«Korpus Areopaqitikum»
|
533-cü ildə Kalkedon şəhərində monofizitlərlə rəsmi kilsə nümayəndələri arasında barışıq məqsədi ilə konfrans keçirilmişdir. Lakin bu konfransda da mübahisələr olmuşdur. Monofizitlər öz mövqelərini sübut etmək üçün Dionisius (Dionysius) Areopagita adlı bir şəxsin adı ilə imzalanmış 4 risalə və müxtəlif keşişlərə ünvanlanmış məktublar təqdim etmişdilər. Bu əsərlərin hamısını birlikdə «Korpus Areopagiticum» (Corpus Areopagitikum) adlandırırlar. Bu risalələrin adları: Dionisiusun bu dörd risaləsində kilsə xadimlərinə çox əlverişli məqamların olduğuna görə, onlar tədricən təkcə monofizitlərin deyil, həm də |
Eyni zamanda, risalələrin müəllifi Dionisius Areopagitanın olması şübhə altına alınmışdır. Nəticədə onların saxtalaşdırılması və başqa naməlum müəllif tərəfindən yazılması haqqında əsaslı subutlar üzə çıxmışdır. Məsələn, Rotterdamlı Erasmus[5] fikir vermişdir ki, «Korpus Areopagitikum»da yalnız V-VI əsrlərə aid olan, və ondan qabaq mövcud olmayan bəzi kilsə ayinləri haqqında məlumatlar vardır. Daha sonra, Avropa tədqiqatçılarının araşdırmalarına görə, «Korpus Areopaqitikumda» bəzi ideyalar (məsələn şərin təbiəti haqqında) neoplatoçu filosof Proklusun fikirləri ilə ust-ustə düşür[6]. Daha sonra alimlər risalələrin əsl müəllifinin kim olduğu haqqında müxtəlif fikirlər irəli sürmüşdürlər. Buna baxmayaraq, bu məsələ bu günə qədər həll olunmayıb.
Lakin, xristoloji mübahisələr gedən dövrdə, bu kitabların saxta olmasına heç kim fikir verməmişdir. Çünki, müxtəlif kilsə xadimləri məşhur həvari Petrusun tələbəsi olan Dionisius Areopagitaya istinad edərək, öz fikirlərini sübuta yetirməyə çalışırdılar. O dövrdə kilsə xadimləri tərəfindən «Korpus Areopagitikuma» şərhlər və təfsirlər yazılmışdır.
«Korpus Areopagitikum»da əks olunan ideal əsasən neoplatonizm əsasında qurulmuşdur və mistik xarakter daşıyır. Orada xristian dünyagörüşünün, neoplatonizm ideyaları nöqteyi-nəzərindən təqdim edilməsi cəhdi, çox qabarıq şəkildə özünü göstərmişdir. Bu yolda bilinməyən müəllif o qədər ardıcıl idi ki, bəzən hətta yeni platoçu ideyalar xristian ideyalarını üstələyirdi.
Bilinməyən müəllifin əsas ideyalarından biri Tanrının dərk edilməsi yollarıdır. Burada müəllif neoplatoçuların fikirlərini təkrar edərək mənfi (apofatik) və müsbət (katafatik) ilahiyyat kateqoriyalarından çıxış edir.
Müsbət ilahiyyatın əsasını bu dünyanın əşyaları ilə Tanrı arasında analoqiyalar təşkil edir. Bu yolda insan, ən sadə anlayışlar haqqında düşünərək, daha da yüksək anlayışları anlayır. Sonra isə İşıq, Həyat, Məhəbbət, Gözəllik kimi ideal anlayışlar və adlar meydana gəlir. Bu anlayışlarla Tanrı arasında analogiyalar apararaq, ideal keyfiyyətlərin yalnız Tanrıya məxsus olması nəticəsinə gəlmək olar. Beləliklə bütün ideal adlar Tanrıya aid edilir. Tanrının ən ali sifəti (atributu) isə, onun Vahid olmasıdır (neoplatonizmdə olduğu kimi).
Lakin Tanrını yalnız müsbət ilahiyyat kateqoriyaları ilə dərk etmək olmaz. Məsələ bundandır ki, insana və digər varlıqlara məxsus olan bəzi xüsusiyyətləri, hətta ideallaşdıraraq, Tanrıya aid etmək olmaz. Məsələn, sərxoşluq və qəzəb kimi xüsusiyyətləri[7]. Bundan başqa, hətta ideallaşdırılmış maddi keyfiyyətlər Tanrıda, insan düşüncəsi tərəfindən dərk edilməyən tərzdə əks olunur və onları ifadə etmək mümkün deyil. Məsələ bundadır ki, Tanrı fövqəltəbii bir varlıqdır. Buna görə bilinməyən müəllif, müxtəlif anlayışların Ona aid edilməsi zamanı “fövqəl…” sözünü əlavə edir (fövqəl həyat, fövqəl gözəllik, fövqəl xeyr və s.). Bu cür yanaşmada isə, anlayışlar artıq insan üçün inkar səviyyəsinə yüksəlir[8].
Bu həddə çatan müsbət ilahiyyat mənfi ilahiyyata keçir və artıq bu səviyyələrdə insan düşüncəsi işləmir. Bu barədə bilinməyən müəllif «De mystica theologia» risaləsində yazırdı.
Mənfi ilahiyyatda Tanrı haqqında ifadə edilən hər bir xüsusiyyət inkar edilir. Çünki, O, hər şeydən ucadır və heç bir şeyə bənzəmir. «Korpus Areopagitikumun» müəllifinə görə, Tanrının dərk edilməməsi, Onun dərk edilməsinin yüksək səviyyəsidir. Tanrının insana tərəf “enməsi”, Onun özündən çıxması halı olduğu kimi, insan da ona tərəf “yüksələndə” özündən çıxıb, “ekstaz”[9] halına daxil olmalıdır. Bu halda o öz maddi bədəninin və hissiyatlarının xaricinə çıxmalıdır.
Tanrının dünya ilə münasibəti məsələsində «Korpus Areopagitikumun» müəllifi həm kreatsionizm, həm də emanasionizm ideyalarından istifadə edir. Yəni, bir tərəfdən, «De divinis nominibus» risaləsində hər şeyin Tanrı tərəfindən yaradılması haqqında danışır. Digər tərəfdən isə, «De coelesti hierarchia» və «De ecclesiastica hierarchia» risalələrində, neoplatoçular kimi, Tanrıdan bir neçə pilləli strukturun axması ideyasına üstünlük verir.
Dünyanın yaradılışı - İlahi xeyir və məhəbbətindən uzaqlaşmadır. Məhəbbət İlahidən məxluqa yönələn bir anlayışdır. O hər şeyi hərəkətə gətirir, sonra isə məxluqatı yenidən Tanrıya qaytarır. Bu hissiyyata yiyələnən insan Tanrını dərk edə bilər. Bu səviyyəyə çatan insan ən yüksək mənəvi səviyyələrə yüksəlmiş olur (theosis). Kosmos isə İlahi xeyir və məhəbbətin dövranıdır.
Bu risalələrdə transendent Tanrı immanent[10] olur. Müəllifin fikrincə, O, hər şeyin əvvəli və axırıdır, hər şeyin başlanğıcıdır, çünki, səbəbidir və hər şeyin axırıdır; çünki hər şeyin ən ali məqsədidir.
Bu məntiqlə, dünyada hər şey Tanrının təzahürüdür. Deməli, hər bir varlıq Tanrı təzahürüdür (teofaniyasıdır). Bununla belə, mahiyyət etibarı ilə Tanrı məxluqdan ayrıdır, ona qarışmır.
«De coelesti hierarchia» risaləsində, Vahiddən çoxluğa enmə Proklusun fəlsəfəsində olduğu kimi, üçlüklər (triadalar) şəklində pilləvari baş verir. Yuxarı pillədə kerublar[11], serafimlər[12] və taxtlarlar (kürsülər) yerləşir. Bu birinci triadadır. Sonrakı pillədə ikinci triada yerləşir. Bu hökmranlıqlar, güclər və hakimiyyətlərdir. Daha sonra başlanğıclar, arxangellər[13] və məlaikələr triadası yerləşir[14]. Bu triadaların üzvlərində İlahi nurun hissəcikləri vardır. Lakin İlahinin özündə bu nur əksilməmişdir. Burada «Göy hiyerarxiyası» tamamlanır. Yerdə isə, onun davamı kilsə hiyerarxiyasıdır. Onun da strukturu göy hiyerarxiyasına bənzərdir və onun vasitəsi ilə İlahi nur yerə enir. Burada birinci triada – yepiskoplar, keşişlər, diakonlardan[15] ibarətdir. Onlardan sonra rahiblər, xristian icmasının üzvləri və Xristianlığı qəbul etmək istəyənlər triadası gəlir. Kilsə hiyerarxiyasından sonra qalan dünya yerləşir. Orada da şüurlu məxluqlar, şüursuz heyvanlar və cansız əşyalar triadası vardır.
Beləliklə «Korpus Areopagitikumun» müəllifi üçün bütün kainat hiyerarxiya şəklində Tanrı tərəfindən yaradılıb, təşkil olunmuşdur. Bu hiyerarxiyada hər bir varlıq, onun kamilliyinə görə, müxtəlif səviyyələrdə yerləşir. Hər aşağı pillədə duran varlıqlar yuxarıda duranlara tabe olurlar. Ümumiyyətlə isə, bu hiyerarxiyaların məqsədi – kilsənin əhəmiyyətinin göstərilməsindən ibarət idi. Qalib gələn xristian kilsəsi iddia edirdi ki, onun xaricində heç kəs xilas ola bilməz. Buna görə də «Korpus Areopagitikumun» kilsə xadimləri tərəfindən rəğbətlə qarşılanmışdır və müəllifə “hiyerarxiya doktoru” adı verilmişdir.
[1] Mistika (yunanca “mystika”) - insanın bilavasitə ilahi qüvvələrlə ünsiyyətin saxlanmasının mümkün olmasına inanmaqdır. Bu söz gizli, anlaşılmaz olan hər bir şey mənasında da işlənir.
[2] Hiyerarxiya [yunan sözləri “hieros” (müqəddəs) + “arche” (hakimiyyət)-dən əmələ gəlmişdir] – bir şeyin hissələrinin və ya elementlərinin an yüksəyindən, ən alcağına qədər, ardıcıllıqla düzülməsidir. İkinci mənada Hiyerarxiya - vəzəfələrin bir-birinə tabe olunmuş halında düzülməsidir.
[3] Dionisius Areopagitanın risalələrinin mətnləri ilə tanış olmaq üçün bax: Дионисий Ареопагит. О церковной иерархии. Послания. (Издание с параллельными текстами) / Вст. ст., подг. греческих текстов и их русский перевод Г.М.Прохоров, Ред. перевода иер. Григорий (В.М.) Лурье СПб. Алетейя 2001 г. 281 с.
[4] Həvarilərin işləri 17: 34.
[5] Rotterdamlı Erazmus (Erasmus Roterodamus) (1469-1536) - məşhur Holland ilahiyyatçısı, filosofu, maarifçi-alimi, yazıçısı, filoloqu. Avropada İntibah dövrünün ən görkəmli nümayəndələrindən biri olmuşdur.
[6] Александр (Голицын), иеромонах. Мистика Дионисия Ареопагита и предшествующая ей восточная христианская традиция. // София: Рукописный журнал Общества ревнителей русской философии Выпуск 6, 2003 г.
[8] De divinis nominibus II, 3.
[9] Ekstaz (yunanca “extasis”) - özündən çıxma halına çatan sevincin, coşqunluğun, heyranlığın ifrat dərəcəsi.
[10] İmmanentlik (lat. immanens – bir şeyə xass olan) – bir şeyin daxilində olma. Dini fəlsəfədə Tanrının yaratdığı dünyanın daxilində olması mənasında işlənilir.
[11] Kerubim – (yəhudi sözüdür, çoxluq mənasında işlənilir) – Tanrının dərgahında müəyyən yerləri qoruyan mələklər. Məsələn Əhdi-Ətiqdə onlar Həyat Ağacının qoruyucularıdırlar (Yaradılış 3: 24).
[12] Serafimlər (yəhudi sözüdür) – “odlu”, “işıq saçan” mələklər (Yeşaya 6: 1-6). Onların vəzifəsi daim Tanrı müqəddəsliyinə təriflər oxumaq və Onun yerdəki buyuruqlarını yerinə yetirməkdən ibarətdir.
[13] Arxanqel – baş mələkdir. Xristian keşişlərinin əsərlərində deyilir ki, Bibliyada səkkiz baş mələk vardır. (Никифор. Библейская энциклопедия, М.: 1891, c. 62-63).
[14] Arximandrit Nikifora görə, triadaları təşkil edən: kerublar, serafimlər, taxtlarlar (kürsülər), başlanğıclar, arxangellər, məlakələr, hökmranlıqlar, güclər və hakimiyyətlər - məlakələrin rütbələridir. (Никифор. Библейская энциклопедия, М.: 1891, c. 62-63).
[15] Diakonos - yunan sözüdür. Xristianlığın ilk əsrlərində dini icmanın təsərüfat işləri ilə məşğul olan şəxslər bu adı daşıyırdılar. Sonrakı dövrlərdə kiçik keşiş rütbəsidir.