Latın apologetikası

Roma imperiyasının qərbində də xristian mütəfəkkirləri fəaliyyət göstərmişdirlər. Onlar öz əsərlərini latın dilində yazırdılar.

Minusius Feliks (Minucius Feliks)

Latın apologetlərindən olan Minusius Feliks II əsrin sonu - III əsrin əvvəllərində yaşamışdır. O, ya İtaliyada, ya da Afrikada anadan olmuşdur, sonra isə Romada yaşamışdır. Onun yalnız bir əsəri – «Octavius» (Oktavius) dialoqu bizim zəmanəmizə çatmışdır. Üslub nöqteyi-nəzərindən bu əsər Sisseronun dialoqlarına bənzəyir. Burada söhbət bütpərəstlik və Xristianlıqdan gedir. Bu əsər, II əsrdə Xristianlıqla bütpərəstliyin arasında gedən polemikanın əsas məqamlarına toxunduğuna görə, çox əhəmiyyətlidir. Dioloq bütpərəst Sesilius (Cecilius) və xristian Oktaviusun arasında Minusiy Feliksin iştirakı ilə gedir.
Sesilius, insan idrakının həqiqəti əks etdirməyə qadir olmadığını əsas gətirərək, xristianları qınayır. O deyir ki, xristianların əksəriyyəti savadsız adamlar olduğu halda, onlar ən ali kateqoriyalar olan Tanrıdan, taledən, dünyanın yaranmasından söhbət açırlar və bunlarla bağlı problemləri həll etmək iddiasındadırlar. Halbuki, bunu ən savadlı adamlar belə edə bilməyiblər. Burada Sesilius skeptik mövqedən çıxış edir. [1]

Daha sonra Sesilius deyir ki, dinin seçimi insanın özündən asılıdır. Çünki, dini kateqoriyalar son olaraq əsaslı dərk edilib sübuta yetirilə bilməz. Bu səbəbdən Xristianlığın başqa dinlərlə müqayisədə heç bir üstünlüyü yoxdur. Roma dini ən qədim zamanlardan mövcuddur. Ona romalılıların əjdadları sitayiş ediblər. Bu dinlə Roma qüdrətli bir imperiyaya çevrilib. Bu dindən çıxmaq öz millətinə, keçmişinə xəyanət etməkdir [2] (Okt 6-8).

Nəhayət Sesilius Xristianlığa qarşı bir sıra dəlillərlə çıxış edir. O xristianların dini ayinlərinin icra tərzini insanlıqdan uzaq və əxlaqa zidd elan edir, onları mövhumatçılıqda ittiham edir. Sonra Sesilius qiyaməti və onunla bağlı hadisələri əsassız adlandırır, ölülərin dirilməsi ideyasını rədd edir. Xristianların əksəriyyətinin kasıblıq və zəlil vəziyyətdə yaşadıqlarını vurğulayan Sesilius, Tanrının dirilərə deyil, ölülərə (yəni onların qiyamətdə dirilməsi nəzərdə tutulur) kömək etməsinə görə təəccüb edir [3].

Sesiliusdan sonra, Oktavius xristianlara qarşı edilən ittihamlara cavab verir. O, ilk növbədə, hər bir insana müdrikliyin açıq olmasından danışır. Yəni, həqiqət təkcə filosoflara deyil, hər bir adama açıla bilər. İnsan tərəfindən dünyanın dərk edilməsinin vacibliyini inkar etməyən Oktavius, onun şüurunu yalnız bununla məhdudlaşdırmanın əleyhinə çıxış edir. Çünki, dünyada İlahinin rolu vardır.

Bizim ətrafımızda olan ahəng, gözəllik, yaradanın varlığına işarə edir. Nizamda olan bu dünya heç də xaotik təsadüfdən yarana bilməzdi. Bəşəriyyətin ən ağıllı insanları, məsələn, Fales, Pifaqoras, Demokritos (Democritos), Plato və başqaları, Tanrının varlığını təsdiq edirdilər[4].

Sonra Oktavius roma tanrıları ilə bağlı rəvayətləri tənqid edərək deyir ki, onların yaşadığı həyat heç də tanrılara layiq deyil, onlar özlərini insanlar kimi aparırlar, insanlar kimi müxtəlif qüsurlara malikdirlər [5]. Məsələn O deyir: əgər tanrılar haçansa doğulurlarsa, onda niyə onlar indi doğulmurlar? Məgər Yupiter qocalıb,

Yunona isə daha doğa bilmir? [6]. Oktaviusa görə, o tanrıların bəziləri nə vaxtsa adi insanlar olublar. Sonra, onlar öləndən sonra, onları ilahələşdiriblər [7].
Sonra Oktavius xristian əxlaqının təmizliyi və aliliyini, xristianların fağırlıq (kasıblıq) idealını müdafiə edərək, əksinə, bütpərəstlərin əxlaqsız və mənəviyyatsız həyat sürmələri, haqqında söhbət açır.

Bütpərəstliyi tənqid edən Oktavius, eyni zamanda, Xristianlığın romalılar tərəfindən yüksək qiymətləndirilən sağlam düşüncəyə zidd olmamasından danışır, və bu mövzuda qədim filosofların irsi ilə müqayisələr aparır [8].

Kvintus  Septimus Florens Tertullianus [9]

Kvintus (Quintus) Septimus Tertullianus (155-220) ən tanınmış latın apologetlərindən biri olub. O Şimali Afrikada, bütpərəst ailəsində anadan olmuşdur. Xristianlığı qəbul edəndən sonra, Tertulian, təxminən 193-cü ildə, Kartaca [10] şəhərində presviter vəzifəsini tutmuşdur, sonra isə Romaya köçmüşdür. 207 ildən sonra o, rəsmi xristian kilsəsi tərəfindən rədd edilən və montanizm [11] adlanan bir heretik təriqətin ardıcılı olmuşdur. Buna baxmayaraq, Tertullianus xristian ehkamlarının tənqidlərdən müdafiə olunmasında çox böyük rol oynamışdır. Hətta montanizmin ardıcılı olandan sonra da, «onun əsərlərində ordtodoksal xristian ilahiyyatının ruhu var idi» [12].

Tertullianusun əsərlərini şərti olaraq 3 hissəyə bölmək olar:

- Xristianlığı müdafiə edən, «Apologeticus» [13] (Apologetik risalə) kimi əsərlər;
- Heretiklərə qarşı yönəlmiş, «De Praescriptione haereticorum» [14] (Heretiklərin təkzib edilməsi) «Adversus Praxean» [15] (Prakseyə qarşı) kimi əsərlər;
- Əxlaq haqqında olan «De Cultu Feminarum» [16] (Qadınların geyimləri haqqında), «Ad Uxorem» [17] (Arvadıma məktub) kimi əsərlər.

Tertulianusun yunan-roma fəlsəfəsinə mənfi münasibət bəsləyirdi. Onun fikrincə fəlsəfə ümumiyyətlə Xristianlığa ziddir. Lakin onu nəzərə almaq lazımdır ki, o dövrdə Xristianlığa bir çox antik təlimlərin elementləri daxil olunmuşdur və onun tərəfindən həzm edilmişdi. Xüsusilə bu stoitsizmin etik təliminə aiddir. Tertullianus kimi apologetlər, artıq bu elementləri Xristianlığın ayrılmaz hissəsi hesab edirdilər. Məhz buna görə Tertullianus Senekaya “bizim Seneka” demişdir. Sonra isə Senekanın güya xristian olduğu, onun apostol Pavlusla məktublaşdığı haqqında əfsanələr uydurulmuşdır.Tertullianusa görə bütpərəstlərin fəlsəfəsi çox mürəkkəb, incəsənətləri həddən artıq zərif, özləri və dinləri isə əxlaqsızdır. Bunlardan fərqli olaraq, Xristianlıq insan təbiəti və cəmiyyətinin bütün tələblərinə uyğun kə lir. Bütpərəstlərin fəlsəfəsindən fərqli olaraq, Xristianlıq çox sadədir, sərbəst başa düşüləndir. Ən əsası isə bu dində həqiqətin hazır vəziyyətdə olmasıdır. Onu yoxlamaq və ya tədqiq etmək lazım deyil. Bu həqiqəti yalnız anlamaq lazımdır.

Bu müddəaları özü üçün rəhbər tutaraq Tertullianus, hətta elmin, biliyin, tədqiqatların əleyhinə çıxış edirdi. Məsələn o deyirdi: «İsadan sonra bizim biliyə marağımız yoxdur, İncildən sonra isə tədqiqatlara ehtiyacımız yoxdur» [18]; «İmanın qaydalarının əleyhinə heç nəyi

bilməmək – hər şeyi bilmək deməkdir» [19]. Tertullianusa görə düşüncədən yalnız dini ehkamların təsdiq edilməsi üçün istifadə edilə bilər.Lakin o bunu da məhdudlaşdırırdı. Bir çox xristian mütəfəkkirlərindən fərqli olaraq o, təvilləri, alleqoriyaları rədd edirdi və Müqəddəs Kitabın yalnız hərfi mənalarına üstünlük verirdi. Onun fikrincə Müqəddəs Kitabda, bəzi rəvayətlər və ya ifadələr yalnız insan düşüncəsi nöqteyi-nəzərindən məntiqsiz və cəfəngiyyat kimi görsənə bilər.

Əslində isə onlar bizim düşüncə qabiliyyətimizdən daha yüksək məqamlara toxunur. Yəni insan bu İlahi sözləri dərk etmə qabiliyyətində deyil və onları olduğu kimi, düşünmədən, imanla qəbul etməlidir. Bu fikri təsdiq etmək üçün Tertullianus deyirdi: «Tanrının oğlunu çarmıxa çəkmişdirlər; bu ayıb olsa da, biz bundan xəcalət çəkmirik. Tanrının oğlu ölmüşdür; biz buna inanırıq, çünki bu cəfəngiyyatdır. O, dəfn olduqdan sonra dirilmişdir; buna şübhə etmək olmaz, çünki belə şey mümkün deyil» [20].

Tertullianusa görə, təmiz imandan fəlsəfəyə və ümumiyyətlə düşüncəyə doğru edilən hər bir addım heresə, xristian təliminin təhrifinə gətirir. Düşüncəyə və biliyə qarşı çıxış edən Tertullianus, ağılı hissiyyatın bir növ davamı kimi qiymətləndirirdi. Onların təbiəti də eynidir. Mömin adama hissiyyatı Tanrı verir, və buna görə də o yalnış bir şeydən xəbər verə bilməz. Məhz bu hissiyyatın vasitəsi ilə insan, Tanrı, dünya və ətraf mühit haqqında məlumat alır. Bu səbəbdən mömin insan öz daxili səsinə diqqətlə qulaq asmalıdır, ruhundan gələn instinktiv hislərə etibar etməlidir. [21]
Tertullianusun biliyi inkar etməsi və imana həddən artıq yer verməsi, sonda onun ortodoksal Xristianlıqdan çıxmasına səbəb olmuşdur. Onu cəzb edən, heretik təlim hesab edilən montanizm oldu, cünki bu təlimin ardıcılları daxildən gələn səsə böyük əhəmiyyət verirdilər.

Tertullianus bir neçə xristian ehkamlarının yaradıcısı da sayıla bilər. Məsələn, o hesab edirdi ki, Kilsə birbaşa İsanın müqəddəs həvariləri (apostolları) tərəfindən yaradıldığına görə, ən yüksək müqəddəs qurumdur (avtoritetdir). Əsl həqiqəti yalnız Kilsə vasitəsi ilə əldə etmək mümkündür. Eyni zamanda, Kilsəyə günah anlayışını şamil etmək olmaz. Bu fikir sonralar katolik kilsəsi tərəfindən bir ehkam qəbul edilmişdir və onun başçıları - papazlar [22], özlərini günahsız insanlar elan etmişdirlər.

Bundan sonra “günahsız” və “müqəddəs” Kilsə Məclisləri, Müqəddəs Kitabların və ənənəsinin yozulması səlahiyyətində olduğunu iddia etmişdirlər. Lakin bu cür Kilsə yalnız dövlət tərəfindən tanınmış rəsmi Kilsə ola bilər. Qnostiklərin kilsələri həqiqət daşıyıcısı deyil, çünki Tertullianusa görə, onların bünövrəsi yoxdur.
Lakin sonra Tertullianusun fikri Kilsəyə qarşı dəyişmişdir və o, dində öz mənfəətlərini güdən keşişlərin çox olduğunu görərək, onların əleyhinə çıxış etməyə başlamışdır. Eyni zamanda o, Kilsə və Kilsə yığıncaqlarına qarşı da ifadələr səsləndirirdi [23].

Xristianlığın ən əsas ehkamı olan – Ata, Oğul və Müqəddəs Ruh üçlüyünün ifadəsinə də ilk dəfə Tertullianusun əsərində rast gəlmək olar [24]. Tertullianusun fikrincə Tanrı vahiddir, lakin onun daxilində həmişə Onun sözü (Loqos) və mərhəməti (Müqəddəs Ruh) olub. Sonra, dünyanı yaradarkən Ata Oğluna (Loqosa) sərbəst mövcud olma hüqüqunu verib. Daha sonra, yolundan azmış bəşəriyyəti xilas etmək üçün, Ata Müqəddəs Ruhu da bir şəxsiyyətə çevirir. Bu ruh onun Oğlundan çıxır. Ata-Oğul-Müqəddəs Ruh üçlüyünün hər bir üzvü digərinə tabedir və onların adını əks istiqamətdə çəkmək olmaz.

Ümumiyyətlə isə, Tanrı, Tertullianusa görə, yaradıcıdır və əbədi mərhəmət sahibidir. Onun mahiyyəti insan üçün açıla bilməz. Lakin yaradılan dünyaya diqqətlə baxanda, Onun mövcud olmasını sübut edən dəlillər vardır. Tanrı ruhdur, lakin bu ruh maddiləşmiş ruhdur, çünki bir şeyin maddi çərçivəsi yoxdursa, o yoxluqdur [25]. Ruhu da olsa, Tanrının (konkret cism olduğuna görə) gözləri, əlləri, əyaqları da vardır, lakin onların təbiəti insanınkından fərqlidir [26]. Bu fikri subuta yetirmək üçün, Tertullianus Bibliyanın hərfi mənalarına istinad edirdi. İnsan ruhu da maddiləşmişdir, əks təqdirdə o ətraf mühiti duya bilməz, çünki duymaq üçün düyülan şeyin bənzəri olmalıdır. Lakin maddiləşmiş olsa da ruh ölməzdir.

Tertullianusun ictimai fikirlərində dualizm əlamətləri vardır. O cəmiyyəti bir-birinə zidd olan iki böyük hissəyə bölürdü. Biri dünya ilə bağlı olan “şeytanın düşərgəsidir”, digəri isə “Tanrı düşərgəsidir”. İkincisini o Kilsə, Kilsə yığıncağı (ecclesia) adlandırmışdır. Hər iki “düşərgənin” öz tarixi, gələcəyi və dəyərlər sistemi vardır.

Tertullianusa görə insanın əxlaqi təbiətinin əsasını təşkil edən xüsusiyyətlər ikidir: iradə azadlığı və ilkin günah. Azadlığın mövcud olmasının dəlili İlahi qanundur. Qanun yalnız seçim hüququna malik olan varlığa verilə bilər. Lakin insan iradəsi, İlahi iradədən fərqli olaraq, təbiətinə görə yalnız mütləq xeyrə can atmır. O həmişə xeyirlə şər arasında seçim qarşısında qalır. Deməli insan müsbət keyfiyyətlərinə təbiətinə görə deyil, seçimi nəticəsində nail olur. Beləliklə, şər Tanrıdan gəlmir, o yalnız insanın mənfi seçiminin məhsuludur. Şər dünyaya ilk insan olan Adəm tərəfindən gətirilmişdir. O, ilk dəfə günaha bataraq, Tanrının qadağan etdiyi ağacın meyvəsini yemişdir. Bu addımla o xeyri deyil, şərin seçmişdir.

Arnobius

Arnobius (260-327)da, Tertullianus kimi, Şimali Afrikalı idi. Əvvəlcə Xristianlığa qarşı çıxışlar etsə də, sonra bu dini qəbul etmişdir. «Adversus gentes» [27] (Bütpərəstlərə qarşı kitab) adlı kitab yazmışdı.

Arnobiusun yaşadığı dövrdə, Romada xristian dininə münasibət dəyişmişdi. Bu din artıq Roma cəmiyyətinin müxtəlif təbəqələri arasında yayılmışdı və bütpərəstlər bu amil ilə hesablaşmaq məcburiyyətində qalmışdılar. Onlar artıq Xristianlığı  Selsum [28] kimi şiddətli tənqid atəşinə məruz qoymurdular, bu dinin müvəffəqiyyətlə yayılmasının səbəblərini araşdırırdılar və gələcək perspektivlər haqqında düşünürdülər.

Onlar tez-tez bütpərəstliyin tənəzzülündən və onun cəmiyyətdə olan mənəvi boşluğu doldurmaq iqtidarında olmadığından da düşünürdülər.
Arnobiusun əsəri də təxminən bu problemləri əhatə edir. O hesab edirdi ki, antik dünyanı tənəzzülə insan təfəkkürünə həddən artıq yer verməsi amili gətirib. Halbuki, onun imkanları məhduddur.

Məsələn Platonun ardıcılları hesab edirdilər ki, həqiqətin, xeyrin, gözəlliyin nə olması anlayışları, insanın anadan olduğu andan onda vardır. Yəni bu keyfiyyətlər ona təbiət tərəfindən verilir. Lakin bu fikri Arnobius qəbul etmirdi. Onun fikrincə, əgər insan başqa insanlarla, yaxud ətraf mühitlə təmasda olmasa, onda bu keyfiyyətlər ola bilməz. Deməli onlar insan fəaliyyətinin və həyatının nəticəsində əmələ gəlir və İlahi həqiqətlər ona təbiət tərəfindən verilmir.

Lakin ətraf mühitin təsiri də insana xeyri şərdən, gözəlliyin eybəcərlikdən, həqiqəti nadanlıqdan ayırmaq imkanı vermir. Fəlsəfənin vasitəsi ilə bu anlayışlara aydınlıq gətirmək olmur. Fəlsəfə yalnız ziddiyyətləri çoxaldır, səmərəsiz mübahisələrə gətirib çıxarır [29]. Beləliklə həqiqət nəyinsə rəhbərliyi al-tında açıla bilər. Bu rəhbər isə iman, və konkret olaraq, xristian imanıdır. İmanda utanmalı heç bir şey yoxdur. Hətta Xristianlığı rədd edən və öz düşüncələrinə etibar edən filosoflar imana əl atırlar, çünki təbiətdə düşüncə vasitəsi ilə həll edilməyən çoxlu şeylər vardır. Onlar, məsələn, xəstələnəndə həkimə müraciət edirlər və onun dediklərinə inanıb müalicə olunurlar. Filosofların, eyni zamanda, inandığı avtoritetləri də vardır. Bəziləri Platoya, başqaları isə Aristotelə, Pifaqorusa və başqalarına inanırlar. Deməli, imansız həyat ola bilməz.

İmanın isə obyektləri fərqlidir: kimsə filosoflara, kimsə müxtəlif dini təlimlərə inanır. Lakin Xristianlığın bir sıra üstün cəhətləri vardır. Bu din sadə, başa düşüləndir, təbiidir. Müqəddəs Kitablar hamı üçün açıqdır və orada filosofların ziddiyyətli mübahisələri yoxdur. Xristianlar tək olan Tanrıya ibadət etməyə çağırır, bütpərəstlər isə insanlar tərəfindən düzəldilmiş bütlərə.

Eyni zamanda demək lazımdır ki, Arnobiusun əsərində bir çox xristian ideyalarına rast gəlmək olmur. Məsələn, o, Bibliyadan sitatlar gətirmir, trinitarizm (Üçlük) haqqında heç nə demir. Bunlardan əlavə, bu əsərdə platoçuluq ideyalarına da rast gəlmək olar. Tanrının varlığını və birliyini qəbul edən Arnobius, Onun bu dünyada necə təzahür olmasını izah edə bilmir və, platosayağı olaraq, Onunla dünya arasında vasitə rolunu oynayan varlıqlardan danışır. İsa bu varlıqlardan biridir.

Arnobius təqib olunan Xristianlığın sonuncu apologeti olmuşdur. Ondan sonra Xristianlıq Romanın dövlət dininə çevrilmişdir.


Laktantius

Sonuncu latın apologetlərindən biri Laktantius (240-320) olmuşdur [30]. O Arnobiusun tələbəsi olub və Xristianlığın Romada rəsmi dövlət dininə çevrilməsi dövründə yaşamışdır. Bu səbəbdən, onun yeddi kitabdan ibarət «Divinae institutiones» [31] (İlahi qanunlar haqqında) əsəri imperator Konstantinusa həsr edilmişdir. Gələcəkdə Xristianlığın geniş perspektivlərinin olduğunu duyan Laktantiusun kitabı optimist ruhunda yazılmışdır.

Bu əsərdə Laktantius, ondan öncəki apologetlər kimi, antik müdrikliyin xristian imanı ilə uyğunlaşdırılması yolu ilə getmişdir. Hətta o iddia edirdi ki, ondan öncəki apologetlər Xristianlığı aydın və tam başa düşülən tərzdə təqdim edə bilməmişdirlər [32]. Bu işin sona çatdırılma şərəfi isə Laktantiusa qismət olmuşdur.
Onun fikrincə antik filosoflar bütpərəst dini təlimlərə heç bir əhəmiyyət vermirdilər, çünki o dinlər mövhumatlarla dolu idilər. Öz növbəsində bütpərəst kahinlər də fəlsəfədən istifadə etməmişdirlər. Buna görə də sonda, onların heç biri nailiyyət əldə etməmiş və iflasa uğramışdılar. Əslində isə hər bir müdriklikdə iman, hər bir imanda isə müdriklik olmalıdır. Fəlsəfə nə qədər dərin olsa belə, heç vaxt insani və İlahi məsələləri həll edə bilməz. Filosofların nəzəriyyələri çox vaxt onların düşüncəsinin məhsuludur, obyektivliyi əks etdirmir. Lakin Laktantius düşüncənin imkanlarını yüksək qiymətləndirirdi. Onun fikrincə, bu düşüncə İlahi həqiqətlərə qulluq edəndə öz vəzifəsini yerinə yetirmiş olur. Həqiqət isə xristian dinindədir.

Laktantius bir çox dini məsələlərə əqli nöqteyi nəzərdən aydınlıq gətirmək istəyirdi. Məsələn, onun fikrincə, Tanrının birliyi, hər şeyin bir səbəbdən doğması zərurəti ilə izah edilir. Çünki əgər tanrılar çox olsaydı, onda onların arasında müəyyən münasibətlər qurulmalı idi. Onlar ya bir-birinə bərabər, ya da tabe olmalı idilər. Bərabər olduqları halda onlardan heç biri digərindən yüksək olmazdı, deməli sözün əsl mənasında Tanrı olmazdı. Bir-birinə tabe olduqları halda isə, onlardan yalnız biri Tanrı olardı, başqalarının yalnız adları Tanrı olardı, mahiyyətləri yox. Eyni zamanda, tanrılar çox olsaydı dünyanın mərkəzləşdirilmiş halda idarə etmək olmazdı, dünyada ümimi nizam pozulardı. [33]

Dünyanı Tanrı heçnədən yaradıb. Laktantiusa görə, əgər materiya Tanrı ilə bərabər əzəldən mövcud olsaydı, onda, bundan öncə deyilən, Tanrının birliyi prinsipi pozulardı və iki ilkin substansiya olardı. Nəticədə yenə də nizam pozulardı. Hər şeyi yaradan materiya da ola bilməz, çünki bu halda düşünən varlıq olan insan, düşüncəyə malik olmayan bir şeydən yaranardı. Bu isə məntiqə ziddir.

Dünyada hər şey bir məqsədlə yaradılıb. Dünya – insan üçün, insan isə Tanrını tanımaq və ona ibadət etmək üçün. İnsan azaddır və öz şüurlu hərəkətləri ilə Tanrıya sədaqətini göstərməlidir, pis yollardan çəkinməlidir. Bu dünya onun üçün bir sınaq meydanıdır. Bu sınaqlara sinə gələ bilsə, Tanrı onu əbədi həyatda mukafatlandıracaq. Dünyada şər, xeyrin nə olduğunu anlamaq üçün mövcuddur. O olmasaydı insanlar xeyri bilməzdilər.

Eyni zamanda Laktantius, stoitsizm fəlsəfəsinin təsiri altında olmuşdur. Məsələn o, ruhun əslində materiyanın daha incə forması olduğunu iddia edirdi. Onun təbiətinin oddan ibarət olduğu haqqında danışırdı. Lakin materiya olduğuna baxmayaraq, ruhu dərk etmək mümkün deyil, və o ölməzdir.

Kitabının sonuncu hissəsində Laktantius qiyamətin qopması, onun hansı şəkildə baş verəcəyi haqqında yazmışdır. O inanmırdı ki, İsa tezliklə dünyaya qayıdacaq, bütün mömin ölüləri dirildəcək və onlarla birlikdə yer üzərində ədalətli hakimiyyət quracaq. Bu cür inanclar hiliazm [34] adlandırılır və sonrakı dövrlərdə rəsmi kilsə tərəfindən rədd edilmişdir. Çünki hiliazm tərəfdarlarının dediklərindən belə çıxırdı ki, ölülər iki dəfə diriləcəklər: bir dəfə İsanın gəlməsi və min illik hakimiyyəti qurması zamanı; ikinci dəfə isə, Tanrı tərəfindən bütün kainat məhv edildikdən sonra. Bu isə rəsmi Kilsənin mövqeyinə zidd idi. Rəsmi xristian ehkamlarına görə, dirilmə hadisəsi yalnız bir dəfə, dünyanın sonunda baş verəcək. Bibliyada hiliazma işarə edən yerlərə isə kilsə xadimləri başqa, məcazi mənalar verirlər.


[1] Minucius Feliks. Octavius, V.
İngiliscə: The Octavius of Minucius Felix.
Rusca: Марк Минуций Феликс. Октавий // Ранние Отцы Церкви. Антология. Брюссель: "Жизнь с Богом", 1998. с. 545-590.

[2] Minucius Feliks. Octavius, VI-VIII.

[3] Minucius Feliks. Octavius, IX - XIII.

[4] Minucius Feliks. Octavius, XIX.

[5] Minucius Feliks. Octavius, XXII.

[6] Minucius Feliks. Octavius, XXIII.

[7] Minucius Feliks. Octavius, XXIII.

[8] Minucius Feliks. Octavius, XXXIV.

[9] Tertullianın əsərlərinin latınca orjinal mətnləri və onların ingilis, fransız, rus, alman, və başqa dillərə tərcümıləri burada yerləşdirilmişdir:
http://www.forumromanum.org/literature/tertullianusx.html

[10] Kartaca [latınca “Carthago”, sami dilində  “Karthehadaschath (Kartadaşt)”, rusca “Карфаген”] – tərcümədə “Yeni Şəhər” deməkdir. Şimali Afrikada Aralıq dənizinin sahillərində yerləşən məşhur qədim şəhər. Müasir Tunisin ərazisində yerləşir. E.ə. VII-III əsrlərdə Kartaca xeyli güclənib, Aralıq dənizi hövzəsində Roma imperiyasının əsas rəqibinə çevrilmişdir. Roma ilə müharibələr nəticəsində məğlubiyyətə uğramış və dağıdılmışdı. III əsrdən sonra onun ərazisi Roma imperiyasının Afrika adlı vilayətinə daxil edilmişdir.

[11] Montanizm – II əsrdə Frigiyada yaranmış heretik xristian təriqətidir. Bu təriqəti, keçmişdə Kibela adlı tanrının kahini olan Montan yaratmışdı. O və onun ardıcılları Kiçik Asiyanın Pepuza şəhərində fəaliyyət göstərirdilər. Onların inanclarına görə, İsanın gəlişi Tanrının vəhyinin tamamlanması demək deyil. İlahi vəhy Müqəddəs Ruhun vasitəsi ilə müxtəlif adamlara açıla bilər və açılır. Montan deyirdi ki, xristian Kilsəsinə bu cür adamlar başçılıq etməlidirlər. O, mövcud olan Kilsəni inkar edirdi, yeni peyğəmbərlərin gəlişinin mümkünlüyü haqqında danışırdı və özünün də peyğəmbər olması iddiasında idi. Tertullian da bu təriqətə daxil olub, onun daxilində “tertulliançılar” adlanan qrupu yaratmışdı. Onlar Şimali Afrikada uzun müddət fəaliyyət göstərirdilər.

[12] Иоанн Мейендорф. Введение в светоотеческое богословие. Вильнюс-Москва, “Весть”, 1992, Часть 1, гл. 4.

[14] Квинт Септимий Флоренс Тертуллиан. Избранные сочинения. Под редакцией А.А. Столярова. М., 1994. Издательская группа "Прогресс". Стр. 106-129.

[15] Tertullianus. Adversus Praxean. Corpus Christianoram. Series Latina II / Ed. E. Kroymann, E. Evans. Brepols, 1954. P. 1159-1205.
Rusca: Тертуллиан. Против Праксея // «Альфа и Омега». № 1 (27) – № 2 (28), 2001 г.

[18] De Praescriptione haereticorum, 7. Ruscaya tərcüməsi.

[19] De Praescriptione haereticorum, 14. Ruscaya tərcüməsi.

[20] De carne Christi (İsanın bədəni haqqında), 5. Ruscaya tərcüməsi.

[21] De testimonio animae (Ruhun şəhadəti haqqında), 2. Ruscaya tərcüməsi.

[22] Papaz (yunanca “pappas”) – qərb (roma-katolik) Kilsəsinin başçısıdır.

[23] De baptismo (Xaç suyuna salınma haqqında), 17. Ruscaya tərcüməsi.

[26] Adversus Marcionem II, 6. İngiliscəyə tərcüməsi.

[27] Latınca və ingiliscətərcüməsi.

[28] Selsum - II əsr roma filosofudur, xristianlara qarşı rəddiyələr yazmışdı. Onun Xristianlığa qarşı fikirlərini Origenus «Selsuma qarşı» risaləsində açıqlamışdır. Bax: Origenus. Contra Celsum. Rus dilinə tərcümə olunmuş tam mətni burada yerləşdirilmişdir: Protiv Üelğsa: Apoloqiə xristianstva. Soçinenie Oriqena Uçitelə Aleksandriyskoqo. "Gkumeniçeskiy üentr ap. Pavla", 1996. OCR: Odesskaə boqoslovskaə seminariə. http://www.abovo.net.ru/book/84146

[29] Adversus gentes II, 18;29;56.

[30] Əsərləri latın və ingilis dillərində burada yerləşdirilmişdir.

[31] İngiliscə tərcüməsi.

[32] Divinae institutiones V, 1.

[33] Divinae institutiones I, 3.

[34] Yunanca “khilias”-  min rəqəmidir.

GERİYƏ