29
may 2013
Yaxın
günlərin birində bir elm adamının yubiley məclisində idim. Onun haqqında
sağlıqlar deyilir, hamı onu tərifləyir, böyük alim olduğunu deyirdi. O da söz
alıb, bir neçə elm sahələrini dəyişdirdiyini, hər dəfə də onları öyrənmək
zorunda qaldığını dedi.
O
sözünü bitirəndən sonra mən ona: “O elmləri öyrənərkən hansı sonluğa, hansı
ümumi nəticəyə gəldin?”, sorusunu verdim. O da mənə “Hər bir elmin özünə görə
məntiqi, bilim sahəsi vardır. Buna görə də onlar haqqında ümumi bir nəticəyə
gəlmək olmur, hərəsinin öz nəticəsi vardır”.
Mən
də ona “Məgər sən bunların hamısının boş şey olması və sənin bilimsiz, hər
şeyinsə mənasız olması nəticəsinə gəlmədin?” sorusu ilə qayıtdım. Buna yubiley
sahibi ilə yığışanlar etiraz etdilər. Dedilər: “Nəcə yəni heş nəyin mənası
yoxdur? Kişilər can qoyub elmləri öyrənirlər. Sən özün də öyrənmisən. İndi siz
hamıınız boş şeylə məşğul olmusunuz? Öyrəndikcə də heç nəyi öyrənməmisiniz?”.
Mən
də onlara: “Elədir. Bilməyən, gəlişməyən kəslər elə bilirlər nəyisə bilirlər,
nəyinsə mənası və dəyəri var və s. Ancaq kim doğurdan da nəyisə öyrənibsə və
doğru nəticələrə gələ bilibsə, hər şeyin mənasız olması sonucuna gəlir. Çünki
bir şey əldə olunan kimi, o dəyərdən düşür və insan hər zaman yeni bir şeyə can
atır. Sonra onun da dəyərsiz olduğunu görüb daha yeni bir şey axtarır. Əslində
irəlləyiş və gəlişmə də elə bu prosesin üstündə durub. Həm də oxuduqca və
bidikcə anlayırsan ki, ən biliksiz adam elə sən özünsən. Yalnız nadan nəyinsə
bildiyini güman edir. İndi, ey bizim yubiley sahibi və burada yığışan elm
adamları, əgər siz dediklərimi duymamısınızsa, onda deməli siz hələ çox şeyləri
öyrənməlisiniz, sizin bilikləriniz yetkin deyil. Elmlər doktoru adını almaq
hələ heç də bilikli olmaq demək deyil” dedim.
Bunu
eşidən yığışanlar mənə “Əgər sənin dediyin kimi olsaydı, onda nadanla bilikli
adamın heç bir fərqi olmazdı, heç kim heçnə etməzdi, heç nəyi oxumazdı” dedilər.
Buna
da qayıdaraq mən dedim: “Yox nadan elə ona görə nadandır ki, bilməyərək nəyinsə
bildiyini güman edir. Lap elə bilmədiyini etiraf etsə belə, o bunu
bilməyərəkdən edir. Çünki nadan olduğunu bilmək üçün də çoxlu oxumaq, bunu
sübuta yetirmək gərəkdir. Yoxsa nadanın bu kimi etirafı da onun əskikliyini
göstərir. Bilikli və bilgə (müdrik) isə elə ona görə zəngindir ki, hər şeyi
görüb, oxuyub, anlayıb bu dünyanın boş və mənasız, özününsə biliksiz olduğunu
sonucuna gəlir”.
Bunu
deyərək çıxdım bu məclisdən. Yolda gedərkən o yubiley sahibi haqqında düşündüm.
Dedim özümə ki, bu kişi artıq həyatının sonuna gəlib, o gədər elmi dərəcələrlə
vəzifələr alıb, kitablarla məqalələr yazıb. Ancaq bütün biliklərin və həyatın
boş və mənasız olduğunu anlamayıb. İndi o bir gənc olsaydı deyərdim gəncdir,
həyatının bir məqamında dediklərimi anlayacaq. Ancaq bu kişi onilliklərlə elmdə
olduğundan sonra mən dediklərimi anlamayıbsa, deməli onun bütün həyatı boşa
çıxıb və o bilgəlik (müdriklik) məqamına artıq çatmayacaq. Heç olmasa düşünsün
ki, o yubiley bəlkə də onun elə ölüm öncəsi hazırlığıdır. Bir şey ki ölümlə
sonuclanır, onun nə dəyəri ola bilər? Bax budur o elmlərin məntiqi sonluğu.