7 dekabr 2017
Fundamentalist: Həllac, Nəsimi və digər ifrat sufi təriqət mənsubları fəlsəfə ilə bu ifrata varan və birbaşa İslamın əsaslarına zidd gedənlərdir.
Aydın Əlizadə: Siz İslam fundamentalistlərin baxımı ilə yanaşırsınız, mən isə reformitsəm. İslam heç də fundamentalistlərin şəxsi mülkü deyil. Burada çoxlu başqa yanaşmalar vardır.
Fundamentalist: Yanaşma dedikdə dinə də yanaşma məlum və bilinən qapıdan olmalıdır. Müxtəlif və ziddiyyətli qapılardan yaxınlaşanda qarışıqlıq olar. Bu dinin sahibi Allah və onun elçisidir. Heç kəsə də əlavə olaraq patent hüququ verilməyib.
Aydın Əlizadə: Din riyaziyyat deyil ki, 2x2=4 olsun. O təfsirlər üzərində qurulur. Hətta ən təməlçi müsəlmanlar arasında çoxlu məsələlər üzrə birlik yoxdur. Ona görə də, vahid İslam yoxdur. Müxtəlif yanaşmalar var. Bu yanaşmaların da hansının doğru, hansının yanlış olmasını təcrübə və zaman göstərir. Belə ki, baxın: Həllac ya da Nəsimi kimi fərqli fikirliləri məhv edəndən sonra fundamentalistlər nəyə nail oldu? İslam dünyasının çöküşünə. Bu gün islamiyyət nə gündədir? Özünüz görürsünüz. Bunu da kim edib? Elə fundamentalistlər. Deməli bu yol yanlışdır. Ancaq inkişaf etmiş cəmiyyətlər elə Həllac və Nəsiminin fəlsəfəsindən qidalanıb yüksələ biliblər. Təcrübə göstərir ki, məhz Nəsimi və Həllacan yolu düz idi.
Fundamentalist: Heç kəs düşüncə, təfsir və s. inkar etmir. Fəlsəfə və düşüncənin ifrat forması insanın ilah elan edilməsinə gətirib çıxarıb. Bu isə sadəcə sapma və zəlalətdir.
Aydın Əlizadə: Kim o çərçivəni qoyur ki, ondan sonra ifrat və sapıq fəlsəfə başlanır? Ümumiyyətlə ifrat fəlsəfə hansı həddən başlanır? İfratçılıq nədir və s. Bu suallara cavablar yoxdur. Ona görə də yeganə meyyar tarix və təcrübədir. Əgər hansısa mövqe tarix və təcrübə müsbət nəticə veribsə, deməli ifrat deyil idi, həqiqət idi. Nəsə sizə ifrat görsənə bilər. Ancaq tarix göstərir ki, o ifrat deyil idi. Və əksinə nəsə sizə həqiqət görsənər, ancaq tarix göstərir ki, o yanlış idi. Belədirsə, onda hər bir yanaşma, fəlsəfə, baxış və s. yeri var. Hamısı olmalıdır. Ancaq zaman göstərəcək kimin haqlı olmasını. Fundamentalistlərə isə qalanda, zaman göstərir ki, onların yanaşması nə qədər cəzb edici olsa belə, yanlışdır. Bu barədə ciddi düşünün.