Ağıllıların taleyi

20 mart 2015

Bir çox istedadlı və ağıllı gənci tanıyıram. Deyir ingiliscə təmiz bilirəm, ancaq nəsə özümə iş tapa bilmirəm. Bir necə xarici qurumlara müraciət etmişəm, söhbət etmişəm. Ancaq nəticə yoxdur.

Dedim ona ki, sənin ən böyük problemin istedadlı, ağıllı, bilgili, dərin adam olmağındır. Sənin ağlını görən kimi hamı səndən qaçır. Bu da sənin lənətin olacaq bütün yaşamın boyu. Hər zaman əziyyət çəkəcəksən. Hər yerdən qovulacaqsan, sənə dəli deyəcəklər. Görəcəksən ki, ən gedidə qalan adamları irəli çəkirlər, sən isə yerində qalmısan. Bununla yaşamalı olacaqsan.

O xaricilər də belədir. İki nəfər ingiliscə yaxşı bilsin: biri ağılsız, biri ağıllı. Onlar mütləq ağılsızı görürəcəklər. Ağıllı onlara da lazım deyil. Bütün qrantları ağılsızlara verirlər, öz ətrafında ağılsızları yığırlar.

Ona görə də sən bununla yaşamalı olacaqsan. Ancaq sənin ağlın həyatı düz anlamaqda və xoşbəxt olmaqda yardımçı olacaq. Ağılsız üçün işsizlik, cəmiyyət tərəfindən inkar, pulsuzluq faciədirsə, sənin üçün hətta bu hallar belə xoşbəxtlik olacaq. Çünki sən hər şeyin mahiyyətinə varırsın, hər şeyi təhlil edirsən, elmlənirsən, düşünürsən. Əslində xoşbəxt adam budur.

Ağıllı adama heç nə lazım deyil. Ona yalnız fəlsəfə yetər və o istənilən durumda xoşbəxt olar. Çünki onun ruhu yüksəklərdədir. Yüksək ruh isə buxovlara sığmaz.