Qurana münasibət barəsində: əbədidir ya yaradılıb?

5 sentyabr 2014

Quran nədir, ona münasibət necə olmalıdır? Bu ən sadə suallı çox adamlar özləri qarşısında qoymurlar. Halbuki bu sual ən əsas məsələdir. Yalnız ona cavab tapandan sonra inanca, dinə, əqidəyə münasibət bildirmək olar.

Bu sualı hələ 9 yüzillikdə mütəzililər irəli sürmüşdürlər. Elə o zaman da Quranın mahiyyəti barəsində onların ənənəçilərlərlə çox qızğın çəkişmələri baş vermişdir.
Mütəzililərə görə, Qurana əbədi kitab kimi inanmaq olmaq. Quran zaman və məkanda yaradılmışdır. Ənənəçilər isə bu müddəaya qarşı çıxış edib Quranı əbədi kitab elan etmişdirlər. Ənənəçilərə görə Quran yaradılmayıb, o Allahla birlik təşkil edir. Allah kimi onun başlanğıcı olmayıb, çünki Onun əbədi Sözüdür.

Mütəzililər isə bunə görə ənənəçiləri ikitanrılıqda ittiham etmişdirlər. Çünki onlara görə əbədi olan yalnız Allahdır. Onunla bərabər nəyəsə ehtiram göstərilirsə, onda o ikinci tanrıya çevirilir.

Bundan başqa mütəzililərə görə ənənəçi müsəlmanlar xristianların yolunu gedirlər. Çünki xristianlar da İsanı Allahın əbədi Sözü (Loqos-Kəlam) elan etmişdirlər. Məsələ burasındadır ki, Tanrı var olsa belə, uzaqdır. Onu dünyada təmsil edən Əbədi Sözü olmalıdır, bu da İsadır. Mütəzililərə görə, elə ənənəvi müsəlmanlar da belə düşünürlər. Dünyada Allahı təsdiq etmək üçün, onlar Quranı tanrılaşdırıblar.

Quranın mahiyyəti haqqında problem İslam ilahiyyatında çözülməmişdir. Sadəcə ənənəçi müsəlmanlıq mütəzililəri tarixi səhnədən siləndən sonra bu mübahisə dondurulmuşdur.

Ənənəçilər üçün Quranın əbədi olması iddiası ehkamçılıq baxımından çox lazımdır və bunu onlar bu günə kimi həyata keçirirlər. Çünki Quran əbədidirsə, onda onun bütün qanunları əbədidir və zaman içində ortalıqdan qalxa bilməz. Beləliklə Əbədilik ənənəvi dinin ehkamlarının möhkəmlənməsinə qulluq edir və bu ehkamlar dəyişməz olaraq qalır.

Qurana zaman və məkanda yaradılmış kimi baxılsa, onda dində geniş islahatların aparılmasına yol açılır. 1400 il ərzində insanlıq quldarlığı aşıb feodal, sonra isə kapitalist, sosialist və indi postindustrial dövrdə yaşayır. Quranın isə bir çox müddəaları quldarlıq dövrünü əks etdirir. Məsələn orada qullar və onların hüquqları, cizyənin alınması kimi ayələr var ki, bunları çağdaş dünyada artıq 200 ilə yaxındır ki tətbiq etmək olmur. Çünki dünya iqtisadiyyatı başqa əsaslar üzərində qurulub. Zaman dəyişib, inkişaf gedib.

Ya da Quranın elə əmrləri var ki, tərəqqi etmiş dünyada aktualllığını itirmiş olur. Örnək üçün orada məhkəmədə şahidlərin olması vacib buyurulub. Ancaq bizim zamanda şahid olmaya da bilər. Video, audio materiallar məhkəmədə artıq dəlildir. Artıq şahid olmaya da bilər.

Quranın əbədi kitab olmasını təkzib edən ayələr də var ki, onlardan biri Peyğəmbərin arvadlarına müraciətlərdir. Hələ mütəzililər demişdirlər ki, bunun əbədiyyata heç bir aidiyyatı ola bilməz.

Bu kimi örnəklər də çoxdur. Deməli zaman və tarix onu göstərir ki, mütəzililərin iddiaları gerçəkliyə daha çox uyğun olmuşdur. Quran əbədi kitab deyil. O öz zamanında yaradılmışdırsa, deməli zaman içində onun hökmləri qüvvəsini itirə, ya da başqa cür yozula bilər.

İslamın çağdaş dünyaya uyuşması məsələsi üçün Qurana yaradılmış və zaman içində hökmləri dəyişən kitab kimi baxılsa, onda İslam dünyasında real islahatlar gedə bilər. Bu proses getməsə müsəlmanların tərəqqisi mümkün deyil. Çünki zaman dəyişir, ehkamlar isə zamana uyuşmur. Deməli köklü islahatlar getməsə müsəlman dünyası geridə qalmağa məhkumdur.

Əlbəttə, Qurana fövqəladə müqəddəs kitab kimi baxış xalq inancına uyğundur. Bu amildən də ənənəçilər hər zaman istifadə edirlər. Ancaq elə bu amil də dini fanatizmə gətirir. Əslində Qurana müsəlman xalqlarının mədəni abidəsi, mədəniyyət təməli, eləcə də əxlaq, tərbiə kitabı kimi baxılsa, onda bir çox problemlər çözülmüş olur.

Quranın həmdə elm kitabı olduğu iddiaları da şübhə doğurur. Orada olan hadisələr pozitiv elmə uyğun olmaya da bilər. Məsələn Süleymanın böyük bir çarlığının olması, ya da Musa zamanında İsraillilərin Misirdə olması heç bir tarixi faktlarla təsdiqlənmir. Çünki Quranın mahiyyəti əxlaqi və tərbiəvidir. O mədəniyyətin təməlini təşkil edir, müsəlman sivilizasiyasının əsasında durur. Bu kimi ayələrə hikmət baxımından yanaşmaq olar.

Örnək üçün bir çox xristian ilahiyyatçıları artır razılaşmışdırlar ki, Bibliyada tarix və başqa elmlərə uyğun olmayan məqamlar da var. Ancaq onlar əxlaqi və mənəvi xarakterini itirmir. Təxminən bu kimi baxışlar da Qurana tətbiq edilə bilər, o zamanında yaradılmış hesab edilsə.

Beləliklə Qurana münasibətdə onun yaradılış ya əbədi olması problemi bizim zamanımızda daha da aktuallaşıb. İnsanlığın tərəqqisi və müsəlman dünyasının düşdüyü böhran bu problemin yenidən qoyulmasını zəruriləşdirir. Qlobal səviyyədə bu məsələ həllini tapmasa belə hər bir insan özü özü üçün bu sualı qoymalı, öz münasibətini bildirməli, əqidəsini də bu münasibətinin əsasında qurmalıdır.

Azərbaycanda təəssüf ki, İslama və Qurana qütblü münasibət var. Onu ənənəvi baxımdan qəbul edənlər də var, inkar edənlər də. Bu kimi baxışlar məqsədə uyğun deyil. Çünki ənənəvi din sonda fanatizmə gətirir. İslama qarşı çıxışlar isə insanlarımızı milli mədəniyyətdən, sivilizasiyadan məhrum edir. Burada bir ortalıq olmalıdır ki, bu da dinə, İslama, Qurana mötədil münasibət. Bunu da Quranın yaradılmış olması kimi qəbul edilməsinin əsasında həyata keçirmək olar.