13 noyabr 2011
Elşən Mustafaoğlu (E. M.): Hacı İlqar İbrahimoğlu: "İnsanın inancının nə təhlükəsi ola bilər ki?! Təhlükə və inanc bir-birinə zidd anlayışlardır. O vaxt təhlükə olur ki, inanc toplumda yayılmır və din adına, inanc adına hoqqabazlar, din adına, inanc adına radikallar yaranır..." - TAM DÜRÜST!!! Təhlükə inanc deyil, inancsızlıqdır - qətllər, oğruluqlar, ağır cinayətlər, zorlama halları, narkomaniya, "SPİD", alkoqolizm, rüşvətxorluq və s.
Aydın Əlizadə (A. Ə.): Elşən bəy, Əlbəttə insanın fərdi inancı təhlükə törətmir. Ancaq toplumda olan inanc artıq fərdin dünyasındakı kimi olmur. Toplum inancı ondan asılı olmur və heç də hər zaman yaxşılığa doğru yönəlmir. Çünki toplumda fərqli insanlar, fırqli dünyagörüşləri var. Buna görə də fərdi inanc təhlükəli olmasa da toplum inancı təhlükəli ola bilər. Buna örnək Orta çağların dini savaşları ya da çağdaş terrorçuluqdur.
E. M.: Hörmətli Aydın müəllim, tamamilə razıyam. Amma elə toplumun inancı o zaman təhlükə olur ki, artıq bizim nəzərdə tutduğumuz inac deyil, ondan sui-istifadə edənlər meydanı ələ alır. Həqiqi inanca meydan verilmədikdə, elm, təhsil, bilik olmadıqda mütərəqqi dəyərlər sarsılır və din-inanc adıyla cəhalət ərsəyə gəlir! Əslində o artıq biz nəzərdə tutduğumuz inanc da deyil. Bu baxımdan, inancsızlıq yenə də daha təhlükəli olur. Sizinlə tamamilə razıyam - toplumda fərqli insanlar, fərqli dünyagörüşləri var. Buna görə də fərdi inancsızlıq toplum üçün bir o qədər də təhlükəli olmasa d,a toplum inansızlığı daha təhlükəli olur! Buna faşizm və kommunizm kabusunu nümunə gətirək. Allah bizləri dinsizlik kabusundan da, inanc adıyla cəhalət kabusundan da qorusun, Aydın müəllim! Allah bizləri sağlam düşüncə və sağlam qəlbli - sədaqətli, intelletli və saf inanclı bəndələrindən qərar versin! Amin!..
A. Ə.: Bilmirəm ay Elşən bəy, toplum üçün inancsızlıq yaxşıdır, ya inanc. Bir bax, indi Avropada, Amerikada, artıq Çinin, Yaponiyanın bir çox yerlərində yüksək mədəniyyəət var. Biz bunu görürük. Ancaq İslam yoxdur. Ümumiyyətlə heç bir din orada önəmli deyil. Eyniliklə tarixdən inkvizisiya, İslam dünyasında din adı ilə haqsızlıqlar, dini savaşlar, qarşıdurmalar olmuşdur. Bu gün də müsəlman toplumları mədəniyyət, elm, inkişaf və s. baxımından o dinsiz ölkələrdən xeyli geridədir. Buna görə böyük sualdır mənim üçün, toplumda din amili olmalıdır ya yox? Hələ ki onun olmamasını olmasından üstün görürəm. Fərdi din olmalıdır, ancaq toplumda dini düşüncə olmasa bəlkə də daha yaxşı olar.
O ki qaldı kommunizmlə faşizmə, elədir, dinsizlikdən irəli gələn ifratlardır. Ancaq məgər dində mi ifratlar yoxdur? Tarixdə də, bu gündə buna örnəklər çoxdur. Özü da dində ifratçılıq faşizmdən də pisdir. Orada heç olmasa Allahın adı çıkilmir. Dini ifratçılıqda isə bütün çirkin işlər, cinayətlər Allahın adı ilə edilir. Heç uzağa getməyək, odur, Liviyada Allahın adı ilə insanları zorlayırlar, məzarlardan ölüləri çıxarıb yandırırlar, məhkəməkin qərarı olmadan, istədikləri adamları vəhşicəsinə öldürürlər. Hamısını da din, peyğəmbər idealları ilə edirlər. Faşizm bundan yaxşı idi. Orada cinayətlər heç olmasa qanun çəklində edilirdi. Kommunist rejimində nə qədər adam öldürüldüsə, heç olmasa formal olsa da məhkəmələr qurulurdu. Burada isə İslam adı ilə tam vəhşilikdir. İndi bundan sonra ölkədə din olmasa yaxşıdır deməyim, nə deyim?
Doğrusu bunları yaşamım boyu görəndən sonra, dini toplumlara ehtiyat edirəm. Yəni ayrı-ayrı din adamlarını alqışlayıram. Ancaq onlar birləşib bir iş görəndə, onlardan ehtiyat edirəm. Təəssüf ki, həyatım boyu onların toplumla gördükləri işlərin böyük çoxluğunun bir yaxşı sonluqlara gətirib çıxartmamasının şahidi olmuşam. Mən bunu özüm görürmüşəm. Kimdənsə eşitmirəm. Belədirsə, necə deyim ki, din yaxşıdır? Bir tərəfdən yaxşıdır bir insan üçün. Ancaq başqa tərəfdən, cəmiyyət üçün yox. Buna görə də mən anlayıram sizin yaxşılığa doğru yönəlmiş istəklərinizi, Elşən bəy. Siz doğru insansınız və du doğruluğu hamıdan görmək istəyindəsiniz. Ancaq reallıqda sizin istəkləriniz işləmir. Buna görə də istəkləriniz daha çox idealizmə çevrilir. Platonda olduğu kimi. Doğruluq var, ancaq onu göstərə bilmirsiniz, yalnız göylərdə, xəyallardadır.
Məcid Əliyev: Aydın bəy inanc, onun varlığı və ya yoxluğu ilə bağlı öz səmimi fikirlərinizə görə sizə təşəkkür edir və söhbətinizə qatılaraq, bir-iki məqama toxunmaq istərdim. Toplumun inanclı olub-olmaması məsələsinin sənin üçün böyük bir sual olduğunu söyləyirsən. Aydın məsələdir ki, inanclı olmaq heç bir şeyə inanmamaqdan daha yaxşıdır. dini, milli, mənəvi və əxlaqi dəyərlərə inanan bir insan daim kəndi çıkarlarından daha çox yaşadığı topluma fikirləşər, toplumun gələcəyi, inkişafına düşünər. inanclı olmayan insan isə heç vaxt şəxsi maraqlarından kənara çıxa bilməz.inanclı olmadığı üçün bu maraqlar da maddi maraqlardan o tərəfə keçə bilməz. bəs belə insan heç vaxt toplum üçün bir şey istəməz, məgər bu şey onun öz şəxsi maraqlarını təmin etmiş olsun. Başqalarının və ümumiyyətlə toplumun marağı bu şəxsi maraqlandıra bilməz. çünki heç bir dəyərə inancı yoxdur. Avropa, Amerika və Yaponiyada inkişafdan danışırsan və islamın olmadığını söyləyirsən. inanclı olmaq sırf müsəlman olmaqdan irəli gələn bir məsələ deyil və İslam dini ilə yanaşı dünyada bir çox səmavi və qeyri səmavi dinlər var və insanlar müxtəlif dinlərə inanırlar. Xristianlıq, yəhudilik, buddizim və sair. hər halda inanclı olmaq heç bir şeyə etiqad bəsləməməkdən daha yaxşıdır. Necə deyiblər pis qanun qanunsuzluqdan, ümüd ümüdsüzlükdən daha yaxşıdır.
Digər tərəfdən məsələyə bu yöndən də yanaşmaq olar Avropa, Amerika və Yaponiya kimi inkişaf etmiş ölkələrdə inkişaf dedikdə bizim nəzərimizə ilk növbədə texnologiyanın inkişafı gəlir. Məgər inkişaf sırf maddi dəyərlərlə ölçülür? bəs insanlıq, mənəvi dəyərlər necə olsun? Əgər doğrudanda sənin dediyin kimidirsə və onlar inkişaf ediblərsə bəs bu gün Amerika və Avropanı bürüyən etirazları nə ilə əsaslandıra bilərsən? insanların fundamental hüquqlarının pozulmasına nə ad vermək olar? İslama gəlincə Liviyanı misal çəkirsən və insanların İslam adına nə kimi vəhşiliklər törətdiyini deyirsən. doğrudur səninlə razıyam insanlar İslam adına nə kimi işlər görmürlər. Elə ABŞ və Avropa ölkələri də demokratiya, azadlıq və insan haqları adına nələr eləmirlər. Əvqanıstanı, İraqı, Fələstini, Somalini, Pakistanı və sair İslam ölkələrində insanları kütləvi şəkildə məhv edirlər. Bütün bunların yəqin ki onların dini inanclarına heç bir əlaqəsi yoxdur. Elə buna görə də Corc Buş 11 Sentyabrdan sonra İslam dünyasına qarşı yeni səlib yürüşünün başlandığını demişdi. insanların gördükləri işlərə nə don geyindirməsinin heç bir əhəmiyyəti yoxdur. Yaxşı iş yaxşıdır, pis iş pis. İstər İslam adına olsun, istər demokratiya. insanların fərdi şəkildə inanclı olub, toplum halında isə inanclarını gizlətmələri məsələsinə gəldikdə isə demək lazımdır ki, toplum fərdlərdən ibarətdir. və əgər insanlar fərdi şəkildə hər hansı inanca malikdirlərsə toplumda bu inancın təsirə malik olmamasını gözləmək doğru olmazdı.İdealizm məsələsinə gəldikdə isə İnsan gərək İdeal nümunə uğrunda mübarizə aparsın ki, ən yaxşısına nail olsun. İdeal olmayan nəyin uğrunda mübarizə aparmağa dəyər ki?
A. Ə.: Məcid bəy yox. Mən gəlişməni (inkişafı) yalnız maddiyatda olduğunu demədim. Müsəlman olmayan toplumlarda gəlişmə hər şeydə vardır. mədəniyyətdə də. iqtisadiyyatda da, siyasətdə də və s.
Siz onların böhran keçirdiyini yazdınız. Elədir böhranlar hər zaman hər bir toplumda olur. Ancaq gəlişmiş toplumlarda bu böhranlar yeni gəlişməyə gətirib çıxarır. Oluşmamış toplumları isə böhranlar daha da geriyə atır. Gəlişmiş olan Amerikada və Avropada hər 30-40 ildən bir böhran yaşanır, hətta dünya savaşları olur. Ancaq onlar yeni modellər qurub. dünyanın önündə getməkdə davam edirlər. Özü də etiraf edək ki. bu irəliləmələrdə dinin heç bir rolu olmur. Din çox olan toplumların geridə qalmasını görürük. Bunu da etiraf etmək gərəkdir. Ancaq mən belə düşünürəm ki, ənənəvi din gerilikdir. Dinin yeni anlamı dünya ilə uyuşa bilər. Hətta Allah özü bizə köstərir ki. ənənəvi din yoxluğa gətirir. Ancaq müsəlman çoxluğu bunu anlamır. Bu gün, mənə görə. din toplumda olduqca az olmalıdır. Bunu zaman tələb edir. Sekulyar İslam modelləri yaşanmalıdır.