14 noyabr 2013
Bu gün məni dəvət
etmişdirlər Asif Atanın ocağına. Oldum orada. Mənim ixtisaslarımdan biri din
araşdırmaçısı oldugu üçün orada olmaq çox ilginc idi. Mən orada yeni bir dini
inancı gördüm. Özüdə bu inanc məhz Azərbaycanda yaranmışdır. Fəlsəfənin, dini
inancların qarışığı olan bir sinkretik təlimdir. Orada mən həm də dinə xas olan
ayinləri gördüm.
Bu Ataçılığın
yaranması klassik dinlərin yaranması aşamalarını keçmişdir. Öncə Asif Ata olan
bir adam olmuş. Onun baxışları dini-fəlsəfi mistikadan ibarət olmuşdur. Onun
ölümündən sonra ardıcılları onun irsini toplamış və dini inanc formasına
salmışdırlar. Asif Ata da artıq onlar tərəfindən peyğəmbər kimi tanınmışdır.
Bütün dünya dinləri bu aşamalardan keçmişdir.
Bu yeni yaranan
Azərbaycan dininin hələ oluşması bitməmiş. Çünki hər bir dinin çoxlu aşamaları olur. İndiki ardıcıllardan sonra
onların ardıcılları gəlməli, sonra yozumçular olmalı və sonda ehkamlar oluşub
oturaqlaşmalıdır. Daha sonra təriqətlərə parçalanma olmalıdır. Din araşdırmaçısı üçün bu çox ilginc araşdırma obyektidir.
Orada Asif Atanın ardıcılları ilə söhbətlərim
oldu və mən onun peyğəmbər olub olmaması haqqında fikrimi bildirdim.
Dedim ki, əlbəttə Tanrı dünyanı elçisiz
buraxmaz. Əgər 1000 ildən çox elçi yoxdursa, deməli Tanrı da yoxdur. Ya da o bu
dünyadan aralanıb. Necə olur ki, dünya quldarlıqdan feodalizmə, sosializmə,
kapitalizmə keçib, texniki, iqtisadi və s. dəyişikliklər olub, insan cəmiyyəti
bu qədər gəlişib. Ancaq peyğəmbər yoxdur? Bu ola bilməz.
Mən hər bir həqiqəti, doğru sözü deyən adamı
peyğəmbər sayıram. Fizika, kimya, fəlsəfə və s. elmlərdə kim yeni söz deyib,
ixtira edib - o da peyğəmbərdir. Peyğəmbərlər çoxdur. Bu günümüzdə də bəlkədə minlərlə
peyğəmbərlər var. Eynşteyn, Nyuton, Frebsis Bekon, Ömər Xəyyam və s. bunlar
hamısı peyğəmbərlərdir. Çünki hər bir həqiqət Tanrıdandır. Mütləq deyil ki,
peyğəmbər elə vəhylə Tanrıdan açıqlamalar alsın. İnsanın gəlişməsi, ağlı,
müdrikliyi də peyğəmbərlikdir. Bu baxımdan əgər Asif Ata həqiqəti deyibsə
peyğəmbərdir, əlbəttə.
Təbii, bu sözlərimlə Ocaqçılar razılaşmadılar.
Çünki onlar Asif Atanı müstəsna bir adam kimi bilirlər. Onu elmi adamlarla
birlikdə peyğəmbər bilmək istəmədilər. Yəni mənim peyğəmbər anlayışım
onlarınkından fərqli oldu. Bu da təbiidir. Mən ancaq fəlfəsəçiyəm. Onlarsa
inanc daşıyıcılarıdırlar. Hər bir dinin ardıcılları öz kutsal adamını müstəsna
insan kimi görür.
Beləliklə mənim üçün çox ilginc oldu. Hətta
bizim din araşdırmaçıları üçün yaxşı olardı ki, Asifataçılar haqqında elmi
işlər yazsınlar. Bu çox ilginc Azərbaycan fenomenidir, elmi
araşdırmalara ehtiyacı vardır.