Oxutmuram əl çəkin

2 iyul 2016

Rəhmətlik Sabirin "Oxutmuram əl çəkin" şeyri var. Qabaqar onu oxuyanda, elə bilirdim o dövr keçdi getti. İndi hamı oxumuşdur, diplomılarla gəzir. Ancaq sonra universitetlərdə dərs deyəndə gördüm ki, bu gün də həmən şeydir. O şeyr heç də köhnəlməyib.

O zaman ata-ana cocuqlarını məktəbə buraxmırdılar, ona görə savadsız idilər. İndi isə hamı cocuqlarını məktəblərə qoyur, ancaq orada onlar oxumurlar. Ona görə də nəticə eyni olur - savadsızlıq. Yəni formaca güya savadlıdır, mahiyyətcə elə rəhmətlik Sabirin bisavadıdır.

Sadəcə indi bizdə diplomlu savadsızlar ordusu əmələ gəlib. Baxırsan diplomu var, hətta elmlər doktorlarıdır. Ancaq bir az danışsan onlarla görürsən ki, məzmun o diplomlara, elmi dərəcələrə çox vaxt uyğun gəlmir. Necə Sabirin vaxtında mollalar bir-iki Quran ayəsini öyrənib özlərinə alim deyirdilər, indikilər də bir kitabdan 5-6 sətir oxuyub onların üzərində dünyagörüşünü formalaşdıraraq özlərinə alim deyirlər. O zaman mollalara savad kağızını mədrəsələr verirdisə, indi universitetlər verir.

Deyirlər biz yeganə xalqıq ki, oxumadığımıza görə para veririk. Para verərək məktəbləri və universitetləri keçmək adi haldır. Hətta mən dərs dediyim dövrdə mənə gəlib tələbə qızları tapşıraraq deyirdilər ki, onlara qiymət yaz. Çünki onlar diplomu cehiz üçün alırlar. Oğlanlar da nə ilə istəyirsən maraqlanırlar təkcə fənlərlə yox.

Ona görə də cəmiyyətdə bütün fəadlar baş verir. İstənilən problem insanların cəhalətindən köklənir.

Ona görə Sabir ölməzdir. Nə qədər bu millət var, Sabir də aktual olacaq. Heç nə dəyişməyib. Mahiyyətcə 20-ci əsrin əvvəli və bizim zaman eynidir. Bu millət düzəlməyib. Bəlkə bunlara bir yüz il də vaxt verək? Əlbəttə verək. Ancaq o zaman bir yaşamayacayıq. Onların qiymətini başqaları verəcək.