Türkiyə bizim qardaşımızdır, ya yox?

7 yanvar 2016

Bu Türkiyə bizə qardaşdır, ya yox? Biz doğrudan da bir millət iki dövlətik, ya yox? Bu barədə birmənalı cavab tapa bilmirəm. Çünki bu kimi iddialar Osmanlı dövrünün sonlarında başlanıb. O zaman avropalılaşma, dünyəviləşmə (laiklik), millətçilik ideyaları güclənmişdir. Həmən proses də Rusiya imperiyasının müsəlmanları arasında gedirdi.

Bəli bu prinsiplərlə yanaşsaq, dil baxımdan eyniliyi nəzərə almaqla demək olar ki, Türkiyə qardaş ölkədir və biz bir millət iki dövlətik.

Ancaq son zamanlar Türkiyə dəyişir. Artıq avropalılaşma geriləməyə başlayıb, dinçi dairələrin nüfuzu artıb, laiklik (dünyavilik) şübhə altına qoyulub. Hakimiyyətə islamçılar gəlib.

İndi belə olan təqdirdə bir düşünməliyik. İndi biz nəyin əsasında Türkiyə ilə qardaşlıq etməliyik? Qabaq modern düşüncə ilə bir idik. İndi dinçilik önə keçir. Belədirsə, onda bizim qardaşlığımıza son qoyulur. Çünki Türkiyədəki islamçılıq əslində sünniçilikdir. Axı hamımız bilirik ki, bir İslam yoxdur. İslamın çoxlu təriqətləri var.

İndi Türkiyədə sünnilər Atatürkün ideyalarına son qoyursa, ölkə dünyəvilikdən çəkilirsə, avropalılaşmaq prinsipi şübhə altına qoyulubsa, onda deməli bizim qardaşlığımıza da son qoyulur. Çünki Azərbaycan xalqının (cənublu şimallı) 99,5% şiədir. Deməli Türkiyə sünniçiliyi artıq bizə uyğun gəlmir. Biz hələ Səfəvilər vaxtı bir-birimizlə vuruşmuşuq. İndi isə yenə də şiə-sünni davası gedir dünyada. Belədirsə, onda nə qardaşlıq? Nə bir dövlət?

İndi ki Türkiyə Atatürkün yolundan dönüb, onda onlar olur osmanlı, biz isə qızılbaş. Hansı birlikdən söhbət gedə bilər? Belədirsə, sünni Türkiyə bizi öz qardaşı kimi saymaz, bu mümkün deyil. Biz bunu istəyirik, ya yox, son olaraq dünyada formalaşan şiə blokuna qoşulmalı olacağıq. Bu hətta bizdən asılı deyil, dünya priosesidir.

Ona görə də ya Türkiyə yenə dünyəvi (laik) dövlətə dönməli, Atatürkçülüyü bərpa etməli, ya da bizim qardaşlığımıza son verilməlidir. Beləliklə biz artıq yeni müttəfiqlər axtarmalı olacağıq. İndi olmasa da, yaxın gələcəkdə bu baş verməli olacaq.