İsgəndəriyyə ilahiyyat məktəbi

Xristianlığın formalaşmasında apologetlər çox əhəiyyətli fəaliyyət göstərmişdirlər. Lakin o dövrdə Xristianlıq hələ sistemləşmiş bir təlim halına gəlməmişdi. Bütpərəst fəlsəfi doktrinalarda mübarizə aparmaq üçün isə fundamental, sistemləşmiş və hərtərəfli bir nəzəriyyə yaratmaq lazım idi. Ona görə də, bir neçə xristian mütəfəkkiri bu çətin işlə məşğul olmuşdur. Bu işdə ən böyük nailiyyətləri İsgəndəriyyədə II əsrdə təsis edilən ilahiyyat məktəbinin nümayəndələri əldə etmişdirlər.

Bu məktəb Xristianlığın əsasları ilə tanış olmaq və onu qəbul etmək istəyənlər üçün açılmışdır. Eyni zamanda bu məktəb ən savadlı təbəqələrin xristian təliminə marağı oyatmaq istəyirdi. Lakin bunun üçün təkcə dini ehkamların tədrisi kifayət etməzdi. Ona görə də burada fəlsəfi fəndlərə də böyük əhəmiyyət verilirdi. Dini ehkamlarla antik mədəni və fəlsəfi irsin bir-birinə yaxınlaşması, uyğunlaşması siyasəti aparılırdı. Burada çalışan alimlər bu yaxınlaşmaya nail olmayaraq Xristianlığın yayılmasının mümkün olmamasını anlayırdılar və bu istiqamətdə məqsədyönlü iş aparırdılar.

179-cu ildən İsgəndəriyyə məktəbinə Panten başçılıq etməyə başlamışdı. O keçmişdə stoik olmuşdu. O fəlsəfəyə daha da çox önəm verirdi. Lakin Pantenin əsərləri bizim zəmanəmizə çatmamışdı. Buna baxmayaraq, İsgəndəriyyə ilahiyyat məktəbinin digər məşhur nümayəndələri - Klemensin və Origenusun dünyagörüşləri bu gün yaxşı məlumdur.

İsgəndəriyyəli Klemens (Clemens Alexandrinus)

İsgəndəriyyə ilahiyyat məktəbinin ən görkəmli nümayəndələrindən biri Klemens (150-215) olmuşdur. OnunXristianlığı qəbul etdiyi tarix məlum deyil. Lakin məlumdur ki, o Pantenin tələbəsi, sonra isə onun köməkçisi olmuşdur. Sonra o presviter vəzifəsinə təyin edilmiş, və 190-cı ildə İsgəndəriyyə məktəbinə başçılıq etməyə başlamışdır. III əsrin əvvəllərində imperator Septimius Severusun çarlığı dövründə xristianlar dini etiqadlarına görə təqib edildiyi zaman, Klemens İsgəndəriyyəni tərk etmişdir.

Klemens zamanəsinin ən savadlı adamlarından biri olmuşdur. Onun tərəfindən üç hissədən ibarət xristian ensiklopediyasına bənzər bir əsər yazılmışdır. Birinci hissə «Protrepticus» (Ellinlərə nəsihət vermə), ikinci – «Paedagogus» (Pedaqoq), üçüncü – «Stromata» (Rəngli xalçalər) adlanır.

Bu əsərlərdən məlum olur ki, Klemens təkcə apologetika ilə məhdudlaşmırdı. O eyni zamanda missioner idi. Xristianlığı yaymaq üçün isə o, bu dini yunan və roma xalqlarının düşüncə tərzlərinə və elmi ənənəsinə uyğunlaşdırmalı idi. Nəticədə, Klemens, kompromislərə gedərək Xristianlığı “fəlsəfələşdirməli”, fəlsəfəni isə “xristianlaşdırmalı” idi. Bu məqsədə nail olmaq üçün, Klemens bir tərəfdən fəlsəfənin fəzilətindən danışaraq, biliyin maarifsiz, korkoranə dindən üstünlüyündən söhbət açmışdır. Digər tərəfdən isə o, fəlsəfənin rolunu dinə qulluq etməkdə görərək, ilk dəfə olaraq “fəlsəfə – dinin qulluqçusudur” prinsipini ifadə etmişdir [1]. Bununla Klemens biliyi imanın çərçivəsi ilə məhdudlaşdırmışdır. Yəni fəlsəfi bilik, dini ehkamların əql nöqteyinəzərindən əsaslandırılması üçün istifadə edilməlidir.

Biliyin rolunu yüksək qiymətləndirən Kle-mens, ilk dəfə olaraq, onun dini ehkamlarla və imanla uyğunlaşması, onların arasındakı ziddiyətlərin ortadan qaldırılmasının vacibliyini vurğulamışdır. Bundan sonra, imanbilik münasibətləri problemi orta əsr fəlsəfəsinin ən mürəkkəb problemlərindən birinə çevrilmişdi. Bu məsələyə münasibətdə bir çox xristianlar, imanın olduğu halda biliyin lazım olmaması iddiasına düşdülər. Qnostiklər isə buna əks mövqedən çıxış etmişdirlər. Onlar hesab edirdilər ki, xüsusi biliyə (qnosisə) və fəlsəfəyə çatan adam üçün iman lazım deyil.

Klemens bunların arasında orta mövqeyi tuturdu. Biliklə imanın bir-birinə zidd olmaması fikrini irəli sürürdü. İman əqli məntiqi metodlarla əsaslandırıla bilər, bilik isə imansız öz ruhunu itirir. Buna görə də əsl fəlsəfəni yalnış fəlsəfədən (sofistikadan [2]) fərqləndirmək lazımdır [3]. Əsl fəlsəfə, Klemensin fikrincə, insanlara Tanrı və dünya arasında münasibətlərin qurulması yollarını göstərir, müdrikliyi və xeyri öyrədir [4].

Əsl fəlsəfə birdir. Lakin ona doğru gedən yollar müxtəlifdir. Onlardan ikisi daha əhəmiyyətlidir. Biri “barbarların” (yəni yəhudilərin), digəri isə yunanların fəlsəfəsidir. Yəhudi xalqına əsl fəlsəfə (yəni Əhdi-Ətiq Tanrısı haqqında bilik) peyğəmbərlər vasitəsi ilə açılıb. Yunanlar isə fəlsəfəni öz düşüncələri ilə əldə etsələr də, onda bir İlahi həqiqətlər vardır. Onlar İlahi həqiqətə təbii yolla çatmaq istəyirdilər. Yunanların, fəlsəfədə başqa xalqlardan daha çox nailiyyətlər əldə etməsi, onların, yəhudilər kimi, İlahi tərəfindən seçilmiş bir xalq olduğunun göstəricisidir.

Yəhudilər üçün Tövrat nədirsə, Yunanlar üçün də fəlsəfə odur. Fəlsəfənin və Tövratın mənbəyi birdir. Bu Loqosdur. O, yəhudilərə birbaşa vəhylə açılıb, yunanlara isə təbii qanunları əqllə təhlil və tədqiq etməsi yolu ilə [5]. Lakin, Klemensin fikrincə, ən gözəl və dəyərli şeyləri yunanlar yəhudilərdən alıblar.
Beləliklə yunan fəlsəfəsi Xristianlığa aparan bir yoldur və hörmətə layiqdir. Hər bir fəlsəfədə həqiqətin zərrəcikləri vardır. Lakin bütövlükdə həqiqət yalnız Xristianlıqda əks olunmuşdir. Elmlər sonda fəlsəfə ilə, fəlsəfə isə ilahiyyatla tamamlanır. İlahiyyat ən yüksək məqamdır və əsl həqiqətdir [6]. Başqa elmlərin dəyəri onların ilahiyyata münasibətindən asılıdır. Başqa elmləri və fəlsəfəni bilmədən, yaxşı ilahiyyatçı olmaq olmaz. Eyni zamanda, hər bir xristian üçün fəlsəfə ilə məşğul olmaq vacib deyil. Bu dünyada və axirətdə xilas olmaq üçün, Tanrıya iman etmək və xristian dininin müddəalarını qəbul etmək kifayətdir. Bununla Klemens qnostiklərin ideyalarını rədd edirdi. Məlum olduğu kimi, qnostiklər hesab edirdilər ki, yalnız xüsusi biliklərə (qnosisə) malik olan adamlar xilas ola bilərlər [7]. Onların dediklərinə görə, adi xristian möminləri məhv olacaqlar.

Qnostiklərin ideyalarını rədd edən Klemens, imanın idrak prosesinin nəticəsində əmələ gəlməsi haqqında çox maraqlı bir fikir irəli sürmüşdür. Hər bir bilikdə imanın elementləri vardır. Çünki ifadə edilən hər bir şeyin dəlilini, sonra isə onun əsasında qurulan başqa mülahizələri sübuta yetirmək mümkün deyil. Bu halda dəlil axtarma silsiləsini sonsuzluğa qədər davam etmək lazım olardı. Buna görə də hər bir adam öz mübahisələrində dəlili öncələyən bir şeyə arxalanır. Bu hissiyyat, fərziyyə, hamı tərəfindən bəyənilən rəy, hörmətli adamın fikri ola bilər. Bu isə artıq iman deməkdir. Yəni, hissiyyatına arxalananda hər bir adam özünə, fərziyyəyə arxalananda bu fərziyyənin həqiqət olduğuna, cəmiyyət tərəfindən qəbul olunmuş rəyə arxalananda, bu cəmiyyətdə qəbul olunmuş fikrin həqiqət olmasına, ağsaqqalların rəyinə arxalananda isə onun fikrinin məqsəduyğunluğuna inanır və bunun əsasında öz dəlillərini qurur.

Bu əsaslar insanın mülahizələrinin bünövrəsini təşkil edir. Bu bünövrənin möhkəmliyi, etibarlılığı onun üzərində qurulmuş mülahizənin nəticəsini həll edir. Əgər bu bünövrə zəif və yanlışdırsa, onda mülahizə, hətta formal məntiq qanunlarına uyğun şəkildə aparılsa belə, yalnış nəticələrə gətirəcək. Öz növbəsində biliyə arxalanmayan iman, üstündə bina tikilməmiş bir bünövrəyə bənzəyir [8] (Str. VIII, 3). Ona görə də, imanla bilik bir vəhdət təşkil edir.

Sonda, imanla biliyin münasibətləri problemini yekunlaşdıran Klemens, xristian qnostisizminin əslində intellektual (əqlə) don geydirilmiş bir iman olduğu qənaətinə gəlir. Bununla o, qnostiklərlə, onları şiddətli tənqid atəşinə tutmuş xristian xadimləri arasında orta və barışdırıcı mövqedə durmuşdur. Ümumiyyətlə bilik və imanın bir-biri ilə ahəngdə olması ideyasını ilk dəfə Klemens irəli sürmüşdü. Gələcəkdə isə bu fikri Avqustinus, Anselm, Tomas (Foma) və başqa mütəfəkkirlər təkrarlamışdırlar və inkişaf etdirmişdirlər.

Klemensə görə İlahi vəhyi daha da aydın başa düşmək üçün Müqəddəs Kitabı yozmaq lazımdır. Yozmada alleqoriyalardan və təvillərdən də istifadə etmək olar, lakin burada ifrata varmaq olmaz.

Tanrı haqqında düşüncədə Klemens apofatik (mənfi) ilahiyyatın tərəfdarı idi. Onun fikrincə insan anlayışlarını Ona aid etmək olmaz, çünki Tanrını sözlə ifadə etmək mümkün deyildir. Lakin demək olmaz ki, o katafatik ilahiyyatı tam olaraq inkar edirdi, çünki Tanrının birliyi, ədaləti və başqa xüsusiyyətləri dillə ifadə edilə bilər. Amma onu yaddan çıxarmaq olmaz ki, bu sözlər onun əsl mahiyyətini açmır və buna görə də katafatik düşüncədə ifrata varma, insanı antropomorfizmə və panteizmə gətirə bilər. Beləliklə, Tanrı haqqında düşüncədə apofatik yolu tutmaqdır. Yəni Tanrını heç bir sözlə və anlayışla dərk etmək olmaz, o hər şeydən ucadır. Hər hansı bir şeydən düşünən insan bilməlidir ki, onu Tanrıya aid etmək olmaz. Beləliklə hər bir anlayışı inkar edərək Tanrı haqqında onu demək olar ki, O, zaman, məkan kimi düşünülən şeylər anlayışlarına sığa bilməz.

İsgəndəriyyəli Origenus

Origenus (185-254) Misirdə xristian ailəsində anadan olmuşdur. Yetkinlik yaşına çatandan sonra Origenus, neoplatonizm məktəbinin banisi Ammonius Sakkasın tələbəsi olmuşdur [9]. Sonra Origenus, Klemensin başçılıq etdiyi İsgəndəriyyə ilahiyyat məktəbində təhsilini davam etdirmişdi. O bir çoxlu kitab müəllifi olmuşdur. Origenusun ən tanınmış kitabları: «De principiis» (Başlanğıclar haqqında), «Contra Celsum» (Selsin əleyhinə) kitablarıdır.

Origenus ilk dəfə xristian təliminin və dünyagörüşünün sistemləşdirilməsi işinə baş lamışdır. Bu məqsədlə o, xristian ehkamlarının rasionallaşdırılması məqsədi ilə, dini mətnləri və müddəaları yunan fəlsəfəsinin terminləri ilə ifadə etməyə başlamışdı. Bunun üçün Origenus, xristian ehkamlarını sərbəst yozmalara məruz qoymuşdur. Nəticədə, o hesab edirdi ki, düzgün başa düşülən Bibliya sağlam fəlsəfəyə mane olmur, düzgün tətbiq edilmiş fəlsəfə isə Bibliyaya ziyan vurmur [10].

Origenusun fikrincə Bibliyada bütün fəlsəfi suallara cavablar tapmaq mümkündür. Lakin Müqəddəs Kitabı düzgün başa düşmək

üçün onu yozmaq lazımdır, çünki orada hallanan sözlər və cümlələr şeylərin yalnız zahiri xüsusiyyətlərindən xəbər verir, halbuki, onların əsl mahiyyəti batindədir. Yozmalardan, alleqoriyalardan, təvillərdən həddən çox istifadə edən Origenus, bəzi hallarda ifrata varırdı. Bu səbəbdən xristian kilsə xadimləri onu pisləmişdilər.
Origenus Tanrı ilə, Loqosla, ruhla bağlı problemlərə nəzər yetirirdi. O hesab edirdi ki, Tanrı eyni zamanda həm monada [11], həm də henadadır [12]. Hər bir varlığın, düşüncənin səbəbi olan Tanrı, varlığın düşüncə və mahiyyət anlayışlarına sığa bilməz, onlardan ucadır. Bu səbəbdən O dərkolunmazdır. Burada Origenus yeni platoçuların fikirlərinə çox yaxınlaşırdı.

Lakin, Tanrının bəzi xüsusiyyətlərindən məxluqa doğru analogiyalar apararaq və Tanrı anlayışına zidd olan bütün şeyləri inkar edərək, fikir irəli sürmək olar. Belə ki, bənzərsiz, sadə və bölünməz olan Tanrının cismi ola bilməz, çünki cism olan hər bir şey mürəkkəbdir və bölünməyə məruz qalır. Maddə olan hər bir şey dəyişir. Dəyişmə isə bəzi xüsusiyyətlərin zəifləyib ortadan çıxmasına və onların əvəzinə başqa xüsusiyyətlərin əmələ gəlməsinə səbəb olur. Bu isə bəzi xüsusiyyətlərin  kamil olmaması, onların natamam olması ilə nəticələnir. Bütün bunlar Tanrıya aid edilə bilməz. Deməli Tanrı bir monada olaraq mütləq kamillikdirsə, o maddə və ya cism ola bilməz. Buna görə də Origenus, Tanrının, özünü düşünən bir pak düşüncə olması qənaətinə gəlir [13]. Bu fikrin mənşəyi neoplatonizmdən gələrək Xristianlıqda platoçu ideyaların güclənməsinə gətirib çıxarmışdır.

Origenusun Loqos haqqında baxışları da xüsusi maraq doğurur. O, Tanrını dünya çərçivəsindən çıxardaraq, fani aləmdən sonsuz uzaqlaşdırırdı. Yəni Tanrı dünyaya transendent bir varlıq kimi düşünülürdü. Lakin O, maddi dünyanı qayğısız qoymamışdır və bura öz Oğlunu yollamışdır. Bu Oğul – Loqosdur (Xristosdur).

Loqos Tanrıdan doğulan həyatdır, varlıqdır, təfəkkürdür. Onun doğulmasının başlanğıcı yoxdur, o Ata kimi əbədidir, zamandan kənardadır. Lakin Loqosun dərəcəsi Atadan daha kiçikdir, çünki o, Onun nəticəsi, enerjisi, surətidir. Bütün bu ideyalara neoplatonizmdə də rast gəlmək olar.

Origenusun kosmoqonik görüşləri kreasionizmə əsaslanır. Dünya Tanrı tərəfindən heç nədən yaradılıb. O yaradandırsa, onun yaradıcılığı əbədidir. Əgər Tanrı haçansa heç nə yaratmasaydı, onda O, Yaradan olmazdı. Əgər haçansa məxluq olmasaydı, onda Tanrı qüdrətinin tətbiq obyekti olmazdı və Onun Yaradıcı keyfiyyəti reallaşmazdı. Dünya Tanrı kimi əbədi olmasa da, Onun zaman nöqteyi-nəzərindən əvvəli və axırı yoxdur.

Lakin bu halda Origenusun kosmoqoniyası Xristianlığın dünyanın Tanrı tərəfindən yaradılması və məhv edilməsi ideyası ilə uyğunlaşmırdı. Bu ziddiyyəti həll etmək üçün Origenus əbədi yaradılış və dünyaların çoxluğu fikrini ortalığa atdı. Yəni bizim dünyanı Tanrı həqiqətən müəyyən zaman yaradıb, məhv edəcək. Lakin Onun yaradıcılığı yalnız bununla bitmir. Dünya bizim dünyamızdan da öncə olub, onun məhvindən sonra yenə də yaradılacaq. Dünyalar çoxdur, onlar biri-birini əvəz edərək mövcuddurlar. Origenusun fikrincə, eyni zamanda iki dünya mövcud ola bilməz və müxtəlif dünyalar bir-birinin təkrarı deyillər [14]. Origenusun dünyaların çoxluğu ideyası stoisizm fəlsəfəsində də vardır.

Origenus Tanrının qüdrətini də bir qədər məhdudlaşdırırdı. Məsələn o deyirdi ki, Tanrı ziddiyyətli, nizamsız, ədalətsiz şeylərin yaradıcısı ola bilməz. Bunlar onun kamilliyi ilə bir araya sığmır.

Onun ruhlar haqqında fikirləri də maraqlıdır. Dünyalar yaranıb, məhv olurlar. Ruhlar isə ölməzdir. Onlar maddi dünyadan öncə yaradılıb, sonra isə onlar üçün dünyalar yaradılıb. Bu ruhların arasında İsanın da ruhu var idi. Yaradılandan sonra, ruhlar Tanrının yanında olublar və bu yaxınlıqdan həzz alırdılar. Maraqlısı budur ki, Origenusa görə, ruhlar azad iradəyə malik idilər. Bundan istifadə edərək, onlar Tanrıdan ayrılmaq istədilər. Bunu bilən Tanrı, ruhları cəzalandıraraq, maddi dünya yaratdı və onları bədənlərə saldı. Bu andan da dünyaların və ruhların dövran etməsi başlamışdı [15]. Deməli maddi dünyalar, ruhi dünyanın əlavəsidir. Ora düşmüş ruhlar islah olunurlar və yenidən öz normal halına qayıdırlar. Dünyalarda ruhlar istirablar keçirir. Bu istirablar, onların Tanrıdan razı qalmamalarına görə verilən cəzadır. Lakin sonda mərhəmətli olan Tanrı onları xilas edəcək. Bütün ruhlar, o cümlədən İblisin ruhu da, bağışlanacaq və Tanrının hüzuruna qayıdacaq. Xilas olma isə İsanın (Loqosun) vasitəsi ilə baş verəcək.

Origenusun bir çox fikirləri xristian kilsəsi tərəfindən rədd edilmişdir. Onun dünyaların çoxluğu, ruhların maddi dünyadan əvvəl yaradılması, İblisin xilas olması ideyaları rəsmi Xristianlıq tərəfindən qəbul edilməsə də, onun fəlsəfi irsi Nissalı Qreqorios, Eriugena kimi böyük xristian mütəfəkkirləri üçün bir örnək olmuşdur. Onun dini fəlsəfəsi və metodları xristian əqidəsinin formalaşmasında müəyyən rol oynamışdır.

 


[1] Clemens Alexandrinus. Stromata I, 5.

[2] Sofistika (yunanca “sophistike” biclik işlədərək mübahisə aparmaq deməkdir) Məntiq qanunlarını bilərəkdən pozulmasının və yanlış dələllər əsasında qurulmuş fikir.

[3] Clemens Alexandrinus. Stromata I, 3.

[4] Clemens Alexandrinus. Stromata II, 41.
İngiliscə: http://www.ccel.org/fathers2/ANF-02/anf02-59.htm#TopOfPage

[5] Clemens Alexandrinus. Stromata VI, 5,8. İngiliscə:  http://www.ccel.org/fathers2/ANF-02/anf02-67.htm#P8215_2366146

[6] Clemens Alexandrinus. Stromata VI, 2.

[7] Mattanın İncili, 10: 26; 13: 11; 20: 16.

[8] Clemens Alexandrinus. Stromata VIII, 2. İngiliscə: http://www.ccel.org/fathers2/ANF-02/anf02-71.htm#P9832_2772350

[9] Məşhur neoplatonçu filosof Plotinus da Ammonius Sakkasın tələbəsi olmuşdur.

[10] Origenus. Contra Celsum VI. İngiliscə: http://www.newadvent.org/fathers/04166.htm

[11] Yəni yeganə və tək olan varlıq.

[12] Henada (yunanca “henas”) - bənzəri olmayan Vahiddir.

[13] Origenus. De principiis, prolog 9. İngiliscə: http://www.newadvent.org/fathers//04120.htm

[14] Origenus. De principiis,III,4-5.İngiliscə: http://www.newadvent.org/fathers//04123.htm

[15] Origenus. De principiis, III, 4.

GERİYƏ