ÖN SÖZ

Xristian dünyagörüşü və mədəniyyətinin yaranması dünya tarixində olan ən önəmli hadisələrdən biri olmuşdur. Fələstin torpaqlarında yaranan bu dinin ilk azsaylı ardıcılları, qədim yəhudi ənənəsi çərçivəsində, yeni təfəkkürün əsas müddəalarını ifadə etdilər. Gələcəkdə bu təlim, bir neçə əsr ərzində Roma imperiyasının böyük xalq kütlələrini əhatə edərək, rəsmi dövlət dini statusunu almışdır. Roma mühitində inkişaf etmiş xristian dünyagörüşü, təkcə yəhudi ənənələri ilə məhdüdlaşmayıb, müxtəlif dini-fəlsəfi təlimlərin təsiri altında düşmüşdü. Xristian dininin rəsmi doktrinası bir neçə əsr ərzində tədricən, mürəkkəb tarixi hadisələr şəraitində formalaşmışdı. Lakin bundan sonra daxili ziddiyətlərin kəskinləşməsi nəticəsində orada müxtəlif dini təriqətlər və cərəyanlar fəaliyyət göstərmişdir. Sonda, bu ziddiyətlər Xristianlığın parçalanması ilə nəticələnmişdir. Lakin, bütün bu ziddiyətli məqamlara baxmayaraq bu din dünya dininə çevrilmişdir.

Xristianlığın dünya fəlsəfəsinin, mədəniyyətin, incəsənətin inkişafında müstəsna rolu olmuşdur. Bu dindən ilhamlanan alimlər, incəsənət xadimləri ən parlaq fəlsəfi əsərləri və incəsənət incilərini yaratmışdırlar. Avropa mədəniyyətinin inkişaf etməsindən və dünyada aparıcı rol oynamağa başlamasından sonra isə xristian dünyagörüşü bu və ya digər dərəcədə demək olar ki, bütün dunya xalqlarının mədəniyyətlərinə və ənənələrinə təsir etmiş və bu günə qədər də öz təsirini saxlamaqdadır.

Buna görə də müasir düşüncəli və ziyalı insanlar üçün Xristian tarixi və fəlsəfəsi ilə tanışlıq olduqca aktual məsələdir. Məsələ bundadır ki, iki əsr ərzində Avropa və sonra dünya təfəkkürü tarixində gedən proseslərə düzgün qiymətin verilməsi və bununla bağlı müxtəlif amillərin tədqiqatlarda əks etdirilməsi üçün Xristianlığın dunyagörüşü, onun yaranması, tarixi inkişaf mərhələlərini bilmək olduqca vacibdir. Bundan başqa Xristianlığın daxilində gedən proseslər haqqında biliklərin əldə edilməsı bir çox hallarda başqa dinlərin, fəlsəfələrin və mədəniyyətlərin öyrənilməsi və onların düzgün başa düşülməsi üçün köməklik edir. Çünki xristian dünyagörüşü özündən öncə mövcud olan mədəniyyətlərlə sıx əlaqədə, yaxud, bəzi hallarda, onların təsiri altında olduğu kimi, sonra yaranan mədəniyyətlərə də çox güclü təsir etmişdir. Xristian ilahiyyatında və fəlsəfəsində gedən mübahisələr, tarixi proseslər, müxtəlif problemlərin qoyuluşu və onların həlli yollarının axtarılması, bəzi hallarda, Xristianlıqdan sonra yaranan başqa dini-fəlsəfi təlimlərdə də təkrarlanır.

Azərbaycanda Xristianlığın fəlsəfəsi və tarixi bu günə qədər lazımı səviyyədə tədqiq edilməmişdir. Bu mövzuda Azərbaycan dilində yazılan əsərlər, demək  olar ki, yox dərəcəsindədir. Sovet dövründə rus və Azərbaycan dillərində buraxılan ateizm ruhlu fəlsəfi ədəbiyyatda xristian fəlsəfəsinə aid olan bəzi məqamlar açıqlansa da, onları tənqidi nöqteyi-nəzərindən işıqlandırırdılar və bir çox hallarda olduqca mühüm olan məqamlar orada öz əksini tapmamışdır. Təəssüf ki, bu təmayül hal-hazırda da davam etməkdədir. Xristianlıq probleminə əksər hallarda, obyektiv deyil, tənqidi nöqteyi-nəzəridən baxılır, bu sahədə respublikamızda fundamental elmi-fəlsəfi tədqiqatlar aparılmır. Bu amillər isə azərbaycanlıları müasir qloballaşan dünyada qonşuluğumuzda mövcud olan böyük mədəniyyətlə yaxından tanış olmaqdan məhrum edir, onun haqqında müxtəlif qeyri-obyektiv fikirlərin formalaşmasına gətirib çıxarır. Beləliklə, azərbaycandilli oxucuların nəzərinə Xristianlığı, onun dunyagörüşü, tarixi və fəlsəfəsini əks etdirən dolğun bir ədəbiyyat bu günə qədər təqdim edilməmişdi və bu kitabın yazılması, bu istiqamətdə edilən, ilk addımdır.

Təqdim olunan bu kitab Azərbaycanda Xristian fəlsəfəsi tarixi mövzusunda yazılmış ilk tədqiqat əsəridir. Kitabda bu dinin yaranması və onun ilk on əsr ərzində gedən inkişaf prosesləri haqqında bəhs edilir. Burada ortodoksal Xristianlığın və müxtəlif xristianyönlü dini-fəlsəfi təlimlərin ümümi müddəaları haqqında məlumat verilmişdir, görkəmli mütəfəkkirlərin fəlsəfi fikirləri açıqlanmışdı. Bundan başqa Xristianlığın formalaşması prosesində müstəsna rol oynamış müxtəlif dini-fəlsəfi cərəyanların da qısa tarixləri və təlimləri haqqında məlumat verilmişdir. Kitabın sonunda Xristianlıqla eyni zamanlarda inkişaf edən  və onunla sıx, bir çox hallarda ziddiyətli əlaqələrdə olan antik dunyanın aparıcı  fəlsəfi məktəblərinin dünyagörüşlərinin əsas məqamlarına da nəzər yetirilmişdir.

Kitabın yeniliyi həm də müxtəlif istilahların, tarixi şəxsiyyətlərin və mütəfəkkirlərin adlarının yunan və latın dillərində olduğu kimi və yaxud o dillərə yaxın olan tərzdə verilməsindədir. Məsələ burasındadır ki, bu günə qədər onlar Azərbaycan dilində, ruscadan alındığına görə, rus dilindəki kimi ifadə edilirdi. Kitabda haqqında söhbət açılan tarixi şəxsiyyətlərin və mütəfəkkirlərin adları əvvəlcə Azərbaycan dilində, yunan və latın dillərinə yaxın tərzdə verildiyindən sonra, mötərizədə onların bu dillərdə latın əlifbası ilə orjinal yazılışı verilmişdir. Onlar tərəfindən yazılan kitabların adları isə əvvəlcə azərbaycan dilinə tərcümədə, sonra isə mötərizədə yunan və latın dillərində latın əlifbası ilə verilmişdir. İstilahların mənaları haşiyələrdə izah olunmuşdur. Beləliklə, kitabın müəllifi Azərbaycan dilində hələ bu günə qədər təşəkkül tapmamış xristian və ümumiyyətlə fəlsəfi terminlərin bizim ana dilimizdə necə səslənəcəyi, hansı formada və mənada işlənməsi problemini qoyur və konkret olaraq öz variantını təklif edir. Müəllif hesab edir ki, artıq azərbaycanlılar yunan və roma mənşəli istilahları və filosof, mütəfəkkirlərin adlarını məhz o dillərə yaxın olan tərzdə işlətməlidirlər. Rus (və ya bəzi hallarda ərəb) dilindən alınmış formada yox. Təəssüf ki bu günə qədər bizim elmimizdə hələ ki sovet dövrlərindən qalan terminologiya qalmaqdadır və müəllifin fikrincə yeni azərbaycan elmi terminologiyasının yaradılması vaxtı gəlib çatmışdı.
Məsələnin bu cür qoyuluşu, əvvəllər azərbaycanda mövcud olmayan xristian fəlsəfi və ilahiyyat terminologiyasının ilk dəfə yaradılmasına cəhd edilməsi və onun təklif olunması bu kitabın bəlkə də ən əhəmiyyətli və ciddi yeniliyidir, azərbaycan elmində həqiqi elmi irəliləyişdir. Hətta antik istilahlar, qədim yunan, roma, orta əsr filosoflarının adlarının sovet dövründə oldüğu kimi russayağı (və ya ərəbsayağı) deyil, yunan, latın, ingilis, fransız və s. orjinal dillərə yaxın tərzdə tələffüz edilməsinin vaxtı gəlib çatmışdı və müəllif ümid edir ki, bu kitabı oxuyan hər bir azərbaycanlı filosof, alim bu barədə duşünəcək və öz kitablarında bu istilahlardan istifadə edəcək.

Bundan başqa kitabda haqlarında söhbət açılan müxtəlif mütəfəkkirlərin əsərlərinin orjinal mətnlərinə istinadlar verilmişdir. Bu işin yeniliyi ondan ibarətdir ki, onların əksəriyyəti internet şəbəkəsindən rus və ingilis dillərinə tərcümədə gətirilir. Bu isə azərbaycan oxucusuna xristian təfəkkürünun ilk mənbələri ilə tanış olmaq işini xeyli asanlaşdırır. Bu istinadların kitabda verilən internet ünvanları ilə tapılması və oxunması üçün heç bir problem qalmır. İnternet resurslarından çox geniş istifadə olunması praktikası da kitabın metodoloji yeniliklərindən biridir.

Xristianlığın tarix və fəlsəfəsinə həsr olunmuş və bu sahədə Azərbaycan dilində yazılmış ilk elmi monoqrafiyasının strukturu və tərtibat üslubu eyni zamanda ondan Xristianlıqda işlənilən terminlərinin qısa məlumat kitabçası kimi də istifadə edilməsinə imkan verir. Kitabın haşiyələrində demək olar ki, bütün əsas terminlərin ətraflı izahı verilmişdir.

Bundan başqa monoqrafiyada ilk xristian və yəhudi tarixinə, Roma və Bizans imperiyalarında ilk xristian icmalarının yerləşməsi, xristian aləminin müxtəlif tarixi dövrlərdə hansı durumda olmasına aid olan çoxlu xəritələr yerləşdirilmişdir. Xəritələrə bir qədər düzəliş  edilməsi və Azərbaycan dilinə tərcüməsi işləri müəllif tərəfindən həyata keçirilmişdir. Bu amil oxucu tərəfindən mövzunun daha dolğun və dərin anlaşılması üçun köməklik edir. Xəritələrlə bərabər kitab, qədim xristian tarixi və fəlsəfəsinə aid olan şəkil, rəsm və fotolarla zənginləşdirilmişdir.

Kitab, ali məktəblərin fəlsəfə, ilahiyyat, kulturologiya və başqa humanitar fakultələrinin tələbələri, fəlsəfə üzrə mütəxəssislər və ümumiyyətlə dini fəlsəfə ilə maraqlanan, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Kitab çox sadə və anlaşılan dildə yazılmışdır. Müəllif ilk əvvəl özü, bü və ya digər məsələni dərindən öyrənib, sonra isə onun qısa məzmununu çox sadə dildə ifadə edib. Xristian fəlsəfəsinin əslində nə qədər mürəkkəb olmasına baxmayaraq, kitabda oxucu üçün çətin anlanan məqamlar, mürəkkəb ifadələr demək olar ki, yoxdur. Müəllif əlindən gələni edib ki, bu kitabı ən geniş oxucu kütləsi asanlıqla başa düşsün. Fəlsəfi kitabın bu cür sadə, anlaşılan dildə yazılması da müəllifin böyük uğuru sayıla bilər və onun intellektual səviyyəsinin yüksəkliyindən xəbər verir. Təəssüf ki, bəzi hallarda fəlsəfi ədəbiyyat o dərəcədə ağır, mürəkkəb ifadələrlə dolu dildə yazılır ki, onun anlanması tələbələr üçün çox böyük problemə çevrilir. Geniş oxucu kütləsi isə ümumiyyətlə onlara yaxın düşə bilmir. Bu amillər isə millətimizi fəlsəfədən məhrum edir və xalqın ümumi mədəni, intellektual səviyyəsinə xələl gətirir. Bütün bu problemləri bu kitabın müəllifi çox böyük ustalıqla həll edə bilmişdir. Bütün bu fikirlərin söylənməsinə, bu kitabı oxumuş müxtəlif sosial təbəqədən olan adamların, tələbə və gənclərin müsbət rəyləri əsas verir.

Müəllif, bu kitabın işıq üzü görməsi istiqamətində ona bilavasitə kömək etmiş AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar institutunun «Dinin fəlsəfəsi» şöbəsinin əməkdaşları: şöbənin müdiri fəlsəfə elmləri namizədi Hüseynov Həsən müəllimə, kiçik elmi işçi Mustafayev Radifə, laborant Heydərova Afətə, laborant Əliyeva Günaya; kitabın məzmununun yaxşılaşdırılması işində ona qiymətli məsləhətlər verən rəyçilər: fəlsəfə elmləri doktoru professor Abdullazadə Gülnaz xanıma, fəlsəfə elmləri doktoru Quluzadə Zümrüd xanıma, fəlsəfə elmləri namizədi Yalçın Abdullaya, fəlsəfə elmləri namizədi Elmir Quliyevə, filologiya elmləri namizədi Samirə Mir-Bağırzadəyə; kitabın dizaynını tərtib etmiş Aytən Əli-zadəyə; xüsusilə daim işlərində ona təmənnasız və səmimi yardımlar edən kitabın elmi redaktoru, yuxarıda adı çəkilən institutun Direktoru, fəlsəfə elmləri doktoru, professor Rüstəmov Yusif müəllimə öz dərin minnətdarlığını bildirir.

GERİYƏ