Mitraizm

Qnostik inanca yaxın olan din Mitraizm olmuşdur. Mitraizm Roma imperiyasında Xristianlıqla bərabər yayılan və onunla rəqabət aparan İran mənşəli bir din idi. İran mənşəli qnostik təlimlər dünyanı Zülmətlə Nurun mübarizəsi kontekstində görürdülər və izah edirdilər [1].


Бог Митра,  закалывающий быка. III в. н. э. Мрамор.
Mitra öküzü öldürür.
II əsr Roma heykəli

Mitra arilərin [2] panteonunun tanrılarından biri idi. Yaxın Şərqdə bir çox xalqlar ona ibadət edirdi. Qədim arilər onu Səhər işığının Tanrısı adlandırırdılar. Onların inanclarına görə, Mitranın qüdrəti dünyada həyatın mövcudluğunu təmin edir. Daha sonra iranlılar inanırdılar ki, Mitranı xeyir tanrısı olan Ahura-Məzda yaradıb, və ona ibadət etmək vacibdir. Bu barədə «Avesta»da deyilir [3].

E. ə. V-VI əsrlərdə Mitra inancı unudulmuşdu, lakin sonra bu kult yenidən bərpa olundu və İranda, Babilistanda, Pontda, Friqiyada, Kappadokiyada və başqa regionlarda yayıldı. Daha sonra Mitraya Romada da ibadət edirdilər. Mitraistlər inanırdılar ki, Mitra zülmət qüvvələri ilə mübarizə aparır, insanlara xidmət etməyə gəlib. Eyni zamanda Mitra dünyanın yaradıcısıdır, lakin qnostiklərdən fərqli olaraq o Xeyrin təcəssümüdür.

Xristianlığın mitraizmlə bir sıra oxşar cəhətləri vardır. Məsələn, 274-cü ildən başlayaraq, hər ilin 25 dekabr günü, imperator Avrelianın əmri ilə günəş tanrısı Mitranın anadan olan günü kimi qeyd edilirdi.

IV əsrdən başlayaraq bu günü İsanın anadan olan günü kimi qeyd etməyə başlamışdılar.Bu adət bizim zamanəmizəqədər davam edir.

Başqa bir misal kimi Mitra və İsanın xilaskar olmasını gətirmək olar. Onların hər ikisi də Tanrı ilə insanlar arasında olan vasitəçidirlər, onları yerə yollayan Atanın buyruqlarını yerinə yetirirlər. İsa kimi Mitra da axirətdə insanları mühakimə edəcək. Hətta Xristianlığın rəmzi olan xaç da mitraistlərin simvollarından biri olub. Onlar xaçı dairənin içində təsvir edirdilər. Mitraizmdə, Xristianlıqda olduğu kimi, bu dini qəbul edənlərin xaç suyuna salma mərasimi kesirilirdi. Bu barədə tanınmış xristian ilahiyyatçısı Tertulian da yazırdı [4].

 



[1]Йонас Г. Гностицизм. СПб: Лань, 1998, гл. 3.

[2] Arilər - hind-fars mənşəli xalqların ümumiləşdirilmiş qədim adıdır.

[3] Mitr-Yaşt, 1.

[4] Tertullian. De baptismo, V, 1.
İngiliscə: On Baptism // Ante-Nicene Fathers. The Writings of the Fathers Down to A.D. 325. Volume II. T&T Clark, Edinburg; WM. B. Eerdmans Publishing Company, Grand Rapids, Michigan: 1885.
Rusca: О крещении. Оригинальный текст, перевод на русский язык, комментарии - Издательская группа "Прогресс"-"Культура". Общая редакция и составление А.А.Столярова. Москва - 1994.

GERİYƏ