12
noyabr 2011
Elşən Mustafaoğlu (E. M.): Hacı İlqar İbrahimoğlu: "İnsanın inancının
nə təhlükəsi ola bilər ki?! Təhlükə və inanc bir-birinə zidd anlayışlardır. O
vaxt təhlükə olur ki, inanc toplumda yayılmır və din adına, inanc adına
hoqqabazlar, din adına, inanc adına radikallar yaranır..." - TAM DÜRÜST!!!
Təhlükə inanc deyil, inancsızlıqdır - qətllər, oğruluqlar, ağır cinayətlər,
zorlama halları, narkomaniya, "SPİD", alkoqolizm, rüşvətxorluq və s.
bu kimi rəzalətlər, üstəlik, 20-ci əsrin kabusu olan 2 qanlı dünya savaşları
dinsiz-imansız, inancsız insanlardan törənib ərsəyə gəldi. İnanc cəmiyyətdə
cinayətlərin, rəzalətlərin, mənəviyyatsızlığın, ədalətsizliyin, zülmkarlığın
qarşısını almaq üçün, cəmiyyəti bu təhlükələrdən qorumaq üçündür. Dindən,
inancdan deyil, dinsizlik və imansızlıq kabusundan qorxmaq lazımdır.
Bəşəriyyəti təhdid edən təhlükə inanc deyil, allahsız vampirlər, qaniçənlər,
talançılar, işğalçılar, quldurlar, əxlaqsıpzlar, zülmkarlardır!..
Aydın Əlizadə (A. A.): Elşən bəy,
Əlbəttə insanın fərdi inancı təhlükə törətmir. Ancaq toplumda olan inanc artıq
fərdin dünyasındakı kimi olmur. Toplum inancı ondan asılı olmur və heç də hər
zaman yaxşılığa doğru yönəlmir. Çünki toplumda fərqli insanlar, fərqli dünyagörüşləri
var. Buna görə də fərdi inanc təhlükəli olmasa da toplum inancı təhlükəli ola
bilər. Buna örnək Orta çağların
dini savaşları ya da çağdaş terrorçuluqdur.
E. M.: Hörmətli
Aydın müəllim, tamamilə razıyam. Amma elə toplumun inancı o zaman təhlükə olur
ki, artıq bizim nəzərdə tutduğumuz inac deyil, ondan sui-istifadə edənlər
meydanı ələ alır. Həqiqi inanca meydan verilmədikdə, elm, təhsil, bilik
olmadıqda mütərəqqi dəyərlər sarsılır və din-inanc adıyla cəhalət ərsəyə gəlir!
Əslində o artıq biz nəzərdə tutduğumuz inanc da deyil. Bu baxımdan, inancsızlıq
yenə də daha təhlükəli olur. Sizinlə tamamilə razıyam - toplumda fərqli
insanlar, fərqli dünyagörüşləri var. Buna görə də fərdi inancsızlıq toplum üçün
bir o qədər də təhlükəli olmasa d,a toplum inansızlığı daha təhlükəli olur!
Buna faşizm və kommunizm kabusunu nümunə gətirək. Allah bizləri dinsizlik
kabusundan da, inanc adıyla cəhalət kabusundan da qorusun, Aydın müəllim! Allah
bizləri sağlam düşüncə və sağlam qəlbli - sədaqətli, intelletli və saf inanclı
bəndələrindən qərar versin! Amin!..
A. A.: Bilmirəm
ay Elşən bəy, toplum üçün inancsızlıq yaxşıdır, ya inanc. Bir bax, indi
Avropada, Amerikada və artıq Çinin, Yaponiyanın bir çox yerlərində yüksək mədəniyyəət var. Biz bunu
görürük. Ancaq İslam yoxdur. Ümumiyyətlə heç bir din orada önəmli deyil.
Eyniliklə tarixdən inkvizisiya, İslam dünyasında din adı ilə haqsızlıqlar, dini
savaşlar, qarşıdurmalar olmuşdur. Bu gün də müsəlman toplumları mədəniyyət,
elm, inkişaf və s. baxımından o dinsiz ölkələrdən xeyli geridədir. Buna görə
böyük sualdır mənim üçün, toplumda din amili olmalıdır ya yox? Hələ ki onun
olmamasını olmasından üstün görürəm. Fərdi din olmalıdır, ancaq toplumda dini
düşüncə olmasa bəlkə də daha yaxşı olar.
O ki qaldı kommunizmlə faşizmə, elədir, dinsizlikdən irəli
gələn ifratlardır. Ancaq məgər dində mi ifratlar yoxdur? Tarixdə də, bu gündə
buna örnəklər çoxdur. Özü da dində ifratçılıq faşizmdən də pisdir. Faşizmdə heç olmasa
Allahın adı çıkilmir. Dini ifratçılıqda isə bütün çirkin işlər, cinayətlər
Allahın adı ilə edilir. Heç uzağa getməyək, odur, Liviyada Allahın adı ilə
insanları zorlayırlar, məzarlardan ölüləri çıxarıb yandırırlar, məhkəməkin
qərarı olmadan, istədikləri adamları vəhşicəsinə öldürürlər. Hamısını da din,
peyğəmbər idealları ilə edirlər. Faşizm bundan yaxşı idi. Orada cinayətlər heç
olmasa qanun çərçivəsində
edilirdi. Kommunist rejimində nə qədər adam öldürüldüsə, heç olmasa formal olsa
da məhkəmələr qurulurdu. Burada isə İslam adı ilə tam vəhşilikdir. İndi bundan
sonra toplum
səviyyəsində din olmasa yaxşıdır deməyim, nə deyim?
Doğrusu bunları yaşamım boyu görəndən sonra, dini toplumlardan ehtiyat edirəm.
Yəni ayrı-ayrı din adamlarını alqışlayıram. Ancaq onlar birləşib bir iş
görəndə, onlardan ehtiyat edirəm. Təəssüf ki, həyatım boyu onların toplumla
gördükləri işlərin böyük çoxluğunun bir yaxşı sonluqlara gətirib
çıxartmamasının şahidi olmuşam. Mən bunu özüm görürmüşəm. Kimdənsə eşitmirəm.
Belədirsə, necə deyim ki, toplumda din yaxşıdır? Bir tərəfdən yaxşıdır bir insan üçün. Ancaq başqa
tərəfdən, toplum üçün yox. Buna görə də mən anlayıram sizin yaxşılığa doğru yönəlmiş
istəklərinizi, Elşən bəy. Siz doğru insansınız və du doğruluğu hamıdan görmək
istəyindəsiniz. Ancaq reallıqda sizin istəkləriniz işləmir. Buna görə də
istəkləriniz daha çox idealizmə çevrilir. Platonda olduğu kimi. Doğruluq var,
ancaq onu göstərə bilmirsiniz, yalnız göylərdə, xəyallardadır.
Məcid Əliyev: Aydın bəy inanc,
onun varlığı və ya yoxluğu ilə bağlı öz səmimi fikirlərinizə görə sizə təşəkkür
edir və söhbətinizə qatılaraq, bir-iki məqama toxunmaq istərdim. Toplumun
inanclı olub-olmaması məsələsinin sənin üçün böyük bir sual olduğunu
söyləyirsən. Aydın məsələdir ki, inanclı olmaq heç bir şeyə inanmamaqdan daha
yaxşıdır. dini, milli, mənəvi və əxlaqi dəyərlərə inanan bir insan daim kəndi
çıkarlarından daha çox yaşadığı topluma fikirləşər, toplumun gələcəyi,
inkişafına düşünər. inanclı olmayan insan isə heç vaxt şəxsi maraqlarından
kənara çıxa bilməz.inanclı olmadığı üçün bu maraqlar da maddi maraqlardan o
tərəfə keçə bilməz. bəs belə insan heç vaxt toplum üçün bir şey istəməz, məgər
bu şey onun öz şəxsi maraqlarını təmin etmiş olsun. Başqalarının və ümumiyyətlə
toplumun marağı bu şəxsi maraqlandıra bilməz. çünki heç bir dəyərə inancı
yoxdur. Avropa, Amerika və Yaponiyada inkişafdan danışırsan və islamın
olmadığını söyləyirsən. İnanclı
olmaq sırf müsəlman olmaqdan irəli gələn bir məsələ deyil və İslam dini ilə
yanaşı dünyada bir çox səmavi və qeyri səmavi dinlər var və insanlar müxtəlif
dinlərə inanırlar. Xristianlıq, yəhudilik, buddizim və sair. hər halda inanclı
olmaq heç bir şeyə etiqad bəsləməməkdən daha yaxşıdır. Necə deyiblər pis qanun
qanunsuzluqdan, ümüd ümüdsüzlükdən daha yaxşıdır.
Digər tərəfdən məsələyə bu yöndən də yanaşmaq olar Avropa,
Amerika və Yaponiya kimi inkişaf etmiş ölkələrdə inkişaf dedikdə bizim
nəzərimizə ilk növbədə texnologiyanın inkişafı gəlir. Məgər inkişaf sırf maddi
dəyərlərlə ölçülür? bəs insanlıq, mənəvi dəyərlər necə olsun? Əgər doğrudanda
sənin dediyin kimidirsə və onlar inkişaf ediblərsə bəs bu gün Amerika və
Avropanı bürüyən etirazları nə ilə əsaslandıra bilərsən? insanların fundamental
hüquqlarının pozulmasına nə ad vermək olar? İslama gəlincə Liviyanı misal
çəkirsən və insanların İslam adına nə kimi vəhşiliklər törətdiyini deyirsən.
doğrudur səninlə razıyam insanlar İslam adına nə kimi işlər görmürlər. Elə ABŞ
və Avropa ölkələri də demokratiya, azadlıq və insan haqları adına nələr
eləmirlər. Əvqanıstanı, İraqı, Fələstini, Somalini, Pakistanı və sair İslam
ölkələrində insanları kütləvi şəkildə məhv edirlər. Bütün bunların yəqin ki
onların dini inanclarına heç bir əlaqəsi yoxdur. Elə buna görə də Corc Buş 11
Sentyabrdan sonra İslam dünyasına qarşı yeni səlib yürüşünün başlandığını
demişdi. insanların gördükləri işlərə nə don geyindirməsinin heç bir əhəmiyyəti
yoxdur. Yaxşı iş yaxşıdır, pis iş pis. İstər İslam adına olsun, istər
demokratiya. insanların fərdi şəkildə inanclı olub, toplum halında isə
inanclarını gizlətmələri məsələsinə gəldikdə isə demək lazımdır ki, toplum
fərdlərdən ibarətdir. və əgər insanlar fərdi şəkildə hər hansı inanca
malikdirlərsə toplumda bu inancın təsirə malik olmamasını gözləmək doğru
olmazdı.İdealizm məsələsinə gəldikdə isə İnsan gərək İdeal nümunə uğrunda
mübarizə aparsın ki, ən yaxşısına nail olsun. İdeal olmayan nəyin uğrunda
mübarizə aparmağa dəyər ki?
A. A.: Məcid bəy yox. Mən gəlişməni (inkişafı) yalnız maddiyatda
olduğunu demədim. Müsəlman olmayan toplumlarda gəlişmə hər şeydə vardır.
mədəniyyətdə də. iqtisadiyyatda da, siyasətdə də və s.
Məgər
demokratiya, respublikaçılıq, insan haqları, söz azadlığı, vicdan azadlığı,
vətəndaş cəmiyyəti və s dəyərlər mənəvi dolğunluq deyilmi? Əslində elə bunlar
ən yüksək dəyərlərdi ki, onları onlar qurub, onlarla yaşayır. Müsəlman
toplumları isə sözdə dini dəyərlərin ən yüksək olduğunu desə də ollarla
yaşamır.
Siz
onların böhran keçirdiyini yazdınız. Elədir böhranlar hər zaman hər bir toplumda olur. Ancaq gəlişmiş
toplumlarda bu böhranlar yeni gəlişməyə gətirib çıxarır. Oluşmamış toplumları
isə böhranlar daha da geriyə atır. Gəlişmiş olan Amerikada və Avropada hər
30-40 ildən bir böhran yaşanır, hətta dünya savaşları olur. Ancaq onlar yeni
modellər qurub, dünyanın önündə getməkdə davam edirlər. Özü də etiraf edək ki.
bu irəliləmələrdə dinin heç bir rolu olmur. Din çox olan toplumların geridə
qalmasını görürük. Bunu da etiraf etmək gərəkdir.
Ancaq mən
belə düşünürəm ki, ənənəvi din gerilikdir. Dinin yeni anlamı dünya ilə uyuşa
bilər. Hətta Allah özü bizə köstərir ki. ənənəvi din yoxluğa gətirir. Ancaq
müsəlman çoxluğu bunu anlamır. Bu gün, mənə görə, din toplumda olduqca az
olmalıdır. Bunu zaman tələb edir. Sekulyar İslam modelləri yaşanmalıdır.