19 fevral 2014
Bir arxadaşım Suriyada zorla cümə namazına insanları aparmaq, getməyənləri kötəkləmək videosuna baxıb yazdı mənə ki, çox üzülüb, dəhşətə gəlib.
Dedim ona ki, əlbəttə dəhşətdir, bu adamlar ilkəl (ibtidai) Afrika qəbilələrinin yaşamına sürükləyirlər ölkələri.
Sonra arxadaş yazdı ki, doğrudan da bunlar dünyada islam qurub, hamını zəlil eləmək istəyir. Axı adam nəyəsə necə zorla inana bilər? Belə də şey olar?
Dedim ona, təcüblü bir şey yoxdur. Din nə qədər ki insanın ürəyindədir, o inancdır, kutsaldır. Bayıra çıxıb ideologiyaya çevrildikdə din insanların üzərində hökmran olmaq məqsədini icra edir. Belə dində inanc olmur, onun kutsallığı da yoxdur. Onun amacı insanları tabe etdirmək, qorxutmaqdır. Bu din Allahdan başqa kimə istəyirsən qulluq edir.
Əslində bu bütün ideologiyalara aiddir, təkcə ideologiyaya çevirilmiş İslama yox. Örnək üçün mən yaşamımın yarısını Sovet ölkəsində kommunizm rejimində yaşadım. Orada da həmən şey idi. Bu ideologiya insanların üzərində hökm etməyə qulluq edirdi. Onun öncəki ideyaları artıq aşılanmışdır. Halbuki ilkəl kommunustlər çox irəliləyici fikirlərlə işə başlamışdırlar.
Sonra Sovetlər dağılanda mənim gözüm önündə İslamın ölkəmizə gəlməsi, yayılması baş verdi. O zamanki İslamla indikinin böyük fərqi var. O zaman İslam hələ inanc şəklində yayılırdı, ideologiyaya çevirilməmişdi. İnsanlar səmimi ürəklə dinin qurallarını yaşamaq istəyirdilər. Mən də onlardan biri idim o zamanlar. Ancaq sonra o din getti tarixə. Onun yerini siyasət, məqsədlər, maraqlar, pullar tutdu. Din də ideoloji səviyyədə kommunizm kimi aşılandı. Təbii, bini görən kimi, mən rəsmi ideolojiya çevirilmiş dindən uzaqlaşdım. Bu gün də bizdə və bütün dünyada aşılanmış ruhunu itirmiş İslam var. Həqiqi İslam ancaq ürəklərdədir.
Deməli ideologiyaya çevirilmiş din əslində dinsizliyin ən ağır formasıdır. Ona görə ki, insanların ürəklərində kutsal inancları öldürür, hakimiyyət alətinə çevirilir. Bu isə hətta ateizmdən də pisdir. Çünki ateizmdə dinə ilgi (maraq) artır, ideoloji İslamda isə dinə qarşı ikrah hissi yaranır.