Monofizitlərə qarşı mübarizə

 444-cü ildə, Kirilin ölümündən sonra, xristoloji problem üzrə daha bir ixtilaf başlandı. Bu dəfə Konstinopol kilsələrindən birinin arximandriti[1] olan Yevtixianus (Eutychianus) İsada insani mahiyyəti inkar edərək, onda yalnız İlahi mahiyyətin olduğunu iddia edirdi. Onun fikrincə, İlahi və insani təbiət bir-birinə sığmaz. Onlar birləşsə insan təbiəti İlahi təbiətdə əriməlidir. Yevtixianus və onun tərəfdarlarını monofizit[2] adlandırmışdılar. Lakin Yevtixianusu Konstantinopolisdə yığılan yerli Kilsə Məclisi pisləmişdir.

Amma bununla iş bitməmişdir. Yevtixianusu isgəndəriyyəli yepiskop Dioskorus (Dioscorus) dəstəkləyirdi. 449-cü ildə, onun təşəbbüsü ilə, Efesdə yeni Ümumdünya Kilsə Məclisi yığıldı, lakin sonra bu məclis rəsmi kilsə tərəfindən tanınmamışdır və “quldur” məclisi adlandırılmışdı. Bu məclisdə monofizitlər qələbə çalmışdılar[3].

Bu qələbəni rəsmi kilsə tanımamışdı və Yevtixianusa qarşı mübarizəyə başlamışdı. Ona qarşı çıxışlar edənlərin arasında Antioxiya yaxınlığında Kir şəhərinin yepiskopu olan Teodoret (Theodoret de Cyr)[4] (393-466) seçilirdi. O əvvəllər Nestoriusun mövqeyini dəstəkləyərək, Kirilə qarşı çıxış etmişdi. Lakin sonra o, barışdırıcı mövqe tutmuşdur. Bəlkə də Antioxiya sazişinin mətninin tərtibçisi də o olmuşdur. Teodoret Yevtixianusa qarşı “Dialoq” əsərini yazmış və onu pisləmişdir. Bu əsərdə o yazırdı: «Əlbəttə Tanrı-Loqos dəyişməz olaraq olub, var və olacaq. Lakin o insan oldu, insan təbiətini mənimsədi. Buna görə də, biz Onda hər iki təbiəti qəbul etməliyik…»[5]. Beləliklə Teodoret İsada həm İlahi, həm də insani təbiəti tanıyırdı. O Məryəmı Tanrı anası kimi və Tanrının üçlükdən ibarət olmasını qəbul edirdi.

Yevtixianusa və monofizitlərə qarşı hücumlar imperator II Feodosiusun ölümündən sonra daha da şiddətlənmişdi. Yeni imperator Markianus (Marcianus), 451-ci ildə Kalkedon (Kadıköy) şəhərində yeni Ümumdünya Kilsə Məclisini çağırmışdı. Bu məclisdə İsanın həm İlahi, həm də insani təbiətə malik olması haqqında qərar qəbul edilmişdir. Bu təbiətlərin hər ikisi kamil və özünəməxsusdur. Onlar Üçlüyün ikinci üzvündə (yəni İsada) birləşmişdir. Kalkedonda qəbul edilmiş imanın əsası oros adlanır. Bu qərara görə İsada olan iki təbiətin bir-biri ilə münasibəti 2 cüt mənfi sözlə ifadə edilir:

1. “Birləşmədən, çevrilmədən, dəyişməz olaraq” (monofizitlərə qarşı).
2. “Bölünmədən, ayrılmadan” (nestorianlara qarşı)[6].

Beləliklə ortodoksal kilsənin ardıcılları inanırlar ki, İsa həm Tanrı, həm də insan kimi kamildir. Onun günahları yoxdur. O, əvvəlcə Ata tərəfindən doğulmuşdur, sonra isə insanları xilas etmək üçün ikinci dəfə Məryəm tərəfindən doğulmuşdur. İlahi və insani təbiətlər isə, onda “birləşmədən, çevrilmədən, bölünmədən, ayrılmadan” vəhdət təşkil edir.

Lakin Kalkedon məclisinin qərarı heç də hamını qane etməmişdir. Bir çox Şərq kilsəsi onu inkar etmişdi və monofizit düşüncəsinə üstünlük vermişdi. Teodosius adlı bir monofizit rahib, Kalkedondan qayıdaraq, Kilsə Məclisinin qərarlarına etiraz edərək, Fələstində üsyan qaldırmışdı. Üsyançılar Qüdsü ələ alıb qarətlərə məruz qoymuşdular. Üsyan yatırılandan sonra Teodosius Sinaya qaçmış və orada da üsyan qaldırılmışdı. Sabitliyin pozulmasından ehtiyat edən papaz I Leo monofizitlərlə barışıq axtarmaq məcburiyyətində qalmışdı. Lakin buna baxmayaraq yepiskopların əksəriyyəti monofizitlərin əleyhinə çıxışlar edirdilər. Daha sonra isə, monofizitlik, Bizansa qarşı baş qaldıran müxtəlif separatçı qrupların və millətlərin ideologiyasına çevrilmişdi. Buna görə də, 519-cu ildə, imperator I Yustianianos bütün monofizit keşişləri vəzifələrindən azad edərək onlara qarşı təqiblərə başladı. Təqiblərdən xilas olmaq üçün monofizitlərin çoxu Misirə qaçdılar. Bu günə qədər qıpti (Misirdə), erməni, həbəş (Efiopiyada) kilsələri monofizit əqidəsində qalıblar. Daha sonra, monofizitlər bir-neçə təriqətlərə bölünmüşdürlər. Məsələn antioxiya patriarxı Severusun ardıcılları hesab edirdilər ki, İsanın bir təbiəti vardır, lakin onun daxilində insani və İlahi keyfiyyətlər vardır. Öz dirçəlməsinə qədər İsanın bədəni insan bədəni idi, yəni o yeyirdi, içirdi və s.

Severusun ardıcıllarından fərqli olaraq, Halikarnas[7] yepiskopu Yulianus (Julianus) ardıcılları[8] hesab edirdilər ki, İsanın bədəni insan bədəni deyil. Onun yeyib-içməsi kimi insani keyfiyyətləri təbiətindən deyil, özünün istəyindən irəli gəlirdi.



[1] Arximandrit (yunanca “archimandrites( - ortodoks (pravoslav) kilsəsində rahiblikdə olan keşişlərə verilən yüksək rütbə.

[2]  Yunanca “monos” - bir; və “physis” – təbiət deməkdir.

[3] Bu hadisələr və ümumiyyətlə monofizitlərin tarix və təlimi haqqında daha ətraflı bax: Monophysites and Monophysitism // Catholic Encyclopedia.

[4] Teodoret bir neçə əsər müəllifi olmuşdur. Onun əsərlərinin bir qismi ingilis dilində burada yerləşdirilmişdir.

[5]Иоанн Мейендорф. Введение в светоотеческое богословие. Вильнюс-Москва, “Весть”, 1992, Часть 2, гл. 11.

[6] Михаил Поснов. История христианской церкви (до разделения Церквей - 1054 г.). Первое, сокращенное издание: София, 1937. Второе в изд-ве "Жизнь с Богом", полное: Брюссель, 1964. Репринт: Брюссель, ЖсБ, 1988.

[7] Yunanca Halikarnassos. Müasir Turkiyənin Bodrum şəhəri.

[8] Onları avtortodoketlər təriqəti adlandırırlar.

GERİYƏ