Avqustinusdan sonra Avropa fəlsəfəsi
Avqustinus Aureliusdan sonra Avropada fəlsəfi, siyasi-ictimai fikir tənəzzülə uğramışdır. Müqəddəs ataların fikirləri və kitabları Kilsə təliminin əsasını təşkil etmişdir və ehkam şəklində tədris edilirdi. Antik fəlsəfə, demək olar ki, sıxışdırılıb, unudulub, ortadan çıxarılmışdır. Antik ədəbiyyat isə, xristian təəssübkeşləri tərəfindən məhv edilmişdi, bir qismi isə, kilsə kitabxanalarında qalıb, tamamilə unudulmuşdu.
XIII əsrə qədər Avropada mənəvi, ictimai və siyasi həyatın əsasını təşkil edən xristian fəlsəfəsi, neoplatonizmin güclü təsiri altında formalaşmışdır. Lakin neoplatoçu filosofların əsərlərinə və şəxsiyyətlərinə maraq olmamışdır. O dövrün ilahiyyatçıları öz əsərlərində əsasən Avqustinus Aureliusun təliminin müddəalarını təkrarlayırdılar, onu şərh edirdilər, bəzən isə onun müəyyən fikirlərini tənqid edirdilər. Məsələn, Reyalı Faust adlı bir mütəfəkkir, Avqustinusdan fərqli olaraq, ruhların maddədən ibarət olduğunu iddia edirdi. Onun fikrincə, əgər ruh bədənə can verirsə, deməli o onun hansısa bir yerində yerləşir və maddədir. Maddə olmayan varlıq isə yalnız Tanrıdır.
Faustu təkzib və tənqid edən Klavdianus (Claudianus) Mamertus (474-cü ildə ölmüşdür), ruhun maddə olmadığını subut edərək, əsasən Avqustinusun «De quantitate aniniae» kitabına istinad edirdi.
«De statu animae» (Ruhun statusu haqqında) əsərində o, xeyirlərin təsnifatını vermişdi:
1) Tanrı – ən yüksək xeyirdir. Ona məkanda hərəkət, zamanda dəyişmə keyfiyyətləri aid edilə bilməz. O muhakimə edib, muhakimə edilə bilməz.
2) Tanrıdan sonra ruh gəlir. O müəyyən keyfiyyətlərə malikdir. Məkanda deyil, zamanda hərəkət edir. Ruh muhakimə edib, muhakimə edilə bilər.
3) Ruhdan sonra bədən gəlir. Onun keyfiyyət və kəmiyyət ölçüləri vardır. O zaman və məkanda hərəkət edir. O muhakimə etmir və muhakimə edilmir.
Bu təsnifatdan Mamert, ruhun bədən olmaması və maddə olmaması nəticəsinə gəlir.
«De statu animae» əsərində Klavdian hərəkətin də özünəməxsus təsnifatını verir: hərəkətin ən yuksək forması Tanrıya məxsusdur. Onun hərəkəti ondan həyatverici enerjinin ayrılmasıdır. Bu hərəkət zaman və məkan anlayışlarından daha yüksəklərdədir. Sonra ruhun hərəkəti gəlir. Onun hərəkəti məkanda deyil, zamanda baş verir. Daha sonra isə maddi cisimlərin hərəkəti gəlir. Bu hərəkət həm zamanda, həm də məkanda baş verir.
Daha sonra Klavdian Avqustinusun ardınca neoplatoçuların ruhu həyatla eyniləşdirməsi ideyasını qəbul edir və bu eyniləşdirmədən onun ölməzliyini və cisim olmaması haqqında danışır. Onun fikrincə, ruh həm də Tanrının obrazıdır.
Digər mütəfəkkir – afrikalı Makrobius (Ambrosius Theodosius Macrobius) da, neoplatonizmin təsiri altında Vahid-Əql-Ruh üçlüyünü qəbul edirdi. Lakin Plotinusdan fərqli olaraq, Vahidlə Əqli eyniləşdirirdi, bir çox hallarda Vahidə Əqlin xüsusiyyətlərini aid edirdi. Ruh isə hər şeyin ruhunun daşıyıcısıdır. Fərdi ruhların Ruhdan ayrılması vahidlikdən çoxluğa keçiddir. Materiya yoxluqdur. Orada Ruhdan ayrılan fərdi ruhlar əks olunur. Ruhların ayrılması gunahın nəticəsidir, materiyada təcəssüm olmaq cəzadır. Bədən isə ruhun tabutudur. Orada o keçmişini unudur. Lakin təmizlənərək və özünü dərk edərək, ruh, öz əvvəlki vəziyyətinə qayıda bilər və öz keçmişini yada sala bilər. Makrobius pifaqorçular və platoçular kimi ruhların köçməsini (metampsixozu) qəbul edirdi. Bu cur fikirlərə görə o, tənqidlərə məruz qalmışdı.
Orta əsr dünyagörüşündə simvolik və alleqorik düşüncə tərzi əhəmiyyətli yer almışdı. Bu düşüncə tərzi fəlsəfəyə də təsir etmişdi. İnsanı əhatə edən dünya, rəmzlər və alleqoriyalar sistemi kimi düşünülürdü. Bu rəmzlərin açılması bir məqsədə çevrilmişdi. Bu cür düşüncə tərzi orta əsrlərin istibdad və zülmündən irəli gəlirdi. Kilsə düşüncəsindən azad olmaq üçün insanlar öz fikirlərini simvol, obraz, rəmzi bənzətmə vasitəsi ilə ifadə edirdilər və bununla bir növ kilsə düşüncə tərzinə, rəsmi ekzegetikaya qarşı etiraz edirdilər, öz fikirlərini oxucu kütləsinə çatdırırdılar. Bu üslubda Martsianus Kapella (Marcianus Capella) «De Nuptiis Mercurii et Philologiae» (Merkuri və Filologiyanın evlənməsi) kitabını yazmışdı. Öz əsərində Martsianus, müxtəlif fəlsəfi və etik anlayışları – Filologiyanı, Ədaləti, Ölməzliyi və s. şəxsiyyətlərə çevirib onlarla bağlı hadisələr uydurmuşdur. Məqsəd – oxucuda biliyə məhəbbət hissini oyatmaqdan ibarət idi. Bu cür alleqoriyalardan Qərb patristika dövrünün sonuncu görkəmli nümayəndəsi Boetsius də istifadə etmişdir.