Flavius Kassiodorus 

Flavius Maqnus Aurelius Kassiodorus (Flavius Magnus Aurelius Cassiodorus) (477-570) Boetsiusla birlikdə Ostqot kralı Teodorikusun sarayında nazir vəzifəsində çalışırdı. Öz zəmanəsinin ən istedadlı siyasi xadimlərindən biri olmuşdur. Boetsiusdan fərqli olaraq, Flavius daha ehtiyatlı siyasətçi olmuşdu. O təqiblərdən yaxa qurtara bilmiş və Teodorikusun varislərinin çarlığı zamanı da nüfuzunu qoruyub saxlaya bilmişdir.


«Vivarium». Orta əsrlər əlyazmasından səhifə

540-cı ildə bizanslıların hucumlarından sonra Flavius İtaliyanın cənubundakı malikanəsində «Vivarium» adlanan monasterion[1] təsis etmişdir. Burada əlyazmaları yığaraq, Qərbdə ən zəngin kitab-xananın əsasını qoymuş-dur.

Flaviusun ən tanınmış əsərindən biri «Institutiones divinarumet saecularium litterarum»[2] (İlahiyyat və dünyəvi elmlərdə nəsihətlər) adlanır. Bu kitabı gələcəkdə rahiblər və savadlı xristianlar öz elmi fəaliyyətlərinin nizamnaməsi kimi qəbul etmişdilər. Kitabın birinci hissəsi rahiblərin yol verilən zehni əməklə məşğul olmalarına aid olan nəsihətlərə həsr olunmuşdur. Burada tərcü-mə, köçürmə, şərh vermə işinə böyük əhəmiyyət verilmişdir. Keçmiş irsin qorunub saxlanmasının vacibliyi fikri vurğulanır. Ümumiyyətlə Flavius Kassiodorus qədim əlyazmaların köçürülmə işini savablı bir iş adlandırmışdır və bu işi monasterion həyatının tərkib hissəsinə çevirmişdir. Gələcəkdə bu işlə orta əsrlərdə yaşayan rahiblər məşğul olmuşdular. Flavius əlyazmalarının köçürülməsinin vacibliyini bir dini prinsip kimi elan etməsəydi, bəlkə də, qədim irsin bir çox nümunələri məhv olub bizim zəmanəmizə qədər çatmazdı. Eyni zamanda Flavius, dünyavi elmlərə və fəlsəfəyə də böyük əhəmiyyət verirdi. O hesab edirdi ki, bu elmlərin öyrənilməsi Bibliyanın daha da yaxşı anlaşılmasına köməklik edir. Bubarədə o, kitabın ikinci hissəsində yazırdı.[3]

«Institutiones divinarumet saecularium litterarum» kitabından başqa, Flavius Kassiodorus tarix, fəlsəfə, ədəbiyyat kimi elmlərə aid bir sıra əsərlər müəllifi olmuşdu, Bibliyaya şərhlər yazmışdı.

Flavius Kassiodorus fəlsəfəsi əsərlərindən biri «De anima» (Ruh haqqında) adlanır. Bu kitabın əsas ideyaları Avqustinusun və Klavdianusun bu sahədə yazılmış əsərlərinin məzmununu təkrarlayır. Əsərin əsas məqsədi ruhun cisim olmadığını və onun ölməzliyini sübuta yetirməkdən ibarət olmuşdur. Flaviusa görə, əgər ruh yalnız əql vasitəsi ilə dərk olunan əbədi və dəyişməz anlayışlar haqqında biliklərə malikdirsə, deməli o özü də onlara bənzər cinsdən

olmalıdır. Buna görə də o, ölməzdir və cisim ola bilməz. Eyni zamanda, ruh Tanrı tərəfindən yaradılıb, məxluqdur. Buna görə də o, dəyişikliklərə məruz qalır və onun sonu vardır. Flaviusa görə ruh Tanrı tərəfindən yaradılmış, cisim olmayan substansiyadır. O bədənə can verir, ölməzdir, xeyir və şər ola bilər. Ruhun necə yaradılması məlum deyil. O bədənin hər nöqtəsində tam olaraq mövcuddur.[4]


[1] Monasterion (rusca “monastırğ”) - dünyanı tərk etmiş rahiblərin yaşadığı yerdir. Monasterionlarda yaşayan rahiblər ibadətlə məşğul olurlar, ümumi nizamnamə və qaydalara riayət edirlər.

[2] Əsərin latınca mətni burada yerləşir:

[3] James J. O'Donnell. Cassiodorus. Copyright and published 1979 (University of California Press) "Postprint", 1995, Chapter 6.

[4] James J. O'Donnell. Cassiodorus. Copyright and published 1979 (University of California Press) "Postprint", 1995, Chapter 6.

GERİYƏ