Kulis.az fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadənin “Azərbaycanda rus dilinin təsir dairəsinin genişlənməsi və milli təhlükəsizlik problemi” məqaləsini təqdim edir.  

Son zamanlar rus bölmələrinə Azərbaycan vətəndaşlarının kütləvi axını başlamış və getdikcə çoxalmaqdadır. Bu isə dövlət dilinin mövqeyini gələcək illərdə əhəmiyyətli dərəcədə zəiflədə biləcək təhlükəli prosesdir. Bundan başqa, rus dilinin təsir dairəsi də ölkəmizdə getdikcə artmaqdadır. İş o yerinə gəlib çatıb ki, ən sadə aşağı iş yerlərinə qəbul olunmaq üçün artıq rus dilinin bilməsi tələbi qeyri-rəsmi olsa da qoyulur. Hər il Azərbaycanın məktəb və universitetlərindən minlərlə rusdilli məzunlar buraxılır. Onların bir çoxunun dövlət dilinin bilmə səviyyəsi aşağı olur. Azərbaycanda rus dilində fəaliyyət göstərən KİV isə açıq şəkildə rusdilliliyi dəstəkləmək və onu ölkəmizdə daha çox yaymaq məqsədi ilə açıq təbliğat aparır, bu barədə hər bir tənqidi fikrə kəskin reaksiya verir. Sosial şəbəkələrdə rus bölmələrini bitirmiş azərbaycanlı gənclərin bir qismi milli dilə qarşı çıxış ediş. Bu problemlərə bizim ictimaiyyət tərəfindən münasibət bildirilməlidir, çünki bu, artıq milli təhlükəsizliyimiz və gələcəyimizə aid olan məsələdir.

Dilin qorunması üçün inzibati tədbirlərin zəruriliyi

Azərbaycan dilinin rus dili ilə rəqabətə dözə bilmədiyi haqqında söhbətlər gedir. Deyirlər ki, bizim təhsil və maarif sistemləri rəqabətə dözümlü olmalıdır, səviyyəsini artırmalıdır. Guya rəqabətə dözümlü deyillər deyə rus dilinin əhatə dairəsi artır. Deməli günahkar azərbaycanlıların özləri elan olunur.

Əslində isə bu həqiqətə uyğun iddialar deyil, çünki bizim qurumlar ən yüksək səviyyədə işləsələr belə, Azərbaycan dili rus dili ilə rəqabət edə bilməz. Çünki o, böyük imperiyanın, bizim dilimiz isə kiçik ölkənin dilidir.

Ona görə də bizim hökumət Baltik ölkələri, Ukrayna, Gürcüstan, Ermənistan, Moldovada olduğu kimi inzibati tədbirlər görməklə rus dilinin əhatə dairəsini kiçiltməlidir. İlk növbədə pulsuz təhsili ancaq Azərbaycan dilində tətbiq etməli, rus və başqa dillərdə oxuyanlar üçün yüksək ödənişlər qoyulmalıdır.

Daha sonra milli dilə hörmətsizlik edənlərə qarşı cəzalar tətbiq edilməlidir. Məsələn, kimsə iş axtarır və ona rus dilinin bilməsini şərt qoyurlarsa, buna görə o müdir və təşkilat məsuliyyətə cəlb edilməlidir. Necə olur ki, istənilən hallarda inzibati tədbirlərə əl atılır, ancaq dil məsələsində rəqabət prinsipləri haqqında danışılır? Hətta Avropaya qovuşan Baltik ölkələri bu məsələdə inzibati tədbirlər həyata keçirir, rəqabətdən söhbət aparmır. Ona görə Azərbaycanda da analoji tədbirlərə əl atmaq məqsədəuyğundur.

Rus dilinin imkanları haqqında 

Daha bir yanlış fikir rus dilinin əhatə dairəsinin Azərbaycan dilindən daha geniş olmasına görə vətəndaşlarımızın bir çox ölkələrdə işlə təmin olunma imkanlarına aiddir.  

Birincisi, rus dilinin əhatə etdiyi geniş coğrafiya əslində yoxdur. Ukrayna, Baltik ölkələri, Moldova və Gürcüstan artıq rus dilindən imtina edib. Hələ onların öz vətəndaşları vətənlərini tərk edib başqa ölkələrdə iş axtarırlar. Ermənistan nəyinki rus dilli deyil, həm də düşmən ölkədir. Orta Asiyada isə iş axtarmağın mənası yoxdur, çünki oranın əhalisi çoxdur, imkanları isə az. Orta Asiya vətəndaşları da ölkəni tərk edib xaricdə iş axtarırlar. Belarusun da imkanları məhduddur, ölkə vətəndaşları pul qazanmaq üçün ölkəni tərk edir. 

Qalır təkcə Rusiya. Orada azca istisnalarla azərbaycanlılar heç kəsə gərək deyillər, rus dilini yaxşı bilsələr belə. Onlar orada yalnız bazar alverçisi, restoran işçisi, dükançı, ya da xidmətçi kimi lazımdır. Orada azərbaycanlıların çoxu bu işlərlə məşğuldur. Bizim diplomlar Rusiyada heç kəsə lazım deyil. Yüksək səviyyələr uğrunda isə gərgin mübarizə gedir. Azərbaycandan gələn rusdilli insanın bu rəqabətə davam gətirib Rusiyada yuxarı vəzifəli və prestijli işlərdə işləmək imkanı olduqca azdır. Olsa da bu yalnız bir-iki istisna ola bilər, hamıya aid edilməz. Ona görə minlərlə azərbaycanlı rus təhsillilər Rusiyada heç kəsə lazım deyil. Bazarda alver etmək üçün isə ədəbi rus dilində danışmaq zərurəti yoxdur. Azərbaycanda milli dildə təhsil alan istənilən şəxs gedib Rusiyada həmin sıravi işlərdə işləyə bilər. Bunun üçün ölkəmizdə rus bölmələrinin saxlanması ya da rus dilinin təsir dairəsinin artırılması mənasızdır. 

Beləliklə, rus dilinin əhatə dairəsinin və rusca təhsilin saxlanmasında maraqlı tərəf varsa, o da Rusiyanın özüdür. Burada minlərlə rus təhsili almışların vasitəsi ilə öz siyasətini yeritmək üçün rus dili və rus düşüncəsinin yayılması bizim ölkəmizə və vətəndaşlarımıza deyil, öz siyasətini ölkəmizdə yeritmək üçün Rusiyaya lazımdır. Əslində rus dilinin və düşüncəsinin Azərbaycandakı rolu budur və bu bizim dövlətimiz üçün təhlükəlidir. 

Rus təhsilinin heç bir üstünlüyü olmaması haqqında 

Daha bir yanlış fikirlər guya rusca təhsilin keyfiyyətinin yüksək olmasındadır. Əslində isə rus təhsilinin Azərbaycanda səviyyəsinin yüksək olması haqqında heç bir əsaslı dəlil gətirmək mümkün deyil. Çünki hamı eyni dərslik və eyni proqramlarla təhsil alır. Deməli, rus bölmələrin tədris kursu Azərbaycan bölmələrində aparılan dərslərdən fərqli deyil. Ona görə rus bölmələrinin səviyyəsi daha yüksək ola bilməz. 

Ümumiyyətlə, yüksək və keyfiyyətli təhsil dünyanın heç bir yerində pulsuz olmur. Hətta ən inkişaf etmiş ölkələrdə belə yaxşı təhsil pulludur və bahadır. Vətəndaşların çoxunun oxuduğu pulsuz məktəblərin səviyyəsi isə orada da aşağıdır. Bu baxımdan Azərbaycanda çox səviyyəli ödənişli məktəblər vardır. Kimin imkanları var, uşaqlarını orada oxutdurur. Adi dövlət məktəblərində isə rus bölmələrinin Azərbaycan bölmələrindən heç bir üstünlüyü yoxdur. Belədirsə, onda onların saxlanılmasının mənası da yoxdur. Dövlət pulsuz təhsili yalnız milli dildə verməyə və Rusiya siyasətinin qarşısını almağa maraqlı olmalıdır. 

Azərbaycanca ədəbiyyatın olmaması iddiaları haqqında 

Daha bir məsələ Azərbaycan dilində olan ədəbiyyatla bağlıdır. Rus təhsilini saxlamaq tərəfdarları bu arqumenti irəli sürürlər ki, milli dilimizdə yazılar azdır. Rus dili vasitəsi ilə bizim əhali dünyanı öyrənir. 

Bu iddianın da əsası yoxdur. Çünki ona qalsa məgər erməni, gürcü, litov, moldova və s. dillərdə bütün dünya ədəbiyyatı var? Əlbəttə yoxdur. Buna baxmayaraq onlar öz milli dillərini inkişaf etdirmək və rus dilinin əhatə dairəsini məhdudlaşdırmaq yolunu tutublar. Bu dillərdə artıq minimum biliklər almaq olar. Yəni sıravi vətəndaşın dünyagörüşünü formalaşdırmaq üçün kifayət qədər ədəbiyyatları vardır. 

Bizdə də həmin proses gedib. Artıq minimum dərəcədə hər bir azərbaycanlı milli dildə hər şeydən məlumat ala bilir. Azərbaycan dilində artıq bütün sahələr üzrə dərsliklər yazılıb tədris edilir. Bütün dünya ədəbiyyatının isə tərcümə olunmasına ehtiyac yoxdur. Çünki sıravi işlərdə işləyən insanlara bu lazım deyil. Az saylı alim, diplomat və s. təbəqə isə öz üzərində işləyib xarici dilləri öyrənir və öz sahəsində bilgi alır. 

Hətta azərbaycanlıların gürcülərlə, ermənilərlə, estonlarla və s. nisbətdə üstünlükləri vardır. Bu da Türkiyə ədəbiyyatının oxuma imkanları. Dillərimizin yaxın olduğu üçün hər bir gənc azərbaycanlı Türkiyə türkcəsini bilir və o dildə yazılan kitabları oxuyur. Türkiyə türkcəsinə isə dünya ədəbiyyatının çoxu tərcümə edilib. Deməli, ədəbiyyatın olmaması problemi həqiqətə uyğun deyil. Rus dilinin əhatə dairəsi kiçilməklə millətimiz heç nə itirməz. 

Nəticə 

Beləliklə, Azərbaycanda müstəqilliyimizin üçüncü onilliyi başa çatmaqdadır, ancaq hələ də Azərbaycan dili problemi tam həllini tapmayıb və bu istiqamətdə işlər görülməlidir. Problem o qədər ciddidir ki, yalnız bəyanatların verilməsi ilə onu həll etmək olmaz. Artıq dilimizin mövqeyi zəifləməyə başlayıb, əhalinin bir çox hissəsi milli dildə gəncləri oxutmaqdan yayınır. Bu prosesin qarşısı inzibati tədbirlərlə alınmasa yaxın gələcəkdə problem daha da ciddiləşəcək və hətta milli təhlükəsizliyimizi sual altına qoya biləcək. Çünki istənilən xarici dövlətin dilinin kütlələr arasında həddən çox yayılması həmin ölkənin siyasətinin keçirilməsi üçün əlverişli şərait yaradır. Yaddan çıxmamalıdır ki, dil təkcə ünsiyyət vasitəsi deyil, həm də siyasətdir. 

Dilimizin qorunması məsələsində heç bir müzakirələr aparıla bilməz, çünki milli dil müstəqilliyimizin və millətimizin atributudur. Hazırkı vəziyyətdə dövlət Azərbaycan dilinin mövqelərini qorumalı, rus dilinin inzibati yollarla əhatə dairəsini kiçiltməsi yolunu tutmalı və bu məsələdə qətiyyətli olmalıdır.