Yohannes Xrisostomos

Yohannes Xrisostomos (Ioannes Chrysostomos) (344-407) kilsə atalarının ən tanınmışlarından biri idi. O Suriyanın mərkəzi şəhəri olan Antioxiyada anadan olmuşdur və orada təhsil almışdır. Sonra o, bir müddət rahib həyatı yaşamışdır. Daha sonra isə o, Antioxiyada keşiş olmuşdur. 397-ci ildən sonra Yohannes ən yüksək xristian rütbəsinə nail olmuşdur. O  Konstantinopolisin patriarxı olmuşdur. Lakin onun imperatorla ixtilafı yarandıqdan sonra o, 402 ildə bu vəzifədən azad olunmuşdu.

Yohannes Xrisostomos çoxlu kitab müəllifi olmuşdur. Onların böyük əksəriyyətini homiliyalar təşkil edirdi. Ümumiyyətlə isə o, Müqəddəs Kitabın yozulması(ekzegetika) ilə tanınmışdır. Onun fikrincə, dörd İncilin müxtəlif müəlliflər tərəfindən, birbirindən müstəqil olaraq, müxtəlif vaxt və məkanda yazılması, orada olan rəvayətlərin həqiqiliyinə dəlalət edir. Hətta onların arasında olan ziddiyyətlər də bu həqiqəti təsdiq edir. Çünki bu o deməkdir ki, İncilləri yazan müəlliflər bir-biri ilə ittifaqa girmədən eyni şeyləri yazmışdılar. Bu ziddiyyətləri, Yohannesin fikrincə, nəzərə çarpacaq qədər ciddi hesab etmək olmaz.

Yohannes arianlara qarşı da çıxış et mişdi. Burada o kappadokiyalı müqəddəs ataları təkrarlayırdı. İsada eyni zamanda İlahi və insani mahiyyətin hansı şəkildə bir-biri ilə uyğunlaşması məsələsində Yohannes dəqiq bir fikir söyləməmişdir.

Xristian təlimində ən mühüm problemlərdən biri “ilk günah” problemidir. Yohannesin fikrincə, bunun nəticəsində bəşəriyyət günahlara və ölümə düçar olmuşdur. İsanın gəlişi isə xilasedici olmuşdur. Ona iman edən xristianların günahları bağışlanmışdır və onlara gələcəkdə əbədi həyat vəd edilmişdir.

Yohannes Xrisostomos var-dövlətə qarşı çıxış edirdi, müxtəlif kilsələri və Kilsə xadimlərini şiddətli tənqid atəşinə tuturdu. Kilsələr insanın ruhunu zənginləşdirməlidir, binaların daxilini yox. Dünya malı insanlar arasında qeyri-bərabərliyə səbəb olur, deməli ədalətsizliyin əsasını təşkil edir. Yohannesin fikrincə, əgər hər şey Tanrıya məxsusdursa, onda xristianlar “bu mənimdir, bu isə sənin” sözlərini dilə gətirməməlidirlər.

Keşiş zümrəsini imperatorun hakimiyyətindən yüksək sayan İoann, dövlətin kilsə işlərinə müdaxilə etməsi cəhdlərinin əleyhinə çıxış edirdi. Dövlət isə günahın nəticəsidir. Dövlətin verdiyi cəzaların əksinə olaraq, Kilsə mərhəmət prinsipindən çıxış edir.

Yohannes Xrizostom əsasən əxlaqi məsələlərə həsr olunan bir çox əsər müəllifi olmuşdur [1]. Ən tanınmış əsərlərinin biri  «Peri hierosynes» adlanan keşişlər haqqında kitabdır. Bundan başqa onun homiliyaları, məktubları, Bibliya kitablarına yazılmış şərhləri kilsə xadimləri tərəfindən yüksək qiymətləndirilir.

 


[1] Yohannes Xrisostomosun əsərlərinin rus dilinə tərcüməsi bu səhifədə yerləşdirilmişdir: http://www.ispovednik.ru/zlatoust/index.htm

GERİYƏ