Dəyərləri özünüzdə axtarın

28 dekabr 2014

Bu yaxında sənədlərlə bağlı bir problemim olmuşdur. Onda səlahyyətli adama başa saldım ki, əvvəllər familiyam Əliyev olub, sonra isə onu dəyişib Əlizadə etdim. O da mənə dedi ki, çox nahaq yerə. O səhv addım idi, gərək qalaydın Əliyev.

Dedim ona ki, gəncliyimizdə sovet ideologiyasına etiraz edərək olmuşdum milliyətçi, sonra dinçi. Ancaq illər keçdi, gördüm ki, ikisi də bos xəyallar imiş. Əslində özüm özümü aldadırdım. Ancaq qanmırdım. Nə din, nə də millət mənim mənəviyyatımı təmin etmədi. Sonra illər keçəndən sonra anladım ki, əslində dəyərləri mən özüm özümdə axtarıb tapmalıyam. Bununla da özümü tapa bildim, hayatımın mənasını bildim, mənəviyyatımı təmin etdim.

İndiki gənclər də elədirlər. Həmişə həqiqəti, mənəviyyatı kənarda axtarırlar. Ancaq əslində kənarda murdarlıqdan başqa heç nə tapa bilməzlər. Çünki insan cəmiyyəti hər bir dəyəri ucuzlaşdırır, məhv edir. Ən müqəddəs ideallar belə ayaq altına atılır, dəyərsiz olur insanların əlindən. Millətdən danışırlar, özləri isə onu biabır edirlər. Dindən danışırlar, əməllərində isə onu gözdən salırlar.

Ancaq hələ mən yaxşıyam. Familiyamı dəyişməklə ziyana düşməmişəm. Mənim bir dostum var. O da gəncliyində milli hisslərə qaranıb, rusluğa etiraz olaraq "Ələkbərov" familiyasını dəyişib, etdi özünü "Ələkbərli".

İndi isə düşüb onun zibilinə. Məktublaşma aparır xaricilərlə, gedir Avropaya, Rusiyaya və s. Hər yerdə də onun sənədlərinə baxanda onu "Əl-Əkbəri" çağırırlar və elə bilirlər ki ərəbdir. Bu yazıq daha yorulub hamıya başa salmaqdan ki, o "Əl-Əkbəri" yox "Ələkbərlidir" və ərəb deyil.

Ən dəhşətlisi də odur ki, olduğu yerdə onu ərəb bilib ondan çəkinirlər, terrorçu bilirlər. Ən yaxşı halda familiyasını görəndə ona "halal" yemək verirlər və çaxır gətirmirlər. Halbuki o yeyib-içəndir və dindar deyil. O daha yorulub restoranlarda başa salmaqdan ki, o dindar-müsəlman-ərəb deyil ki, ona çaxır gətirsinlər.

Bax beləcə o dostuma nisbətən mən hələ yaxşı gündəyəm ki, familiyamın dəyişməsindən sonra ziyan görməmişəm.

Əslində bu gəncliyin sadəlövhlüyü gələcəkdə problemlər yaradır. Ona görə də gənclər gərək ideallarını millətdə, dində, popmusiqidə və s. şeylərdə yox, özlərində tapsınlar. Çünki hər bir ictimai ideal əslində çoxdan dəyərsizləşib, ucuzlaşıb.