai həyatdan yığışdırmaseydı, indi heç Türkiyə yox idi. siz özünüz də ateist SSSR-i də təhsil almısınız. sosializm olmasaydı, xalqımız qoyun sürüsü idi bu günə kimi.  

A. Ə.: Aqşın, siz desəniz ki, İslamı türk düşüncəsinə uyğunlaşdırmaq gərəkdir, mən sizinlə razılaşaram. Ancaq, İslamdan ayrılmaq olanaqlı deyil. Birincisi bu olmayacaq. İkincisi isə Tanrıçılığın heç bir yazılı yazını, tanrıbilim gələnəyi yoxdur. Bu yalnız xurafatlar toplusudur.  

A. S: Siz alimsiniz və bilməlisiniz ki, islamın çox hissəsi pütpərəst ərəblərin yaratdığı ənənələrdi. indi təklifiniz nədir? pütpərəst ərəblərin əxlaqıyla yaşamalıyıq ki, bunları Məhəmməd göydən enmiş hesab edib?
Allah və tanrı fərqli şeylərdir. Çox təəssüf edirəm ki, sizin kimi alim bunun fərqində deyil. Allah pütpərəst ərəblərin göy tanrısıdır. Məhəmməd yunan coğrafiyasında anadan olub böyüsedi, tanrılya Zevs deyərdi. Tanrıya Allah demək şəriəti qəbul etmək kimi bir şeydir. Mən niyə görə tanrıya ərəbcə müraciət etməliyəm?  

A. Ə.: Yox, mən özüm də hər zaman İslamda olan bir çox məqamlara tənqidi yanaşıram, onların şübhəli olduğunu deyirəm. Ancaq, orada sağlam yerlər az deyildir. Bunları biz özümüzdən niyə uzaqlaşdıraq? Gərəksizləri tanımayaq, ancaq yararlıları saxlayaq.  

A. S.: Tanrıçılıq kitabları olub, hamısı yandırılıb. xürafat islamdır. özüdə başdan ayağa. yoxsa siz cinə şeytana inanırsız? Gələcəyi var yoxdur - bu ayrı məsələdir. Mən əlimdən gəldiyi qədər insanları aydınladıram. axarla getmək siyasətçilərin işidir, aydınların yox.  

A. Ə.: Yaxşı, tutalım yandırılıb tanrıçılığın kitabları. Deməli indi onlar yoxdur. Belədirsə nəyin üzərində din qurulacaq?  

A. S.: İslamın da, başqa dinlərin də gələcəyi yoxdur. pütpərəst dinlər minillər boyu olub (hələ indi də var). tarixin fonunda 1400 il nədiki?!  

A. Ə.: Bağışlayın, ancaq bütpərəstlik mənim varlığım üçün yad bir şeydir, onun nə qədər yaşı olsa belə. Mən yalnız bir Tanrını tanıyıram, ondan başqa tanrı yoxdur.  
A. S.:
Əvvəlki dinlər nəyin üzərində qurulurdu? Məgər islam kitab üzərində qurulub? Pütpərəst ərəblərin adətlərinin üzərindən Məhəmməd öz gündəlik çıxarları üçün şeirlər deyib, sonra o şeirləri kitab halına gətiriblər. Bu gün də türklərin islama qədər adətlərinin üzərindən yeni din yaratmaq/restavrasiya etmək olar. Sonra da ki, dinə ehtiyac yoxdur. Dünyəvi Konstitusiya ilə yaşamaq lazımdır, hərkəs inancını evdə yaşasın. Heçkim inancını bildirməməlidir...  

A. Ə.: Dinə ehtiyac var ya yox, bu mövzudur. İndi isə siz özünüz tanrıçılığın olmamasını boynunuza aldınız. Bu sistem kimi yoxdursa, bunun nəyini restavrasiya edəcəksiniz? Etsəniz belə bu restavrasiya deyil, geydirmə olacaq. Geydirmə isə yaşaya bilməz.