Nestorianlara qarşı mübarizə
IV əsrdə xristian ilahiyyatının iki ən tanınmış məktəbi fəaliyyət göstərirdi. Biri Antoxiya, digəri isə, İsgəndəriyyədə yerləşirdi. Xristoloji məsələdə bu məktəblər arasında ixtilaf yaranmışdı.
Antioxiya məktəbinin nümayəndələri olan Tarsuslu Diodorus və Mopsuetsli Teodorus (Theodorus) hesab edirdilər ki, İlahi və insani təbiətlər müxtəlif olduğuna görə, onlar vəhdət təşkil edib, birləşə bilməzlər. Buna görə də Tanrıdan doğulan Oğul (Loqos), sonra Məryəm tərəfindən doğulan İsanın bədəninə girmiş, onu özü üçün məbəd etmişdir[1]. Bu fikirləri sonra Antioxiya məktəbinin ardıcılı olan Nestorius təkrar etmişdir. Lakin xristian kilsəsinin digər nümayəndələri onlara qarşı çıxış etmişdirlər və onların fikirlərini rədd edib, heres elan etmişdirlər. Nestoriusa görə, Məryəm İsanı insan kimi doğmuşdur. Sonra İsa insan zəifliyinə güc gələrək Tanrının oğlu oldu. Onda insani və İlahi mahiyyətlər nisbi birlik təşkil edir və bir-birinə qarışmır.
Onlara qarşı İsgəndəriyyə məktəbindən yepiskop Kiril (Cyril) çıxış etmişdir. O deyirdi ki, Tanrının əzəli Sözü (Loqos) insan oldu[2]. Tanrı öncə olmadığı bir şey oldu. O insanın təbiətini və bədənini özününkü etdi. Deməli Loqos insan təbiətini özünə daxil etdi. Özü isə, olduğu kimi qaldı. İsada insan təbiəti ilə birləşərək, Loqosun təbiəti dəyişməmişdir. O insan təbiətini özünə daxil etmişdir. Bu insanı (İsanı) isə, Məryəm doğmuşdur. Buna görə də Məryəm Tanrı anasıdır. İsada birləşən iki təbiət (insani və İlahi) bir-biri ilə qarışmamışdır. Kirilə görə Tanrı bəşəriyyəti xilas etmək üçün insan kimi dünyaya gəlməli idi. İsanın bədəni isə onun üçün Tanrının bədəni idi. Nissalı Qreqorios kimi o İsaya “yeni Adəm” deyirdi.[3]
Beləliklə Kiril üçün İsada Loqos təcəssüm etmişdir. Onun fikrincə, İsada Loqosdan ayrı mövcud olan insan şəxsiyyəti olmamışdır. Buna görə də Tanrının özü iztirablardan keçərək çarmıxa çəkilmişdir və bununla bəşəriyyəti xilas etmişdir.
Kiril ortodoksal Xristianlığın əsaslarını ifadə etmişdir. Yəni İsada həm İlahi, həm də insani təbiət olduğunu iddia etmişdir.
428-ci ildə imperator II Teodosius (Theodosius) Konstantinopolis arxiyepiskopu vəzifəsinə Nestoriusu dəvət etmişdir. O isə, bu vəzifəni tutan kimi, müxtəlif hereslərə qarşı mübarizəyə başlamışdır. Onun birinci rəqibləri, İsada insan ruhunun deyil, əvəzində İlahi Loqosun olduğunu iddia edən Laodikiyalı Apolinariosun ardıcılları olmuşdurlar. Bu fikirləri rədd edən Nestorius, Loqosun İsaya sonra daxil olmasını və onda insani təbiətin İlahi təbiətlə qarışmamasını iddia edirdi. Lakin bu fikir etirazlarla qarşılanmışdı. Məsələ bundadır ki, o dövrdə həzrət Məryəmə sitayiş etmə çox geniş yayılmışdı. Onu Tanrı anası adlandırırdılar. Nestoriusun isə fikirlərindən belə çıxırdı ki, Məryəm Tanrını deyil, adi insanı doğmuşdur. Tanrı isə sonra öz Sözünü ona daxil etdi.
Buna etiraz edərək, Aleksandriya yepiskopu Kiril Nestoriusa onun təlimini rədd edən məktub yazmışdır. Lakin buna məhəl qoymayan Nestorius 428-ci ildə öz fikirlərini Konstantinopolisin Müqəddəs Sofiya kilsəsində açıq bəyan etmişdir. Bundan sonra o, öz əleyhdarlarını təqib etməyə başlamışdır. Buna cavab olaraq misirli rahiblər və ilahiyyatçılar onu heresdə ittiham etmişdir.
Daha sonra, 430-cü ildə, Nestorius imperiyanın qərbində təqiblərə məruz qalmış peliqiançıları[4] qəbul etmiş, Konstantinopolisdə yerləşmişdir. Bu xəbəri alan Kiril, bu dəfə Roma papazına şikayət məktubu yazmışdır. Bundan sonra papaz, həmən ildə, Romada Kilsə Məclisi yığıb, Nestoriusu pisləmişdi.
Bununla kifayətlənməyən Kiril, Nestoriusa daha bir məktub ünvanlamışdı[5]. Bu məktubda o, Nestoriusun təliminini rədd edib, onu lənətlənmişdi (Kilsədən xaric elan etmişdi).
Bu mübahisələrə son qoymaq məqsədi ilə imperator II Teodosius daha bir Kilsə Məclisinin yığılması üçün sərəncam vermişdir. Bu Məclis 431-ci ildə Efes şəhərində yığılmışdı. Burada Kiril Nestoriusa qarşı çıxış edib, onun tutduğu vəzifəsindən azad olunduğunu elan etmişdi. Lakin orada Nestoriusa dəstək verən antioxiyalı ilahiyyatçılar yox idi. Onların nümayəndələri bir qədər gecikərək, öz Məclislərini keçirib, Kiril və onu dəstəkləyən Efes yepispiskopu Memnonu pislədilər, və onları tutduğu vəzifələrindən azad olunduğunu elan etdilər. Getdikcə vəziyyət gərginləşirdi və keşişlər arasında qarşıdurmalar və zorakılıqlar başlandı. Vəziyyəti ələ almaq üçün, məclisdə iştirak edən imperatorun əmri ilə şəhərə, təcili surətdə, qoşun daxil edilmişdi.
Bu hadisələr zamanı Nestorius həps edilib Liviyaya sürgünə yollanmışdı. Bundan sonra Efes Kilsə Məclisi öz işini davam etdi. Orada Kirilin mövqeyi dəstəkləndi və İsada həm İlahi, həm də insani mahiyyətin birləşməsi, onların vəhdət təşkil etməsi ideyası bəyənildi.
Bütün problemləri həll etmək və sakitliyə nail olmaq üçün, imperator Kirili və Memnonu da həps etmişdir, lakin müəyyən vaxt keçdikdən sonra, onlar azad olundular.
[1] Yəhya 2, 19-21.
[2] Yəhya 1, 14.
[3] Kirilin xristoloji fikirləri onun «Nestoriusa rədd məktubunda» və «Nestoriusun Kilsədən çıxarılması haqqında məktubunda» ifadə edilmişdir. Bax: http://www.agnuz.info/book.php?id=369&url=page02.htm
[4] Pelaqiançılar – britaniyalı rahib Pelagiusun ardıcılları. Pelagius (360-418) “ilk günah” haqqında təlimi inkar edirdi. O deyirdi ki, insanın xilas olması onun özündən asılıdır. Yəni, insan mömin həyatla yaşasa xilas ola bilər. Günahları insan öz əməlləri ilə alır, onlar irsiyyətlə keçmir. Adəm və Həvvanın etdikləri günahın, onlardan törənən bəşəriyyətə aid olmaması fikrinə görə, Pelagius bir çox tanınmış Kilsə ataları tərəfindən pislənmişdi və onun fikirləri heres elan edilmişdi.
[6] Bu barədə 433-cü ildə Antioxiya sazişi (uniyası) imzalanmışdı.