Dində yozumlar və hadislərin mənşəyi haqqında

2 мая 2013

Dilman Shahmerdanlı (D. Ş.): İmam Mehdi əqidəsinin mənşəyi Qurandır.

Aydın Əlizadə (A. A.): Nəsə mən Mehdinin adını Quranda görməmişəm. Yəqin pis baxmışam.

D. Ş.: Hə... Bax, dində təhsil belə şeylər üçündür. Onda adamın gözləri yaxşı görür.

A. A.: Olsun, bu mənim üçün prinsipial problem deyil. Siz buna inanırsınız, inanın. İnanc müzakirə olunmur.

D. Ş.: Sizcə bütün müsəlmanların inandığı bir inam mənşəyini hardan ala bilər? Ümumiyyətlə, bir şeyin Quranda aşkar yazılmaması o əqidənin İslamda olmamasımı deməkdir? Deiyrsiniz. inanc müzakirə olunmur. Olunur-o vaxta qədər ki, sağlam inamla qeyri-sağlamı ortaya çıxsın. Həqiqət birdir, şəxslərə və qiraətlərə görə dəyişmir.
Biri puçluq və heçlik nəzəriyyəsinə inanırsa, bizim ona hörmətimiz susmaq yox, ona doğrunu anlatmaqdır. Doğru nədir? Bu başqa mövzudur.

A. A.: Yox inanc inancdır. Onun barəsində nə müzakirə? İnanan üçün dəlil ancaq onun inancını təstiq edən amil olur. İnancına qarşı olansa, doğru olsa belə, min bir sxolastik yozmalarla rədd edilir. Buna görə inanc məsələləri haqqında müzakirə ola bilməz. Siz inanırsınız ki Quranda Mehdi var - inanın. Mən sizin inancınıza mane olmayacağam.
Mənim üçün Mehdi, Şər-Doğru savaşı - bunlar İran dinindən İslama keçmiş obrazlardır. Çünki mən bunlara tədqiqatçı kimi yanaşıram, inanc obyekti kimi yox.

D. Ş.: İslam da İrandanmı keçib?

A. A.: İslam ümümi anlayışdır. Onun içərisində çoxlu aspektlər var - bu tarixi, sxolastik, hüquq və s. amillərdir. Onların içində başqa mədəniyyətlərdən keçmə şeylər də var, özünəməxsus olan da.

D. Ş.: Bu dinin mənşəyi nədir? Vəhy yoxsa, insan zəkası? Dini Allah göndərib, yoxsa həzrət Məhəmmədin savadının nəticəsidir?

A. A.: İlki Məhəmmədin çıxışları ilə başlanıb. Ancaq sonra kəlam, müctəhidlərin rəyləri nə s. amillər işə kirib. Deməli burada ilk olaraq vəhydir, ancaq sonra insan düşüncəsi. Hər ikisi var yəni.

D. Ş.: Üzr istəyirəm, dini araşdırmanız zəifdir. Bu da təbiidir, çünki siz ilahiyyatçı deyilsiniz. Buna görə də İslamla bağlı məsələlərdə şəxsi rəy yerinə öyrənsəniz yaxşıdır. Axı siz də müsəlmansınız. Ola bilsin, elə şeylər olsun ki, siz onları bilmədən yaşadıqda özünüz hiss etməsəniz də bunun sizə zərərləri olsun.
Dinin mənşəyi Allahdır-vəhydir. Peyğəmbər özündən heç nə gətirməyib. O nə deyibsə, onun da mənşəyi vəhydir. Qurani-kərimdə bircə kəlmə və cümlə də Peyğəmbərin kəlamı yoxdur. Quran söz və cümlələrinə ayələr, Peyğəmbərin sözlərinə isə hədislər dedyilir. Qurani-kərim o vaxtdan bu yana heç bir təhrif və dəyişikliyə məruz qalmamışdır. Onda insanın xoşbəxtliyi üçün bütün təlimlər açıqlanıb.

A. A.: Dilman bəy, siz diqqətlə baxın, mən İslamın ilk və sonrakı mərhələsindən danışdım. İlki vəhydir. Sonrası isə insan düşüncəsi.

D. Ş.: Demək, qəbul edirsiniz ki, Qurani-kərim (İslamın ana kitabı) Allahın nazil etdiyi kitabdır, bəşər sözü deyil.

A. A.: Təbii. Ancaq ondan sonra bütün ənənə təfsirdir, yozmadır - insan düşüncəsinin məhsuludur.

D. Ş.: Çox yaxşı. Allahın kitabı olan Qurani-kərimdə Allah buyurur ki, Peyğəmbərin danışıqları (hədisləri) də Allahın vəhyi ilədir. Yəni o nə deyirsə, ona inamaq lazımdır. Peyğəmbərimiz buyurub ki, qiyamətə bircə gün qalmış olsa da Allah onu o qədər uzadar ki, Mehdi zühur edərək yer üzündə ədalətli dövlət qursun. Yəni, Mehdi hökmən gələcək və bunu Quran xəbər verir. Məsələn, ayədə buyurur ki, Allah İslamı bütün dinlərə qələbə çalmaq üçün Peyğəmbər göndərib. Amma bu baş verməyib. Hədis buyurur ki, bu Mehdinin dövründə olacaq. Yaxud, ayədə deyilir ki, saleh bəndələr yer üzünün sahibləri olacaq. Bu indiyə kimi olmayıb, hədis də deyir ki, Mehdi ilə olacaq.
O ki qaldı sizin deməyinizə ki, fərqli təfsirlər var, bilmək lazımdır ki, dini izah etməyin də özünə görə qaydaları var, hər kim nə başa düşdüsə deyə bilməz ki, bu dinin dediyidir. Belə insanlar ayə və hədislərdə lətənləniblər. Şəxsi rəylə dində fikir söyləmək olmaz. Bunun üçün elə Quranda və hədislərdə bildirilmiş meyarlar var. Siz dediyiniz son dövrlərdə üzə çıxan hermonetik baxış tərzidir ki, bu baxışla dini izah etmək məqbul sayılmır. Hermonetikaya görə müəllif yoxdur, bir əsərdir, bir də biz. Bizik ki, mətni danışdırırıq, müəllif ölüb. Biz nə danışdırsaq, elə odur. Bu kökündən səhvdir. Mətn var, müəllif də onu bir məqsədlə yazıb və hər mətnin də özünə uyğun izah yolu var. Quranın təfsir metodları elmi bunun üçündür. Hədisşünaslıq, hədis alimlərinin bioqrafiyasını öyrənən rical elmi, hədislərin özünü öyrənən dirayə elmləri, sünnəni öyrənən elmlər, şəriəti öyrənən elmlər-bütün bunların hamısının qaydaları var. Kim gəldi və necə gəldiyə qətiyyən yer verilmir.
İslamda Mehdi ilə bağlı 6000-dən çox hədis var ki, bunların da heç biri alimlərin təfsiri deyil, orijinal İslam qaynağıdır. Onların heç birində bu əqidə İran əqidəsi kimi göstərilmir, birmənalı olaraq onun mənşəyi Quran və hədis göstərilir.

A. A.: Hədislər artıq insan işidir. Onları 200 il keçəndən sonra toplayıblar. Bu ona bənzərdi ki, indi biz Nadir şahın vaxtının rəvayətlərini yığaq. Mətndən öncə silsilələr gəlir. Deməli mətndən öncə onların rəvayətçilərinə inanmalıyıq, sonra kitaba toplayanlara. İnanmalıyıq nəyin əsasında? Çünki doğru adamlar olublar? Nə olsun, məgər doğru adamlar yanılmırlar? Bunu mən ciddi saymıram. Yəni peyğəmbərin sözlərinə inanmaq gərəkdir. Ancaq hədislər onun sözləridir ya yox - bu çox böyük sualdır. Buna görə də İran dinindən və başqa yerlərdən inanclar hədislər vasitəsi ilə keçə bilər.

D. Ş.: Eh, ay bəy, ona görə deyirəm ki, dini məsələlərlə bağlı fərziyə söyləməkdənsə, bu haqda oxumaq öyrənmək lazımdır. Bax, sizin dediklərinizlə bağlı İslam elmlərində elm var:Dirayə elmi. Bu elə siz deyən məsələlərlə məşğuldur. Peyğəmbərin sözləri 200 il sonra yazılmayıb. İlk gündən yazılıb. Siz deyən şey ayrıdır. Xahiş edirəm. bilmədiyiniz şeylərlə bağlı belə ola bilər kimi sözlər danışmayasınız. Mən ilahiyyatçı, elə ixtisasım da Quran və hədisdir. Soruşun, öyrənin, burda nə eyib var ki? Mən də sizə aid olan şeyləri sizdən öyrənməliyəm. Bu çox təbii məsələdir. Sizin İslamla bağlı fikirlərniz təəssüf ki, dayazdır, səthidir, ehtimallarla danışırsız. Biz dediklərimizlə bağlı məsuliyyət daşıyırıq. Bir mövzunu kifayət qədər araşdırmamışıqsa, danışmasaq yaxşıdır, bilmədən nələrisə inlar və nələrisə səhv olduğu halda təsdiqləmiş olarıq. Məsələn, bax. siz hədis elmi ilə maraqlanmamış deyirsiniz ki, silsilə belə gəldi, ravilər yaxşı adam olmaqları ilə onların sözünə inanmaqmı lazımdır və s. Bir halda ki, hədis belə toplanmır. elə onun da elmi var. Hədis söyləyən şəxslər bir əsrdə yaşayırlar, bir-birinin yaddaşına əmin olurlar və s. Onların klimliklərini araşdıran elm isə Rical elmidir.
Yəni İslam İran deyil. Bu mehdilik əqidəsi bütün müsəlmanlar tərəfindən yekdilliklə qəbul olunur. Məgər Aydın müəllimin zehninə gələn məsələlər İslam alimlərini düşündürmür? Onlar İslam elmlərində ixtisasa yiyələnmək üçün can qoyurlar. Amma bəy deyir ki, hədislərə inanmaq olmaz, onlar insan sözləridir.

A. A.: Yaxşı, Dilman bəy, mən bilmirəm, siz öyrədin. Mən nə üçün rəvayətçiyə inanmalıyam? Rəvayətçiyə inanc dində mənə rast gəlmir. Allaha inanc var, ancaq rəvayətciyə niyə inanım ? ))

D. Ş.: Yaxşı, Aydın bəy. Bu haqda yazacam, inşallah. Demək, mövzumuz bu oldu ki, hədislərin bizə salamat gəlib çatmalarına necə inanmaq olar? Hardan bilək ki, hədis deyilən bu cümlələr toplusu elə Peyğəmbərin sözləridir. Oldu.

Сайт управляется системой uCoz