Hacı kafirdir ya filosof?

14 may 2014

Bir çox varlı hacı var. Onun imkanları geniş, pulu çoxdur. Qohumlarından da boldur. Hamısı da yüksək vəzifədə olanlardır.

Bir kərə bu hacı bir filosofla söhbət etdi. Özünü öydü. Zənginliyindən, qohumlarından, çoxlu uşaqlarından, ailəsindən danışdı. Həmdə möhkəm dindar olduğu haqqında ayrı bir söhbət etdi. Sonra soruşdu filisofan

HACI: İbadət edirsən, ya yox?

FİLOSOF: Nə vaxtsa etmişdim. Ancaq indi rəsmi dinin qoyduğu ibadətlərdən artıq yüksəlmişəm, daha uca məqamlardayam. İbadət mənim üçün deyil.

HACI: Sən ateistsən?

FİLOSOF: Yox, sadəcə Tanrıya, dünyaya, dinə, inanca öz baxışlarım vardır. Çünki əslində rəsmi din sadə xalq üçündür ki, onların üzərində sənin kimi zəngin və imkanlı hacılar hakimiyyət qursunlar. Mənim üçün deyil bu.
Rəsmi din insan psixologiyasından bəhrələnir. Bu da uşaqlıq kompleksləridir. Necə uşaq olarkən ata-ana kimi böyüyə sığınırsan, elə Tanrı ilə də münasibət elə olur. Bu kimi münasibət daim uşaqlıqda qalan insan üçündür. Ancaq özünü böyümüş və yetkin hiss edən kəs üçün bu gərək deyil, onun təbiətinə ziddir. Belə adamlar artıq yetkindirlər, ata-oğul münasibətinin rəmzi olan ibadətlərə ehtiyacları yoxdur. Tanrının da onların ibadətlərinə ehtiyacı yoxdur.

HACI: Atanın oğula və oğulun ataya ehtiyacı hər zaman olur. Məgər sənin uşaqlarına və onların sənə ehtiyacı yoxdur?

FİLOSOF: Ailəmdən aralanmışam. Uşağım artıq böyükdür. Nə onun mənə, nə də mənim ona ehtiyacımız yoxdur. Münasibətlərimiz təbiilik və azadlıq üzərində qurulub. Mən onu heç nəyə zorlamıram. Atalığa mənim yox, sənin daim ehtiyacın var. Çünki zənginsən, pullusan. Sənə ata lazımdır ki, ona sığınasan, var-dövlətini qoruyasan. Mənim heç nəyim yoxdur, özümdən başqa. Ona görə də ataya ehtiyacım yoxdur. Öz üzərimdə özüm atalıq edirəm.

HACI: Sən necə adamsan? Bəs rəhmətlik atanın qəbirini ziyarət etmirsən?

FİLOSOF: Birincisi o ziyarətin mənası yoxdur, çünki ata dirilməyəcək. İkincisi isə maşınım da yoxdur ki, tez-tez qəbristanlığa gedim.

On yerdə evi olan HACI: Bəs harda qalırsan?

FİLOSOF: Bir kiçik evim var, orada tək yaşayıram.

HACI: Evi özun almısan?

FİLOSOF: Yox, keçmişdən qalmadır, indi o qədər pul haradan? Həmdə heç özümün də evim deyil. Hələ imkan var yaşayıram orda.

HACI: Bəs darıxmırsan tək?

FİLOSOF: Elmlə, biliklə, fəlsəfə ilə məşğul adamın darıxmağa vaxtı yoxdur. Həmdə internet olan yerdə nə darıxmaq?

HACI: Onda arvadbazlıq edirsən və içki içirsən.

FİLOSOF: Belə bir məqsəd yoxdur. Sərxoşluq məni işdən yayındırar, səhhətimə ziyan vurar. Arvadlara isə vaxtım azdır. Ancaq bunları etməkdə sərbəstəm. İstəsəm edərəm, istəməsəm yox.

HACI: Xülasə, anladım ki, sən kafirsən.

FİLOSOF: Mən isə anladım ki, sən mənə, mənim sərbəstliyimə həsəd aparırsan. Sənin pulun çox, obyektlərin çox, ailən böyük və s. Daim sıxıntıdasan, azad deyilsən. Bircə təsəlli tapırdın özünə ki, çox pullu və zənginsən, vəzifəli qohumların da var. İndi gördün ki, bütün bunları olmayan adan səndən min dəfə xoşbəxtdir.
Ay hacı, mənə kafir dedin. Ancaq diqqətlə düşün. Axı sən yox, məhz mən o inandığın Tanrının qoyduğu yolla yaşayıram. Tanrı sənə zənginlikdən, qohumbazlıqdan, özünü öyməkdən çəkinməyə çaqırıb. Halbuki sən bunları edirsən. Mən isə elə Quranda oxuduğun tərkidünyayam. Hətta sənin özünü “hacı” adlandırmağın, hər dəqiqə dindar olduğunu vurğulamağın da təkəbbürdür, lovğalıqdır. Mən isə bütün bunlardan ucalmışam. Hətta mən də nə vaxtsa həccdə olmuşam. Ancaq bu barədə heç kəsə demirəm, hacı kimi də tanınmamışam.
Ancaq nə etməli? Bu dünya belədir burada hər şey tərsinədir. Bütün möminlik sifətləri məndə ola-ola, mömin olmusan sən. Mən isə olmuşam kafir.