23 июня 2013
Çalışdığım institutda mənə deyirlər, bu nədir? Nə üçün zəyif, yararsız,
elmi kateqoriyalardan uzaq olan işlər keçir sizin çalışdığınız alanda?
Axı siz görmürsünüz ki, bu işlərin heç bir dəyəri yoxdur? Bunu yazanlar
da yalnız özlərinə elmi dərəcə alıb, bunu şərəf üçün edirlər, ya da
karyera güdürlər.
Mən də hər zaman deyirəm ki, siz doğru deyirsiniz. Mən görürəm
ki, elmi dərəcə almağa iddialı olanların demək olar 70%-i elmi
anlayışlardan belə uzaq olanlardır. Elmi iş nə olan şeydir bilmirlər.
Ancaq özlərini elə göstərirlər, güya bunlardan biliklisi yoxdur. Hərəsi
bir boş şey yazır, gətirir müzakirəyə. Bu işlər də ələşdiriləndə (tənqid
edəndə) deyirlər sən kimsən ki, mənim kimi zəngin və bilikli adamı
ələşdirirsən? Sənin öz fəlsəfən var, nəmimsə öz fəlsəfəm. Deməli fəlsəfə
elə bir şeydir ki, ağa qara desən o da olur böyük elm. Kim də desə ki
bu ağdır, deyirlər o sənin fəlsəfəndə ağdır. Mənim fəlsəfəmdə isə
qaradır. Sən də qalırsan belə. Nə deyəsən bu kimi "güclü dəlilə" qarşı?
Həmdə mən o adamlara nə anladım? Nə qədər desəm, anlatsam belə
anlamayacaq. Çünki anlamaq, sonra isə oturub işləmək üçün səviyyə gərək
olsun, insanın qavrama bacarığı, mədəniyyəti, qabiliyyəti olmalıdır.
Bunlar yoxdursa nədən danışmaq olar? Axı anlamayan anlamadığını,
bilmədiyini başa düşmür. Elə bilir o hamıdan yüksəkdir. Axmaq bilsəydi
ki axmaqdır, axmaq yox, bilgə (müdrik) olardı.
Ancaq sən
dirənib ağın ağ olduğunu və o işin heç bir dəyəri olmadığını sübuta
yetirmək istəsən, sonda isə o işə qarşı səs versən olacaqsan o adamın
ömürlük düşməni. Ölənə qədər hər yerdə deyəcək ki, sən onun qarşısını
almaq istəmisən. Sənə hər zaman nifrət edəcək. Bunlara nə qədər desən
ki, ay insan, mənim səninlə nə işim var? Mən səni yox, ortalığa qoyduğun
işi müzakirə edirəm, institutumuzun adını batırmaq istəmirəm,
Azərbaycan elminin belini qırmaq istəmirəm, ölkəmizin gələcəyini
düşünürəm. O axı bu anlayışlardan uzaqdır. Onu ancaq onun öz "MƏN"i
ilgiləndirir.
Bir neçə dəfə doğru söz dedim iki-üç səviyyəsiz
dissertasiya haqqlnda. Bu günə kimi onları yazanlar mənə nifrətlə
baxırlar, bir an gözləyirlər ki, verdiyim olumsuz (mənfi)
dəyərləndirməmin əvəzini çıxsınlar, hansısa işimi korlasınlar. Bunlar
elmi deyil, öz "MƏN"lərini təmin edirlər.
Sonda da 1001 əyri
yollarla, həyasızlıqla öz cəfəngiyyatlarını bütün aşamalardan
(mərhələlərdən) keçirirlər, sənə də istehza ilə baxırlar. Deyirlər:
"Gördün? Mən bu işi keçirtdim, sənsə qal yana-yana".
Əslində
gerçəklik budur. Belədirsə, mən necə o zəyif işlər haqqında doğru sözümü
deyim? Onlar bir deyil, iki deyil, çoxdurlar. Mənsə tək. Hamı ilə
ilişkilərimi pozsam, məni sürgün edərlər bu dünyadan axı.
Buna
görə də mənim prinsipim belədir ki, susum, ya da üstüörtülü danışım. O
adamlar müdafiə də edəcəklər, professor da olacaqlar. Bu dünyada hər
şeyi alacaqlar. Ancaq sözün doğru anlamında alim, araşdırmaçı və FİLOSOF
olmayacaqlar. Onlarla heç kəsə gərək olmayan zibilliyə tullanılan
kitabları yayımlansa belə. Zaman kimin kim olduğunu göstərəcək. Kim
doğrudan da FİLOSOF olubsa o yaşayacaq - paraları, yüksək adamları
olmasa belə. Kim ki səviyyəsiz olub, o yaddaşlardan silinəcək.
Çoxlu iddiaçıların arasında az sayda, üç-dörd bilikli, orjinal
düşüncəli, yüksək mədəniyyətli dissertantlar və doktorantlar olur. Bax
onlara mən hər zaman fikir verirəm, obiri kütlədən ayırıram. Çünki
millətimin də, elmimizin də gələcəyi onlarla bağlıdır, o qanmaz
kütlələrlə yox. Az saylı dəyərli adamlar bütün milləti öz çiynində
aparır. Bax onlarla ciddi danışıram, onlar da məni anlayır. Sonda güclü
iş ortalığa qoyub gəlişmə yolu ilə gedirlər. Ağıllını dəstəkləyirəm.
Çünki nadan, biliksiz, həyasız onsuzda özünə yol açacaq, ən yüksəklərə
qalxacaq. İstedadlılara isə yardım etmək gərəkdir. Onlar zorla,
həyasızlıq yolu ilə gedə bilmirlər.
Bax bu qədər. Bundan artıq mən heç nə edə bilmərəm.