2 мая 2013
Aydın Əlizadə (A. A.): Sözsüz ki, Mirzə Fətəli Azərbaycannın böyük filosofudur.
Rahil Nəcəf (R. H.): Axundovun filosof yoxsa ədib olmasında məncə dəqiq fikirə gəlinməmişdir. Əslində kimdənsə fikir gözləmək də doğru deyil. Məncə xristinalıqla islamın dini mahiyyətini eyniləşdirmək olmaz. Xristinalığın islahatları bütün dinlər üçün keçərli deyil. Birdə avamlıq və geriliyin kökündə islam dinindən qaynaqlanan səbəblər yox, başqa məlum səbəblərdə axtarmaq lazımdır.
A. A.: Rahil bəy, nə olursa olsun Mirzə Mirzədir. Ona qalsa, Sokrat da ədəbiyyatdan (dialoqlardan) bizə gəlib ulaşıb. İndi kim deyə bilər ki, o düşünür deyil? Bizim millətimizin o qədər də çox düşünürləri yoxdur ki, olanları da şübhələrlə qarşılayaq. Mirzə ilk azərbaycanlı filosofdur. Bunu deməyə mən qorxmuram.
Son vaxtlar çox acınacaqlı olayları görürəm. Artıq Mirzə Fətəlini, Mirzə Cəlili, Sabiri inkar etmək aşağılamaq çabalarını görürəm. Yenə də millətimiz cəhalətə sürüklənəcək. Ancaq həm də görürəm ki, millətimizdə qaragürühçuluqa qarşı çıxanlar var və olacaq, hətta öz həyatları bahasına. Bu da məni çox sevindirir.
R. H.: Məncə mən nihilist mövqedən çıxış etməmişdim. Qaldı ki, Nizaminin yaxud Axundovun ədib yaxud filosof olmağına bunun kökündə tamamilə başqa bir şey dayanır ki, bu da bizi belə düşünməyə əsas verir. Mən biləni İslamın təbiətinən qaynaqlanan təhsil sistemi bu haqqında söhbət açdığımız şəxsləri həm ədib, həm şair, həm düşünür, həm də təbib edibdir. O dövrün alimləri ensiklopedik olublar. Təbii ki, heç kəs dəqiqliklə deyə bilməz ki İbn sina filosof yox, həkimdir. Ədibdir demək Axundzadənin şəxsiyyətini nə təhqir edir, nə də alçaldır. Biz indi o qədər adama filosof deyirik ki, əslində bu özü filosof adına sayğısızlıqdır. Sokratın stilinə gəldikdə isə kiminsə fikirləri özündən bir müddət sonra dövrün uyğun yazı stili əsasında bədii üslubda yazıla bilər. Lakin burada fəlsəfi məsələlər bədii əsərdə olduğu kimi aşiq-məşuqun dilindən bədii üslubda yox, fəlsəfənin üslubuyla birbaşa çatdırılır.
A. A.: Rahil bəy, onda kimi filosof saymaq olar sualına gəldik. Filosof müdrikliyə ulaşmış bir kəsdir.Heç də elmi dərəcə alan adam filosov deyil. O yalnız araşdırmaçıdır. Deməli filosof olmaq bir haldır. O hala gəlməyin məqamı var. Bu məqama çatan filosof olur - istər ədib, istər çilingər olsun. O halı isə sözlə demək olmur. Onu yalnız yaşayan bilər. Yunanlar bu hala katarsis deyirdilər. İslama da bu anlayış antikdən gəlib. Burada sufi şeyxləri var. Onlar da hal və məqam əhlidirlər. Filosof budur. Hala çatan kəs başqa hala çatmışı görür. Ancaq insan çoxluğu bunu görmür və onlar çox vaxt halda olanları dəli, əxlaqsız, sırtıq və s. adlandırırlar.