Qırmızı terror tarixi: İ. Əliyevin həyat yolu
və sağ-trotskiçi milliyətçilərin işi

Dərc edilib: Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr. (Konfrans materialları dərgisi), Bakı, 2018, s. 90-96.

Açar sözlər: İskəndər Əliyev, dövlət terroru, sağ-trotskiçilər, əksingilab, repressiyalar, reabilitasiya, bəraət, işgəncələr, Azərbaycan SSR, stalinizm.
Ключевые слова: Искендер Алиев, государственный террор, правотроцкисты, контреволюция, репрессии, реабилитация, пытки, Азербайджанская ССР, сталинизм
Keywords: Iskender Aliyev, state terror, right-trotskyists, counterrevolution, repression, rehabilitation, torture, stalinism, Azerbaijan SSR

Qırmızı terror dövrünün repressiyalar tarixinə nəzər yetirəndə daha çox zərər çəkmiş və həyatlarını faciəvi bitirən şəxsiyyətlər haqqında daha çox xəbərlərin mövcudluğunu müşahidə etmək olan. Bununla belə, o zaman faciələri yaşamış, repressiyalara uğramış, sınaqlardan keçmiş, ancaq sonda qalib gəlmişlər də olmuşdur.
Azərbaycan tarixində belə adamların biri keçmiş Xalq Yüngül Sənaye komissarı, SSRİ Ali Sovetinin 1-ci çağırış deputatı İskəndər Əli oglu Əliyev idi. (1906-1972). Onun həyat yolu çox dramatik, faciələrlə dolu, ancaq eyni zamanda maraqlı, məzmunlu və zəngin olmuşdur.

Repressiyalar və təqiblər kimi tarixi əhəmiyyətli faciələri yaşamaq insana eyni zamanda həm zülm verə, həm də onu tarixə sala bilər. İskəndər Əliyev məhz bu qəbil insanlardan olmuşdur. O Azərbaycan SSR Xalq Yüngül Sənaye komissarı, SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı olmuşdur, ancaq bununla o tarixə düşməzdi. Onun kimi minlərlə vəzifəli şəxslər olub, var və olacaq. Təkcə hansısa vəzifələri tutmaqda və zənginliklə tarixi şəxsiyyət olmaq olmaz. Bütün bunlar zəngin insanın gündəlik həyatından başqa bir şey deyil. Yalnız təlatümlü həyat, xoşbəxtlik və yüksəlişlə bərabər itkilər və faciələr, sonsuz mübarizələr, xoş günləri ləyaqətlə keçirmək, sınaqlardan isə şərəflə çıxa bilmək bacarığı insan şəxsiyyətini zənginləşdirir, onu tarixə salır.

İskəndər Əliyev məhz bu cür həyatı yaşamış şəxsiyyətlərdən biri idi. Cəmi  10 il ərzində fəhləlikdən xalq komissarına (nazirə) qədər yüksəlmişdir. O zaman onun cəmi 31 yaşı var idi. Sonra şərlənərək siyasi repressiyalara uyğamışdır, bütün əldə etdiklərini bir an içində itirmiş, ailəsindən ayrılmış, əmlakı müsadirə olunmuşdur. 18 il həbs düşərgələrində cəza çəkəndən sonra bəraət alaraq geri qayıtmış və itirdiklərinin hamısını geri qaytara bilmişdir.

Beləliklə, onun həyatını yüksəliş, eniş və dirçəliş dövrlərinə bölmək olar.

Gənclik illəri

İskəndər Əliyev 1906-cı ildə Rusiya imperiyasının Yelisavetpol quberniyasının Şuşa şəhərində anadan olmuşdur . Onun valideynləri erkən yaşında dünyalarını dəyişmiş, bu səbəbdən böyük qardaşının himayəsində olmuşdur. Qardaşı Bakının Sabunçu rayonunda neft mədənlərində işləmək üçün Bakıya köçəndə, onunla birlikdə idi. Ancaq sonra qardaşı ilə əlaqə kəsilmiş və kiçik yaşlı İ. Əliyev Qasım-İsmaylov (indiki Goranboy) rayonunun Goranboy kəndində İsmayıl Kamal oğlu adlı bir əkinçinin təsərrüfatında muzdur işləmişdi . Elə o zaman da muzdurların həmkarlar ittifaqında ictimai işlərə qatılmışdır.

1926-cı ildə Gəncəyə köçmüş, orada dəmir yolu deposunda qara fəhlə, sonra isə çilingər kimi işləməyə başlamışdır. Elə bu zaman da özünü fəal ictimaiyyətçi kimi göstərmiş 1928-ci ildə Gəncə deposunun həmkarlar ittifaqı komitəsinin məsul katibi seçilmişdir. 1929-1930-cu illərdə Gəncə dəmiryolu işçilərinin məhəlli həmkarlar ittifaqının mədəniyyət şöbəsinin müdiri, sonra isə onun sədri olmuşdur .

Yüksəlməsi

1928 ilin sentyabr ayından etibarən İ. Əliyev Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının üzvü olmuşdur (partiya bileti № 1434101) . 1929-1930-cu illərdə Gəncə dəmiryolu işçilərinin məhəlli həmkarlar ittifaqının mədəniyyət şöbəsinin müdiri, sonra isə onun sədri olmuşdur .

Azərbaycanlı deputatlar SSRİ Ali Sovetinin birinci toplantısında (millətlər palatası), yanvar, 1938. İskəndər Əliyev üçüncü cərgədə soldan birincidir.

Ancaq İ. Əliyevi iradəsi və gələcəkdə daha da yüksək səviyyələrdə çalışmaq niyyəti onu həmkarlar ittifaqı xətti ilə Bakıya gətirir. Burada o, Ali Xalq Təsərrüfatı Sovetində kütləvi iş üzrə  təlimatçı, əmək ixtiraçılığı mərkəzi bürosunun sədri, istehsalat-texniki təbliğat sektorunun rəisi vəzifələrində çalışmışdır .

1931-ci ildə İ. Əliyev Pəri Həsənova (evlilikdən sonra Əliyeva) ilə ailə qurmuşdu. Həyat yoldaşı o zaman Azərbaycanda gizli fəaliyyət göstərən və 1927-ci ildə bolşeviklər tərəfindən güllələnən Müsavat partiyasının Mərkəzi Komitəsinin sədri Dadaş Həsənovun bacısı idi. Beləliklə kommunist İskəndər Əliyev müsavatçı ailəsindən olan Pəri Həsənova ilə evlənmişdir. Bu da o zamankı insan talelərinin ideoloji fərqlərdən asılı olmayaraq nə qədər qarışıq və birmənalı olmamasının göstəricisidir. Repressiya dövründə isə məhz müsavatçı bacısı ilə ailə qurması ona qarşı ifşaedici amillərdən biri kimi istifadə edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, bu amil həlledici olmamışdır, olmasaydı da hadisələr elə cərəyan edirdi ki, İ. Əliyevin tutulması qaçılmaz idi.

Həyat yoldaşı Pəri Həsənova (Əliyeva) 1930-cu illərdə Gülarə Qədirbəyova ilə birlikdə “Şərq qadını” jurnalında çalışmış, jurnalın məsul katibi olmuşdur . Bu evlilikdən onların Rəna (1933-2015), Fuad (1935-1953) və Arif (1937-1988) adlı üç uşağı dünyaya gəlir.

Daha sonra İskəndər Əliyev,1932-ci ildən başlayaraq Azərbaycan SSR Xalq Yüngül Sənaye Komissarlığına keçirilmiş, orada təlimatçısı vəzifəsində işləmişdir .
Həmin illər ərzində İ. Əliyev həm də yeni Sovet sistemi ilə tezləşdirilmiş təhsil də almışdır. 1932-ci ildə Oktyabrın 14-cü il dönümü adına Bakı Neft Fəhlə Fakültəsinin məzunu olmuş, 1933-1934-cü illərdə isə Moskvada SSRİ Yüngül Sənaye Nazirliyinin rəhbər işçilərinin ixtisaslaşdırma kurslarını bitirmişdi.

Vəzifə yüksəlişi 16 iyun 1933-cü ildən başlamışdır. Həmin tarixdə İ. Əliyev SSRİ Xalq Yüngül Sənaye Komissarlığının Dövlət Pambıq Satışı İdarəsinin Azərbaycan şöbəsinin müdiri təyin olunmuşdur . Dörd il keçəndən sonra, 11 avqust 1937-ci il tarixində Azərbaycan SSR Xalq Yüngül Sənaye komissarının müavini , 2 noyabr 1937-ci il tarixində isə Xalq Yüngül Sənaye komissarı [6] vəzifəsinə təyin olunmuşdur .

Bu da İ. Əliyevin uğurlarının sonu deyil idi. 1937-ci ilin sonunda onun namizədliyi SSRİ Ali Sovetinin deputatlığına  Nuxa (indiki Şəki) toxucu fabriki, Qutqaşen (indiki Qəbələ) fındıqtəmizləmə zadodu və Mexanikləşdirilmiş Traktor Stansiyası (MTS), eləcə də bu şəhərlərin bir sıra başqa müssisə və kollektivləri tərəfindən irəli sürülmüşdür . 12 dekabr 1937-ci il tarixində SSRİ Ali Sovetinin (millətlər palatası) deputatı seçilmiş və 1938-ci ilin yanvar ayında onun birinci iclasında iştirak etmişdir. Deputat olduğu zaman Azərbaycanın bölgələrinə səfərlər edib, seçiciləri ilə görüşlər keçirmişdir .

Repressiyaya uğraması

Belə bir təsəvvür yaranırdı ki, 31 yaşlı İ. Əliyevi gələcəkdə daha da böyük uğurlar gözləyir. Ancaq taleyin hökmü başqa oldu. Gənc insanın uğurları Azərbaycan SSR ali rəhbərliyinin qısqanclığına səbəb oldu. Zaman isə çox ağır idi, SSRİ “qırmızı terror” adlanan dövrü yaşayırdı. 1936-cı ilin sonunda başlayan, 1937-ci ilə şiddətlənən siyasi repressiyalar 1938-ci ildə də davam etdirilmişdir. O vaxtlar insanları asanlıqla əksinqilabçı dəstələrə yazıb ağır cəzalara məhkum edirdilər. İ. Əliyev də repressiya qurbanı olmuşdur.

1937-ci ildə Az. SSR K(b)P katibi Mir Cəfər Bağırov SSRİ Ali Sovetinin deputatlarını ifşa edə biləcək materialların və imzasız (anonim) məktubların yığılmasına dair gizli sərəncam vermişdir. Bu sərəncamı yerinə yetirən şəxslər ona bildirmişdirlər ki, İ. Əliyevin həyat yoldaşı bolşeviklər tərəfindən 1927-ci ildə güllələnmiş Müsavat partiyası gizli fəaliyyət göstərən təşkilatının sədri Dadaş Həsənovun bacısıdır; ögəy dayısı isə az öncə Xalq Daxili İşlər Komissarlığı (XDİK) tərəfindən bolşeviklər əleyhinə fəaliyyətə görə tutulmuşdur. Beləliklə onun həbs olunmasına zəmin yaradılırdı.

1938-ci ildə SSRİ-də ən şiddətli repressiyalar “Sovetlər əleyhinə sağ-trotskiçi blokunun” işi üzrə həyata keçirilmişdi. Bu iş üzrə Moskvada ən fəal kommunistlər olan Buxarin və Rıkov, eləcə də onların tərəfdarları tutularaq mühakimə edilmiş və güllələnmişdilər . Bu da bütün ölkədə yeni təqiblərə gətirib çıxartmışdır.  Hər yerdə Buxarin və Rıkovun dəstəsindən olan “sağ-trotskiçilər” axtarılıb həbs edilirdi. Azərbaycanda da bu iş üzrə çox şiddətli təqiblər olmuş, “Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyyətçi təşkilatı” (SEMƏMT) adlandırılan bir təşkilat aşkar edilmişdir . Bu təşkilatın başçıları kimi bir neçə SSRİ Ali Sovetinin (parlamentinin) 1-ci çağırış deputatları da göstərilmişdir. Bunlar Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini Manaf Xəlilov, Az. SSR Xalq Daxili Ticarət komissarı İbrahim Əsədullayev, Az. SSR Xalq Əkinçilik komissarı Əbülfət Məmmədov, Xalq Rabitə komissarlığının məsul işçisi Yefim Rodionov idilər. İskəndər Əliyev də onlarla birlikdə bu “təşkilanın” rəhbərlərindən biri elan edilərək 1 iyun 1938-ci ildə həbs edilmişdir.

Cinayət işinin 31 avqust 1940-cı il İttihamnaməsinin mətninə görə, bu təşkilat ona görə “ehtiyatda olan” adlandırılmışdır ki, guya ondan qabaq 1936-37-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş “əsas” təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar. İstintaqın iddiasına görə, SEMƏMT azərbaycan milliyətçilərinin əsasən başqa millətlərin nümayəndələrindən olan sağ-trotskişilərlə birliyini təmin etmişdi.

SEMƏMT işi Azərbaycanda Stalin-Bağırov repressiyaları dövrünün ən böyük işlərindən biri idi. Bu iş üzrə “32 rayon partiya komitəsi katibi 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər” .

İskəndər Əliyev 1 iyun 1938-ci ildə əksinqilabi fəaliyyətlə məşğul olmaqda ittiham edilərək həbs olunmuşdur . 5 iyun 1938-ci ildə “Xalq Daxili İşlər Komissarlığı (XDİK) tərəfindən ifşa olunmuş xalq və partiya düşməni” kimi Kommunist (bolşeviklər) Partiyasından , 1 iyul 1938-ci ildə isə Xalq Yüngül Sənaye Komissarı vəzifəsindən xaric edilmişdir .  Həmin il deputat mandatından da məhrum edilmişdir.

İ. Əliyevin adı 1938-ci ildə “Stalin siyahılarının” 1-ci kateqoriyasına salınmışdır . Bu da o demək idi ki, güllələnməli idi. Ancaq hansısa səbəblər üzündən onu edam etmədilər. Ola bilsin ki, onun deputat olması müəyyən qədər ona gömək etdi. Ancaq çox güman ki, onun güllələnməsi növbəsi çatınca SSRİ-də repressiyaların səngiməsi dövrü başlandı. Məsələ burasındadır ki, onun adı keçən “Stalin siyahısının” tarixi 25 sentyabr 1938-ci il tarixinə təsadüf edilir. Həmin ilin oktyabr ayında isə güllələnmə hökmlərinin icra edilməsini əsasən ləğv etmişdirlər. Bundan sonra məhbusarın çoxusunu uzun müddətə azadlıqdan məhrum edirdilər.

Bəlkə də İ. Əliyevin və başqalarının deputat olması da müəyyən qədər onlara kömək etdi. Onların xüsusi statusuna qismən də olsa riayət olunmuşdu. Çünki işin içində belə bir sənəd də vardır: “İ. Əliyevin Az. SSR CM 64 və 73 maddələri üzrə (iş № 22737) istintaqın uzanmasına görə onun 2 ay müddətinə həbsini (1938-ci ilin 6 oktyabrına qədər) təmin etmək üçün SSRİ Ali Soveti qarşısında vəsatət qaldırılsın” (5, c.4, 7). Bəlkə də məhbusların deputat olduqlarına görə onların işi formal prosedurlar üzündən 1938-ci ilin oktyabrına qədər uzadılır. Bu tarixdən sonra isə repressiyaların şiddəti nisbətən zəyifləyir və onlar güllələnmirlər.

İskəndər Əliyevə və başqa “rəhbərlərə” qarşı irəli sürülən ittihamlar aşağıdakılar idi :
1. Azərbaycanın SSRİ tərkibindən çıxması üçün silahlı üsyanın hazırlanması;
2. Azərbaycan K(b)P rəhbərliyinə qarşı terror əməliyyatlarının keçirilməsi;
3. SSRİ ilə düşmənçilik edən ölkələrlə əlaqələrin qurulması;
4. Dünya faşizminin SSRİ-yə qarşı hücumunun dəstəklənməsi;
5. SSRİ-nin dağılmasından sonra hakimiyyətə gəlmək üçün paralel hökumətin yaradılması;
6. Əhalinin mərkəzi hakimiyyətə qarşı inamsızlığının yaradılması üçün Azərbaycanda iqtisadi sabotaj və ziyanvericiliyin həyata keçirilməsi;
7. Sovet hökumətinə qarşı əhali arasında təbliğatın aparılması;
8. Sovetlər əleyhinə hərəkata yeni üzvlərin cəlb edilməsi.

Təbii ki, əslində heç bir “təşkilat” olmamış və ittiham əvvəldən axıra kimi saxtalaşdırılmış və yuxarıların sifarişi ilə aparılmışdır. Ona görə də məhbuslar onlara qarşı irəli sürülən ittihamı etiraf etməkdən imtina etmişdirlər. Bu səbəbdən ilk gündən onlara qarşı işgəncələr, eləcə də fiziki və mənəvi zorakılığın müxtəlif formaları işlədilmişdir.

SEMƏMT rəhbərlərinin işində isə işgəncələrin necə tətbiq edilməsi haqqında İskəndər Əliyev məlumat vermişdir. O, M. C. Bağırov və onunla əlbir olanlar üzərində 1956-cı ilin aprel ayında keçirilən məhkəmə prosesində ifadə verərək demişdi ki, “onu rezin dəyənəklə döyürdülər, diz üstündə şüşə qırıntıları üzərinə çökdürürdülər. Həbs olunandan dörd gün sonra onu həmin vaxt M. C. Bağırovun da olduğu XDİK komissarının kabinetinə gətirlər. Bağırov ağır söyüşlər söyərək İ. Əliyevdən onun nə üçün “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” üzvü olduğunu etiraf etmədiyinin səbəbini soruşur. O özünü təqsirli bilmədiyi üçün Bağırov əmr etmişdi ki, ona yuxudan məhrum etsinlər. Keçmiş Az. SSR XDİK komissarı müavini Borşov isə həmin məhkəmədə təsdiq etmişdir ki, Əliyevi, Xəlilovu, Məmmədovu və başqalarını doğrudan da döyürdürər” . Beləliklə, bu iş üzrə keçən başqa məhbuslar kimi İ. Əliyev istintaq zamanı öncə şiddətli işgəncələrə məruz qalaraq təqsirli olduğunu etiraf etməyə məcbur edilmişdir.

“1938-ci ilin avqust-sentyabr aylarında XDİK-də dəyişikliklər dövrü başlayır. Artıq o zaman repressiyaların şiddəti bir qədər zəyifləyir. Həmin ilin dekabrında isə işlərin qısa yenidənbaxılma dövrü başlanır” . Ola bilsin ki, bu zaman “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” işi üzrə keçən məhbuslara basqıların şiddəti azalmağa başlamışdır. Çünki məhz o zaman, onlar verdikləri keçmiş ifadə və “etiraflardan” imtina etməyə başlayırlar. Həm də həmin dövrdə artıq Az. SSR XDİK rəhbərliyi dəyişmişdi.

14 sentyabr 1939 il tarixli dindirilməsi zamanı İ. Əliyev iddia edir ki, onun bundan öncə verdiyi ifadələri saxta və fantastikdir; onları o, güclü fiziki və mənəvi işgəncələrə məruz qalaraq verməyə məcbur edilmiş və buna görə də onlardan imtina edir . 17 sentyabr 1939 il tarixli Yekun İttihamnaməsində deyilir ki, İ. Əliyevdən başqa M. Xəlilov, A. Məmmədov, İ. Əsədullayev də öz əvvəlki etirafedici ifadələrindən imtina edirlər . Buna görə də onların işi XDİK yanında xüsusi Müşavirədə həll edilməlidir.

Ancaq məhbusların yeni ifadə və ərizələri istintaq tərəfindən rədd edilir. 3 avqust 1940 il tarixli daha bir Yekun İttihamnaməsində yazılmışdır: “Hesab edirik ki, məhbusların öz keçmiş ifadələrindən imtina etmələri əsassızdır və onlar tərəfindən cinayət işləri üzrə istintaq orqanlarını çaşdırmaq və aldatmaq məqsədini güdür” (5, c. 4, 288).
Bundan sonra İskəndər Əliyevə qarşı yenə təzyiqlər başlanır, onu SSR ali partiya və dövlət rəhbərliyini öldürmək planını həyata keçirtməkdə ittiham etməyə cəhd etmişdirlər . Ancaq o, bu ittihamı rədd etmişdir. Bundan sonra onu 1940-cı ildə Moskvanın “Butırka” həbsxanasına göndərmişdirlər , orada yarım il həbsdə qalandan sonra yenə Bakıya qaytarılmışdır.

Məhbuslar öz etirafedici ifadələrindən imtina edəndən və işin məhkəmə tərəfindən geri qaytarılmasından sonra istintaqın mövqeyi xeyli zəyifləmişdir. Vəziyyəti düzəltmək üçün SEMƏMT rəhbərlərinə qarşı bundan sonrakı ittihamlar əsasən xalq təsərrüfatında əksinqilabçılıq məqsədi ilə “ziyanvericilik” və “düşünülmüş sabotaj” adı altında davam etdirilmişdir.

Məhbusların hamısı Az. SSR xalq təsərrüfatı sistemində yüksək vəzifələrdə işlədikləri üçün işi bu ittihamlar üzərində quraraq ona siyasi don geydirmək daha asan idi. Bu məqsədlə onların öncə rəhbərlik etdikləri sahələrə xüsusi komissiyalar göndərilmiş və aparılan yoxlamalar əsasında istintaqın mövqelərini təsdiq edən Aktlar tərtib edilmişdir . Bu Aktların əsasında məhbuslara yeni ittiham irəli sürülmüşdür. İ. Əliyevə qarşı yeni ittiham onun üzərində qurulur ki, “əksinqilabçı təşkilatın rəhbəri olaraq o, 1938-ci ildə bilərəkdən tekstil mallarının buraxılışı üzrə planının yerinə yetirilməsinə maneçilik törətmişdir. Bundan başqa o, istehsalatda fəhlə qüvvəsindən səmərəli istifadə etməməkdə, zay məhsul istehsalında və malların keyfiyyət dərəcələrinin aşağı salınmasında ittiham edilmişdir . İstintaqın hər dəfə yeni ittihamlar irəli sürməsi onu göstərir ki, burada məsələnin qoyuluşu həqiqətin üzə çıxardılması deyil, siyasi sifarişin yerinə yetirilməsi idi.

Məhbusların hamısı bu yeni ittihamları rədd edirdilər. Məsələn İ. Əliyev 14 may 1941 il tarixli dindirilməsi zamanı tabeçiliyində olan müəssisələrdə bu və ya da digər problemlərin yaranmasını sabotaj və ziyanvericiliklə deyil, başqa obyektiv səbəblərlə izah edir, bir çox iqtisadi ittihamları isə rədd edirdi .

Nəhayət 1941-cı ilin 30 avqust tarixində Bakıda Zaqafqasiya Hərbi Dairəsinin Hərbi Tribunalının səyyar iclası (hakimlər Novikov, Vetux, Kviraya) tərəfindən bağlı qapılar arxasında SEMƏMT rəhbərlərinin məhkəmə prosesi keçirilir. 00497№-li məhkəmə Hökmünün mətninə əsasən bu iş özrə keçən məhbuslar onlara qarşı irəli sürülən ittihamlar üzrə təqsirli bilinərək uzun müddətə azadlıqdan məhrum edilmişdirlər.
İskəndər Əliyev də 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını Qazaxstan SSR Karaqanda vilayətinin islah əmək düşərgələrində (Karlaq) çəkmişdi. Ümumi hesabla 18 il ərzində (1938-1956) həbs və sürgündə olmuşdu. Məlumdur ki, sürgün həyatının son illərini (1953-1955) Karaqanda vilayətin Kuv rayonunun Koyandı MTS-ində və Koyandıbulaq kəndinin kolxozunda sürmüş, orada aqronom vəzifəsində çalışmışdır .

Bəraət alması və M. C. Bağırovun məhkəmə prosesində iştirakı

Sürgündə olan müddətdə də İskəndər Əliyev çoxlu sınaqlardan keçmişdi, ancaq onların hamısından ləyaqətlə çıxa bilmişdir. Heç zaman da ədalətin bərpa olunacağına ümidini itirməmişdir. Dözüm və iradə ilə bütün sınaqlara sinə gəlib o anın gəlişini gözləyirdi. 5 mart 1953-cü ildə Stalinin ölümündən sonra onun ümidləri gerçəkləşməyə başladı. O zaman Mir Cəfər Bağırov da K(b)P MK katibi vəzifəsindən azad edildi. 1954 ilin may ayında isə SSRİ baş prokuroru R. A. Rudenkonun rəhbərliyi ilə “əksinqilabçıların” işlərinə yenidən baxmaq üçün Mərkəzi Komissiya yaradılmışdır. Bu komissiyanın işinin əsas istiqamətlərindən biri də Azərbaycanda siyasi repressiyalar qurbanlarına bəraət (reabilitasiya) qazandırmaq idi .

SEMƏMT işinə də bu komissiya Karlaqda sürgün həyatını yaşamış İskəndər Əliyevin verdiyi 11.11.1954 il tarixli ərizəsinin əsasında baxmış və nəticədə bu iş üzrə bütün məhkum edilmişlər bəraət almışlar.

23 aprel 1955-ci il tarixli SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 18146/41№-li Qərardadının surətində bildirilmişdir ki, SEMƏMT rəhbərlərinin “ittiham edilməsinin əsasında onların ilkin istintaq zamanı ziddiyətli ifadələri və öncə digər işlər üzrə məhkum olunan başqa adamların ifadələri durur. İlkin istintaq tərəfindən məhkum olunmuşlara qarşı ittiham materialları onlara qarşı qeyri-qanuni üsulların tətbiq edilməsi ilə saxtalaşdırılmışdır” .

İ. Əliyev hələ aprel 1955-cü ildə bəraət almışdır, ancaq buna baxmayaraq, oğlunun 1956-cı ilin fevral ayının ortalarında aldığı bildirişə görə, o bütün bu müddət ərzində hələ də Qazaxstanda idi . Bəlkə də onun gec qayıdışı Bağırov və onunla əlbir olanlara qarşı məhkəmə prossesi ilə bağlı idi. Ola bilsin ki, onu  SSRİ prokurorluğu bu prossesdə şahid qismində iştirak etmək üçün hələ Qazaxstanda hazırlayırdı və onun Bakıya tezliklə qayıdışı təhlükəli ola bilərdi. Çünki köhnə rəhbərliyin tərəfdarları şahidi ortalıqdan götürmək üçün ona qarşı qəsd təşkil edə bilərdilər.

Bakıya qayıdandan dərhal sonra İ. Əliyev 1956-cı ilin aprel ayında o zaman təşkil olunan keçmiş Az. SSR K(b)P MK katibi M. C. Bağırov və onunla əlbir olanların məhkəmə prosesinə cəlb edilmişdir. Məhkəmə mühakimə edilənləri onlara qarşı irəli sürülən ittihamlar üzrə təqsirli bilərək ağır cəzalara məhküm etmişdir. Bu məhkəmədə İ. Əliyev repressiyalarından zərərçəkmiş və şahid qismində SSRİ baş Prokuroru R. A. Rudenko tərəfindən dindirilmişdir . SEMƏMT rəhbərlərininə qarşı cinayət işinin saxtalaşdırılması və onlara işgəncələrin verilməsi həmin məhkəmədə bir daha sübuta yetirilmiş və Bağırova qarşı irəli sürülən əsas ittihamlardan biri kimi məhkəmə Hökmünun mətnində xatırlanmışdır: “1938-ci ildə M. C. Bağırovun göstərişi ilə Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini Manaf Xəlilov, xalq daxili ticarət komissarı İbrahim Əsədullayev, xalq əkinçilik komissarı Əbülfət Məmmədov, xalq yüngül sənaye komissarı İskəndər Əliyev, xalq rabitə komissarlığının səlahiyyətlisi Rodionov, Xalq Komissarları Sovetinin məsul işçisi Boris Lyuborski-Novikov həbs edilmişlər. M. C. Bağırovla əlbir olanlar onlara qarşı “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” rəhbərləri olduqları haqqında saxtalaşdırılmış ittiham irəli sürmüşlər. Bağırovun əlaltıları bu şəxslərə qarşı işgəncələr və zorakılıq işlədəndən sonra, onlar çoxlu sayda başqa təqsirsiz insan haqqında saxta ifadələr verməyə məcbur edilmişlər” .

Bəraət ediləndən sonra

Faktiki olaraq bu hadisələrdən sonra təkcə İskəndər Əliyev sağ qalıb həyatını davam etdirə bilmişdir. Onunla birlikdə mühakimə olunmuşların hamısı o faciəli hadisələr zamanı müxtəlif səbəblər üzündən dünyalarını dəyişmişdirlər. 

Geri qayıtdıqdan sonra, İ. Əliyev öz ailəsi ilə birləşmişdir. Həyat yoldaşı həbs edildikdən sonra “Şərq qadını” jurnalının redaksiyadan işdən çıxmış, sonra Bakının Teatr muzeyində işləmiş, hətta bir müddət onun müdiri vəzifəsini icra etmişdir . Ancaq İ. Əliyev məhkəmə qərarı ilə məhkum olunandan sonra, 1942-ci ildə azyaşlı uşaqları ilə Bakını tərk edib Bərdəyə köçməyə məcbur olmuş, orada kənd məktəbində rus dili müəlliməsi vəzifəsində çalışmışdır. 1953-cü ildə M. C. Bağırov  vəzifədən kənarlaşdırılandan sonra yenidən Bakıya qayıtmış, məktəbdə müəllimə işləmişdir. Bakıda atasının qayıdışından az öncə onun oğlu Fuad gənc yaşında vəfat etmişdir. 
Bəraət alandan sonra İ. Əliyev xalq təsəttüfatı sistemində işləmiş, rəhbər vəzifələrdə çalışmış və onun kommunist partiyasında üzvlüyü bərpa olunmuşdur. 1956-1959-cu illərdə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Komitəsiinin sədri,1959-1964-cü ilərdə isə Azərbaycan SSR Zərgərlik Malları Ticarəti Komitəsinin sədri olmuşdur. Həmçinin o, öz ailəsi ilə də birləşmiş, dövlət ona müsadirə edilmiş əmlakının əvəzini də vermişdir. 1956-cı ildə bəraət alandan sonra partiyada bərpa olunmuşdur, hətatının sonuna qədər Sovet İttifaqı Kommunist Partiyası üzvü idi (1956-1972).

Həyatının sonu

Bu iradəli şəxs öz fəaliyyətini bundan sonra da davam etdirə bilərdi. Ancaq 18 il sürgün həyatı, mənəvi və fiziki iztirablar və işgəncələr izsiz ötüşmədi. 1964-cü ildə səhhətində olan problemlər özündən İskəndər Əliyev rəhbər işlərdən könüllü olaraq ayrılıb ümumittifaq dərəcəli təqaüdçü olur. Bundan sonra aktiv ictimai həyatdan aralanaraq 1972-ci ildə vəfat edir.

Beləliklə bu insanın həyatı məğlubiyyətlə barışmamazlığın, zülmlə mübarizənin, qarşıya qoyulmuş məqsədlərə çatmağın, həyatın çətinliklərinə sinə gəlməyin, ədalətin bərpa olunmasının, haqsızlığın sonlu olduğunun örnəyidir. Bu mənada İskəndər Əliyevin həyat yolu hamı üçün örnək ola bilər. O çoxlu faciələr yaşamışdı, ancaq yuxarıda qeyd edildiyi kimi, onlar olmasaydı, həyatı sabit keçsəydi bu qədər zəngin tarixi də olmazdı. Hətta faciələrdə belə bir hikmət və bir ədalət vardır. İskəndər Əliyev öz təlatümlü həyatı ilə Azərbaycan tarixinin bir hissəsidir, mənəvi və əxlaqi cəhətdən isə iradəli şəxs örnəyidir.

İstifadə edilən ədəbiyyat siyahısı:

  1. İş № 25910, c. 1-6, əsli, maşın yazısı, arxiv materialları.

2. Jemkova A., Roginski A. Təəssüf və biganəlik arasında – sovet repressiya qurbanlarının reabilitasiyası. Dresden, 2016, https://www.memo.ru/media/uploads/2017/08/22/mezhdu-sochuvstviem-i-ravnodushuem_reabilitacia-zhertv-sovetskikh-repressiy.pdf (müraciət tarixi 08.01.2018).
3. R. A. Rudenkonun M. C. Bağırov haqqında 15 mart 1954 ildə Sov. İKP MK-ya yolladığı yazı. // Beriyanın işi. Hökmə şikayətvermə hüququ verilmir. Moskva 2012, http://istmat.info/node/28162 (müraciət tarixi 08.01.2018).
İskəndər Əliyev // SSRİ-də siyasi terror qurbanları. http://base.memo.ru/person/show/2779630 (müraciət tarixi 08.01.2018).
4. İsmayılov E. Hakimiyyət və xalq: Azərbaycanda müharibə sonrası stalinizm. Bakı, 2003, http://www.ebooks.az/view/KGYobCwp.pdf (müraciət tarixi 08.01.2018).
5. İsmayılov E. Azərbaycanda Sovet dövlət terrorizmi // Qafqaz və Qloballaşma / CA&CC Press AB. C. 4, № 1-2, 2010, www.ca-c.org/c-g/2010/journal_rus/c-g-1-2/16.shtml#nazad11 (müraciət tarixi 08.01.2018).
6. Bağırovun adına, Bağırovun imzası ilə. Arxiv materiallarının toplusu / Tərtib edən Teyyub Qurban. Redaktor A. Balayev. Bakı, 2016.
7. Bağırov və başqalarının işi üzrə SSRİ AS Hərbi Kollegiyasının 26 aprel 1956 il tarixli məhkəmə Hökmü // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. Moskva, 2012, istmat.info/node/22355 (müraciət tarixi 08.01.2018).
8. Bağırov haqqında Sov. İKP MK 1 aprel 1954 il Qərarı // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. Moskva, 2012, http://istmat.info/node/22308 (müraciət tarixi 08.01.2018).
9. Smirnov N. Rapava, Bağırov və başqaları. 1950-çi illərin Stalin əleyhinə prosesləri. M, 2014, https://www.libfox.ru/files/book/596372.pdf (müraciət tarixi 08.01.2018).
10. Stalin siyahıları, http://stalin.memo.ru/images/intro.htm, (müraciət tarixi 08.01.2018).
11. Stalin siyahıları // İşləri SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasına göndərilməli işlərin siyahısı. 25 sentyabr 1938-ci il. Stalin, Molotov, Kaqanoviç, Voroşilov tərəfindən imzalammışdır. Rusiya Federasiyası Prezidentinin Aparatı 24, iş 419, vərəq 167 http://stalin.memo.ru/spiski/pg11173.htm (müraciət tarixi 08.01.2018).

İ. Əliyevin 29 oktyabr 1940-cı il tarixli dindirilmə protokolu // İ. Əliyevin istintaq işi № 25910, c. 4, s. 299. Arxiv materialları, əsli, maşın yazısı.

Həmin istinadda.

İskəndər Əliyevin əmək kitabçası, 1926-1938, s. 2 // Əsli, əlyazma.

Kommunist (bolşeviklər) partiyasının Müvəqqəti İngilabi Komitəsinin 5 iyun 1938-ci il toplantısının 1 №-li protokolundan çıxarış // İ. Əliyevin istintaq işi № 25910, c. 4, əsli, maşın yazısı, arxiv materialları.

İskəndər Əliyevin əmək kitabçası, 1926-1938, s. 3 // Əsli, əlyazma.

Həmin istinadda, s. 3.

Pəri Əliyevanın 07.10.1937-ci il tarixli “Şərq qadını” jurnalının məsul katib olduğunu təsdiq edən arayış № 8. Bundan başqa onun həmin vəzifədə çalışdığını Azərbaycan Milli Kitabxanasında saxlanılan jurnalların 1934-35-ci illər buraxılışı təsdiqləyir. Orada onun adı bəzi nömrələrdə Həsənova, bəzilərində isə Həsənzadə kimi sonda redaktor G. Qədirbəyova ilə birlikdə çəkilməkdədir.

İskəndər Əliyevin əmək kitabçası, 1926-1938, s. 2 // Əsli, əlyazma.

İskəndər Əli oğlu Əliyevin əmək kitabçası, əsli, əl yazısı, s.3.

Ümumazərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 avqust 1937-ci il tarixli 41 №-li protokolun çıxarışından surəti.

Ümumazərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 avqust 1937-ci il tarixli 49 №-li protokolun çıxarışından surəti.

Öz səsimizi göstərdiyimiz qandidatımıza verək. İskəndər Əli oğlu Əliyev. // "Nuxa işçisi" qəzeti, 1937-ci il.

Deputat Əliyev yoldaşın öz seçiciləri ilə görüşü. // "Nuxa işçisi" qəzeti, 1938-ci il.

Vışinski A.Y. Məhkəmə nitqləri. Moskva, 1955, s. 485.

Bağırov və başqalarının işi üzrə SSRİ AS Hərbi Kollegiyasının 26 aprel 1956 il tarixli məhkəmə Hökmü // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. Moskva, 2012, s. 881-892.

Bağırov və başqalarının işi üzrə SSRİ Ali Məhməməsinin Hərbi Kollegiyasının 26 aprel 1956 il tarixli məhkəmə Hökmü // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. M.: Kuçkovo pole, 2012, s. 881-892.

İskəndər Əliyev / SSRİ-də siyasi terror qurbanları / Beynalxalq Memorialın siyahısı, base.memo.ru/person/show/2779630 (müraciət tarixi 24.02.2018).

Kommunist (bolşeviklər) partiyasının Müvəqqəti İngilabi Komitəsinin 5 iyun 1938-ci il toplantısının 1 №-li protokolundan çıxarış // İ. Əliyevin istintaq işi № 25910, c. 4, əsli, maşın yazısı, arxiv materialları.

İşləri SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasına göndərilməli işlərin siyahısı. 25 sentyabr 1938-ci il. Stalin, Molotov, Kaqanoviç, Voroşilov tərəfindən imzalammışdır. Rusiya Federasiyası Prezidentinin Aparatı 24, iş 419, vərəq 167. stalin.memo.ru/spiski/pg11173.htm (müraciət tarixi 24.02.2018).

17 sentyabr 1939 il tarixli İttihamnaməsi // İş № 25910, c. 5, əsli, maşın yazısı, arxiv materialları.

Smirnov N. Rapava, Bağırov və başqaları. 1950-çi illərin Stalin əleyhinə prosesləri. M, 2014, s. 123-124.

Stalin siyahıları, http://stalin.memo.ru/images/intro.htm, (müraciət tarixi 08.01.2018).

İş № 25910, c. 4, əsli, maşın yazısı, arxiv materialları, c. 240.

Həmin istinadda, s. 250.

Həmin istinadda, s. 288.

Həmin istinadda, s. 264.

Butırka həbsxanasına yollayış, seriya "K" daxil olan N 243103, N 25910 D, 10.09.1940 // İ. Əliyevin istintaq işi № 25910, c. 4, əsli, maşın yazısı, arxiv materialları.

11 may 1941 il tatixli iqtisadi cinayət üzrə ekspertizanın Qərarı // İstintaq işi № 25910, c. 1-6, əsli, maşın yazısı, arxiv materialları.

İş № 25910, c. 6, əsli, maşın yazısı, arxiv materialları, s. 187.

İş № 25910, c. 4, əsli, maşın yazısı, arxiv materialları, s. 382-367.

Karaqanda vilayətinin Kuv rayonunun Koyandı MTS-indən verilmiş 12.07.1955-ci il tarixli 283-18 №-li arayışı.

Jemkova A., Roginski A. Təəssüf və biganəlik arasında – sovet repressiya qurbanlarının reabilitasiyası. Dresden, 2016, https://www.memo.ru/media/uploads/2017/08/22/mezhdu-sochuvstviem-i-ravnodushuem_reabilitacia-zhertv-sovetskikh-repressiy.pdf (müraciət tarixi 08.01.2018).

Vətəndaş İ. Əliyevə SSRİ Ali Prokurorluğundan Bildiriş № 326, 25 aprel, 1955 il.

Vətəndaş Arif İskəndər oğlu Əliyevə SSRİ Prokurorluğundan bildiriş № 2261-89, 13 fevral 1956 il.

Smirnov N. Rapava, Bağırov və başqaları. 1950-çi illərin Stalin əleyhinə prosesləri. M.: AİPO-XXI, 2014, s. 123-124.

Bağırov və başqalarının işi üzrə SSRİ Ali Məhməməsinin Hərbi Kollegiyasının 26 aprel 1956 il tarixli məhkəmə Hökmü // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. M.: Kuçkovo pole, 2012, s. 881-892.

Pəri Əliyevanın əmək kitabçasının surəti.


ИСТОРИЯ КРАСНОГО ТЕРРОРА: ИСКЕНДЕР АЛИЕВ И ДЕЛО ПРАВОТРОЦКИСТСКИХ НАЦИОНАЛИСТОВ

В данной статье исследован история одного из следственных дел периода красного террора «запасного право-троцкистского центра контрреволюционной националистической организации» (1938-56 гг.) в Азербайджане. По этому делу было осуждено свыше 300 человек, в том числе члены высшего руководства Азербайджанской ССР и депутаты Верховного Совета СССР. Поэтому это дело было одним из крупнейших дел того периода. Однако впоследствии было доказано, что данное дело было сфабрикованным и все осужденные были реабилитированы. Повествование ведется в контексте жизненного пути бывшего народного комиссара легкой промышленности Аз. ССР и депутата ВС СССР Искендера Алиева. В связи с последовательным изложением событий в статье использовался нарративный метод исследования. Научная новизна работы состоит в том, что это исследование проводится впервые. Основной вывод состоит в том, что данное политическое дело было с самого начала сфабрикованным, а следствие велось незаконными методами. В работе над статьей были исследованы архивные материалы, а также исследования других авторов по теме красного террора в Азербайджане.

THE HISTORY OF RED TERROR: ISKENDER ALIYEV AND THE CASE OF THE RIGHT-TROOTSKIST NATIONALISTS
In this article, was investigated the history of one of the investigation cases of the Soviet Red Terror period which was named case of  the "reserve right-Trotskyite center of the counterrevolutionary nationalist organization” in Azerbaijan Soviet Socialist Republic” (1938-56). More than 300 people were convicted in this case, including members of the senior leadership of the Azerbaijan SSR and deputies of the Supreme Soviet of the USSR. Therefore, this case was one of the largest cases of that period. However, it was subsequently proved that the case was fabricated and all convicts were rehabilitated. The narrative is conducted in the context of the life path of the former People's Commissar of Light Industry Az. SSR and the deputy of the Supreme Soviet of the USSR Iskender Aliyev. In connection with the sequential presentation of events, in the article was used a narrative method of investigation. The scientific novelty of the work is that this study is being done for the first time. The main conclusion: this political case was fabricated and the investigation was carried out illegally. In the work on the article were used archival materials, as well as studies of other authors on the theme of the Red Terror in Azerbaijan.