Repressiya qurbanı olan deputat necə bəraət aldı?Mediainfo.az kulis.az-a istinadən filosof Aydın Əlizadənin “İskəndər Əliyevin həyat yolu: yüksəliş, eniş və dirçəliş” yazısını təqdim edir. Azərbaycanın Sovet dövrünün tarixi şəxsiyyətlərindən biri İskəndər Əli oğlu Əliyev (1906-1972) olmuşdur. Onun həyat yolu çox dramatik, faciələrlə dolu, ancaq eyni zamanda məzmunlu və zəngin idi. Çünki tarixi əhəmiyyətli faciələri yaşamaq insana eyni zamanda həm zülm verir, həm də onu tarixə salır. İskəndər Əliyev bu qəbil adamlardan idi. O Azərbaycan SSR Xalq Yüngül Sənaye komissarı, SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı olmuşdur. Ancaq bununla o tarixə düşməzdi. Onun kimi minlərlə vəzifəli şəxslər olub, var və olacaq. Təkcə hansısa vəzifələri tutmaqda və zənginliklə tarixi şəxsiyyət olmaq olmaz. Bütün bunlar sıravi zəngin insanın həyatından başqa bir şey deyil. Ancaq təlatümlü həyat, xoşbəxtlik və yüksəlişlə bərabər itkilər və faciələr, sonsuz mübarizələr insan şəxsiyyətini zənginləşdirir, onu tarixə salır. İskəndər Əliyev məhz belə şəxsiyyətlərdən biri idi. Cəmi 10 il ərzində fəhləlikdən xalq komissarına (nazirə) qədər yüksəlmişdir. O zaman onun cəmi 31 yaşı var idi. Sonra şərlənərək siyasi repressiyalara uğramışdır, bütün əldə etdiklərini bir an içində itirmiş, ailəsindən ayrılmış, əmlakı müsadirə olunmuşdur. 18 il həbs düşərgələrində cəza çəkəndən sonra bəraət alaraq geri qayıdıb itirdiklərinin hamısını geri qaytara bildi. Beləliklə onun həyatını yüksəliş, eniş və dirçəliş dövrlərinə bölmək olar. Gənclik illəri İskəndər Əliyev 1906-cı ildə Şuşa şəhərində papaqçı ailəsində anadan olmuşdur. Onun valideynləri erkən yaşında dünyalarını dəyişmiş, bu səbəbdən böyük qardaşının himayəsində olmuşdur. Qardaşlarından biri Bakının Sabunçu rayonunda neft mədənlərində işləmək üçün Bakıya köçəndə, onunla birlikdə idi. Ancaq sonra kiçik yaşlı İskəndər təsadüf nəticəsində vağzalda itir və sonra Qasım-İsmaylov (indiki Goranboy) rayonunun Goranboy kəndinə İsmail Kamal oğlu adlı bir kəndlinin təsərrüfatında muzdur işləməli olur. Yetkinlik yaşına çatanda onun qardaşları Süleyman və İbrahim onu 1926-cı ildə tapıb özləri ilə Gəncəyə aparırlar. Orada İskəndər dəmir yolu deposunda fəhlə, sonra isə çilingər kimi işləməyə başlamışdır. Elə bu zaman da özünü fəal ictimaiyyətçi kimi göstərmiş, 1928-ci ildən başlayaraq Gəncə deposunun həmkarlar ittifaqında məsul vəzifələrdə işləmişdir. Yüksəliş dövrü Ancaq gənc İskəndərin bununla yetinmək fikri yox idi. İctimai fəallığı, iradəsi, sağlam düşüncəsi və işgüzarlığı onu 1930-cu ildə Bakıya gətirir. Burada o, Azərbaycan SSR Xalq Yüngül Sənaye Komissarlığında işləməyə başlayır, paralel olaraq fəhlə fakültələrində təhsil də alır. 1931-ci ildə ailə qurur. Onun həyat yoldaşı Pəri Həsənova 1927-ci ildə bolşeviklər tərəfindən sürgün edilmiş və güllələnmiş Müsavat partiyasının gizli fəaliyyət göstərən və Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda Sovet rejimi ilə mübarizə aparan təşkilatının sədri Dadaş Həsənovun (Həsənzadənin) bacısı idi. Pəri Əliyeva Gülarə Qədirbəyova ilə birlikdə “Şərq qadını” jurnalının redaksiyasında çalışmış, jurnalın məsul katibi olmuşdur. Bu evlilikdən onların Rəna, Fuad və Arif adlı üç uşağı dünyaya gəlir. 1933-cü ildən başlayaraq İskəndər Əliyev Xalq Yüngül Sənaye Komissarlığında yüksək vəzifələrə təyin olunur. 1937-ci ildə isə Xalq Yüngül Sənaye Komissarı (indiki deyimlə naziri) olur. İ. Əliyevin yüksəlişinin ən yüksək zirvəsi onun SSRİ Ali Sovetinin (millətlər palatası) deputatı seçilməsi və 1938-ci ilin yanvar ayında onun birinci iclasında iştirak etməsi idi. Repressiyalara uğraması (eniş dövrü) Belə bir təsəvvür yaranırdı ki, 31 yaşlı İ. Əliyevi gələcəkdə daha da böyük uğurlar gözləyir. Ancaq taleyin hökmü başqa çür oldu. Gənc insanın uğurları Azərbaycan SSR yüksək rəhbərliyinin qısqanclığına səbəb oldu. Hələ 1937-ci ildə Kommunist partiyasının sədri və faktiki ölkə rəhbəri Mir Cəfər Bağırovun əmri ilə İskəndərə qarşı onu ləkələyə bilən ifşaedici xəbərlər və imzasız (anonim) məktublar yığılmağa başlamışdı. Orada göstərilirdi ki, İskəndərin qohumları (həyat yoldaşının qardaşı və dayısı) keçmişdə Sovetlər əleyhinə fəaliyyət göstərirdilər. Bununla da onun həbs olunmasına zəmin yaradılırdı. 1 iyun 1938-ci ildə İskəndər əks inqilabi fəaliyyətlə məşğul olmaqda ittiham edilərək həbs olunur, partiya sıralarından, vəzifəsindən və deputatlıqdan məhrum edilir. Sovetlər əleyhinə iş görən təşkilatın rəhbərlərindən biri olmasında, istehsalatda ziyanvericiliklə məşğul olaraq təşkilata yeni üzvlərin cəlb edilməsində, Az.SSR partiya və hökumət rəhbərliyinə qarşı təxribatların hazırlamasında ittiham edilmişdir. Bu siyasi iş Azərbaycanda Stalin-Bağırov repressiyaları dövrünün ən böyük saxtalaşdırılmış işlərindən biri idi. Bu iş üzrə 32 rayon partiya komitəsi katibi 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər. Təbii ki, belə bir təşkilat əslində olmamışdı. Bu iş əvvəldən axıra qədər uydurulmuş və saxtalaşdırılmışdır. Müstəntiqlər heç bir obyektiv dəlilləri əldə etməmişdirlər və özlərinə lazım olan ifadələri almaq üçün qadağan olunmuş qeyri-qanuni vasitələrə al atırdılar. İskəndər və iş üzrə keçən başqa məhbuslara işgəncələr verilirdi. Müstəntiqlər M. C. Bağırovun sifarişini yerinə yetirərək, onları amansızcasına sutkalarda döyüb belə bir təşkilatın mövcud olduğunu və başqa adamların onun tərkibində olmasını etiraf etməyə məcbur edirdilər. Öncə İskəndər Əliyev bu cəfəng ittihamları rədd edir, bir neçə gün zülmlərə sinə gəlir. Onu rezin dəyənəklə döyürdülər, diz üstündə şüşə qırıntıları üzərinə çökdürürdülər. Həbs olunandan dörd gün sonra onu həmin vaxt M. C. Bağırovun da olduğu Xalq Daxili İşlər komissarının (XDİK) kabinetinə gətirirlər. Bağırov ağır söyüşlər söyərək Əliyevdən onun nə üçün dövlət əleyhinə olan təşkilatının üzvü olduğunu etiraf etmədiyinin səbəbini soruşur. İ. Əliyevin yenə özünü təqsirli bilmədiyi üçün Bağırov əmr edir ki, ona yuxudan məhrum etsinlər. Ancaq insanın zülmə sinə gətirmə imkanları hədsiz deyil. Ona görə İskəndər və başqa məhbuslar işgəncələrə dözməyib bütün ittihamları etiraf etməyə məcbur edildilər. Bu arada 1938-ci ilin ikinci yarısında Sovet rəhbərliyi repressiyaların səngiməsinə əmr verdi. Bu səbəbdən də İskəndəri güllələmədilər, az sonra isə XDİK rəhbərliyi dəyişdi və ona qarşı işgəncələrə də son qoyuldu. Ona görə 1939-cu ilin birinci yarısında İskəndər və başqa məhbuslar öz ifadələrindən imtina edib onları işgəncələr nəticəsində verdiklərini iddia etdilər. Bu da cinayət işinin bağlanmasına gətirib çıxarmalı idi. İş bir neçə dəfə məhkəməyə verilib dəlillərin olmaması səbəbi ilə geriyə qaytarılırdı. Ancaq hər dəfə M. C. Bağırov qeyri-qanuni olaraq istintaqa müdaxilə edib məhbusların cəzalandırılmasını tələb edirdi. Nəticədə 1941-ci ilin avqustunda İskəndər Əliyev 10 il azadlıqdan məhrum edilib Qazaxıstanın Karaqanda vilayətinin islah əmək düşərgələrinə sürgün edildi, 10 il əvəzində 18 il həbsdə qaldı. Həbsdə olsa belə, öz istedadını orada da göstərə bildi, düşərgələrdə hörmət qazandı, aqronom vəzifəsində çalışdı. Dirçəlməsi Stalinin ölümündən sonra, SSRİ-də vəziyyət surətlə dəyişməyə başlayır. Ölkədə siyasi repressiyaları təşkil edənlərə qarşı cinayət işləri açılır, saxtalaşdırılmış işlərə yenidən baxılır. 5 mart 1953-cü ildə Mir Cəfər Bağırov Azərbaycan kommunist (bolşeviklər) partiyasının katibi vəzifəsindən azad edildi. Uzun illər boyu ədalətin bərpa olmasını gözləyən, təslim olmayan və mübarizə aparan İskəndər Əliyev bu fürsətdən istifadə edib sürgündən həmin Komissiyanı saxtalaşdırılmış siyasi işi ilə tanış edir. Komissiya işlə tanış olandan sonra 1954-cü ildə bütün məhbusları təqsirsiz bilərək onlara bəraət verilməsinə dair qərar verir. Ancaq İskəndər Əliyev 1956-cı ilə qədər Qazaxıstan sürgünündə qalır. Çünki bir tərəfdən Azərbaycana qayıtmaq təhlükəli idi. O zaman hələ çoxlu Bağırovla əlbir olanlar var idi ki, cinayətləri açılmasın deyə ölkədə dəyişikliklərin aparılmasına qarşı çıxış edirdilər. Obiri tərəfdən isə çox güman ki, İ. Əliyevlə SSRİ Baş Prokurorluğunun danışıqları aparılırdı. O zaman artıq M. C. Bağırovun həbsinə hazırlıq gedirdi. Ona görə də Baş Prokurorluğa ona qarşı ittihamı əsaslandırmaq üçün şahidlər lazım idi. Onlardan biri də İskəndər idi deyə (bu iş üzrə keçən başqa məhbusların əksəriyyəti həbsdə vəfat etmişdilər) onun təhlükəsizliyi Azərbaycanda deyil, Qazaxıstanda təmin edilirdi. Nəhayət 1956-cı ilin noyabr ayında İskəndər Əliyev Bakıya qayıdır və ailəsi ilə birləşir. O məhkum olunandan sonra, həyat yoldaşı Pəri, özünün həbs edilməsindən ehtiyat edərək, öz qoca anası Güllü, şikəst qardaşı Novruz və üç azyaşlı uşaqları ilə birlikdə Bərdəyə köçməli olur; orada məktəbdə rus dili müəlliməsi işləyir. Yalnız Bağırovun vəzifədən kənarlaşdırılmasından sonra Bakıya qayıdır, burada yenə orta məktəbdə dərs deyir. Köçəndən az sonra onun oğlu Fuad gənc yaşında vəfat edir. Bundan sonra İ. Əliyev 1956-cı ilin aprel ayında M. C. Bağırov və onunla əlbir olanlar üzərində Bakının Dzerjinski (indiki Şəhriyar) klubunda keçirilən məhkəmə prosesinə şahid qismində iştirak edib. Orada o, M. C. Bağırovun və onunla əlbir olanların “təşkilat” işini necə saxtalaşdırması və məhbuslara nə dərəcədə işgəncələrin verməsi haqqında ifadə vermişdir. Bu ifadə məhkəmə hökmünün yekun Qərarında əks olunmuşdur. Beləliklə ədalət gec də olsa bərpa olundu. İskəndərə və başqa minlərlə insana zülm verənlər məhkum olundular. Bu hadisələrdən sonra İskəndər Əliyev öz istehsalat fəaliyyətini davam etdirmiş, rəhbər vəzifələrə təyin olunmuşdur. Dövlət ona müsadirə edilmiş əmlakının əvəzini qaytardı. O, 1956-59-cu illərdə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Komitəsinin sədri; 1959-1964-cü ilərdə isə Azərbaycan SSR Zərgərlik Malları Ticarəti Komitəsinin sədri olmuşdur. Həyatının sonu Bu iradəli şəxs öz fəaliyyətini bundan sonra da davam etdirə bilərdi. Ancaq 18 il sürgün həyatı, mənəvi və fiziki iztirablar və işgəncələr izsiz ötüşmədi. 1964-cü ildə səhhətində olan problemlər özündən İskəndər Əliyev rəhbər işlərdən könüllü olaraq ayrılıb ümumittifaq dərəcəli təqaüdçü olur. Bundan sonra aktiv ictimai həyatdan aralanaraq 1972-ci ildə vəfat edir. Nəticə Beləliklə bu insanın həyatı məğlubiyyətlə barışmamazlığın, zülmlə mübarizənin, qarşıya qoyulmuş məqsədlərə çatmağın, həyatın çətinliklərinə sinə gəlməyin, ədalətin bərpa olunmasının, haqsızlığın sonlu olduğunun örnəyidir. Bu mənada İskəndər Əliyevin həyat yolu hamı üçün örnək ola bilər. O çoxlu faciələr yaşamışdı, ancaq yuxarıda qeyd edildiyi kimi, onlar olmasaydı, həyatı sabit keçsəydi bu qədər zəngin tarixi də olmazdı. Hətta faciələrdə belə bir hikmət və bir ədalət vardır. İskəndər Əliyev öz təlatümlü həyatı ilə Azərbaycan tarixinin bir hissəsidir, mənəvi və əxlaqi cəhətdən isə iradəli şəxs örnəyidir. Məqalənin unvanı: http://mediainfo.az/siyaset/71368 (Müraciət tarixi 07. 11. 2018). |